Qırmızı meyvəli quşarmudu (üvəz) – Рябина обыкновенная – Sorbus aucuparia L. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən çox da böyük olmayan boz rəngli, hamar qabıqla örtülmüş ağacdır. 84 növündən 14-ü mədəni halda yetişdirilir. Azərbaycanın dağ-meşə bölgələrində quşarmudunun 11 növü yayılmışdır. Növbə ilə düzülmüş lələyəbənzər yarpaqları vardır. Ağ rəngli çiçəklərindən acı badam iyi gəlir. Meyvələri giləmeyvəyə oxşayır, şirəlidir, parlaq çəhrayı rəngdədir. Bitki may-iyun aylarında çiçək açır, meyvələri avqust-sentyabr aylarında yetişir və payızın sonuna kimi ağacda qalır. Quşarmudu iynəyarpaqlı meşələrdə geniş yayılmışdır. Bu bitkiyə, eləcə də, meşə açıqlıqlarında, kolluqlarda, çay və göl kənarlarında tez-tez rast gəlinir.
Rusiyanın Avropa hissəsinin meşəliklərində və Sibirdən başlayaraq ta şimalın son hüdudlarına qədər sahələrdə quşarmudu yayılmışdır. Bundan əlavə, Zaqafqaziyada, o cümlədən Azərbaycanda bu bitkiyə çox təsadüf olunur. Quşarmudunu, eyni zamanda bağlarda və parklarda da becərirlər. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrinin xoşagələn, turşməzə, acıtəhər dadı vardır. Bu meyvələri şaxta düşəndən sonra toplayırlar. Tibbi məqsəd üçün həm becərilən, həm də yabanı halda yayılan quşarmudu meyvələrindən çox vaxt təzə dərilən kimi və ya qurudandan sonra istifadə edilir. Təzə dərilmiş meyvələri bütün qışı soyuq binalarda və ya dondurulmuş halda saxlanılır. Quşarmudunun meyvələrindən təbabətdə və yeyinti sənayesində karotin və digər vitaminlərlə zəngin xammal kimi istifadə edilir.
Bitkinin adı (aucuparia) latın dilindən tərcümədə «quşları aldatmaq» mənasını verir, çünki bunun meyvəsini quşlar daha çox istifadə edirlər. Qırmızı quşarmudunun müalicəvi təsiri ta Qədim Yunanıstanda məlum idi. Qida və dərman bitkisi kimi Avropada orta əsrlərdə məlum olmuş və hazırda məişətdə əsas yer tutan bitkidir.
Qırmızı quşarmudunun tərkibində 8% (4-13,4%) şəkər (sorboza), 2,8% üzvi turşu (əsasən, limon və alma turşusu), 0,51% aşı maddələri, 200 mq% C vitamini, 18 mq% karotin, 235 mq% aminturşular (arqinin, -alanin, histidin, qlisin, lizin, tirozin, sistin, sistein, asparagin turşusu və s.), efir yağları, kalium, kalsium, natrium və maqnezium duzları vardır. Çəyirdəyində 22% yağ, qlikozid amiqdalin, yarpaqlarında 200 mq% C vitamini, flavonlar (astraqalin, giperozid,kemferol-3-soforizid, kversetin-3-soforizid, izokver-sitrin) vardır. Meyvəsinin acı dadı 0,8% monoqlikozid olan parasorbin turşusundan irəli gəlir. Qabığında isə 11% taninlər var.
Meyvəsinin ətliyi turş və büzüşdürücü acı dadlıdır. Şaxtalar düşəndən sonra dərildikdə acılığı yox olur. Mədəni halda becərilən quşarmudunun bəzi sortları şirin olduğundan təzə halda yeyilir. Ondan vitaminli içki, şərbət, kompot, mürəbbə, pastila, jele, nalivka, qəhvə və çay əvəzedicisi hazırlanır.
Dostları ilə paylaş: |