Çin cır limonunun müalicəvi xassələri. Çin cır limonunun toxumu Çin xalq təbabətində qədimdən dərman vasitəsi kimi istifadə olunur. Ondan vərəm, bronxial astma, bronxit, mədə və bağırsaq, qaraciyər və böyrək xəstəliklərində, qanazlığında və orqanizmin zəifləməsində istifadə olunur. Meyvələri və yarpaqlarından alınan tinktura sinqa əleyhinə təsirli vasitədir. Meyvələri, həm də dizenteriyanın müalicəsində ən yaxşı vasitədir.
Təzə və qurudulmuş meyvələri və toxumları qədimdən tonuslandırıcı və stimullaşdırıcı vasitədir. Çin cır limonu yorğunluğu çıxarır və insana gümrahlıq verir. Ona görə də Uzaq Şərq xalqları ova gedərkən özləri ilə bir qədər qurudulmuş Çin cır limonu götürürlər. Uzun sürən və ağır ov günlərində bir neçə ədəd Çin cır limonu yeməklə öz güclərini bərpa edirlər. Bu isə həmin meyvənin tərkibindəki metil efiri olan polioksifenol adlanan tonusqaldırıcı sxizandrin maddəsindən asılıdır. Eksperimentlər nəticəsində təsdiq olunmuşdur ki, Çin cır limonu uzun müddət beyin qabığının oyanmasını sürətləndirir, mərkəzi sinir sisteminin reflektor fəaliyyətini artırır. Çin cır limonu tənəffüsü yaxşılaşdırmaqla ürək-damar sisteminin fəaliyyətini stimullaşdırır.
Çin cır limonu insanların əqli və fiziki əməyi zamanı onların fəaliyyətini, iş qabiliyyətini artırır. Bu bitki təkcə sağlam adamlara deyil, hətta gücsüz (zəif) və ruhi sıxıntı vəziyyətində də insanların iş qabiliyyətini artırır və müalicəvi təsir göstərir. Belə hallarda Çin cır limonunun toxum və ya meyvələrindən alınan tozvarı məhsul və ya tinkturadan istifadə olunur. Qəbul edilən preparatın təsiri 30-40 dəqiqədən sonra başlayır və 5-6 saat davam edir. Yaxşı olar ki, belə preparatlar səhər acqarnına və ya axşam yeməkdən 4 saat sonra qəbul edilsin. Tozvarı məhsulu (həb şəklində) 0,5 q, tinkturanı isə 20-40 damcı qəbul etmək məsləhətdir. Ev şəraitində Çin limonundan 1:10 nisbətində tinktura və həlim hazırlanır. Belə məhluldan gündə 2 dəfə 1 xörək qaşığı içilir. Son zamanlar Çin cır limonundan yeni məhsullar – ekstrakt, təbii Çin limonu ilə şəkərli pürevarı məhsul hazırlanır.
Çin cır limonunu qəbul etdikdə yaddan çıxarmaq olmaz ki, həmin bitki həyəcan, yuxusuzluq, ürək fəaliyyətinin pozulması və yüksək qan- təzyiqi olanlar üçün əks təsir göstərir. Xroniki qastritdə Çin limonundan istifadə yaxşı nəticə verir. Bu zaman Çin cır limonu mədənin sekresiyasını normallaşdırır. Bir dəfəyə 2 q Çin cır limonu toxumunun tozu qəbul etdikdə mədə şirəsinin turşuluğu normallaşır. Xüsusən də Çin cır limonun toxumundan alınan tozvarı məhsul qanlı qastritdə çox səmərəli nəticə verir. Mədə ağrıları dərhal dayanır və mədə şirəsinin turşuluğu aşağı düşür. Çin cır limonu şirəsi də istifadə edilir. Xəstələrə gündə 3 dəfə 1 xörək qaşığı şirə içirdilir.
Müəyyən olunmuşdur ki, Çin cır limonu orqanizmin oksigen çatışmazlığına qarşı müqavimətini artırır. Ona görə də, Çin cır limonu aşağı atmosfer təzyiqində istifadə oluna bilər.
Çin cır limonu həm də aşağı qantəzyiqində tətbiq olunur. 50 nəfər qantəzyiqi aşağı olan hamilə qadınlara 10 gün, gündə 3 dəfə 10-30 damcı 10%-li Çin cır limonu tinkturası verilmiş və həmin qadınların qantəzyiqi normallaşdığından doğuş zamanı qan itkisi azalmışdır.
Dostları ilə paylaş: |