Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Zirincin müalicəvi xassələri



Yüklə 2,02 Mb.
səhifə12/32
tarix06.06.2018
ölçüsü2,02 Mb.
#52864
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

Zirincin müalicəvi xassələri. Zirincin meyvələrindən xalq təbabətində sinqa, raxit, qanazlığı, isitmə, mədə-bağırsaq xəstəliklərinin müalicəsində ta qədimdən bəri istifadə edilir. Eyni zamanda, meyvələrindən yeyinti sənayesində də mürəbbə və digər məhsullar alırlar. Zirincin yarpağının əsas təsiredici maddəsi berberin alkaloididir. Bu alkaloid təmiz halda açıq sarı rəngli kristal maddədir, qankəsici təsirə malikdir. Hazırda elmi təbabətdə hər iki zirinc bitkisinin yarpaqlarından spirtli cövhər (Tinctura Berberidis) hazırlanır ki, ondan uşaqlıq qanax­ma­larında qankəsici dərman kimi istifadə olunur.

Yarpaqlarından alınmış spirtli cövhərdən daxili qanax­malarda müalicəvi vasitə kimi istifadə edilir. Yarpaqlarında, həmçinin, A və C (130 mq%) vitaminləri vardır. Zirinc çiçək­lərindən dəmlənmiş çay öskürəyə qarşı içilir.

Xalq təbabətində zirincdən və ondan hazırlanmış mürəb­bədən sarılıq xəstəliyinin müalicəsində istifadə olunur.
SİTRUS, SUBTROPİK VƏ TROPİK MEYVƏLƏR
Subtropik və tropik meyvələr bir sıra bioloji xüsusiy­yətlərə malikdir və xüsusi becərilmə tələb etdiyindən, heç də bunların hamısı respublikamızda əkilib-becərilmir. Ona görə də bu qrupa aid olan tropik meyvələrin əksəriyyəti ölkəmizə xaricdən gətirilir. Lakin Azərbaycanın torpaq-iqlim şəraiti bu­rada bir çox sitrus və subtropik meyvələrin əkilib-becərilməsinə imkan verir.

Bu meyvələr zəngin tərkibə malik olduğundan müxtəlif məqsədlər üçün istifadə olunur. Bu meyvələrin tərkibində insan orqanizmi üçün vacib olan vitaminlər və bioloji fəal maddələr olduğundan, əsasən təzə halda və şirə kimi istifadə olunur. Bəzi subtropik və tropik meyvələr qurudulmuş halda (xurma, əncir) daha uzun müddət saxlanıla bilir və ilin bütün vaxtlarında isteh­lak edilir. Subtropik və tropik meyvələrin tərkibində vita­min­lərlə yanaşı nisbətən çox miqdarda üzvi turşular, efir yağ­ları, qlükozidlər, fitonsidlər, alkaloidlər və s. maddələr də vardır.

Bu meyvələr pəhriz-müalicəvi qidalanmada geniş istifadə olunur. Lakin bu bitkilərin becərildiyi ölkələrdə onun mey­və­sindən müalicəvi məqsədlə az istifadə olunur. Onlar sub­tropik və tropik bitkilərin yarpaqlarını, qabığını və digər orqanlarını tədarük edir və müalicəvi məqsədlə istifadə edirlər. Bəzi sitrus və subtropik meyvələr əczaçılıq təcrübəsində geniş tətbiq olunur.

Sitrus meyvələrinə limon, narıngi, portağal, qreypfurt, kumkvat, kivi aiddir.

Subtropik meyvələrə nar, əncir, xurma, zeytun, feyxoa, innab, iydə, tut aiddir.

Tropik meyvələrə isə banan, ananas, Iran xurması, manqo, avakado, liçi, papayya, çörək ağacı və s. aiddir. Biz bu bitkilərin izahını əlifba sırası ilə veririk.



Ağ tut – Шелковица (тут) белый – Morus alba L. Tut (Moraceae) fəsiləsinə mənsubdur. Ağ tutun Vətəni Zaqaf-qaziyadır. Meyvəsi üçün becərilən tut 2 əsas növə bölünür: ağ və xartut. Yaxın Şərq ölkələrində çox yayılmışdır. Azər­baycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ­müx­təliflikləri vardır. Yabanı halda Azərbaycanın meşə­lərində, çay kənarlarında və dağ ətəklərində bitir. Yabanı tutun bir çox formaları vardır və yerli tutlar bunlardan seçilib qədim zaman­lardan bəri becərilməkdədir.

Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur. Ağacı çox yavaş böyüyür.

Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər yar­paqlarla eyni vaxtda əmələ gələn kiçik meyvəciklərin üzə­rində açılır. Çiçəklər gödək saplaqla salxımda yerləşir. Erkək çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar partladıqdan sonra tozları tökülür. Dişi çiçəklərin 4 kasacıq yarpaqları, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək kiçik mey­vələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun əsas meyvəsini təşkil edir. Hər meyvəciyində bir ədəd yastı, sarı, xırda toxumu vardır. Toxumların arasında olan sulu, şirin lətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı qısadır. Tutun meyvəsi mürəkkəb giləmeyvədir.

Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Mey­vələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu və şirindir. Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür. Odur ki, tutu yetişdikcə, hər iki gündən-bir səhər tezdən silkələyib xüsusi çadralara toplayırlar.

Ağ tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, zülal, pektin, yağ, aşılayıcı və rəngləyici maddələr, vitaminlər və dəmir vardır.

Ağ tut təzə halda yeyilir, kompot, mürəbbə, jele, şərbət və doşab hazırlanır. Tut doşabı tərkibinə görə bala oxşayır və qidalılıq dəyərinə görə təzə meyvədən fərqlənmir.



Ağ tutun müalicəvi xassələri. Xalq təbabətində kal tut meyvəsindən hazırlanan sulu tinkturadan və şərbətdən ishala qarşı istifadə olunur. Əksinə, yetişmiş meyvələri zəif yum­şal­dıcı xassəyə malikdir. Ağ tutun şirəsi və nastoyundan bəlğəm­gətirici, tərlədici və sidikqovucu vasitə kimi istifadə edilir. Ağ tut ürəyin miokardio- distrofiyasında və ürək qüsurlarında tət­biq olunur. Xəstələrə gündə 4-5 dəfə yeməkdən sonra 200-250 q yetişmiş tut verilir. 3-4 həftəlik müalicədən sonra xəstələrin ürəyindəki ağrılar keçir, ürəyin fəaliyyəti yaxşılaşır, təng­nə­fəslik azalır və iş qabiliyyəti bərpa edilir.

Xalq təbabətində tut ağacının budaqlarının qabığından ha­zır­lanan tozvarı məhsuldan 1:30 nisbətində bitki yağında məlhəm (maz) hazırlanıb yaraların, kəsiklərin və dəri sıyrın­tıla­rının müalicəsində istifadə olunur. Bəzən tut ağacının qabı­ğın­dan hazırlanan həlimdən hipertoniya və ürək-damar xəstə­lik­lərində istifadə olunur.

Çin xalq təbabətində tut qabığı diabet xəstəliyinin müa­licəsi üçün nəzərdə tutulan yığımın tərkibinə daxildir. Belə yığımlardan hazırlanan çay, ilk dövrdə qanda şəkərin miqdarını azaldır, lakin diabetin tam müalicəsində etibarlı deyildir. Qərbi Avropada və Balkanlarda tut meyvəsindən şəkərli diabetə qarşı istifadə edilir. Tut yarpaqlarından hazırlanmış həlim qanda şəkərin miqdarını azaldır və xəstənin əhvalını yaxşılaşdırır. Tutun antibiotik xassəsi onun tərkibində olan B2 vitamini ilə əlaqədardır, çünki bu vitamin toxumalardakı qlükozanı fiksa­siya etməyə qadirdir. Lakin tutun antibiotik xassələrindən əlavə müalicə vasitəsi kimi də istifadə etmək lazımdır.

Tut yarpaqlarından alınan xüsusi biostimulyator fomidol revmatizmdə, dəri vərəmində, ekzemada və digər xəstəliklərdə istifadə olunur. Yaponiyada tut ağacının çiçəklərindən xüsusi emalla hazırlanmış kosmetik kremdən üzdəki çillərin, ləkələrin və dəridəki sızanaqların müalicəsində istifadə edirlər.

Ağ tut qurusu olduqca qidalıdır. Tutdan bəkməz (doşab), riçal, sirkə hazırlanır və bir çox yerlərdə tut arağı çəkilir. Ağ tut qarın xəstəliklərində, ümumi zəifliyə və ürək xəstəliklərinə qarşı müalicəvi vasitədir.

Tutun xalq təsərrüfatında əhəmiyyəti, əsasən ondan ibarətdir ki, onun yarpaqları ilə bəslənilən baramadan yüksək­key­fiyyətli ipək lif alınır və bu da toxuculuq sənayesi üçün qiymətli xammal hesab edilir.



Ananas – Ананас – Ananas comosus Merr. Brome­liaceae fəsiləsindəndir. Ananasın vətəni Cənubi Amerikadır – Braziliyadır. Əsasən Kubada, Braziliyada, Meksikada, Hin­dis­tanda, Çində, Seylon adasında becərilir. Bunun çəkisi orta he­sabla 1,5-2 kq-dır. Bəzilərinin çəkisi isə 5 kq-a çatır. Mey­vəsinin 66-67%-ni ətliyi, 23-24%-ni qabığı, 4,5-5,0%-ni bərk özəyi, üzərindəki ləçəkləri (sultanalar) 4-5%, zoğu 0,5-0,8% təşkil edir.

Ananasın 100-dən çox sortu var. Ən çox yayılmış sort­la­rından Cayenne, Queen, Spanish, Abacaxi, Maipure və s. gös­tərilə bilər. Meyvəsinin bir ədədi 1-2,5 kq-dır. Ananasdan həm təzə, həm də emaledilmiş (şirə, kompot, mürəbbə) halda istifadə edilir.

Tərkibində 11-20% karbohidrat (o cümlədən 8-18% saxaroza), 0,4-0,5% zülal, 0,1-0,2% yağ, 0,3-0,4% minerallı maddə, 0,5-1,6% üzvi turşu, 19-21 mq% C, 0,06 mq% b-ka­rotin, 0,08 mq% B1, 0,03 mq% B2 vitamini, 321 mq% kalium, 1 kq yeyilən hissədə 8,3 mq dəmir və alkaloidlər vardır.

Ananasın müalicəvi xassələri. Təzə və konserv­ləş­dirilmiş halda yeyilir. Ananas şirəsində qeyd olunan maddələrlə yanaşı, ferment yığımı olan bromelin maddəsi vardır ki, bu da qidanın həzmini yaxşılaşdırır. Eyni zamanda, bromelin soyuqdəyməyə və şiş əlamətlərinə qarşı təsirə malikdir. Ananas şirəsi mədə-bağırsaq və böyrək xəstəliklərində istifadə edilir. Ananas, həmçinin, ürək-damar sistemi və böyrək xəstəlik­lə­rində, qanazlığında faydalıdır. Lakin nəzərə alınmalıdır ki, ana­nas şirəsi mədənin turşuluğunu artırır. Ona görə də mədə xo­rası, qastrit xəstəliklərində və mədə şirəsinin turşuluğu yüksək olduqda ananas şirəsi məsləhət görülmür. Ananas şirəsi sinqa əleyhinə də tətbiq olunur. Ananas əsəb sistemi pozun­tu­larında da təyin olunur. Hind xalq təbabətində bağırsaq qurduna qarşı ananasın yarpaqlarından alınan şirədən istifadə olunur.

Avakado – Авокадо Persea americana Mill. Dəfnə (Lauraceae) fəsiləsindəndir. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən Avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivarı hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var ki, bu da onun ümumi kütləsinin 25%-ni təşkil edir. Son illər beynəlxalq bazarda çəyirdəksiz mini-avakado da olur. Bir meyvənin kütləsi 150 q-dan 1 kq-a qədərdir. Orta ölçüsü 10-15 sm diametrində, 400 q kütlədə olur. Sortlarından Fuerte, Hass, Fortuna, Nabal, Bacon, Tonnage, Lulla və s-nin tərkibində 0,5-1,0% şəkər, 1,3-2,6% zülal, 0,9-1,6% minerallı maddə, 0,2-0,4% üzvi turşu, 5-10 mq% C vitamini, 0,1-0,4 mq% b-karotin vardır. Minerallı maddənin tərkibində 400-700 mq% kalium və 0,5-1,5 mq% dəmir vardır. 0,1-0,2 mq% B2, 0,2-0,4 mq% B6, 1,1-2,36 mq% PP və E vitamini vardır.

100 qr avakado 230 kkal və ya 962 kCoul enerji verir.

Avakado dadına görə qozu xatırladır. O çox qidalı və kalorili meyvədir. Ətliyində 30%-ə qədər yağ və minerallı maddələr (kalium, natrium, kalsium, fosfor, maqnezium) var­dır. Avakado vitaminlə də zəngindir. Təzə halda, çörəyə sürtü­lüb duz və ya şəkərlə yeyilir. Avakado yağından ətriyyat səna­yesində istifadə edilir.

Avakadonun müalicəvi xassələri. Şəkərli diabet xəs­təliyində məsləhət görülür (çünki tərkibində 1,6% şəkər var). Qanı az olanlara, qastrit və mədə şirəsinin turşuluğu az olan xəstələrə avakado məsləhət görülür. Avakado meyvəsi hiper­toniya xəstəliyində və aterosklerozda faydalıdır.

Avakado yarpaqlarında kakao paxlasında olan teobromin kimi orqanizmə təsir edən efir yağı olduğundan xalq təba­bətində istifadə olunur. Yarpaqlarından (bəzən toxumlarından) alınan həlimdən ishala qarşı, yarpaqlarından isə ətriyyat sə­nayesində istifadə etmək olar.

Meyvəsinin qabığı, yarpaqlar və zərif budaqları xalq təba­bətində qurdqovucu vasitə və mədə-bağırsaq pozun­tula­rında istifadə olunur. Fransada avakado yağının sabunlaşmayan frak­siyası əsasında xüsusi preparat hazırlanır və yaşlı insan­larda özünü hiss etmədikdə, ekzemada və dərinin iltihabında tətbiq olunur.

Banan – БананMusa paradisiaca L. Tut Musaceae fəsiləsindəndir. Ölkəmizə Vyetnam, Hindistan, Qvineya, Mek­sika və başqa tropik ölkələrdən daxil olur. Bir saplaq üzərində 10-15 ədəd banan olur, bir neçə saplağı isə salxım əmələ gətirir. Bir salxım 150-200 banandan ibarətdir, çəkisi 50 kq-a qədər olur. Tərkibi yetişmə dərəcəsindən asılıdır. Kal bananda 18% nişasta, 1,5% şəkər olur. Yetişmişlərdə isə nişasta 2%-ə qədər azalır, şəkər isə 19%-ə çatır. Orta hesabla tərkibində 7% su, 18-22% şəkər, 0,8% sellüloza, 0,2% yağ, 0,3% alma turşusu, 348 mq% kalium və 42 mq% maqnezium vardır. Vitaminlərdən 10-12 mq% C, 0,04 mq% B1, 0,06 mq% B2, 0,2 mq% b-karotin, həmçinin U (ulsuz) vitamini vardır.

Banan xoşagələn ətirli və şirin dadlıdır. 100 q banan 90 kkal və ya 384 kCoul enerji verir.

400-dən çox sortu var. Təyinatına görə banan sortları üç qrupa bölünür: aşxana (Kavendiş, Qro Mişel, Lakatan); desert (Alma banan, Ledis finqers, Qırmızı) və tərəvəz (Fransa plan­teyni, Buynuzlu planteyn, Abissin bananı) banan sortları. Tə­rəvəz bananı kulinariya emalından keçirildikdən sonra qidaya sərf olunur.

Bananın müalicəvi xassələri. Bəzi xalqlarda banan əsas qida kimi çörəyin, kartofun, ətin və digər məhsulların əvəz­edicisidir. Banan təzə və emaledilmiş halda istehlak edilir. Ətli­yindən un, cem və qəhvə əvəzediciləri hazırlanır. Banan qiy­mətli pəhriz yeməyidir. Onun tərkibində şəkərdən (25%-ə qə­dər) və nişastadan başqa qidanın həzmini yaxşılaşdıran alma turşusu, pektinli maddə, sellüloza və fermentlər vardır.

Bananın tərkibində kalium duzlarının çoxluğu orqanizm­dən artıq suyun xaric olunmasını təmin edir. Bu isə şişlərin müalicəsində əhəmiyyətlidir.

Əgər ateroskleroz və hipertoniyada xəstələr aclığa dözə bilmirlərsə, onlara pəhriz saxlanılan günlərdə banan təklif olunur. Lakin kök adamlara və şəkərli diabetdə banan yeməyə məhdudiyyət qoyulur. Lakin yetişməmiş banan diabetlər üçün yaxşı qidadır.

Bananın ətliyində fizioloji fəal maddələrdən – serotin, norpinefrin, donaminkatexolamin olduğundan, müvəffə­qiyyətlə bağırsaq xəstəliklərində, mədənin peptik yaralarında tətbiq olunur. Əzilmiş banan püresi mədə-bağırsaq pozuntu­larında uşaqlara verilir. Banan ishalda, enterit və kolitdə təyin olunur. Klinik müşahidələrdə təsdiq olunmuşdur ki, banan şirəsi mədənin və onikibarmaq bağırsağın qanaxmalarında isti­fadə olunur. Lakin banan şirəsi mədənin turşuluğunu artırdı­ğından məhdud şəkildə təyin olunur.

Hindistanda banan bütün bölgələrdə əkilib-becərilir. Qi­da­nın həzmi pozulduqda, sinqa əleyhinə, nefritdə, hipertoniya və ürək xəstəliklərində istifadə olunur.

Çörək ağacıХлебное дерево Artocarpus com­munis və ya A. altilis. Tut Moraceae fəsiləsindəndir. Vətəni Ma­lay arxipelaqıdır. Cənubi Asiyada daha çox becərilir və əha­linin qidasında mühüm əhəmiyyətə malikdir.

Çörək ağacı diametri 15-30 sm olan dairəvi formada mü­rəkkəb meyvə əmələ gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən iba­rətdir. Daxilində 2-3 ədəd şabalıd boyda iri toxumu olur. Meyvəsinin iyi xoşagəlməyəndir. Meyvəsi kulinariyada tərəvəz kimi bişirilmiş halda istifadə olunur. Bəzən onu torpağa basdırıb pendir kimi fermentləşdirdikdən sonra yeyirlər.

Tərkibində 16,8-17,9% karbohidrat, 1,3-1,5% zülal, 0,9% minerallı maddələr, 0,2-0,3% yağ, 22 mq% C, 0,2 mq% B1, 0,04 mq% B2, 0,02 mq% b-karotin, 422 mq% kalium, 36 mq% fosfor vardır. 100 qr-ı 76 kkal və ya 323 kCoul enerji verir. 13-140C-də, 85-90% nisbi rütubətdə 15-20 gün saxlamaq olar.

Əncir – Инжир, винная ягода, смоковница Ficus carica L. Tut Moraceae fəsiləsindəndir. Əncir tərkibinə görə qidalı meyvədir. Əsasən Zaqafqaziya, Krımın cənub sahili, Qaf­qazın Qara dəniz sahilləri və Orta Asiyada becərilir. Zaqafqaziyada yabanı halda bitən əncir də var.

Əncirin tərkibində 78,9% su, 15,5% şəkər, 0,2% turşu, 1,4% azotlu maddə, 0,6% mineral maddə, 1,4% sellüloza, 0,3% yağ vardır. Bəzi əncir sortlarında şəkərin miqdarı 20%-ə çatır. Qurudulmuş əncirdə 42-62% şəkər olur. Şəkərlərdən, əsasən qlükoza və fruktoza və az miqdarda saxaroza, turşulardan alma turşusu daha çoxdur.

Əsasən təzə halda, qurutmaq, mürəbbə bişirmək və emal məqsədi üçün istifadə edilir. Təzə əncir saxlanılarkən həd­din­dən artıq yetişdiyindən qıcqırır. Ona görə də əncirin saxla­nılması və daşınması çətinlik törədir. Adi şəraitdə təzə halda 1-2 gündən artıq saxlamaq mümkün deyildir. 00C-də isə 5 sutka saxlamaq olar. Ticarətə qurudulmuş əncir də daxil olur. Bunlar yüksək qidalılığa malikdir. Orta hesabla bir əncirin çəkisi 30-60 q təşkil edir. Bəzən biri 100 q gəlir.

Əncirin 400-dən çox sortu vardır. Ən çox yayılmış sort­larından Xurma əncir, Kalimirna, Dalmasiya ənciri, Buzov­burnu, Bənövşəyi, Soçi, Lardero, Abşeron sarı ənciri, Armudu əncir, Gəncə sarı ənciri, Kadota, Bionşet, Çapla, Ağ Fraqa və s. göstərmək olar. Əncir qurusundan narın üyütdükdən sonra qəhvəyə qatmaq üçün də istifadə edilir.



Əncirin müalicəvi xassələri. Tərkibində şəkərlə yanaşı, zəngin tərkibə malik minerallı maddələr – kalium (1161 mq%), kalsium (227 mq%), maqnezium (117 mq%), fosfor (263 mq%) və dəmir (46 mq%) vardır. Əncirdə müxtəlif fermentlər və sellüloza (6,19%) var. Lakin, əfsuslar olsun ki, ənciri təzə halda uzun müddət saxlamaq və daşımaq praktiki olaraq mümkün deyil. Ona görə, əncir qurudulur, ondan mürəbbə, sukat, cem, kompot hazırlanır. Quru əncirdən qəhvə içkiləri hazırlanır.

Əncirdə sellüloza çox olduğundan, onu mədə-bağırsağın kəskin iltihabında istehlak etmək məsləhət görülmür. Tərki­bində şəkər çox olduğundan şəkərli diabetdən əziyyət çəkənlər əncir yeməməlidir.

Əncir podaqra xəstəliyi olanlar üçün də məsləhət görül­mür, çünki tərkibində 100 mq%-ə qədər quzuqulağı (tur­şəng) turşusu var. Eyni zamanda, əncirin tərkibində kaliumun çox olması ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlər üçün əhəmiyyətlidir. Qanazlığında təzə meyvələri yeyilir.

Əncir sidikqovucu və mədəni yumşaldıcı xassəyə ma­likdir. Əncirdən həzm prosesini yaxşılaşdırmaq və böyrək­lərdə daş olduqda sidik ifrazını artırmaq məqsədilə istifadə olunur.

Xalq təbabətində əncir həlimindən və mürəbbəsindən tərlədici və hərarətsalıcı vasitə kimi istifadə olunur. Süddə bişi­ril­miş əncir qurusundan (2 xörək qaşığı quru əncir 1 stəkan südd­ə və ya suda) anginada boğazı qarqara etmək, quru öskürəkdə və bronxitdə bəlğəmgətirici kimi içmək məsləhət görülür. Belə həlimi gündə yarım stəkan 2-4 dəfə böyrək və sidik yollarının xəstəliyində qəbul etmək məsləhətdir. Bəzən əncir həlimi qastrit və qəbizlikdə tətbiq olunur. Əncir həlimin­dən hazırlanan təpitmə yaralara və şişlərdə tətbiq olunur.

Xalq təbabətində əncir yarpaqlarından alınan həlimdən öskürək və ishalda istifadə olunur. Bəzən dizenteriyada (qanlı ishalda) əncir və gicitkən yarpaqlarından hazırlanan həlimdən istifadə olunur. Əncir toxumları qəbizliyə qarşı yumşaldıcı təsir göstərir.

Gürcü alimləri əncirdən qatı ekstrakt olan «leqvini» (Gür­­cücə leqvi əncir deməkdir) adlı məhsul alıb, onu sidik­qovucu kimi istifadə etməyi məsləhət görürlər. Bu ekstrakt tünd qəhvəyi rəngli, ətirli iyə və xoşagələn dada malikdir və gündə (əsasən, səhərlər) 100 q qəbul etmək məsləhət görülür. Bu preparat həm də qidalı məhsul olduğundan, onu uzun müddət qəbul etmək olar.
İslami dəyərlərə əsasən əncirin insan sağlamlığına faydaları
Əncir başqa meyvə və tərəvəzə nisbətən ən çox lifə malikdir. Təkcə 1 ədəd quru əncirdə 2 q lif (sellüloza) var. Bu da gündəlik ehtiyacın 20%-ni təşkil edir. Son 10-15 ildə aparılan tədqiqatlar bitki mənşəli qidalarda mövcud olan liflərin həzm sisteminin düzgün fəaliyyəti baxımından çox vacib olduğunu ortaya qoyub. Qida kimi qəbul edilən lifin həzmə və bəzi xərçəng növlərinin yaranma ehtimalını aşağı salmağa kö­mək etdiyi bəllidir. Qida üzrə mütəxəssislər lif qəbulunun ideal yolu kimi lif baxımından zəngin olan əncir yeməyi tövsiyə edirlər.

Lifli qidalar həllolunan və həllolunmayanlara ayrılır. Həllolunmayan lif baxımından zən­gin qidalar bədəndən atılan maddələrə su qazandıraraq bağırsaqlardan keçidi asanlaşdırır. Bununla da həzm prosesini sürətləndirərək onun sistemli fəaliyyətini təmin edir. Həll olunmayan lifli qidaların orqanizmi kolon xərçəngindən qoruması da müəyyən edilib. Həll olunan lifli qidaların isə qandakı xolesterin səviyyəsini 20%-dən çox aşağı saldığı təsdiq olunub. Buna görə də onlar ürək xəstəlikləri riskini azaltmaq baxımından böyük əhəmiyyət daşıyır. Əgər qanda çox miqdarda xolesterin varsa, bu qan damarlarında yı­ğılır və damar­ların bərkiməsinə, daralmasına səbəb olur. Xoles­terin hansı orqanın damarında yığılırsa, həmin orqana məx­­sus xəstəliklər meydana çıxır. Məsələn, ürəyi qida­lan­dıran arte­ri­yalarda xolesterin yığılarsa, sinə ağrısı, infarkt kimi problemlər yaranır. Böyrək damarlarında xolesterinin yığılması isə təzyiqin qalxması və böyrək çatışmazlığına səbəb ola bilər. Həllolunan liflərin qəbul edilməsi mədəni boşaldaraq qan şəkərinin ni­zam­lanması baxımından da əhəmiyyətlidir, çünki qan şəkərindəki qəfil dəyişikliklər həyat üçün riskləri olan problemlərlə nəti­cələnə bilər. Qidalanmaları lif baxı­mından zəngin olan cəmiy­yətlərin xərçəng və infarkt problemləri ilə daha az üzləşdiyi müəyyənləşdirilib.

Həllolunan və həllolunmayan liflərin hər ikisinin birlikdə olması isə sağlamlıq üçün ayrı bir üstünlükdür: hər iki lif növünün birgə olmasının xərçəngin qarşısını almaqda tək olan liflərə nisbətən daha təsirli olduğu müəyyən edilib. Əncirdə hər iki lif növünün – həm həllolunan, həm də həllolunmayan – birgə olması bu meyvəni çox əhəmiyyətli bir qidaya çevirir.

Corc Vaşinqton Universitetinin Tibb Mərkəzin­dəki Xəs­tə­liklərdən Qorunmaq Institutunun (ABŞ) rəhbəri dr.Oliver Alabaster əncirdən belə bəhs edir: “…Burada həqiqi mənada sağlam və çox lif nisbətinə malik bir qidanı əlavə etmək imkanı var. Əncirləri və başqa çox lif balansına malik olan qidaları intensiv olaraq qəbul etmək…ömür boyu sağlamlığınız baxı­mın­­dan əhəmiyyət kəsb edir”.

Kaliforniya Əncir İstehsalı qurumuna (California Fig Advisory Board) görə, meyvə-tərəvəzdəki antiok­sidantlar insanları bir çox xəstəliklərdən qoruyurlar. Antioksidantlar bədənimizdəki kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri (sərbəst radikalları) təsirsiz hala gətirir və hüceyrənin məhvinin qarşısını alır.

Skrenton Universiteti (ABŞ) tərəfindən aparılan təd­qi­qatda müəyyən edilib ki, başqa meyvələrə nisbə­tən quru əncir antioksidant baxımından zəngin fenol tərkibinə daha çox ma­likdir. Fenol mikroorqanizmlərə öldürücü (antiseptik) bir mad­də kimi təsir edir. Alimlərin bildirdiyinə görə, əncirdə feno­lun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur.

Nyu-Cersidəki (ABŞ) Ratgers Universiteti tərəfin­dən aparılan tədqiqatda isə quru əncirin tərkibində olan omeqa-3, omeqa-6 yağ turşuları (EFA: Essential fatty acids: bədən üçün zəruri yağlar) ilə fitosterol (bitkilərdə mövcud olan yağvarı maddə) sayəsində xolesterini aşağı salan xüsusiyyət öyrənilib. Məlum olduğu kimi, omeqa-3 və omeqa-6 yağ turşuları bə­dən­də yarana bilməz, o qida vasitəsilə qəbul edilməlidir. Bu yağlar ürək, beyin və sinir sisteminin sağlam fəaliy­yəti baxımından xüsusilə böyük əhəmiyyətə malik­dir. Fitosterol isə heyvan mənşəli qidalardakı ürək və damar sağlamlığı baxımından təh­lü­kəli olan xoles­terinin yolunu tıxayaraq, onun qana qarış­ma­mış bədəndən atılmasını təmin edir.

Kaliforniya Əncir İstehsalı qurumu tərəfindən “sanki təbiətin ən mükəmməl meyvəsi” adlandırılan əncir bəşərin bil­diyi ən qədim meyvələrdən biri olsa da, o qida istehsalçıları tərə­findən yenidən kəşf edilir. Çünki qida dəyərinin yüksək olması və sağlamlıq üçün faydası bu meyvəyə xüsusi əhə­miy­yət qazandırır.

Əncir, demək olar ki, hər xüsusi pəhrizin bir hissəsi ola bilər. Əncirin tərkibində təbii yağ, natrium və xolesterin ol­madığı və çox lif nisbətinə malik olduğu üçün, o artıq çəkidən xilas olmağa çalışan adamlar üçün də əlverişli qidadır. Həm­çinin, əncir məlum olan bütün meyvələrə nisbətən ən çox mi­nerala malik meyvədir. 40 q əncirdə 244 mq kalium (gündəlik ehtiyacın 7%-i), 53 mq kalsium (gündəlik ehtiyacın 6%-i) və 1,2 mq dəmir (gündəlik ehtiyacın 6%-i) var. Əncirdə kalsium nisbəti çoxdur və bu baxımdan, meyvələr arasında portağaldan sonra ikinci yerdə gəlir. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsiumu təmin edir. Əncir uzun­müddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirilir. Fiziki və zehni yorğunluğu aradan qaldırır, bədənə enerji və güc verir. Əncirin ən mühüm qida dəyəri bu meyvənin 51-74%-ni təşkil edən şəkərdir. Əncir astma, öskürək və soyuqdəymə zamanı da müalicə məqsədilə qəbul edilməsi tövsiyə olunan meyvədir.

Burada haqqında qısaca danışdığımız əncirin faydaları Allahın insanlar üzərində mərhəmətinin daha bir göstəricisidir. Rəbbimiz zövqlə yeyilən bu meyvənin tərkibində insanın ehtiyac duyduğu maddələri onun sağlamlığına əlverişli olacaq bir nisbətdə, sanki paketlənmiş şəkildə istifadəyə verir. Allahın bu xüsusi nemətinin «Qurani Kərim»-də bildirilməsi də əncirin insanlar üçün əhəmiyyətinə bir işarə ola bilər (ən doğrusunu Allah bilir). Əncirin qida dəyərinin insanın sağlamlığı baxı­mından əhəmiyyətinin yalnız inkişaf edən tibb elmi və texnoloji imkanlarla müəyyənləşdirilməsi isə, əlbəttə, «Qurani Kərim»-ın hər şeyi bilən Allahın sözü olduğunun daha bir nümunəsidir.



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin