Qaraqınıq – Душица – Origanum vulgare L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən 20-ə qədər növü olan çoxillik ot bitkisidir. Azərbaycanda 3 növünə təsadüf edilir. Bu bitki Azərbaycanın bütün dağlıq və meşəlik rayonlarında (Quba, Xaçmaz, Qonaqkənd, Qusar, Şəki, Zaqatala, Naxçıvan) geniş yayılmışdır. Hündürlüyü 30-60 sm, qırmızı-çəhrayı rəngli ətirli çiçəkləri olan bitkidir. Azərbaycanın dağlıq və meşəlik rayonlarında ehtiyatı çoxdur. İyun ayında çiçək açır, meyvəsi avqustda yetişir.
Dərman məqsədilə çiçəkli baş hissələrindən istifadə olunur. Belə ki, bitki çiçək açan dövrdə onun gövdəsinin yuxarı çiçəkli hissələrini çin və oraqla kəsib toplayır, quru binalarda qurudur, sonra aptek anbarına göndərirlər. Bundan başqa, qaraqınığın tərkibində C vitamini, flavonoidlər, fitonsidlər və digər mühüm maddələr də var.
Qaraqınığın tərkibində 0,5-1,0%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində timol, karvakrol, geranilasetat və seskviterpenlər vardır. Bundan başqa, qaraqınığın tərkibində aşı maddəsi, askorbin turşusu (çiçəklərində 166 mq%, yarpaqlarında isə 565 mq%, zoğlarda 58 mq%), flavanoidlər, fitonsidlər vardır. Qaraqınığın yarpaqları ədviyyəli tərəvəz kimi kartof, soya, lobya və ət xörəkləri, salat, kolbasa və çay içkiləri hazırlamaq üçün istifadə edilir. Həmçinin, xiyar, pomidor və göbələyin konservləşdi-rilməsində, pivə istehsalında tətbiq edilir. Qaraqınıq yarpaqları acı nastoykalardan «Zveroboy» və «Yerofiç» istehsalında istifadə edilir. Ətriyyat sənayesində sabun, pomada və pastaların ətirləndirilməsində, elmi təbabətdə çay kimi dəmləyib sinir sistemi xəstəliklərində sakitləşdirici, eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı, soyuqdəymədə və sidikqovucu kimi istifadə edilir. Qaraqınıq yaxşı balverən (100 kq/ha) bitkidir.
Dostları ilə paylaş: |