Mayaotunun müalicəvi xassələri. Mayaotu tibdə sidikqovucu və ağrıkəsici dərman kimi, həmçinin, kosmetikada işlədilir.
Mayaotunun tibbi məqsədlər üçün istifadə olunması haqqında ilk məlumatlar ərəblərə məxsusdur və eramızın VIII əsrinə aid edilir. Rusiyada isə mayaotu X əsrdən becərilməyə başlamışdır. Sonradan Qərbi Avropada becərilən mayaotu, əsasən sidikqovucu və qanı «təmizləyən» vasitə kimi istifadə olunmuşdur.
Mayaotu qozalarının sulu tinkturası və ya toz halındakı məhsulundan iştahanı artırmaq və mədənin katarında həzmi yaxşılaşdırmaq üçün tətbiq olunur. Iştahanı artıran vasitə kimi mayaotu ağır xroniki xəstəlikdən sonra zəifləmiş xəstələrə məsləhət görülür. Bəzən mayaotu tinkturası böyrəyin və sidik kisəsinin iltihabında, öd kisəsi və qaraciyər xəstəliklərində təyin olunur. 1 xörək qaşığı xırdalanmış mayaotu qozasını 1 stəkan qaynanmış suya töküb soyuduqdan sonra süzür və yeməkdən 15-20 dəq. qabaq gündə 3-4 dəfə 1/4 stəkan qəbul edirlər.
Mayaotu qozasından hazırlanmış tinkturadan yüksək qıcıqlanma, xüsusən cinsi həyəcanlanma, yuxusuzluq və polyusiyaya (gecə şeytan aldatma) qarşı sakitləşdirici vasitə kimi istifadəsi çox yaxşı təsir göstərir. Yuxusuzluqda hər gün yatmazdan qabaq 1 - 2/3 stəkan ilıq mayaotu tinkturasını qurtum-qurtum içmək məsləhət görülür. Saç tökülməsinin ilk mərhələsində başı mayaotu tinkturası və yaxud həlimi ilə yumaq onun qarşısını alır. Son illər mayaotundan lupulon və qumulon adlı antimikrob preparatların alınma üsulları işlənib hazırlanmışdır.
Dostları ilə paylaş: |