Mərzə – Майоран – Majorana hortensis Moench. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan çoxillik yarımkol, çəhrayı və ağ çiçəkləri olan ətirli ot bitkisidir. 4 növdən birindən, əkilən mərzədən (Majorana hortensis) ədviyyə, efir yağlı dərman xammalı kimi istifadə olunur.
Mədəni halda birillik ot bitkisi kimi becərilir. Yarpaqları xırdadır. Tərkibində 0,3-0,4% (qurudulmuşlarda 0,7-3,5%-ə qədər) xoş ətirli və tünd acıtəhər dadlı efir yağı vardır. Efir yağının tərkibində terpineol, pinen, sabinen (40%-ə qədər), borneol, fenollar vardır. Çiçəkləyən vaxt efir yağının miqdarı maksimuma çatır. Tərkibində aşı maddəsi də var. Cavan yarpaqlarda 127 mq% rutin, 44 mq% askorbin turşusu və 5,5 mq% karotin vardır.
Yarpaqları və çiçək tumurcuqları təzə, qurudulmuş və yağda qızardılmış halda qida üçün istifadə edilir. Duru və quru xörəklərə (ət, balıq, yumurta, tərəvəz xörəkləri) əvəzedilməz tamlı qatqı kimi istifadə edilir. Salatlara və souslara da qatılır. Mərzədən çayı və sirkəni ətirləndirmək, xiyarı və pomidoru duza qoymaq üçün də istifadə edirlər.
Qurudulmuş mərzə içalat və Polşa kolbasalarının istehsalında tətbiq edilir. Qurudulmuş yarpaqlar xırdalanır və istiot qatışıqlarının tərkibinə qatılır. Likör-araq sənayesi üçün qiymətli xammaldır. Gec çiçək açdığı üçün qiymətli balverən bitki hesab edilir.
Dostları ilə paylaş: |