Razyananın müalicəvi xassələri. Razyana meyvəsindən elmi təbabətdə soyuqdəymə nəticəsində baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi geniş istifadə olunur. Razyana meyvəsi dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qəbul edilir. Xalq təbabətində razyanadan çay kimi dəmləyib uşaqlarda tez-tez baş verən mədə ağrılarında, spazmanı aradan qaldıran və köpmənin qarşısını alan dərman kimi istifadə edilir. Bu məqsədlə razyana meyvəsini qurudulmuş nanə yarpağı ilə bərabər şəkildə qarışdırıb dəmləmək çox yaxşı nəticə verir.
Ev şəraitində körpələr üçün razyana çayı hazırladıqda 1 stəkan qaynayan suya 1 çay qaşığı xırdalanmış razyana toxumu götürülür, dəmlənir, süzülür və şəkər qatılıb şirinləşdirilir. Razyana şüyüddən daha çox bəlğəmgətirici xassəyə malikdir. Adətən, bu məqsədlə 1 stəkan suya 2-3 çay qaşığı xırdalanmış razyana götürülüb dəmlənir. Bu çaydan gündə 4-5 dəfə 1-3 xörək qaşığı içilir. Razyana toxumları müxtəlif çay yığımlarının tərkibinə daxil edilir: məsələn, yumşaldıcı, yelqovucu, ödqovucu, sinəyumşaldıcı və sakitləşdirici çay yığımları.
Dostları ilə paylaş: |