Nanənin müalicəvi xassələri. Elmi əsasda öyrənilib müəyyən edilmişdir ki, əkilən nanənin tərkibində bir sıra vacib üzvi maddələr vardır ki, onlar orqanizmdə maddələr mübadiləsini normallaşdırır, mədə-bağırsaqlarda əmələ gələn spazmı və köpməni aradan qaldırır, həzm prosesinin fəaliyyətini artırır. Bundan əlavə, əkilən nanə böyrək və sidik yollarını dezinfeksiya edir, beyində olan tıxacları açır, qan damarlarını təmizləyir, qusmanı, ürəkbulanmanı dəf edir və ürək-damar sisteminin fəaliyyətini artırır. Odur ki, əkilən nanədən xörəklərimizdə geniş istifadə etmək son dərəcə faydalıdır.
Əkilən nanənin ən əhəmiyyətli maddələrindən biri onun tərkibində olan 2%-ə qədər efir yağıdır. Efir yağının tərkibinin 50%-dən çoxunu mentol, menton və mentol-asetat kimi qiymətli maddələr təşkil edir. Göstərdiyimiz bu maddələr nanə yağına xoş ətirli iy verməklə bərabər onun ən qiymətli tərkib hissəsidir.
Əkilən nanədən müasir təbabətdə bir sıra qiymətli müalicə preparatları hazırlanır. Bu preparatlar ürək-damar sistemi və xroniki mədə-bağırsaq xəstəliklərində, eləcə də böyrək və sidik yollarının iltihabında çox gözəl müalicəvi təsir göstərir. Əkilən nanənin yağı validol, valokardin, karvalol, Zelenin damcısı kimi vacib, ürək xəstəliklərində çox işlənən dərmanların tərkibinə daxildir. Bundan əlavə, nanə yağından alınan mentol miqren xəstəliyinin müalicəsində çox faydalı dərmandır. Əkilən nanənin yarpaqlarından hazırlanan «nanə cövhəri» mədə-bağırsaq xəstəlyinin qiymətli dərmanı hesab olunur.
Dostları ilə paylaş: |