Küncüt – Кунжут – Sesamum indikum L.. Küncüd (Pedaliaceae) fəsiləsinə aid 90-140 sm hündürlüyündə dik zoğları olan kol bitkisidir. Çiçəkləri yarpaqların altında, bəzən 3-ü birlikdə yerləşir. Çiçək tacı ağdan intensiv bənövşəyiyə qədər olur. Meyvəsi uzunsov, dörd və ya səkkizüzlü, yuxarıdan sivri, 3-4 sm uzunluğunda qozadır. Toxumlar xırda olub, kətan toxumuna oxşayır, lakin səthi tutqundur. Iyun-avqust aylarında çiçəkləyir, payızda yığılır.
Küncütün vətəni Afrikadır. Buradan küncüt Aralıq dənizi ölkələrinə gətirilmişdir. Lakin bəzi tədqiqatçılar küncütün Yunanıstanda və Kiçik Asiyanın qədim ölkələrində əkilib-becərildiyi haqqında məlumat verirlər. Hindistan və Pakistanda da küncüt ta qədimdən becərilir. Buradan küncüt Orta Asiyaya, XVIII əsrin sonlarında isə Rusiyanın Həştərxan vilayətinə gətirilmişdir. Hazırda küncüt Orta Asiyada, Qafqazda, Krasnodar diyarında və Ukraynanın cənubunda becərilir.
Küncüt toxumlarında 60%-ə qədər yağ vardır. Bu yağın 48%-ni olein və 36,8%-ni linol yağ turşuları təşkil edir. Toxumlarda 19% zülal və 17,5% həll olan karbohidratlar vardır. Əla sort küncüt yağı zeytun yağından yaxşıdır. Müəyyən olunmuşdur ki, küncütdən alınan sezam yağı orqanizmdə 100% mənimsənilir. Ondan marqarin hazırlanır ki, bu da qənnadı və konserv sənayesində istifadə olunur. Aşağı sort yağlardan sabun, yağın yanmasından alınan hisdən isə çin tuşu hazırlanır.
Qənnadı sənayesində küncüt toxumları kökələrin və digər məmulatın səthinə səpilir, ondan şərq şirniyyatı (qoznək) hazırlanır. Avropada, Rusiyada və Amerikada məşhur olan taxin halvası küncütdən hazırlanır.
Dostları ilə paylaş: |