Əhmədoba Rayon Məhkəməsinin hakimi
Cənab Əhməd Əhmədova
2(000)-0000/2012 saylı mülki iş üzrə iddiaçı
Acıyev Acıbala Acı oğlu tərəfindən
Ə R İ Z Ə
Bildirirəm ki, Acıyev Acıbala Acı oğlunun Şirinov Şirin Şipşirin oğluna və Şəkərova Şəkər Şəkərbəy oğluna qarşı qaldırdığı 11.02.2012-ci il tarixli iddia ərizəsi əsasında Əhmədoba Rayon Məhkəməsində 2(000)-0000/2012 saylı mülki iş başlanılmış və başlanmış mülki iş üzrə 21.04.2012-ci il tarixdə qətnamə qəbul edilmişdir. Qətnamədə cavabdehlər Şirinov Şirin Şipşirin oğlundan və Şəkərova Şəkər Şəkərbəy qızından müştərək qaydada Acıyev Acıbala Acı oğlunun xeyrinə 999,99 (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması qət edilmişdir.
Qətnamənin qəbul edilmə tarixindən hazırki tarixədək 2 ay müddət keçməsinə baxmayaraq, mənə qətnamənin qanuni qüvvəyə minməsi və icraya yönəldilməsi ilə bağlı hər hansı məlumat daxil olmamışdır.
MPM-nin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Həmin Məcəllənin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Əhmədoba Rayon Məhkəməsinin 2(000)-0000/2012 saylı, 21.04.2012-ci il tarixli qətnaməsinin icraya yönəldilib-yönəldilməməsi ilə bağlı (əgər yönəldilibsə hər bir borclu ilə bağlı hansı icra qurumuna yönəldildiyi barədə) mənə rəsmi məlumat verməyinizi Sizdən xahiş edirəm.
Tarix: 25 iyun 2012-ci il
İmza: ___________________ Acıyev Acıbala Acı oğlu
Dostları ilə paylaş: |