Düyünün müalicəvi xassələri. Düyüdən, düyü xırdasından və düyü unundan pəhriz və müalicəvi qidalanmada geniş istifadə olunur. Düyüdən hazırlanan sıyıqlar uşaq və pəhriz qidasında, yeyilən qidanın kaloriliyini artırmaq məqsədilə geniş miqyasda istifadə olunur. Düyü xörəkləri yaşlıların qidalanmasında məsləhət görülür. Lakin kökəlməyə meyilli olan və qəbizlikdən əziyyət çəkənlər düyü xörəklərindən istifadə etməməlidirlər.
Düyü nişastası və selikli düyü həlimi qədimdən ishala qarşı tətbiq olunur. Həkim nəzarəti zamanı müəyyən edilmişdir ki, düyü həlimi bağırsağın motor funksiyasını azaldır. Ona görə də kəskin mədə-bağırsaq pozuntuları və dezenteriya zamanı düyü həlimindən (qatıqla) istifadə etmək daha da məqsədəuyğundur. Düyü unundan uşaqlar üçün toz dərman (prisipka) hazırlanır. Çində düyü kəpəyindən alınan həlimdən beri-beri xəstəliyinin müalicəsində, yağından isə müalicəvi məlhəmlərin hazırlanmasında istifyadə olunur. Düyü kəpəyində insan orqanizmi üçün lazım olan vitaminlər, rüşeymindəki yağda isə E və K vitamini vardır. Ona görə də qidamızda daha çox təmizlənməmiş (cilalanmayan və pardaqlanmayan) düyüdən istifadə etmək məsləhətdir.
Düyü yarması istehsalında cilalanma və pardaqlanma prosesi nəticəsində meyvə və toxum qılafından, eləcə də qismən endosperm təbəqəsindən ibarət olan düyü unu alınır. Belə unun tərkibində 14%-ə qədər zülal və 15%-ə qədər yağ olur. Eyni zamanda, düyü unu fosfor tərkibli üzvi maddələr və vitaminlərlə zəngindir. Düyü unu əczaçılıq sənayesində fitinin alınmasında xammal kimi istifadə olunur. Düyü nişastası tibbidə və ətriyat sənayesində də istifadə olunan yüksəkkeyfiyyətli məhsuldur. Düyü rüşeymindən alınan yağ sabun bişirmədə tətbiq olunur.
Azərbaycan kulinariyasının şah xörəyi olan və 100-dən çox çeşiddə plov düyüdən hazırlanır və azərbaycanlıların şadyanalıq süfrələrini bəzəyir.
Dostları ilə paylaş: |