Əjdər ol qəzənfər müəllimgilin Şuşaya yürüşü portret hekayəLƏr yаzıçı Nаmiq Аbdullаyеvin ахırı



Yüklə 394,98 Kb.
səhifə14/21
tarix01.01.2022
ölçüsü394,98 Kb.
#104077
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Yаz, 2006-cı il

Qəbulda

Bir əlində qoltuq ağacı olan saqqallı adam içəri girən kimi onun şikayətinə baxacaq məmuru kinli-kinli süzüb təklifsiz-filansız stula qondu. Sosial təminat məsələlərə baxan idarənin məmuru təxminən otuz dörd – otuz beş yaşlı bu qəzəbli kişinin yerini rahatlamasını gözlədi. Saqqallı adam oturar-oturmaz fısıldaya-fısıldaya bir əlilə sol gözünün qapaqlarını qaldırıb, o biri əlilə şüşə göz giləsini çıxartdı və məmura göstərirmiş kimi ani olaraq havada oynadıb stolun üstünə qoydu. Deyəsən, məmuru çox da təəccübləndirə bilmədiyini hiss edib daha da qızdı. Fınxıra-fınxıra aşağı əyilib həmən vəziyyətdə bir qədər qurdalanandan sonra açıb çıxardığı protez ayağını guppultu ilə stolun üstünə ataraq acıqla məmurun qarşısına itələdi.

Məmur tərpənmədən, təmkinini pozmadan saqqallı adamın hərəkətlərini izləyirdi. Məmur saqqallı adamın hövsələsini daraltdı. O, səsini başına atıb, hündürdən deyinməyə başladı:


  • Sizin kimilər arxayın-arxayın isti kresloda xumarlanır. Dünya-aləm veclərinə deyil! Amma bizlər Qarabağda can qoyduq. Bir gözümü, bir ayağımı itirmişəm. Kontuziya almışam. Gecələr ağrıdan yata bilmirəm. Aldığım, dərmanlarıma çatmır.

Məmur sanki getdikicə daşa dönürdü. Cınqırı çıxmırdı. Baxışları da donmaqda idi.

Saqqallı adam bir az da coşdu:



Məmur cavab verməyə tələsmirdi. Deyəsən, saqqallı adamın nə istədiyini hələ aydınlaşdıra bilməmişdi.

Saqqallı adamınsa qəzəbi soyumurdu:

- Böyür-başıma baxıram, məni od götürür. Ağzından süd iyi gələn uşaq-muşaqlar yaxşı geyinib-keçinirlər, bahalı maşınlarda belədən-beləyə şütüyürlər, dəbdəbəli kafelərə, restoranlara girib çıxırlar. Mənim bir illik qazancımı onlar bir saatda havaya sovururlar.

Məmur stulda qurcuxdu və vəzifə borcunu yerinə yetirirmiş kimi əl atıb “Badamlı” şüşəsindən saqqallı adam üçün su süzdü. Yaxşı ki, qəzəblənmiş saqqallı adam stəkanı kənara itələmədi. Bir anlıq tərəddüddən sonra suyu götürüb başına çəkdi.

Araya sükut çökdü. Sükut başqa danışıq tərzi ilə pozuldu. Saqqallı adam alçaq səslə kövrək-kövrək dilləndi.

- Dünən arvadım iki uşağı üstümə atıb getdi.

- Niyə? – nəhayət məmur dilləndi.

- Qara günə dözmədi. – Saqqallı adam ağlamsındı.

- Mən sizi başa düşürəm!

Saqqallı adam tək gözünü məmura zillədi və yenidən səsini qaldırdı:

- Yox, siz məni başa düşə bilməzsiniz! Belə boğazdan yuxarı danışıqları çox eşitmişəm. Dilinizə dil çatmaz, əməlinizə əməl!

Məmur tüfəng kimi açıldı:



  • Danışığınıza sərhəd qoyun!

Saqqallı adam da zilə çıxdı:

- Siz işçilərinizin üstünə qışqırın! Mənim sizdən heç bir asılılığım yoxdur. İstəyirsiniz verdiyiniz müavinəti də kəsin! Elə bilirsiniz sizdən qorxacağam? Bir gözüm yox, bir ayağım yox, dilimi də kəsəcəksiniz?

Məmur yenə lal oldu. Saqqallı adam qarşısındakının səsini kəsə bildiyi üçün qalib görkəmində sinəsini gərib başını dik tutdu. O, məmurun ağzını açmağını gözləyirdi. Marıqda durmuş pələng kimi onun üstünə şığıyacaqdı.

Məmur tutulmuşdu, hətta gözləri yaşarmışdı. Özü də özündən baş açmırdı. O, iş başında heç vaxt belə kövrəlməmişdi. Sanki rəsmiyyət yaddan çıxmışdı. Saqqallı adam da belə qəribə məmur görməmişdi. Yoxsa o, bunun halına yanırdı? Əcəb işdir? Bəlkə ona qoşulub ağlasın? Ona qalib gəldiyinə lap peşiman olmuşdu.

Məmur pıçıldadı:


  • Qardaşım yadıma düşdü. Kaş o da sizin kimi Qarabağdan yarımçıq bədənlə qayıdaydı. Uşaqları hələ də məndən atalarını istəyirlər. Üzlərinə baxa bilmirəm.

Saqqallı adam döyükdü:

- Sizin qardaşınız...

- Hə...

- Neçənci ildə?

- Doxsan üçün qışında...

- O, hansı cəbhədə idi?

- Murovda qar uçqununa düşdü. Meyidi də tapılmadı.

Saqqallı adam alındı və sanki artıq danışırmış kimi könülsüz əlavə etdi:

- Mən Horadizi qaytaranda yaralandım.

Məmur əlləri ilə üzünü tutdu. Yəqin gözlərindən yaş axırdı.

Saqqallı adam bir göz qırpımında şüşə gözünü götürüb yerinə qoydu, protez ayağını geyindi və stuldan durub qoltuq ağacına söykəndi.

Birdən məmur hissə qapıldığını anladı və başını silkələyib ayıldı. Sanki şikayətçi qapıdan indicə içəri girmişdi. O, saqqallı adamdan soruşdu:



  • Bağışlayın, özünüzü təqdim etmədiniz?

Saqqallı adam başını bulayıb, əlini yellədi:

- Daha buna ehtiyac yoxdur.

- Niyə gəlmişdiniz?

- Salamat qalın!

Saqqallı adam qapını açdı və geri baxmadan çıxıb getdi.

2009 fevral


Yüklə 394,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin