Bədrənc, (Ballınanə, Limonotu) – Мелисса лекарственная, (Лимонная мята, Медовка) – Melissa officinalis L. Bədrənc dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olub gövdəsinin uzunluğu 50-125 sm-ə çatan çoxillik xoş limon ətirli ot bitkisidir. Yarpaqları yumurtavarı və kənarları mişarşəkilli olub, uzunluğu 6 sm, eni 3 sm-ə qədər olur. Iyun ayından avqust ayına qədər çiçəkləyir. Çiçəkləri sarımtıl, ağ, çəhrayı və ya bənövşəyidir. Meyvəsi quru, dörd çılpaq yumurtavarı formada, tünd boz və ya qara parıltılı toxumdur. Qafqazda, Rusiyanın Avropa hissəsində, Orta Asiyada, Cənubi Avropada, Şimali Afrikada, Şimali Amerikada yabanı halda rast gəlinir. Əsasən yarpaqları və yuxarı zoğları çiçəkləyən vaxt toplanır, qurudulur və istifadə olunur.
Tərkibində kəskin limon iyi verən 0,33%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində sitral, sitronellol, mirsen və geraniol vardır. Eyni zamanda, yarpaqlarında 150 mq% C vitamini, toxumunda 20%-ə qədər yağ, yarpaqlarında qatran, 9%-ə qədər aşı maddəsi, qəhvə, olean və ursol turşusu vardır.
Bədrənc ətirli, dərman və balverən bitki kimi qədimdən məşhurdur. Bədrənc təzə və ya qurudulmuş halda tamlı qatqı kimi salatlara, ət, balıq və göbələk xörəklərinə əlavə edilir. Çay, sirkə, şərab və likörlərin ətirləndirilməsində istifadə olunur. Ədviyyə qatışıqları hazırladıqda qara və ətirli istiotu əvəz edə bilər. Bədrənc təbabətdə, ətriyyat, yeyinti və likör-araq sənayesində – «Şartrez» və «Benediktin» likörləri və məşhur rus içkisi «Yerofiç» (nastoyka) istehsalında istifadə olunur. Qiymətli bal verən bitkidir. Bir hektar sahədən arılar 150 kq bal hasil edirlər.
Dostları ilə paylaş: |