Cincilim – Звездчатка, мокрица – Stellaria media Gyr. Qərənfil (Caryophyllaceae) fəsiləsinə aid çoxillik və ya birillik alaq bitkisidir. Yarpaqları dəyirmi, xətli lansetvarı və ya yumurtavarı formada olub, qarşı-qarşıya yerləşmişdir. Meyvəsi qutucuqdur. 100-dən çox növündən Azərbaycanda 4 növünə rast gəlinir. Tərkibində C vitamini, B1, B2 vitaminləri, karotin, kalium, dəmir və digər bioloji fəal maddələr vardır. Azərbaycanda cincilimdən dovğa, göyərti qutabı (kətə), kükü, turşusıyıq və digər xörəklər bişirilir.
Müalicəvi xassələri öyrənilməmişdir. Lakin tərkibində vitaminlər və dəmir olduğundan yazbaşı orqanizm üçün əhəmiyyətlidir və qidalanmada istifadə olunması məsləhət görülür. Rusiyada cincilimin zərif göyərtisi salata qatılır. Xalq təbabətində də təzə halda istifadə olunur. Cincilim çiçəklərinin havanı duymaq (barometr) hissiyyatı var. Əgər siz yazın sonunda evdən çıxanda nazik geyinmək istəyirsinizsə, cincilimin çiçəklərinə baxın. Əgər səhər saat 10-a qədər açılmayıbsa, deməli yağış yağacağı gözlənilir.