Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 2,02 Mb.
səhifə9/32
tarix06.06.2018
ölçüsü2,02 Mb.
#52864
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

Dəliböyürtkən КуманикаRubus nessensis W. Hall. (R.Suberectus Anders). Gülçiçəklilər (Rosaceae) fəsi­lə­sindən kol bitkisidir. Yabanı halda bitən mürəkkəb gilə­mey­vəlidir. Giləmeyvəsi qara-qırmızımtıldır. Avqust-sentyabr aylarında yetişir, dadı xoşagələn və yeməlidir. Təzə halda isti­fadə olunur, ondan mürəbbə, cem, marmelad, jele, şirə ha­zır­lanır. Tərkibində şəkər, üzvi turşular, C vitamini və digər bio­loji maddələr vardır. Xalq təbabətində soyuqdəymə əleyhinə istifadə olunur. Azərbaycanda, demək olar ki, yetişmir.

Firəng üzümü, rus alçası,Крыжовник обык­но­венныйGrossularia reclinata (L.) Mill. Daşdələnkimilər (Saxifraqaceae) fəsiləsinə mənsub olub, 50-dən çox növü vardır. Azərbaycanda 2 növü yabanı halda bitir. Yabanı halda Qərbi Avropada və Qafqazda yayılmışdır. O çoxbudaqlı koldur.

Firəng üzümü Qərbi Avropada geniş yayılmışdır. Lakin Rusiyada bu bitki XI əsrdə monastr bağlarında əkilirdi. Lakin o vaxt becərilən firəng üzümü sortları çox xırda idi. XIX əsrdə artıq irimeyvəli firəng üzümü sortları yetişdirilməyə başlandı. Hazırda firəng üzümü Qafqazda, Qərbi Ukraynada, Rusiyanın mərkəzi vilayətlərində, Belorusda və Baltiksahili ölkələrində əkilib-becərilir. Firəng üzümü «Şimal üzümü» də adlanır. Azərbaycanda firəng üzümü nisbətən az sahələrdə becərilir.

Firəng üzümü mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçək­ləri şivlərdə, tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda ye­tişir. Meyvəsi yumru və ya oval formalıdır. Meyvələrinin rəngi ya­şıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı şirin, turş­məzə, qabığı nazik və incətüklüdür. Çoxlu xırda toxumları var­dır. Hazırda firəng üzümünün bir çox mədəni sortları yetiş­dirilmişdir.

Firəng üzümünün tərkibində 13,5% şəkər, 2% üzvi turşu, 1% pektinli maddə, 54 mq% C, 0,25 mq% P, B qrupu vita­minləri və karotin vardır. 0,2-0,7% mineral maddə vardır ki, bu­nun da əsasını fosfor, mis, dəmir, kalium, natrium, kalsium və maqnezium təşkil edir.

Firəng üzümü təzə halda yeyilir, mürəbbə, konfityur, kompot, jele, marmelad, konfet və karamel üçün içlik, eləcə də, şərab hazırlamaq üçün sərf edilir. Qış üçün firəng üzümünü qurudur, sirkəyə qoyur və əzişdirib şəkərlə 1:2 nisbətinə qarışdırırlar.

Firəng üzümünün müalicəvi xassələri. Firəng üzümü pəhriz və uşaq qidası üçün qiymətli giləmeyvədir. Piylənməyə qarşı 3-4 həftə ərzində çox miqdarda firəng üzümü yemək və qidanın kaloriliyini məhdudlaşdırmaq məsləhət görülür. Lakin bunu həkim nəzarəti altında aparmaq lazımdır. Rus xalq təba­bətində firəng üzümü təravətləndirici vasitə kimi məşhurdur. Əvvəllər Qafqazda firəng üzümü yarpaqlarından ağciyərin vərəmində istifadə olunurdu.

Firəng üzümündən maddələr mübadiləsi pozulduqda və piylənməyə qarşı istifadə olunur. Xalq təbabətində isə böyrək və sidik kisəsi xəstəliyində öd və sidikqovucu vasitə kimi iş­lədilir. Qanazlığında, dəri xəstəliklərində firəng üzümü yemək məsləhət görülür. Xroniki qəbz zamanı yüngül işlətmə vasitəsi kimi də istifadə olunur.



İtburnu (dərgil) – Шиповник – Rosa cinnamomea L. Gülçiçəklilər (Rosoceae) fəsiləsinin qızılgül cinsinə mən­sub­dur. Bu cinsin 300 növündən 42 növünə Azərbaycanın dağ-meşə rayonlarında təsadüf olunur (bunlardan 6 növü becərilir). Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qı­rışıq itburnulardır.

Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda az rast gəlinir. Bunun məhsuldarlığı daha yüksəkdir. Hər kol­dan 3-4 kq, 1 ha-dan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır.

Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə verir. C vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur.

Cinsi xüsusiyyətinə görə dərgil bir neçə seksiyalara bölü­nür. Bunlardan C vitamini ilə ən zəngin olanı darçınabənzər seksiyadır. Bu seksiyaya daxil olan dərgil növlərinin çiçəkləri çəhrayı, meyvələri isə qırmızı olur. Ümumiyyətlə, təbabətdə daha çox istifadə olunan növü darçın, daur, tikanlıqırışıq meyvəli dərgildir. Göstərilən dərgil növləri Qərbi və Şərqi Sibirdə, Uşaq Şərqdə və digər rayonlarda daha geniş yayıl­mışdır. Son illərdə Azərbaycanda yayılan bir sıra dərgil növləri də öyrənilmiş və onların tərkibində çoxlu miqdarda müxtəlif vitaminlərin olduğu müəyyən edilmişdir. Tədqiqat nəticəsində aydınlaşdırılmışdır ki, Azərbaycan florasının dərgil bitkilərində müxtəlif vitaminlər, o cümlədən C vitamini miqdarca çoxdur.

İtburnu tikanlı kol bitkisi olub, növbə ilə düzülmüş ellips və ya yumurtaşəkilli yarpaqları vardır. Nəzəri cəlb edən gözəl iri çiçəkləri, giləmeyvəyə bənzər şirəli meyvələri olur. May ayından başlayaraq iyul ayına kimi bitki çiçəkləyir. Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi isə avqust-sentyabr aylarında yetişir. Dərgil, demək olar ki, bütün meşə və kolluq yerlərində yayılmışdır. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şax­talar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C vitamini azalır.

Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 80-1000C temperaturda qurudulur və yenidən xarab olmuşlar təmiz­lənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şərait­də 2 ilə qədər saxlanıla bilər.



İtburnunun müalicəvi xassələri. Dərman məqsədilə dərgil bitkilərinin ancaq meyvələrindən istifadə edilir. Mey­vələri, adətən sentyabr-oktyabr aylarında toplanılır. Bu dövrdə çəhrayı-qırmızı rəngə boyanan dərgil meyvələrini əllə top­layır (toplayanlar əllərinə əlcək geyir və önlük bağlayırlar), sonra isə xüsusi sobalarda və ya quruducularda 70-800C tem­peratur şərai­tində qurudurlar. Nəzərə almaq lazımdır ki, dərgil mey­vələri şaxta düşənə kimi toplanmalıdır, şaxtadan sonra top­lanan meyvələrdə C vitamini, eləcə də digər vitaminlər az olur və ona görə də toplanılan xammal keyfiyyətsiz olur. Bundan əlavə, nəzərə almaq lazımdır ki, dərgil meyvələrini gün altında qurutmaq olmaz, çünki günəş şüası meyvələrdə olan vitaminləri parçalayaraq xammalı yararsız hala salır.

Yuxarıda göstərdiyimiz qayda üzrə qurudulmuş dərgil meyvələri xüsusi torbalara və ya qutulara yığılaraq quru havalı binalarda saxlanılır. Belə tədarük edilən dərgil meyvələri dövlət standartına əsasən iki il müddətində saxlanılıb istifadə oluna bilər. Qeyd etmək lazımdır ki, dərgil meyvəsi çox qiymətli təbii nemətlərdən biridir. Onun tərkibində müalicəvi əhəmiyyətli bir sıra maddələr vardır.

İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə aşkar edilmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qanaxmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol turşusu) vardır.

Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral mad­dələr vardır.

Qurudulmuş meyvələrində 5-6%-ə qədər C vitamini olur. Lakin seleksiya yolu ilə yetişdirilən dərgil meyvəsində C vitamini daha çox olur (15-16%). Ona görə də dərgil çox zən­gin C vitamini mənbəyi hesab olunur. Dərgil meyvəsində C vita­minindən başqa 12-18 mq% karotin (provitamin A), 0,3 mq% B1 və B2 vitaminləri, bir qramında 40 bioloji vahid K vita­mini, karotinoidlər, P vitamini, flavanoidlər (kempferol, kversetin və s.), 18%-ə qədər şəkər, 4% aşı maddələri, 3,7% limon və alma turşuları, pektin maddələri və s. vardır. Toxum­larında isə çoxlu miqdarda piyli yağ və E vitamini vardır. Dərgil meyvələrindən zəngin C vitamini, eləcə də polivitamin mənbəyi kimi təbabətdə geniş istifadə olunur. Meyvələrindən çay kimi dəmləmə şəklində bir sıra vitamin yığıntılarının tərkibində, bundan əlavə toz və həb formasında, təzə dərilmiş meyvələrindən isə konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn, sinqa, raxit, qızılyel, vərəm, böyrək, öd xəstəliklərində geniş istifadə olunur. Son illərdə toxumlarından piyli yağ da alınır ki, bu yağ yanıqlarda, dermatitdə yarasağaldıcı vasitə kimi işlədilir. Ümumiyyətlə, dərgil meyvəsi son illərdə ödqovucu, sidikqovucu, eləcə də ateroskleroza qarşı geniş tətbiq olunur. Bu məqsədlə dərgil meyvəsindən bir sıra preparatlar hazırlanır (askorbin turşusu, halaskorbin, xolosas, meyvəsindən isə dəmləmə, şərbət, tablet, qarağat çayı, armud çayı və s.).

Dərgil meyvəsindən çayı belə hazırlayırlar: əvvəlcə bir xörək qaşığı (20 q) bütöv meyvələrdən götürüb soyuq su ilə yuyurlar. Sonra emalı qaba töküb üzərinə iki stəkan qaynar su əlavə edib 15 dəq od üzərində dəmləyirlər. Sonra götürüb 24 saat saxlayırlar. Dəmlənmiş çayı süzərək ondan gündə iki dəfə, hər dəfə də yarım stəkan içirlər. Dərgil çayını belə hazırlamaq da olar: qurudulmuş meyvəsindən 20 q götürüb təmiz ağ kağızın üstündə xırdalayandan sonra emalı qaba töküb üzərinə iki stəkan qaynar su əlavə etdikdən sonra 15 dəq od üzərində dəmləyirlər, sonra isə 20 dəq durulmağa qoyurlar. Belə hazır­lanmış çayı ikiqat tənzifdən süzərək gündə 3-4 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Qeyd etmək lazımdır ki, dərgil meyvəsinin müalicə əhəmiyyəti, əsas etibarilə ondan olan C vitamini ilə izah edilir. Doğrudur, C vitamini ilə birlikdə dərgil meyvəsində digər vitaminlər və üzvi maddələr də müəyyən dərə­cədə tibbi əhəmiyyətə malikdir. Lakin burada olan C vita­mini miqdarca çox olduğu üçün onun rolu müəyyənedicidir. Mə­lum olduğu kimi, insan orqanizmi C vitamini sintez etmir. Müəyyən edilmişdir ki, orta hesabla böyüklər üçün bir sutkada 50 mq, fiziki işlə məşğul olan adamlar üçün 75-100 mq C vita­mini tələb olunur. Hamilə qadınlar üçün sutkada 75 mq, uşaq əmizdirən analar üçün 100 mq, 7 yaşlı uşaqlar üçün 30-35 mq C vitamini norma hesab olunur. Insanın C vitamininə olan ehtiyacını nəzərə alaraq son illərdə C vitaminini (askorbin turşusu) süni üsulla da istehsal edirlər. Lakin, buna bax­ma­yaraq, təbii mənbədən alınan C vitamininə daha böyük ehtiyac vardır. Bundan əlavə C vitamini ilə zəngin olan təbii nemət daha yaxşı nəticə verir. Məsələn, hazırda müasir təbabətdə sin­qa xəstəliyinin profilaktikasında və müalicəsində, hemor­ragik diatezdə, hemofiliyada müxtəlif qanaxmalarda (burun, ağciyər, uşaqlıq qanaxmalarında), şüa xəstəliyində, infeksion və ağciyər xəstəliklərində, eləcə də gec sağalan yaralarda, çıxıqlarda və sümük sınıqlarında C vitaminindən və onunla zəngin olan dərgil meyvəsindən daha geniş istifadə olunur. Bun­dan başqa, son illərdə dərgil meyvəsindən skleroza qarşı da is­tifadə edilir.

Qeyd etmək lazımdır ki, dərgil meyvəsində olan hər bir vitaminin özünəməxsus müalicə əhəmiyyəti vardır. Məsələn, C vita­mini orqanizmin normal inkişafını tənzim edir, o orqa­nizm­də gedən maddələr mübadiləsini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, iltihabı aradan qaldırır. Məhz, ona görədir ki, C vitamini bir sıra xəstəliklərdə geniş tətbiq edilir.

Karotin və ya provitamin A xüsusən uşaqlar üçün son dərəcə vacibdir. O yoluxucu xəstəliklərə qarşı uşaqlarda müqa­viməti artırmaqla bərabər, gözün görmə qabiliyyətinə müsbət təsir edir. B1 vitamini sinir sisteminin möhkəmlənməsinə və iş qabiliyyətinin artmasına kömək edir. B2 vitamininin əhəmiyyəti daha yüksəkdir. O şəkər, qaraciyər, dəri xəstəliklərinin müa­licəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzun müddət müalicədən baş verən müxtəlif xəstəliklərdə çox gözəl müalicəvi təsir göstərir, həmçinin, A, P vitaminləri hipertoniya xəstəliyinin müalicəsində gözəl nəticə verir.

İtburnu xalq təbabətində qədimdən istifadə edilir. Itburnu soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir.

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, müxtəlif vitaminlərlə, üzvi turşularla, şəkər, piyli yağ və karotinoidlərlə zəngin olan dərgil meyvəsi yaxşı müalicəvi əhəmiyyətə malik təbii nemətdir.

Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir stəkan su ilə şüşə və ya emallı ağzı örtük qabda 10 dəq qaynadırlar. Ağzını açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar.

İtburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. O təzə halda da yeyilir. Sənayedə itburnudan toz, həb və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən «Xolosas», əsasən itburnu meyvəsindən hazırlanır.

İtburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə diqqət verilməlidir.

Qafqaz quşarmuduРябина КафказскаяSorbus caucasigena Kom. Gülçiçəklilər (Rosaceae) fəsiləsindən quşarmudu (Sorbus L.) cinsindən olan giləmeyvədir. Quşar­mu­dunun dünyada 84-ə qədər növü yayılmışdır. Quşarmudunun Qafqazda 20, Azərbaycanda isə 11 növü bitir.

Qafqaz quşarmudu hündürlüyü 6-8, bəzən 15 m-ə qədər dağınıq çətirli bitkidir. Diametri 40 sm-ə çatan uca koldur. Yarpaqları təkləçəkvarı yarpaqlardan ibarətdir. Çiçək qrupu çox­çiçəkli, qalxanvarıdır. Çiçəkləri ağ rəngdə olur. May-iyun ayın­da çiçək açır, avqust-sentyabrda meyvə verir, meyvəsi qışda ağacların üstündə qalır. Qafqaz quşarmudu Quba rayo­nun­da və Azərbaycanın yuxarı dağ-meşə qurşağında yayıl­mış­dır, meşələrin kənarlarında və talalarda rast gəlinir.

Qafqaz quşarmudunun meyvələrindən mürəbbə, müxtəlif vitaminli məhsullar, spirtsiz içkilər, şərbət, qəhvə surroqatları hazırlanır. Tərkibində 4-8%-ə qədər şəkər, alma, limon və kəhrəba turşuları, aşı maddələri, 4-13,7 mq% C vitamini, 52 mq% karotin vardır. Yetişmiş meyvələrinin rəngi qırmızı, qəh­vəyi və qaramtıl olur. Yetişmiş meyvələrdən təzə halda yalnız şaxta vurduqdan sonra istifadə edilir. Meyvələrinin tərkibindəki vitaminlər uzun müddət saxlandıqda belə öz təsirini itirmir. Qış mövsümündə vitaminli meyvə və giləmeyvə məhsulları olma­dıqda onun meyvələrindən istifadə olunur.

Xalq təbabətində quşarmudu meyvələrindən geniş isti­fadə olunur. Onun müalicəvi xassələri qarameyvəliqırmı­zımeyvəli quşarmudunda olduğu kimidir.



Qara gəndalaş – Бузина черная Sambucus nigra L. Bu bitki Doqquzdon (Caprifoliaceae) fəsiləsindən olan kol bitkisidir. 30 növündən ikisi Azərbaycanda yayılmışdır. Adi gən­dalaş (Sambucus racemosa L.) və qara gəndalaş (Sam­bucus nigra L.). Təbabətdə ancaq qara gəndalaşdan istifadə olunur.

Qara gəndalaş qollu-budaqlı kol bitkisi olub, qarşı-qarşıya düzülmüş cütlələkvarı yarpaqları və nizəvarı şəklində toplanmış ətirli, sarıtəhər, ağ rəngli çiçəklərə malikdir. Yeti­şən­də qara rəngə boyanan şirəli meyvələri xüsusilə nəzəri cəlb edir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-av­qustda yetişir.

Xalq təbabətində, eləcə də elmi təbabətdə qara gən­dalaşın həm çiçəklərindən, həm də meyvələrindən geniş istifadə edilir. Çiçəkləri tam açılan dövrdə, meyvələri isə tamam yetişən vaxt toplanır. Çiçəkləri toplayan kimi kölgəli yerdə, açıq havada va ya quru havalı binalarda sərib qurudulur. Meyvələri isə xüsusi sobalarda və ya meyvə qurudan quruducularda quru­dulub tədarük məntəqələrinə göndərilir. Yaxşı qurudulan meyvələr turşməzə, azca selikli dada malik olur.

Qara gəndalaş çiçəklərində bir sıra müalicə əhəmiyyətli maddələr müəyyən edilmişdir. Bunlardan sanbuniqrin qliko­zidini, rutini, efir yağını, qatranı, pektin və selik maddələrini, xolini, xlorogeni, kofeini, valerian, alma və sirkə turşularını, eləcə də C, B1, B2 və K vitaminlərini göstərmək olar.

Meyvələrinin tərkibində antosian, xrizantemin, sam­busin, sambusianin kimi bioloji fəal maddələr vardır.

Gəndalaşın müalicəvi xassələri. Elmi təbabətdə gən­dalaşın qurudulmuş çiçəklərindən 6 q 200 ml suda çay kimi dəmləyib, soyuqdəymələrdə tərlədici və nəfəs yollarının ilti­ha­bını aradan qaldırıcı dərman kimi xörək qaşığı ilə qəbul edirlər. Bundan əlavə qara gəndalaşın çiçəkləri “Tərlədici çayın” və “Yumşaldıcı yığıntının” tərkibində də işlədilir. Çi­çək­lərindən çay kimi dəmləyib, boğaz ağrılarında, ağız nahi­yəsində və diş ətində iltihab olan vaxtı, eləcə də anginada qarqara dərmanı kimi də istifadə edilir.

Qurudulmuş meyvələrindən xalq təbabətində firni (kisel) xörəyi formada preparat hazırlayıb, yüngül işlətmə dərmanı kimi körpə uşaqlara yedirdirlər. Təzə dərilmiş meyvələrindən və şirəsindən avitaminozda mürəbbə şəklində qüvvətverici və iştahartırıcı kimi istifadə edilir.



Qarağat Смородина – Daşdələnkimilər (Saxifra­gaceae) fəsiləsinə mənsub olub qırmızı (Rubes rubrum L.) və qara qarağat (Rubes nigrum L,) qrupuna ayrılır. Qarağatın 140 növündən ən əhəmiyyətlisi qara və qırmızı qarağatdır.

Qara qarağatСмородина черная Ribes niqrum L. Daşdələnkimilər (Saxifragaceae) fəsiləsindən kol bitkisidir. Meşəliklərdə və çaybasar nəm yerlərdə geniş yayılmışdır. Qiymətli olduğu üçün, sənaye əhəmiyyətli bitki kimi becərilir.

Qara qarağat yabanı halda şimalda və cənubun dağlıq me­şə­lərində geniş sahələrdə bitir. Qara qarağat may-iyunda çiçəkləyir. Çiçəkləri ağ-çəhrayı və ya boz-çəhrayıdır. Mey­vələri iyul-avqustda yetişir. Meyvələri yumru, tünd qara, bəzən boz-qara rəngli, qabığı bərk və içində balaca toxumları vardır. Yetişib ötmüş meyvələr yerə tökülür. Dadı turş, iyi ətirli olur. Meyvələrinin qabıq hissəsində qızılı-sarı rəngli efiryağlı vəz­ciklər olur. Ət hissəsində içə çoxlu toxumları yerləşir. Mey­vəsindən dərman məqsədilə istifadə olunur. Belə ki, becərilən və eləcə də yabanı halda yayılan qarağatın meyvələrini yetişən vaxt toplayır, toplayan kimi təzə-təzə vitaminli şərbətə çev­irirlər və ya xüsusi sobaların üzərində qurudurlar. Mey­və­lərindən başqa, son illərdə yarpaqlarından və tumurcuqlarından da istifadə olunur. Yarpaqlarını vitaminli yığıntı üçün, tumur­cuqlarını isə spirtdə konservləşdirib yeyinti sənayesinə vermək üçün istifadə edirlər. Qarağatın təzə dərilmiş meyvəsinin tərkibində 100-400 mq% C vitamini, eləcə də P vitamini vardır. Bundan əlavə, meyvəsində 2,5-4%-ə qədər üzvi turşular, az miq­darda efir yağı, şəkər, pektin maddələri də müəyyən edil­mişdir. Yarpaqlarının tərkibində 250 mq% C vitamini vardır.

Tərkibində 10-16% şəkər, 2,6-3,9% turşu (alma, limon, şərab), 1% pektinli maddə, aşılayıcı və rəngləyici maddələr, karotin, P, B1 və C vitaminləri vardır. C vitamini 400 mq%-dir. C vitamininin miqdarına görə yalnız itburnudan geri qalır. Minerallı maddəsinin tərkibində kalium, kalsium, natrium, maqnezium, dəmir, fosfor, manqan və s. vardır.

Qara qarağatdan şirə, mors, kompot, mürəbbə, çiy mü­rəbbə, cem, povidlo, marmelad, müxtəlif qənnadı məmulatı ha­zırlanır. Yarpaqlarında C vitamini çox olduğundan ədviyyəli bitki kimi xiyar, pomidor və kələm şorabalarında istifadə olu­nur. Yarpaqlarda fitonsidlər olduğundan tərəvəzin daha yaxşı qal­masını təmin edir. Qara qarağatdan şərab və likör da ha­zırlanır. Qara qarağatın yarpaqlarından duza və şorabaya qoy­duqda istifadə edirlər. Yarpaqlarındakı fitonsidlər tərəvəzlərin yaxşı qalmasına kömək edir.



Qara qarağatın müalicəvi xassələri. Qarağatın quru­dulmuş meyvəsindən çay kimi dəmləyib avitaminozda geniş istifadə edilir. Çox vaxt dərgil meyvələri ilə birlikdə vitaminli yığıntının tərkibində istifadə edirlər. Təzə dərilmiş mey­və­lərindən şərbət və C vitamini preparatı da hazırlanır. Yar­paq­larından xalq təbabətində çay kimi dəmləyib sarılıq xəstəliyinə qarşı istifadə edirlər.

Tibbi məqsədlər üçün istifadə etmək məqsədilə mey­və­ləri və yarpaqları kölgədə qurudulur. Qarağatın əsas müalicəvi xassələri onun büzüşdürücü və sidikqovucu olması ilə əla­qə­dardır. Müasir tibbdə qara qarağatdan ishala qarşı, sidikqovucu və eləcə də tərgətirici vasitə kimi istifadə olunur. Bu məqsədlə 20 q giləmeyvə 1 stəkan suda 20-30 dəq qaynadılır, süzülür və gündə 3-4 dəfə 1 xörək qaşığı içilir. Mədə-bağırsaq xəstəlikləri kəskinləşdikdə pəhriz qidasına qara qarağatdan hazırlanmış kisel, şirə və ya həlim əlavə olunur.

Təzə qara qarağat şirəsini mədənin və onikibarmaq bağırsağın xorasında, mədə şirəsinin turşuluğunun azlığı ilə mü­şa­hidə olunan qastritdə istifadə olunur. Qara qarağat yar­paq­larından hazırlanan tinktura mədənin fəaliyyətinə müsbət təsir göstərir. Qara qarağat şirəsini kəskin öskürəkdə və bronxitdə bal və ya şəkərlə içmək məsləhət görülür.

Təzə qarağat meyvəsi avitaminozun və sinqa xəstəliyinin profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Sağlam insanlar gündə 15-20 q təzə qara qarağat yeməklə, gündəlik C vitamininə olan tələbatlarını ödəyə bilərlər.

Ev şəraitində qara qarağatdan müxtəlif içkilər hazırlamaq mümkündür.

1. İki xörək qaşığı quru qara qarağat meyvəsi 1-2 stəkan qaynanmış suda dəmlənir, süzülür və yeməkdən qabaq 2-4 dəfə qəbul edilir.

2. Qara qarağat və itburnudan da belə içki hazırlanır.

3. Qara qarağat, moruq, itburnu, mərcangilə qarışığından dəmləmə üsulu ilə hazırlanan içkidən gündə 3 dəfə yarım stəkan içilir. Bu məqsədlə qurudulmuş giləmeyvələrin qarı­şı­ğından 2 xörək qaşığı götürülüb bir stəkan suda 10 dəq qay­nadılır, soyuyana qədər ağzı bağlı halda saxlanılıb tənzifdən süzülür. Dada görə bal və ya şəkər əlavə olunur, gündə 2 dəfə yarım stəkan içilir.

Son zamanlar qara qarağatdan çiy mürəbbə hazırlamaq məşhurdur. Bu məqsədlə 1 hissə qara qarağat ətçəkən maşından keçirilir (və ya taxta həvənglə əzilir) və 2 hissə şəkərlə qarış­dırılır. Alınmış çiy mürəbbədən səhər və axşam çayla içilir. Tərkibində C və P vitamini olduğundan aterosklerozda və hi­pertoniya xəstəliklərinin profilaktikasında qəbul etmək məs­ləhətdir. Qara qarağatdan digər ürək-damar xəstəliklərində və müxtəlif qanaxmalarda istifadə etmək məsləhət görülür.

1:10 nisbətində hazırlanmış sulu tinkturadan və ya həlimdən vodyanka (hidropos), soyuqdəymə və uşaqlarda sıra­ca (xənazir) xəstəliyi müalicə olunur. Bu məqsədlə hazırlanmış həlimdən gündə 3 dəfə 2 xörək qaşığı içilir. Qara qarağat tinkturası orqanizmdən artıq sidik turşusunu kənar etdiyindən, po­daqra və revmatizmdə, böyrəklərdə və sidik kisəsi daşlarının pro­filaktikasında da onu içmək məsləhət görülür. Qarağat yar­paqlarında olan efir yağlarının sidikqovucu və yelə (rev­matizmə) qarşı da təsiri vardır. Oynaqlardakı yel və podaqra xəstəliklərində 25 q xırdalanmış yarpaqlardan 0,5 litr qay­nanmış suda 4-6 saat saxlamaqla hazırlanan tinkturadan, gündə 4-5 dəfə 1/2-1 stəkan qəbul edirlər.

Qarağatdan avitaminozda çay kimi dəmləyib istifadə edirlər. Ondan vitaminli preparat da hazırlanır. Bunun üçün 1 hissə qara qarağat 2 hissə şəkərlə qarışdırılır, ətçəkən maşından keçirilir. Həmin qarışıq ateroskleroz və hipertoniya xəstəliyinə qarşı tətbiq olunur. Yarpaqlarından xalq təbabətində çay kimi dəmləyib sarılıq xəstəliyinə qarşı istifadə edirlir.

Qara quşüzümüПаслен черныйSolanum nigrum. Quşüzümü (Solamumaceae) fəsiləsindən olub birillik bit­kidir. Zoğu qollu-budaqlı 15-90 sm hündürlüyündə, yar­paq­ları yumurta formalı, çiçəkləri xırda, ağ çətirşəkilli qıvrımdır. Meyvəsi, adətən qara, nadir hallarda yaşıl kürəformalı gilə­meyvədir. İyuldan sentyabra qədər çiçəkləyir, avqust-oktyabr aylarında yetişir. Tam yetişmiş meyvələri istifadə olunur.

Qara quşüzümünün tərkibində 353,2 mq% C vitamini, qlikoalkaloid solanin vardır. Lakin tam yetişmiş meyvələrində solanin olmur. Yarpaqlarında 815,5 mq% C vitamini, sapo­ninlər, karotin, 4,95% limon turşusu vardır.



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin