Şabalıdın müalicəvi xassələri. Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin maddələri, K vitamini və 9%-ə qədər aşı maddələri vardır. Bunun yarpaqlarından hazırlanan həlim və tinkturadan daxili qanaxmalarda qankəsici dərman kimi istifadə olunur. Xalq təbabətində quru meyvələrindən alınan həlim və yarpaqlarından tinktura hazırlayıb yuxarı nəfəs yollarının iltihabı xəstəliklərində tətbiq edilir. Amerikada və digər ölkələrdə şabalıdın təzə yarpaqlarından göy öskürək zamanı istifadə olunur. Meyvəsinin və qabığının tərkibində fitosterin, qatranlı və aşı maddələr olduğundan mədə-bağırsaq xəstəliklərində, xüsusən ishalda, böyrək xəstəliyi ilə əlaqədar şişlərdə, qanlı bəlğəmdə, burundan qanaxmada tətbiq olunur. Gürcüstanda şabalıdı sidikqovucu kimi qəbul edirlər. Meyvəsindən, yarpağından və ya qabığından tinktura və həlimləri 1:10 nisbətində hazırlayıb, gündə 3-5 dəfə 2 xörək qaşığı içirlər.