Dağkeşnişi – Кишнец – Bifora. Dünyada dağkeşnişinin iki növü yayılmışdır: Yumurtavarı dağkeşnişi – Bifora testiculata, Şüalı dağkeşnişi – Bifora radians. Bu növ dağkeşnişi Qafqazda, o cümlədən Azərbaycanda vardır. Yumurtavarı dağkeşnişi hündürlüyü 10-20 sm olan, çılpaq, birillik bitkidir. Kökətrafı yarpaqları uzunsaplaqlı, əsas hissədən genişlənən, ikiqat, lələkvarı bölünən, kənarları dişlidir. Çiçəkləri ağ rəngli, ikişüalı çətir formasında gövdənin qurtaracağında toplanır. Meyvəsi iki ədəd olur. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. Yumurtavarı dağkeşnişi respublikamızın Quba, Samur-Dəvəçi, Xəzərsahili, Abşeron, Qobustan, Kür-Araz düzənlik-lərində, Lənkəranın düzən və dağlıq ərazilərində yayılmışdır. Dağkeşnişinin yaşıl hissəsində 75-80 mq% C vitamini, karotin, flavanoidlər, 0,1% efir yağı, xlorofil və digər maddələr vardır. Dağkeşnişi ədviyyat və yaşıl tərəvəz kimi xörəklərə əlavə edilir. Müalicəvi xassələri dəqiq öyrənilməmişdir.