Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Bədrəncin müalicəvi xassələri



Yüklə 2,02 Mb.
səhifə24/32
tarix06.06.2018
ölçüsü2,02 Mb.
#52864
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

Bədrəncin müalicəvi xassələri. Bədrəncdən hazırlanan preparatlar ürək xəstəliklərində yaxşı təsir göstərir. Təngnə­fəs­lik keçir, taxikardiya halları, eləcə də, ürək nahiyəsindəki ağrılar aradan qaldırılır. Bədrəncdən hazırlanan tinktura və həlimləri qəbul etdikdə tənəffüs normallaşır, ürəyin ritmi azalır və qantəzyiqi aşağı düşür. Bolqariyada bədrəncdən ağrıkəsici, spazmaya qarşı, əsəb sistemini sakitləşdirən, iştahaartıran, san­cını yüngülləşdirən və ürəkbulanmaya qarşı bir vasitə kimi is­tifadə olunur. O, həmçinin, əsəb zəifliyində, miqrendə, yuxu­suz­luqda, yüksək cinsi həyəcanlanmada, ağrılı aybaşıda, dəri səpkilərində məsləhət görülür. Xaricə istifadə etmək məqsədilə çibanlara kompres və islatma, diş dibinin iltihabında isə qarqara üçün tətbiq olunur.

Xaricə masaj üçün 1:5 nisbətində hazırlanmış spirtli tinkturadan, daxilə qəbul etmək üçün isə 8-10 q xırdalanmış bədrənc 500 ml qaynar suda yarım saat ağzı bağlı qabda sax­la­nılmaqla alınan həlimdən istifadə olunur. Kompres və islatma üçün tinktura hazırladıqda xammal ikiqat artıq götürülür. Bədrəncdən hazırlanmış həlim mədə-bağırsağın fəaliyyətini, xü­susən bağırsaqlarda köpməni nizamlayır və sakitləşdirici tə­sir göstərir.

Xalq təbabətində bədrəncdən qıcolma, ağrıkəsici və ürək xəstəliklərinə qarşı istifadə olunur. Yarpaqlarından və uc pöhrə­lərdən hazırlanmış tinktura qidanın pis həzmində, təngnəfəslik, asma, əsəbilik, yuxusuzluq, qanazlığı, ağrılı aybaşı zamanı, eləcə də, tərlədici və mədəni yumşaldıcı vasitə kimi istifadə olu­nur. Bədrənc tinkturasından başgicəllənmədə, podaqrada, əsəb sisteminin və ürəyin fəaliyyətinin yaxşılaşdırılmasında isti­fadə olunur. Ibn-Sina bədrəncdən ürəyin fəaliyyətini, qida həzmini yaxşılaşdıran və melanxoliyanı (qəm-qüssəni) aradan qaldıran vasitə kimi məsləhət görürdü.

Bədrənc efir yağınınnoksiki təsiri azdır və ürəkağrısına qarşı preparatların tərkibinə daxil edilir. Belə preparatları qəbul edən xəstələrdə təngnəfəslik azalır, taxikardiya və ürək nahi­yə­sindəki ağrılar keçib gedir və qan təzyiqi aşağı düşür.



Xalq təbabətində bədrəncdən hazırlanan tinkturadan işta­haartırıcı və həzm orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tətbiq olunur. Bədrəncdən həm də ağrıkəsici vasitə kimi bo­ğaz ağrılarına, mədənin kəskin ağrılarına və əsəb xəstəlik­lə­rinə qarşı istifadə edirlər. Müasir dövrdə bədrəncdən sakit­ləşdirici dərman kimi 1:10 nisbətində hazırlanmış həlim və yaxud tinkturadan kəskin qıcıqlanmaya, isteriyaya, ipoxond­riyaya (ruh düşkünlüyü) və yuxusuzluğa qarşı istifadə edilir. Belə tinktura qanazlığı zamanı da yaxşı təsir göstərir. Xalq təbabətində ürəkdöyüntüsü və ürək nahiyəsindəki ağrılara qarşı 10-15 damcı bədrənc yağı qəbul etmək məsləhət görülür. Bu yağ həm də tərlədici və aybaşını normallaşdıran vasitə kimi də işlədilir. Dişlərin və diş ətinin xəstəliklərində bədrənc yarpaq­larından hazırlanmış həlimlə ağız boşluğunu qarqara edirlər. Belə həlimdən islatma və kompres oynaqlardakı yel xəstəliyinə, əzələlərin ağrılarına, yara və əziklərə qarşı da istifadə olunur.

Badyan (ulduzvari cirə, hind razyanası) – Бадьян – Jllicium Verum Hook L. Maqnoliya (Maqnoliaceae) fəsilə­sinə aid olan həmişəyaşıl ağacın qurudulmuş meyvəsidir. Və­təni Çin hesab olunur. Çin, Vyetnam və Filippin adalarında becərilir. Onun 6-8 ədəd meyvə yarpaqcıqlarının birləşməsi nə­ti­cəsində ulduzabənzər forma alınır. Meyvənin içərisində qəh­vəyi rəngli xırda toxumları olur. Meyvənin 22%-ni toxum, 78%-ni qabıq təşkil edir. Qabıq hissəsində 5%, toxumunda 2% efir yağı vardır. Efir yağının əsasını (82-95%) anetol təşkil edir. Badyanın dadı şirintəhər, zəif acıdır. Nəmliyi 10%, külü 3-4%-dən çox olmamalıdır. Badyandan kulinariyada, qənnadı, likör-araq sənayesində, həmçinin, konserv istehsalında istifadə edilir. Aşağı sortlu badyandan efir yağı alınır. O, həm bütöv və həm də döyülmüş halda satışa buraxılır. Hil kimi 10 q kütlədə karton qutularda və ya sellofan paketlərdə qablaşdırılır.

Badyanın müalicəvi xassələri. Tibdə badyan əsasən dər­man­ların dadını yaxşılaşdırmaq üçün, bəzi hallarda ürəkağrıları üçün nəzərdə tutulan çay yığımtılarının tərkibində istifadə olunur. Xalq təbabətində badyandan 1:10 nisbətində hazır­lanmış həlimdən yeməkdən qabaq mədə ağrılarına, titrətmə və həyəcanlı ürəkkeçməyə qarşı 2-3 xörək qaşığı içilir. Dairəvi qurdlara qarşı 1:20 nisbətində hazırlanmış tinkturadan hər gün acqarına 1-2 xörək qaşığı qəbul etmək məsləhətdir.

BədmüşkВербаSalix daphnoides. Söyüdkimilər (Salicaceae) fəsiləsinin söyüd cinsindən, hündürlüyü 12-15 m-ə qədər olan ağacdır. Gövdəsi yaşılımtıl-boz, yarpaqları enli ellips formasında, bəzən uzunsov lanset və ya enli oval şəklin­də­dir. Azərbaycan Respublikasının əksər bölgələrində bitir. Oduncağının tərkibində alkaloidlər, qlükozidlər və digər mad­dələr var. Oduncağın qabığından dərini aşılamaq və qara boyaq almaq üçün istifadə edilir.

Bədmüşkün müalicəvi xassələri. Xalq təbabətində sinqa və qızdırmanın müalicəsində istifadə edilir. Tərkibindəki flavon xarakterli maddələr ürək-damar sistemi xəstəliklərinin müali­cə­sində məsləhət görülür. Yazbaşı sarımtıl rəngli erkək çiçəklə­rindən ətirli bədmüşk gülabı (arağı) çəkilir. Xalq təbabətində başağrını kəsmək üçün işlədilir, çox qan itirmiş və zəif düşmüş xəstələrə bal ilə qarışdırılıb içirdilir. Azərbaycanda bədmüşk­dən hazırlanan ətirli gülab milli şərbətlərin, xüsusən də süd şərbətinin ətirləndirilməsində işlədilir. Tərkibində terpen və ses­kviterpen tərkibli xoşagələn iyli efir yağı var. Balverən bit­kidir. Bədmüşkün yarpaqlarını heyvanlar (xüsusilə keçilər) həvəslə yeyir. Ona görə də bədmüşk keçisöyüdü də adlanır.

Boymadərən ТысячелистникAchillea milleo­lium L. Mürəkkəbçiçəklilər (Compositae) fəsilənsindən olan, 40-120 sm hündürlükdə çoxillik ot bitkisidir. 200-ə qədər növündən Azərbaycanda 14 növü yayılmışdır. Gövdəsi düz, yarpağı neştərşəkilli, çiçəkləri ağ, sarı və ya çəhrayı, çiçək sə­bətcikləri qalxanvarıdır. Meşə talası, çəmən və çay kənarında bitir. Bitki iyun-iyul aylarında çiçək açır və bu dövrdə xoş ətir qoxuyur. Qiymətli ətirli bitki olduğundan Ukraynada sənaye əhəmiyyətli plantasiyaları salınmışdır. Azərbaycanın, demək olar ki, bütün rayonlarında boymadərən bitkisinə təsadüf edilir.

Boymadərən çiçəklərində 0,2-0,5% efir yağı vardır. Efir yağının 8-10%-i sineol, L-borneol, -pinen, L-limonen azulen maddəsindən ibarətdir. Boymadərənin tərkibində anti­bio­tik xassəli maddələr, qatran, aşı maddəsi, alkaloidlər (axillein, betonitsin, staxidrin), C vitamini, K vitamini, karotin, üzvi turşular, xolin maddəsi vardır. Boymadərən xalq təba­bətində işlədilən qədim dərman bitkisidir. Onun çiçəkli baş his­sə­lərindən çay kimi dəmləyib daxili qanaxmalarda qankəsici vasitə kimi qədimdən istifadə edilir. Çiçək və yarpaqlarından boy­madərən arağı çəkilib xalq təbabətində ağrıkəsici, işta­haartırıcı, həzmedici dərman kimi içilir. Boymadərən arağını şərbətə qatıb içirlər. Boymadərəndən acı nastoyka (spirtli içki) və likörlərin hazırlanmasında da istifadə edilir. Azərbaycanda boymadərənin ehtiyatı çox olduğundan onun tədarükünə və sənayedə istifadəsinə ciddi fikir verilməlidir.



Boymadərənin müalicəvi xassələri. Dərman məqsədilə bitkinin yerüstü hissəsini çiçək açan dövrdə çin və oraqla, ya da xüsusi maşınla toplayırlar. Sonra yarpaqlarını və çiçəklərini ayrı-ayrı qurudub tədarük məntəqələrinə təhvil verirlər. Boy­madərən otunun da bir neçə vacib maddələri vardır. Bunlardan K vitamini, 0,2%-ə qədər efir yağı və hələ tam öyrənilməmiş axillein adlanan acı maddəni və s. göstərmək olar. Efir yağının tərkibində azulen maddəsi olduğuna görə, boymadərənin efir yağı tünd göy və ya yaşıl rəngdədir. Bundan əlavə boy­ma­dərənin tərkibində antibiotik xassəli maddələr, qatran, aşı mad­dəsi, C vitamini, karotin də müəyyən edilmişdir. Boymadərən xalq təbabətində işlənən qədim dərman bitkisidir. Onun çiçəkli baş hissələrindən çay kimi dəmləyib daxili qanaxmalarda qankəsici vasitə kimi çoxdan bəri istifadə edilir. Elmi təbabətdə boymadərən həb, dəmləmə və duru ekstrakt şəklində qankəsici, ağrısakitləşdirici və iştahaartırıcı dərman kimi qəbul olunur.

Cirə – Анис – Pimpinella anisum. Çətirçiçəklilər (Umbelliferae) fəsiləsindən olan, hündürlüyü 50 sm-ə çatan birillik ot bitkisidir. Bəzən cirəyə xırdazirə də deyilir. Cirənin yetişmiş ikitoxumlu meyvəsindən istifadə olunur. Vətəni Misir sayılır. Rusiyada Kursk, Voronej vilayətlərində və Ukraynada becərilir. Dünyanın hər yerində yayılmışdır. Azərbaycanda cirə ən çox Abşeronda becərilir. Yabanı növü yoxdur. Cirə iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir.

Düz duran gövdəsinin üzərində növbə ilə düzülmüş uzun saplaqlı yarpaqları və gövdəsinin zirvəsində çətir şəklində yer­ləşən ağ rəngli çiçəkləri vardır. Meyvəsi iki dənədən ibarətdir.

Bitki tam yetişdikdən sonra biçilir, iri dəstələrə bağlanıb açıq havada qurudulur, sonra isə döyülür. Kənar qatışıqlardan təmizlənib 45-500C-də qurudulur. Əmtəəlik cirə meyvəsi armudaoxşar və ya yumurtavarı formada, uzunluğu 2-5 mm, eni 2-3 mm olur.

Cirənin tərkibində 1,5-6%-ə qədər efir yağı vardır ki, bunun da 80-90%-ni anetol (C10H12O), 10%-ə qədərini metil­xavikol, cirə-keton, cirə aldehidi, dipenten, pinen, kamfencirə turşusu təşkil edir. Onun meyvəsində, həmçinin, 28%-ə qədər piyəbənzər yağ da vardır.

Cirə meyvəsinin rəngi sarımtıl-boz olub, spesifik ədviyyə ətirli, dadı şirintəhərdir. Nəmliyi 10-12%, külü 9-10% olmaqla efir yağının miqdarı 1,5%-dən az, zibil qatışığı 3%-dən, efir yağlı toxum qatışığı isə 8%-dən çox olmamalıdır.

Cirə 50-60 kq çəkidə birqat kisələrə qablaşdırılır. Pəra­kəndə ticarətə isə 100 q çəkidə karton karobkalarda buraxılır.

Çörək-bulka məmulatı, likör-araq, şorabaya qoyulmuş xiyar, unlu qənnadı məmulatı istehsalında və müxtəlif xörək­lərin hazırlanmasında işlədilir. Cirədən ətriyyat sənayesində və təbabətdə də istifadə edilir.

Cirədən yalnız yeməklərin dadını və ətrini yaxşılaş­dır­maq üçün deyil, iştahaartırmaq üçün də istifadə olunur. Bunun üçün cirəni natamam üyüdür, xörək duzu qatıb nahardan qabaq bir neçə tikə çörəklə yeyirlər.



Cirənin müalicəvi xassələri. Cirədən təbabətdə bəlğəm­gə­tirici, köpyatırıcı və iştahaartırıcı vasitə kimi bir sıra prepa­ratların tərkibində geniş istifadə olunur. Xalq təbabətində cirə meyvəsindən çay kimi dəmləyib soyuqdəymədə yumşaldıcı, bəl­­ğəmgətirici, astmanın qarşısını alan və eləcə də xroniki mədə-bağırsaq xəstəliyinin müalicəsində faydalı bir dərman kimi işlədirlər. Cirənin qurudulmuş meyvəsindən 15-20 q bir litrlik su qabında çay kimi dəmləyib, gündə iki dəfə, yarım stəkan qəbul edirlər.

Cirəni razyana meyvəsi ilə bərabər hissə-hissə qarışdırıb toz halına salandan sonra, ondan iki çay qaşığı bir stəkan qaynar suda dəmləyib, mədə xəstəliyi zamanı köpün qarşısını alan dərman kimi işlədirlər. Cirə meyvəsindən hazırlanmış çay uşaq əmizdirən anaların südünü artırmağa da kömək edir.

Abşeronun bağlı-bağçalı kəndlərində qədim vaxtlardan bəri becərilən və istifadə olunan cirə, razyana və digər ətirli-yağlı bitkilərin təbabət üçün çox böyük əhəmiyyəti vardır.

Cökə Липа – Tilia cordata Mill. Cökə (Tiliaceae) fəsiləsinə aid yabanı halda bitən 25 m-ə qədər hündürlükdə ağacdır. 50 növ kol və ağacdan Azərbaycanda yetişəni, əsasən Qafqaz cökəsi adlanır. Cökə ağacının 300-400 il ömrü olur. Uzun­saplaqlı yaşıl yarpaqları və xoşagələn ətirli, sarı-qonur rəngli çiçəkləri vardır. Cökə çiçəkləri tam açıldıqda toplanır və kölgədə qurudulur. Cökənin çiçəklərində 0,1-0,3% xoşagələn efir yağı, onun da tərkibində farnezol (C15H26O) maddəsi vardır. Likör-araq sənayesində istifadə edilir. Cökə çiçəklərində gesperidin (C28H50O15) və tiliasin tipli flavon qlükozidləri, aşı maddələri, karotin və C vitamini, saponin, üzvi turşular və s. maddələr, toxum ləpəsində isə 58% yağ var.

Cökə ağacının yarpaqlarında bakterisid xassəli maddələr də vardır. Cökə çiçəklərindən soyuqdəymədə tərlədici və həra­rətsalıcı kimi, eyni zamanda, tənəffüs yollarının iltihabı, mədə-bağırsaq xəstəliklərində çay kimi dəmlənib istifadə edilir. Cökə yarpaqlarında 131,5 mq%, çiçəyində isə 31,6 mq% C vitamini vardır. Yaz vaxtı təzə cökə yarpaqlarından cökə dolması bişirilir. Cökə çiçəkləri çay əvəzedicisi kimi də istifadə edilir.

Cökə ən yaxşı bal verən bitkidir. 1 ha cökə meşəsindən arılar 1,5 t bal hasil edə bilir. Dadına və müalicəvi əhəmiy­yətinə görə cökə balı hələ qədimdən ən yaxşı bal hesab edilir.

Cökənin müalicəvi xassələri. Çiçəklərinin xoşagələn özünəməxsus iyi onun tərkibində olan farnezol spirtindən əmə­lə gəlir. Seskviterpenlərdən olan farnezol son dərəcə ətirli qo­xuya malikdir. Cökə ağacının yarpaqlarında bakterisid xas­səli maddələr də vardır. Qədim vaxtdan bəri cökənin iyun və iyul aylarında toplanmış və qurudulmuş çiçəklərindən xalq təba­bə­tində dəmləmə kimi bir çox xəstəliklərin müalicəsində istifadə edirlər.

Cökə çayının tərlədici və hərarətsalıcı kimi gözəl xassəsi vardır. Bu məqsədlə çox vaxt cökə çiçəyini, sığırquyruğunu və gəndalaş bitkisinin çiçəkləri ilə birlikdə dəmləyirlər. Bu dəm­ləmədən bir çox xəstəliklərin müalicəsində, məsələn, tənəffüs yol­larının iltihabı, qaraciyər, böyrək və mədə-bağırsaq xəstə­lik­lərində, eləcə də bərk soyuqdəymə zamanı iki xörək qaşığı, gündə 3 dəfə, xörəkdən yarım saat qabaq xəstəyə içirirlər.

Cökə çayını hazırlamaq üçün qurudulmuş və xırdalanmış cökə çiçəklərindən 5 q götürüb, onu təmiz kağızın üzərində 2 q sığırquyruğu və 3 q gəndalaş bitkilsinin çiçəyi ilə qarışdırır, 0,5 litrlık şüşə və yaxud emallı qaba töküb üzərinə dolana qədər qaynar su əlavə edir və odun üzərində 15 dəq. dəmləyirlər. Sonra qabı odun üzərindən götürüb isti-isti tənzifdən süzür və xəstəyə içirirlər.

Azərbaycanın dağ-meşə rayonlarında və Abşeronun bağ­larında, parklarında çoxdan bəri becərilən, iyun-iyul ayla­rın­da öz ətirli xoş iyi ilə parkları gözəlləşdirən cökə ağacının tibbi məqsədlər üçün böyük əhəmiyyəti vardır.



Çödükotu – Иссоп – Hyssopus officinalis. Dodaq­çiçək­lilər (Labiatae) fəsiləsindən 20-80 sm-ə qədər hün­dür­lükdə olan yarımkol bitkidir. Uzunsov yarpaqlarının qoltuğun­da tünd göy, çəhrayı və ya ağ rəngli 5-7 ədəd ikidodaqlı çiçəyi yerləşir. Bu bitki yabanı halda Rusiyanın Avropa hissəsində, Qafqazda və Orta Asiyada yayılmışdır. Mədəni halda çox az becə­rilir. Yarpaqları və çiçəkləri xoşagələn ətirli və acı ədviy­yəli dada malikdir. Təzə və qurudulmuş yarpaqları tamlı qatqı kimi ət və tərəvəz xörəklərinə, souslara, soyuq qəlyanaltılara və salatlara qatılır. Likör-araq sənayesində likörün ətirləndiril­mə­sində, ətirləndirilmiş şərabların istehsalında və ətriyyat sənaye­sində istifadə edilir. Göy çiçəklilərdə maksimum miqdarda, ağ çiçəklilərdə isə minimum efir yağı vardır.

Çödükotunun yetişdiyi torpaq-iqlim şəraitindən asılı olaraq tərkibində 0,9-1,15% efir yağı, onun tərkibində isə 1%-ə qədər -pinen, 5%-ə qədər -pinen, L-pinokamfen və başqa terpenlər vardır. Çödükotunda bundan başqa aşı və acı mad­də­lər, ursol olenaol turşusu, flavanoidlər, qatranlar, piqmentlər və s. maddələr vardır.

Çödükotu balverən bitkidir. Çödükotu balı ən yaxşı bal he­sab edilir. Arılar bir ha-dan 60 kq-a qədər bal hasil edir. Bəzək bitkisi kimi də becərilir.

Çödükotunun müalicəvi xassələri. Çödükotunun dər­man vasitəsi kimi istifadə olunması onun tərkibindəki efir yağ­larının, aşı maddələrinin, üzvi turşuların, kamedlərin, diosmin fla­vonidinin və issopin qlikozidinin olması ilə əlaqədardır. Çö­dük­otundan hazırlanmış tinktura sidikqovucu və köp əley­hinə, çödükotundan hazırlanan məhlul və həlimlər isə həm də ya­ra­sa­ğaldan xassəyə malik olduğundan islatma kimi və gec sağalan yaraları yumaq məqsədilə tətbiq olunur. Ağızdakı və boğazdakı iltihabı proseslərdə, eləcə də səsin tutulmasında çödükotu hə­limi ilə qarqara etmək məsləhət görülür. Çödükotu həlimi qə­bul etdikdə tərləmə sekresiyası orqanizmdə nizama düşür.

Xalq təbabətində ondan bəlğəmgətirici, astmaya qarşı, mədə-bağırsaq xəstəliklərində, yarasağaldıcı və eləcə də, tonus­qaldırıcı vasitə kimi istifadə edilir.



Dağnanəsi – Чабер горныйSatureia hortensis L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan birillik ot bit­kisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir. Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Avropanın bütün ölkələrində, Krımda, Qafqazda və Zaqafqaziya respublika­la­rında bitir.

Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları əd­viyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tər­kibində 1%-ə qədər efir yağı, onun isə tərkibində timol, fenol, karvakrol, pinen vardır. Təzə yarpaqlarında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir.

Dağnanəsinin qurudulmamış yarpaqları salata, duru xö­rəklərə, eləcə də xiyar, pomidor, bibər və göbələyi sirkəyə və duza qoyduqda istifadə edilir.

Qurudulmuş dağnanəsi ət, tərəvəz, göbələk və toyuq şorbalarına; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən əlavə edilir. Yumurta və paxlalı dənlərdən bişirilən xörəklərə, pörtlədilmiş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörək­lə­rə spesifik ətir iyi verir və onları vitaminləşdirir. Dağnanə­sin­dən likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə olunur.



Darçın КорицаCinnamomum zeylanicum. Dəfnə (Lauraceae) fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıq­dan ibarətdir. Vətəni Cənubi-Şərqi Asiyadır. Bitkinin yunan mənşəli adının mənası «nöqsansız ədviyyə» kimi başa düşülür. Qədim dövrdən darçının iki növü – Çin və Seylon darçını öz aralarında rəqabət aparır. Çin darçını haqqında ilk yazılı məlumat eramızdan əvvəl təxminən XVII əsrə aiddir. Çin darçını bütün dövrlərdə və xalqlar tərəfindən yüksək qiymət­lən­dirilmişdir. Seylonun (indiki Şri-Lankanın) portuqaliyalılar tərə­findən işğalından sonra Seylon darçını Çin darçınını sıxış­dırmağa başladı və artıq XVI əsrin ortalarında onun qiyməti on dəfələrlə artmışdı. Bu onunla izah olunurdu ki, Seylonda dar­çını yabanı bitən ağacların qabığından toplayırdılar. Seylonda ilk darçın plantasiyaları 1765-ci ildə salındı və sonradan bütün ölkələrin darçına olan tələbatı tədricən ödənildi.

Darçın ən çox Seylonda, Yavada, Brazilayada, Çinin cə­nub-şərq rayonlarında və Indoneziyanın bir sıra adalarında yetişdirilir.

Darçın ağaclarının cavan budaqlarını 4-cü ildən baş­layaraq ildə iki dəfə kəsib, uzununa yardıqdan sonra qabığını so­yurlar. Soyulmuş qabıqların 10 ədədini bir-birinin içərisinə yığıb dəstə bağlayırlar. Həmin qabıqları fermentləşdirmək məq­sədilə bir neçə gün saxladıqdan sonra qabığın xarici təbəqəsini təmizləyib, daxili qatını havada qurudurlar. Quru darçını sort­laş­dırdıqdan sonra 45-50 kq kütlədə paçkalara bağlayıb satışa gön­dərirlər. Darçının xoş ətri və nisbətən tünd tamı, tərki­bin­dəki darçın aldehidinin (C9H8O) olması ilə izah edilir ki, bu al­dehid darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan əlavə, efir yağlarında 4-10% evgenol, - pinen, kariofilen, fellon­­dren və qeyri-birləşmələr vardır. Darçın bitkisinin növün­dən, becərildiyi rayondan və hazırlanma üsulundan asılı olaraq 4 növə ayrılır: Seylon darçını, Çin darçını, Sayqon darçını, Baton və Maloy darçını. Bunlardan Çin və Seylon darçını yüksək keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza yalnız Seylon və Çin darçını gətirilir. Darçın iki müxtəliflikdə satışa buraxılır: boruşəkilli darçın qabığı və üyüdülmüş darçın tozu. Boruşəkilli darçın qabığının uzunluğu 10-15 sm olmalıdır. Darçın tozu isə 095 saylı ələkdən keçirildikdə 2%-ə qədər ələkdə qala bilər. 045 saylı ələkdən 80%-dən çox keçməlidir. Üzü quru kiflə örtülmüş darçının miqdarı boruşəkilli darçında 3%-ə qədər ola bilər. Pərakəndə ticarət üçün darçın qabığını və tozunu 15-25 q kütlədə kağız və ya sellofan paketlərdə, yaxud da karton qutularda satışa buraxırlar. Nəmliyi 13,5%-dən (üyüdülmüşdə 12,5%-dən), ümumi külü 5,8%-dən çox, efir yağı 0,5%-dən az olmamalıdır.

Darçının tərkibində 2-3,5% efir yağı vardır. Darçının xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir. Darçın meyvə şorbalarına, ov quşu və ət xörəklərinə, souslara və marinadlara əlavə olunur. Milli mətbəximizdə darçın çox geniş miqyasda istifadə olunur.



Darçının müalicəvi xassələri. Darçın qədimdən orqa­nizmi gücləndirən və möhkəmləndirən vasitə kimi, xüsusən uzun sürən ağır xəstəlikdən sonra istifadə olunmuşdur. Darçını təkidlə qidanın həzmini yaxşılaşdırmaq üçün məsləhət görür­dülər. Darçın iştahanı artırır, bağırsaqların yüksək peristal­ti­kasını nizamlayır, köpün əmələ gəlməsini azaldır, mədə və bağır­saqlardakı ağrıları sakitləşdirir. Bu günə qədər Qərbi Av­ropa ölkələrində darçından ishala və mədənin pozulmasına qarşı, xüsusilə mədə şirəsinin yüksək turşuluğundan asılılığı ilə əlaqədar istifadə edirlər. Darçın həm də yaxşı qankəsici va­si­tədir. Onu bütün daxili qanaxmalarda, xüsusən də uşaqlıq qanax­malarına qarşı təyin edirlər. Darçın bakteriyalara və viruslara qarşı təsirə də malikdir. Darçın cövhəri qripə qarşı vasitə kimi tətbiq olunur. Bir çox ölkələrdə darçın Dövlət Farmakopeyasına daxil edilib. Homeopatiyada Seylon darçını qabığının daxili hissəsindən hazırlanan tinkturadan istifadə olunur.

Dəfnə yarpağı Лавровый листLaurus pobilis L. Dəfnə (Lauraceae) fəsiləsinə aid həmişəyaşıl nəcib dəfnə ağa­cının qurudulmuş yarpaqlarıdır. Vətəni Kiçik Asiya və Aralıq dənizi sahilləridir. Yabanı halda Şimali Afrikada, Italiyada təsadüf olunur. Sənaye əhəmiyyətli dəfnə isə Avropanın cənu­bunda, Türkiyə, Yunanıstan, Suriya, Əlcəzair və ABŞ-da yetişdirilir.

Dəfnə yarpağı Gürcüstanda, Azərbaycanda, Qafqazın Qara Dəniz sahillərində və Krımda becərilir.

Dəfnə ağacı daim yaşıl olub, 2-5 m hündürlüyündə kol və ya 8-12 m hündürlüyündə ağacdır. Yarpağı uzunsov lanset formalı, açıq rəngdədir. Dəfnə yarpağı yığılacaq ağac bir neçə il qabaq kol halına salınır. Yeni pöhrələnmiş budaqlardan zərif yarpaqlar yığılır və qurudulur. O açıq havada tez quruyur. Lakin düzgün saxlanmadıqda tez də xarab olur.

Dəfnə yarpağının tərkibində 8,92% su, 2,35% azotlu maddələr, 33,80% sellüloza, 32,14% azotsuz ekstraktlı mad­dələr, 3,51% kül, eyni zamanda 1,62-3,52%-ə qədər efir yağı da vardır. Bu yağ ona spesifik ətir verir. Ona görə də dəfnə yarpağının ətri və dadı həmin yağın miqdarından asılıdır. Dəfnə efir yağının əsas tərkibi 49,6-50,2% sineol (C10H18 O) mad­dəsindən ibarətdir. Bundan başqa 30%-ə qədər pinen, 16%-ə qədər spirtlər (linalool, terpineol, geraniol), eləcə də 1,6-3,0%-ə qədər evqenol vardır.

Dəfnə yarpağından əsasən konserv sənayesində, ət və balıq konservlərinin, balıq preservlərinin istehsalında istifadə edirlər. Dəfnə yarpağı tərəvəzin və göbələyin duza və sirkəyə qoyulmasında, həmçinin, tərəvəzlərin turşudulmasında istifadə edilir. Dəfnə efir yağı az miqdarda qənnadı və likör-araq sənayesində işlədilir. Aşpazlıqda ən geniş yayılmış ədviyyədir.

Dəfnə yarpağının keyfiyyəti aşağıdakı tələblərə uyğun olmalıdır:

– xarici görünüşü ayrı-ayrı yarpaqlardan ibarət olub, xırdalanmış yarpaqların miqdarı 15%-dən çox olmamalıdır;

– rəngi yaşıldır. Sarımtıl-yaşıl yarpaqlar 10%-ə qədər, saralmış yarpaqlar 2%-ə qədər ola bilər;

– nəmliyi 13%-ə qədər, külü 4%-dir.

Dəfnə yarpağını 25; 30 və 100 q kütlədə kağız və sellofan paketlərdə satışa buraxırlar. Ticarətdə dəfnə yarpağının əvəzediciləri də buraxılır. Bunlara dəfnə tozu, dəfnə həbi və dəfnə efir yağı aiddir. Həmin məhsullar dəfnə yarpaqlarının təzə və saralmış yarpaqlarından su buxarı ilə qovmaqla alınan dəfnə efir yağından istehsal edilir.

Dəfnə efir yağı onun 5-10%-li spirtdəki (96%-li) və ya rafi­nad­laşdırılmış günəbaxan yağındakı məhluludur. Xarici gö­rü­nüşünə görə yaşıl çalarlı sarı mayedir. Kəskin ətrə və yandırıcı dada malikdir.

Dəfnə tozu və dəfnə həbi üçün əsas maddə xörək du­zudur (95-97%). Ona 1-3% dəfnə efir yağı, 2% nişasta qatılır. Dəfnə həbini tərkibində 1% efir yağı olan dəfnə tozundan hazır­layırlar. Dəfnə tozunun nəmliyi 4%, həbin nəmliyi isə 3,5%-dir.

Aparılan tədqiqatlar göstərir ki, satışa verilən dəfnə yarpağının tərkibində nəmlik 14%-dən çox, efir yağının mi­ni­mal miqdarı isə 1%-dən az olmamalıdır. Eyni zamanda, stan­dart üzrə dəfnə yarpağını qəbul edərkən, əsasən onun xarici gö­rünüşü, yarpağın forması, ölçüsü, rəngi müəyyən edilir. Lakin əsas göstərici kimi efir yağının miqdarı nəzərə alınmır. Efir yağının miqdarı müxtəlif illərdə və coğrafi şəraitdə əldə edilən dəfnə yarpağında 0,5%-dən 4,5%-ə qədərdir. Efir yağının miqdarını təyin etmək üçün burada Kinzberq üsulundan istifadə etmək məsləhət görülür. Dəfnə yarpağı eyni sort üzrə deyil, keyfiyyətindən asılı olaraq müxtəlif sortlarda (əla, 1-ci, 2-ci) buraxılarsa daha yaxşıdır.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin