Cırhavuc – Пастернак – Pastinaca sativa L. Çətirçiçəklilər (Umberiliferae) fəsiləsindən ikiillik və ya birillik ot bitkisidir (Pastinaca sativa L.). Gövdəsi 1,5 m-ə qədər hündürlükdə olur. Qida üçün şirin xoş ətirli kökü istifadə edilir. Ondan xüsusi pörtülmüş xörəklər hazırlanır, duru xörəklərə qatılır və həmçinin, ət yanında qarnir kimi verilir.
Cırhavuc tərəvəzlərin konservləşdirilməsində, xiyarın duza və sirkəyə qoyulmasında ədviyyə tərəvəzi kimi işlədilir. Qəlyanaltı və nahar tərəvəz konservləri istehsalında cəfəri və kərəviz kökləri ilə birlikdə ağ köklər adı ilə yağda qızardılıb əsas kütləyə qatılır.
Cırhavuc iştahanı artırır, qida həzmini nizamlayır və həmçinin, böyrəkdə daş olduqda sidikqovucu dərman kimi də tətbiq edilir.
Kökündə 3%-ə qədər efir yağı vardır. Bundan başqa 40-45 mq% C vitamini, 0,03 mq% karotin, 11,6% karbohidratlar, o cümlədən 4%-ə qədər nişasta, 2,4% sellüloza, B1, B2 və PP vitaminləri vardır. Cırhavuc bal verən bitkidir. Bir hektardan arılar 98 kq bal hasil edirlər.
Dostları ilə paylaş: |