Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Gicitkənin müalicəvi xassələri



Yüklə 2,02 Mb.
səhifə19/32
tarix06.06.2018
ölçüsü2,02 Mb.
#52864
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

Gicitkənin müalicəvi xassələri. Gicitkənin yarpağı çox qiymətli polivitaminli məhsuldur. Odur ki, müasir təbabətdə ondan dəmləmə və duru ekstrakt halında bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur. Məsələn, daxili qanax­ma­larda qankəsici, mədə-bağırsaq xəstəliklərində həzmi, maddələr mübadiləsini yaxşılaşdıran, bağırsaqların iltihabını aradan qaldıran dərman kimi, eləcə də qanazlığında, vərəmdə, sinqada, raxitdə və avitaminoz xəstəliklərdə geniş tətbiq olunur. Bundan əlavə gicitkən yarpağından alınan xlorofildən dəri xəstə­liklərində yarasağaldıcı kimi də istifadə edilir. Azərbaycan xalq təbabətində gicitkən ən çox istifadə olunan dərman bitki­lərindən biri hesab olunur.

İstər xarici ölkələrdə, istərsə də ölkəmizdə gicitkəndən dərman bitkisi kimi geniş istifadə olunur. Məsələn, Polşa xalq təbabətində gicitkəndən qankəsici, qaraciyər xəstəliklərində, oynaqlarda baş verən revmatizm əleyhinə və başda tükün tökül­mə­məsinə qarşı geniş istifadə olunur. Bolqarıstan və Alma­ni­yada qanazlığına, ateroskleroza, əzələ və oynaq revma­tizminə, suçiçəyinə, böyrək və sidik kisəsi soyuqdəymələrinə, qaraciyər, öd kisəsi, mədə-bağırsaq spazmalarına, həmçinin, babasil, dəridə baş verən göbələk və s. xəstəliklərə qarşı mü­vəffə­qiy­yətlə istifadə edilir. Fransada uzun sürən kəskin xroniki bağırsaq iltihabında, eləcə də vərəm, dizenteriya və s. xəs­təliklərin müalicəsində işlədilir.

Cavan gicitkən yarpaqlarından alınan şirədən öd yolla­rında və böyrəklərdə əmələ gələn daşların əridilməsində, eləcə də qaraciyər, soyuqdəymə və iflicə qarşı istifadə olunur.

Kökündən və toxumlarından hazırlanmış cövhərin şəkər­lə qarışdırılması böyrək və öd yollarında çoxdan kök salıb bərkimiş daşların əridilməsinə kömək edir. Həvəngdəstədə döyülüb, əzilmiş gicitkəndən oynaqlarda və eləcə də əzələlərdə əmələ gələn revmatizmə və radikulitə qarşı yapışdırıcı məlhəm kimi istifadə edilir. Gicitkəndən hazırlanan preparatlardan uşaq­lıq və babasil xəstəliklərində baş verən qanaxmalarda, iqlim dəyişkənliklərində, mədə yaralarında, vitamin çatış­maz­lığında geniş istifadə olunur. Bu xəstəliklərin sağalmasına kömək edən onun tərkibində olan C, K vitaminləri, karotin və xlorofil birləşmələridir. K vitamini qankəsicidir. Xlorofil orqanizmin həyat fəaliyyətini gücləndirir, maddələr mübadiləsini yüksəldir, orqa­nizmin tonusunu artırır, mədə-bağırsaq, ürək-damar sis­tem­lərinin normal işləməsinə şərait yaradır. Orqanizmin yeni toxu­malarla təmin olunmasında və eləcə də toxuma po­zun­tu­larının qarşısını almaqda böyük rol oynayır. Bir sözlə, xlo­rofill orqanizmdə baş verən normal həyat fəaliyyətinin nizam­lan­masında əsas yer tutur.

Qızdırma (titrətmə) xəstəliyi bu cür müalicə olunur: doğ­ranmış gicitkən kökünə sarımsaq qatıb suda qaynadırlar. Alınmış cövhər xəstənin bədəninə sürtülür və gündə 3 dəfə bir xörək qaşığı qəbul edilir.

Gicitkən toxumlarından hazırlanmış cövhər insan və heyvanlarda həvəsi artırır. Bundan hazırlanmış vanna isə məx­mərək xəstəliyinə, tərləmə əleyhinə və eləcə də istiliklər nəti­cəsində bədəndə əmələ gələn yanıqların müalicəsində kömək edir.

Gicitkən bitkisi sanki vitamin «fabrikidir». Belə ki, onun yarpaqları C vitamini ilə zəngindir. Bunun tərkibində olan C vita­mininin miqdarı qarağat, kartof, kök və əvəlikdəkindən çoxdur. Yarpaqlarının tərkibində B1 və B2 vitaminləri də vardır. Odur ki, respublikamızın bir çox rayonlarında bitkinin təzə, tünd yaşıl rəngli yarpaqları ovulub azca duzla yeyilir. Ondan kükü və müxtəlif adda xörəklər bişirilir. Bitkinin cavan yarpaq və zoğuna soğan, istiot, keşniş, qoz, yağ və azca sirkə əlavə edilməklə xəmir xörəklərinə qatılır. Azərbaycanın bir çox rayonlarında gicitkənin yarpaqlarını qurudur, ona azca şəkər qatıb ədviyyə kimi saxlanır və yeri gəldikcə istifadə edilir. Bundan əlavə, gicitkəndən kətə, salat, göyərti şorbası, püre hazır­layırlar. Cavan zoğlarını və yarpaqlarını duza qoyurlar. Cavan yarpaq və gövdəsini doğrayıb kölgəli yerdə qurudurlar. Şoraba, əriştə, kükü bişirdikdə ədviyyə qatqısı kimi istifadə edirlər. Qanı az olan adamlara cavan gicitkən yemək məsləhət görülür.

Gicitkən həm də qiymətli yem bitkisidir. Belə ki, onun qarğıdalı, sorqo, çovdar, vələmir, çuğundur, kartof və otla birlikdə hazırlanmış silosu yüksəkkeyfiyyətli olur.

Azərbaycan kulinariyasında gicitkəndən gürzə xörəyi hazırlanır.

Gicitkən gürzəsi. Göyərti gürzəsini hazırlamaq üçün 6-7 dəstə gicitkən, 2 dəstə cincilim, 1 dəstə kərəviz, 1 dəstə göy soğan, 2 dəstə kəvər, 2 dəstə keşniş götürün. Göyərtiləri yaxşı yuduqdan sonra xırda-xırda doğrayıb turşu, duz əlavə edərək yaxşıca əzib (pörtlətmək də olar) sıxın. Sonra 2-3 kündəlik xəmir yoğurun. Xəmirə bir yumurta vurun. Kündələri bir az qalın yayıb stəkanın ağzı ilə kəsin. Sonra hazırlanmış göyərti qarışığından bir qaşıq dairələrin üstünə qoyub bükün. Sonra gürzələri qaynar suya töküb 15-20 dəq bişirib süzün. Hazır xörəyin üzərinə yağ gəzdirib qatıqla yeyin. Bu xörək qaraciyər, öd kisəsi və mədə-bağırsaq xəstəlikləri üçün xeyirlidir.

Göy (yaşıl) noxud – Горох зеленый – Pisum sativum L. Bu paxlalılar (Leguminosae) fəsiləsindəndir. Göy noxudun Azərbaycanda 2 növü yayılıb. Təbabətdə ancaq becərilən göy noxuddan istifadə edilir.

Göy noxudun yarpaqlarında (yaşıl hissələrində və zoğlarında) xlorofil, karotin, 53-100 mq% C vitamini, aspa­ragin turşusu, şəkər, fol turşusu və digər müalicə əhəmiyyətli maddələr vardır.

Toxumları bioloji maddələrlə daha zəngindir. Belə ki, toxumlarında 22-34% zülal, 3,6-5,5% piyli yağ, 4-10% şəkər, 13-20 mq% karotin, 2,4 mq% PP vitamini, meyvə qılafında B1 vitamini, yaşıl toxumlarında 33-55 mq% C vitamini müəyyən edilmişdir.

Göy noxudun müalicəvi xassələri. Azərbaycan xalq təbabətində göy noxudun toxumlarını qovrulmuş buğda, qoz ləpəsi, azca qara istiot, hil, zəncəfil və sarı köklə birlikdə həvəngdəstədə qarışdırıb, üzərinə bal əlavə edərək qarışdırır və bir gün sərin yerdə saxlayırlar. Sonra bu qarışıqdan revmatizm xəstəliyinə tutulanlara çay qaşığı ilə gündə 3 dəfə yedirdirlər. Bundan əlavə, noxudu od üzərində qovurandan sonra həvəngdəstədə əzib xırdalayır, azacıq üyüdülmüş qara istiot və hil qatıb qarışdırır, sonra üzərinə ət maşınında xırdalanmış kişmiş əlavə edib təzədən qarışdıraraq eynicinsli kütlə halına salırlar. Həmin kütlədən noxud boyda həblər hazırlayıb, qadın xəstəliklərində iltihaba qarşı istifadə edirlər.

Xalq təbabətində noxud unundan balda hazırlanmış halvasından, “noxud halvası” adı ilə qüvvətləndirici, əsəb sisteminin tonusunu artırıcı vasitə kimi işlədilir. Göy noxudun yaşıl zoğlarından alınan şirədən kəsiklərdə qankəsici kimi də işlədilir.



Cincilim – Звездчатка, мокрица – Stellaria media Gyr. Qərənfil (Caryophyllaceae) fəsiləsinə aid çoxillik və ya birillik alaq bitkisidir. Yarpaqları dəyirmi, xətli lansetvarı və ya yumurtavarı formada olub, qarşı-qarşıya yerləşmişdir. Meyvəsi qutucuqdur. 100-dən çox növündən Azərbaycanda 4 növünə rast gəlinir. Tərkibində C vitamini, B1, B2 vitaminləri, karotin, kalium, dəmir və digər bioloji fəal maddələr vardır. Azər­baycanda cincilimdən dovğa, göyərti qutabı (kətə), kükü, turşusıyıq və digər xörəklər bişirilir.

Müalicəvi xassələri öyrənilməmişdir. Lakin tərkibində vitaminlər və dəmir olduğundan yazbaşı orqanizm üçün əhəmiyyətlidir və qidalanmada istifadə olunması məsləhət görülür. Rusiyada cincilimin zərif göyərtisi salata qatılır. Xalq təbabətində də təzə halda istifadə olunur. Cincilim çiçəklərinin havanı duymaq (barometr) hissiyyatı var. Əgər siz yazın sonunda evdən çıxanda nazik geyinmək istəyirsinizsə, cin­cili­min çiçəklərinə baxın. Əgər səhər saat 10-a qədər açılmayıbsa, deməli yağış yağacağı gözlənilir.

Cırhavuc – Пастернак – Pastinaca sativa L. Çətir­çiçəklilər (Umberiliferae) fəsiləsindən ikiillik və ya birillik ot bitkisidir (Pastinaca sativa L.). Gövdəsi 1,5 m-ə qədər hündürlükdə olur. Qida üçün şirin xoş ətirli kökü istifadə edilir. Ondan xüsusi pörtülmüş xörəklər hazırlanır, duru xörəklərə qatılır və həmçinin, ət yanında qarnir kimi verilir.

Cırhavuc tərəvəzlərin konservləşdirilməsində, xiyarın duza və sirkəyə qoyulmasında ədviyyə tərəvəzi kimi işlədilir. Qəlyanaltı və nahar tərəvəz konservləri istehsalında cəfəri və kərəviz kökləri ilə birlikdə ağ köklər adı ilə yağda qızardılıb əsas kütləyə qatılır.

Cırhavuc iştahanı artırır, qida həzmini nizamlayır və həmçinin, böyrəkdə daş olduqda sidikqovucu dərman kimi də tətbiq edilir.

Kökündə 3%-ə qədər efir yağı vardır. Bundan başqa 40-45 mq% C vitamini, 0,03 mq% karotin, 11,6% karbohidratlar, o cümlədən 4%-ə qədər nişasta, 2,4% sellüloza, B1, B2 və PP vitaminləri vardır. Cırhavuc bal verən bitkidir. Bir hektardan arılar 98 kq bal hasil edirlər.



Cırhavucun müalicəvi xassələri. Cırhavucun qədimdən məlum olması təsdiq olunmasına baxmayaraq, artıq VIII əsrin sonu və IX əsrin əvvəllərində Avropada belə bitkini tanı­yırdılar. Hazırda şimal bölgəsindən başqa cırhavüc hər yerdə becərilir. Cırhavucun kökü aşpazlıqda və konserv sənayesində istifadə olunur. İyinə görə cırhavuc cəfəri və ya kərə­vizi xatırladır. Meyvəsində (toxumunda) flavonlu birləş­mələr, furokumarin və digər fizioloji fəal maddələr vardır.

Xalq arasında cırhavuc iştahaartırıcı, qidanın həzmini yaxşılaşdırıcı kimi, xüsusən də mədə xəstəliklərində istifadə olunur. Iştahanın artması və ümumi zəiflik zamanı xəstəlikdən azad olmaq məqsədilə gündə 4 dəfə 2 xörək qaşığı xırdalanmış cırhavuc kökündən şəkər və ya balla 1 stəkan qaynanmış suda hazırlanmış tinkturadan 1/4-1/3 stəkan içmək məsləhət görülür. Cırhavucdan sidikqovucu, spazma əleyhinə böyrəkdə və sidik kisəsində daş, qum olduqda, vodyanka və bəzi qadın xəstə­liklərində ağrıkəsici kimi istifadə olunur. Cırhavuc soyuqdəymə nəticəsində baş verən öskürəyə və bəlğəmin daha yaxşı təmizlənməsi üçün də qəbul edilir. Belə hallarda 1 çay qaşığı xır­dalanmış kök 1 stəkan suda 15 dəq qaynadılır, gündə 4-6 dəfə 1 xörək qaşığı içilir. Belə dozirovkada (bu miqdarda) xırdalanmış yarpaqlardan (1-1,5 xörək qaşığı yarpaq 1 stəkan suda) və döyülmüş toxumlardan (1/2 çay qaşığı toxum 2 stəkan suda) alınan həlimdən də istifadə etmək olar.

Xarkov Elmi-Tədqiqat Kimya-Əczaçılıq Institu-tunda cırhavuc toxumlarından tərkibində furokumarin olan pastinasin preparatı alınmışdır. Bu preparat qan damarlarına, xüsusən də ürək damarlarına mülayim spazmatik təsir edir, hamar bağırsaq əzələlərini yumşaldır və mərkəzi sinir sisteminə sabitləşdirici təsir göstərir.

Cırhavucdan stenokardiyanın müalicəsində, tac damar­ların çatışmazlığında, əsəb halında istifadə olunur. Belə hallarda həmin preparatdan 1 həb (0,02 q) gündə 3-4 dəfə qəbul edilir. Müalicə kursu 2-4 həftə davam edir, lakin xəstənin vəziyyəti bir neçə gündən sonra yaxşılaşmağa başlayır.

Cırhavuc toxumlarından tərkibində iki furokumarin – ksantotoksinberqapten olan müalicəvi preparat – beroksin hazırlanır. Beroksin müxtəlif dəri xəstəliklərində istifadə olunur. Çünki bu preparat günəş şüalarının təsirinə qarşı dərini sensibilizasiya edir və melanin piqmentinin əmələ gəlməsini stimullaşdırır. Beroksinlə müalicə çox vaxt aparır və müalicə bir neçə kurs davam edir.

Çöl kələmiБрюква – Brassica napus L. Xaççiçəklilər (Cruciferae) fəsiləsinə aid olan ikiillik ətli kökü olan meyvəköklü tərəvəzdir. Bu, qısa müddətdə yetişən soyuğadavamlı bitkidir. Çöl kələmi, əsasən yem bitkisi sayılır, lakin tərəvəzlik sortları da vardır.

Qidaya, əsasən meyvəkökü istifadə olunur, lakin əvvəllər yarpaqlarını da yeyirdilər. Çöl kələminin tərkibində 10%-ə qədər şəkər, 2%-ə qədər zülal, pektin, xardal yağı, 24-50 mq% C vitamini, B1 və B2 vitaminləri, dəmir vardır. C vitamininin miqdarına və qidalılıq dəyərinə görə çöl kələmi digər mey­vəköklülərdən üstündür. Çöl kələmini uzun müddət saxladıqda C vitamini dəyişməz qalır.



Çöl kələminin müalicəvi xassələri. Müalicəvi qidalan­mada çöl kələmi qəbizlikdə tətbiq olunur. Lakin kəskin mədə-bağırsaq xəstəliklərində çöl kələmi ziyandır.

Xalq təbabətində çöl kələmindən sidikqovucu və bəlğəm yumşaldıcı vasitə kimi istifadə olunur. Qədimdə çöl kələmi şirəsi ilə pis sağalan yanıq yaralarının müalicəsində, suda əzilmiş toxumlarından alınan məhlulu isə qızılça xəstəliyində uşaqlara verirdilər. Bu məhlulla ağız boşluğunu və boğazı qar­qara edir, əllə görüşdükdə keçə biləcək xəstəliklərin qar­şısını almaq məqsədilə əlləri yuyurdular.



Çuğundur və ya Aşxana çuğunduru СвеклаBeta vulgaris var. conditiva Alef. Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir. Qiymətli qida məhsuludur. Təyinatına görə 3 qrupa ayrılır: aşxana çuğunduru, şəkər çuğunduru və yem çuğunduru. Çuğundurun quruluşu və kimyəvi tərkibi onun təsərrüfat-botaniki sortlarından asılıdır. Çuğundurun daxilində ağ və ya açıq rəngli halqalar müşahidə olunur. Sortu qabığının və ətli hissəsinin rənginə, formasına və halqalarına görə müəyyən edilir.

Aşxana çuğundurunun tərkibində şəkər, mineral mad­dələr və vitaminlər nisbətən çoxdur. Onun ətli hissəsi zərif, müxtəlif çalarlı qırmızı rəngdə olur. Çuğundurun rəngi betain (CH3)3C2H2O2 antosianının miqdarından asılıdır.

Çuğundurun ətli hissəsinin quruluşu onun sortların­dan asılıdır. Bəzilərdə dairəvilik aydın hiss olunur və dairələrin (hal­qaların) sayı çoxdur. Bəzi sortlarda isə tamamilə hiss­olun­maz dərəcədədir. Tünd rəngli çuğundurlar açıq rənglilərə nisbətən qidalı və dadlıdır.

Aşxana çuğundurunda 3,0-12,0% şəkər, 0,5-3,6% azotlu maddə var. Bunlardan zülalın payına orta hesabla 1,5% düşür. 0,4-2,1% sellüloza, 0,1-2,3% kül, 0,7-2% pektin maddəsi, 1,3% pentozanlar olur. Quru maddənin ümumi miqdarı 15-20%-dir. Monoşəkərlərdən çuğundurun tərkibində 0,3-1,3% qlükoza və fruktoza vardır. Saxaroza çoxluq təşkil edir və onun miqdarı 2,7-10,7%-dir. Yetişmə və saxlanılma zamanı invertaza fer­men­tinin az fəal olması nəticəsində saxaroza çoxalır. Saxla­nılma zamanı saxarozanın inversiyası nəticəsində monoşəkər­lərin miqdarı nisbətən artır, lakin saxarozadan çox olmur. Şəkərin çox olması çuğundurun dad məziyyətlərini aşağı salır. Torpaqdan təzə çıxarılmış çuğundurda 0,4% miqdarında invertli şəkər olur. Yetişmə dövrünün əvvəlində mono­şəkər­lə­rin miqdarı çox olur, yetişmənin sonuna yaxın tamamilə saxarozaya çevrilir.

Çuğundurun azotlu maddələrinə betanin, klantin, hipok­santin, arginin, asparagin, nitratlar və başqa birləşmələr aiddir.

Üzvi turşulardan az miqdarda alma və turşəng turşusu tapılmışdır.

Vitaminlərin miqdarı orta hesabla mq%-lə belədir: C – 15-17, B1 – 0,14, B2 – 0,05, PP – 0,2 mq%-dir. A vitamininin izi vardır.

Aşxana çuğunduru formaca yastı, yastı-girdə, girdə və konusvarı olur. Çuğundurun ətli hissəsi, adətən alqırmızı və ya halqasız qırmızı, ya da seçilən halqalara malik, hətta ağ rəngə qədər çalan açıq rəngdə olur. Kökün en kəsiyində ağ qatlar nə qədər az olarsa, çuğundurun keyfiyyəti bir o qədər yüksək sayılır.

Çuğundurun yastı formalı sortlarından Misir, Qribov-A 473, Puşkin K-18, Don-367, yastı-girdə və girdə çuğundur sortlarından Leninqrad, Bordo-337, konusvarı formalılardan isə Erfurt, Gecyetişəni misal göstərmək olar.

Keyfiyyət göstəricilərinə görə təzə aşxana çuğunduru solmamış, bütöv, sağlam və öz təsərrüfat-botaniki sortuna xas olan bir rəngdə olmalıdır. Formasına görə bunlar eybəcər olma­malı, gövdəsinin və yarpağın uzunluğu 1 sm-dən az olmalıdır.

Aşxana çuğundurunun kökümeyvəsinin ətli hissəsi təra­vətli, rəngi isə müxtəlif çalarlı tünd-qırmızı olmalıdır. Bunların içərisində nazik ağ halqalı çuğundurlar ola bilər.

Girdə və yastı çuğundur üçün ən böyük en kəsiyinin diametri azı 5 sm və çoxu 14 sm, uzunsov çuğundurun isə azı 4 sm və çoxu 10 sm müəyyən edilmişdir. Çuğundurlar içərisində, ümumiyyətlə, ən çox 10% azacıq sürtülmüş, xırda ölçülü, əzik, başı yarıq, çatlayıb bitişmiş və başı əyri kəsilmiş çuğundurların olmasına icazə verilir. Çuğundura yapışan torpağın miqdarı onun kütləsinin 1%-indən artıq olmamalıdır.



Çuğundurun müalicəvi xassələri. Çuğundur qədimdən sinqaya qarşı işlədilmişdir. Onda olan müxtəlif vitaminlər digər avitaminozluğun profilaktikasında mühüm rol oynayır. Qidaya çuğundurun C vitamini (50 mq%) və karotinlə zəngin olan yarpaqlarını da istifadə etmək olar. Çuğundur qanazlığında çox faydalıdır. Qanazlığının xalq təbabəti yolu ilə müalicəsində eyni miqdar çuğundur, yerkökü və ağ turp şirəsi qarışığı çox faydalıdır. Belə qarışığı bir neçə ay ərzində gündə 1-2 xörək qaşığı yeməkdən əvvəl içmək məsləhət görülür. Qanazlığının və sinqanın müalicəsində turşudulmuş çuğundurdan istifadə etmək olar.

Çuğundurun tərkibindəki sellüloza və üzvi turşular bağırsağın peristaltik yığılmasını sürətləndirdiyindən, adəti qə­bizlikdə acqarnına 100-150 q bişirilmiş çuğundur yemək məs­ləhət görülür. Keçməyən (sürəkli) qəbizlikdə çuğundur həlimi ilə imalə edirlər. Çuğundurun tərkibində olan betain mad­dəsi zülalların parçalanması və həzm olunmasına kömək edir və xolinin əmələ gəlməsində iştirak edir. Xolin maddəsi qara­ciyərin toxumalarının fəaliyyətini artırır və onun işini yaxşı­laşdırır. Ona görə də çuğundurdan pəhriz qidası kimi qaraciyər xəstəliklərində istifadə etmək olar.

Yodun miqdarına görə çuğundur bütün tərəvəzlər içərisində birinci yeri tutur. Ona görə də çuğundurdan hazır­lanan qidalar yaşlılar və aterosklerozdan əziyyət çəkənlər üçün çox faydalıdır. Təzə çuğundur şirəsini maddələr mübadiləsini yaxşılaşdıran və orqanizmi möhkəmləndirən vasitə kimi içmək olar. Kosmetoloqlar üzün təravətini (təzəliyini) və gözəlliyini qoruyub saxlamaq üçün müntəzəm olaraq çuğundur şirəsi içməyi məsləhət görürlər. Bişirilmiş çuğundur hipertoniya xəstəliyində də orqanizmə yaxşı təsir göstərir. Çünki onun tər­ki­bində qantəzyiqini aşağı salan lazımi qədər maqnezium vardır. Xalq təbabətində yüksək qantəzyiqi zamanı və sakitləş­dirici vasitə kimi gündə 3-4 dəfə yarım stəkan balla qarış­dırılmış çuğundur şirəsi içmək məsləhətdir. Bişirilmiş çuğundur şirəsi ilə zökəm zamanı burunu yuyurlar. Bəzən iltihab hallarını yumşaltmaq üçün yaralar və şişlərə vaxtaşırı (quruduqca) çuğundurdan hazırlanmış təzə əzinti qoyurlar.

Dağkeşnişi – Кишнец – Bifora. Dünyada dağkeşnişinin iki növü yayılmışdır: Yumurtavarı dağkeşnişi – Bifora testiculata, Şüalı dağkeşnişi – Bifora radians. Bu növ dağ­keş­nişi Qafqazda, o cümlədən Azərbaycanda vardır. Yu­mur­tavarı dağkeşnişi hündürlüyü 10-20 sm olan, çılpaq, birillik bitkidir. Kökətrafı yarpaqları uzunsaplaqlı, əsas hissədən genişlənən, ikiqat, lələkvarı bölünən, kənarları dişlidir. Çiçəkləri ağ rəngli, ikişüalı çətir formasında gövdənin qurtaracağında toplanır. Meyvəsi iki ədəd olur. Aprel-may aylarında çiçək açır, may-iyun aylarında meyvə verir. Yumurtavarı dağkeşnişi respub­likamızın Quba, Samur-Dəvəçi, Xəzərsahili, Abşeron, Qobus­tan, Kür-Araz düzənlik-lərində, Lənkəranın düzən və dağlıq ərazilərində yayılmışdır. Dağkeşnişinin yaşıl hissəsində 75-80 mq% C vitamini, karotin, flavanoidlər, 0,1% efir yağı, xlorofil və digər maddələr vardır. Dağkeşnişi ədviyyat və yaşıl tərəvəz kimi xörəklərə əlavə edilir. Müalicəvi xassələri dəqiq öyrə­nilməmişdir.

Satureia_montana_L'>Dağnanəsi, kəkotuЧабер, Зизифора – Satureia montana L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan birillik ot bitkisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir. Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Av­ro­panın bütün ölkələrində, Krımda, Qafqazda və Zaqaf­qaziyada bitir.

Ətirli ədviyyəli bitki kimi 3 növündən istifadə edilir:



  1. Dağnanəsi – Satureia montana L.

  2. Sünbülvarı nanə Satureia spicigera.

  3. Bağnanəsi və yaxud ətirli nanə Satureia

hortensis L.

Bunlardan alınan efir yağından ətriyyat və kosmetika sənayesində geniş istifadə olunur. Sünbülvarı nanənin quru­dulmuş tozu müxtəlif xörəklərə əlavə edilir, qara və ətirli istiotla qarışığından isə kolbasalara qatılır.

Qida və müalicəvi məqsədlə istifadə olunanı bağnanəsi və ya ətirli nanədir.

Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları əd­viyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tər­kibində 1%-ə qədər efir yağı vardır. Efir yağının tərkibində borneol, sineol, timol, fenol, karvakrol, pinen var. Təzə yar­paq­larında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% ru­tin vardır. Dadı istiot dadına oxşayır və ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir. Bunlardan başqa onun tərkibində aşı və qatranvarı mad­dələr də tapılmışdır.

Dağnanəsinin qurudulmamış yarpaqları salata, duru xörəklərə, xiyar, pomidor, bibər və göbələkləri sirkəyə, duza qoyduqda istifadə edilir.

Qurudulmuş dağnanəsi ət, tərəvəz, göbələk və toyuq şorbaları; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən əlavə edilir. Yumurta və paxlalı dənlərdən bişirilən xörəklərə, pörtülmüş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörəklərə spesifik ətir verir və onları vitaminləşdirir. Dağnanəsindən likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə olunur.



Dağnanəsinin müalicəvi xassələri. Ətirli nanədən hazırlanan cövhərdən mədə ağrılarında, köpmədə, bağırsaq qurd­larının tökülməsində istifadə olunur. Ətirli nanədən hazır­lanan çay mədə-bağırsaq, həzm aparatının, ferment ifraz edən vəzilərin fəaliyyətini normallaşdırır. Bir çox müalicəvi əhə­miyyətli konfetlərə və drajelərə qatılır. Yarpaqlarında 82-145 mq% C vitamini vardır. Efir yağından hazırlanan bir çox pre­paratlardan ağrıkəsici, qıcolma əleyhinə, qızdırma xəs­təlik­lərində sərinləşdirici kimi istifadə olunur. Ondan hazırlanan nanə şərbəti mədəni qüvvətləndirir, ürəkbulanma, ishal və hıçqırmaya qarşı faydalıdır.

Daş kələm Кольраби, капуста репная B. dauiorapa L. Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir. Ye­yilən hissəsi onun yoğun gövdəsidir. Formasına görə ağ yerköküyə oxşayır, dadı şirin, şirəli və zərif olub ağbaş kələmi xatırladır. Təzə halda qızardılır, bişirilir, həmçinin, qurudulur və dondurulur.

Tərkibində 86% su, 2,8% zülal, 7,4% şəkər, 0,5% ni­şasta, 0,9% sellüloza, 0,8% mineral maddə, 70 mq% C vi­tamini, mineral maddələrdən Na, K, Ca, Mg, P, Fe, vita­min­lərdən B1, B2, PP, C və -karotin vardır. Sortlarından tutqun yaşıl rəngli Ağ Vyana, bənövşəyi rəngli Göy Vyana, gecyetişən açıq-yaşıl rəngli Qoliaf sortunu göstərmək olar.



Dəniz kələmiМорская капуста – Laminaria saccharina Lamour. Dəniz kələmi Laminariya (Lamina­riaceae) fəsiləsinə mənsub boz rəngli, suda bitən, uzunluğu 1-dən 12 m-dək olan lentşəkilli təbəqəli lövhələr kimi kökləri ilə dənizin dibinə möhkəm bitişmiş olur.

Dəniz kələminin ən çox ehtiyatı Qara dənizdə, Şimal və Uzaq Şərq dənizlərindədir. Dəniz kələmini qayıqlarla 4-6 m dərinlikdən xüsusi avar kürəklərinə oxşar taxtalarla tədarük edirlər.

Dəniz kələminin tərkibində 6% zülal, 40%-ə qədər polişəkər laminarinmanit, 7% sellüloza və alqinatlar (alqin turşusunun duzları) vardır. Dəniz kələminin tərkibində çoxlu yod var. 1 kq qurudulmuş dəniz kələmində 250 mq yod, bəzi növlərində 0,75%-ə qədər yod vardır. Dəniz kələmində A, B1, B2, B6, B12, D və 470 mq/kq C vitamini var. Minerallı mad­də­lərdən brom, kalium, mis, arsen, fosfor və s. daha çoxdur.

Yaponiyada dəniz kələmindən müxtəlif məhsullar hazırlanır. Yarpaqşəkilli dəniz kələmini zəif sirkədə islatdıqda yumşalır və xüsusi ətir kəsb edir. Dəniz kələmi quruduqdan sonra iti bıçaqla nazik doğranır, üzərinə şəkər əlavə edilib lavaş formalı məhsul və şirniyyat hazırlanır. Aşpazlıqda dəniz kələ­mini ət və balıqla birlikdə bişirib qarnir kimi süfrəyə verirlər. Qurudulmuş dəniz kələmindən çay kimi içki də hazırlanır.

İndoneziyada dəniz kələmini şirin su ilə yuduqdan sonra təzə çiy halda yeyirlər. Bəzi Uzaq Şərq dəniz kələmi növlərindən şorba, tərəvəz püresi bişirilir, ondan konserv və konfet hazırlanır. Dəniz kələmindən yod, brom, kalium və digər maddələr alınır.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin