20 noyabr, 2011
Yenə də P.S.
Ayın 23-ü axşam ona baş çəkməyə gedəcəkdim.
Axşamüstü saat 4-də Qorxmazdan mobil telefonuma zəng gəldi. “Yes” düyməsini basan kimi, Qorxmazın “Rafiq bəy” deyib hönkür-hönkür ağladığını eşitdim. Əlim-ayağım yerdən üzüldü.
O, yalnız ağlayırdı, heç bir söz demirdi. Telefonu qapayıb çarəsiz bir halda yan-yörəmə baxdım. Artıq Rafiq Tağı nəyinki mənim yanımda, heç bu dünyada da yox idi.
Onun dəfn günündə Bakıda tufan qopdu, qar püskürdü, yollar buz bağladı. “Qurd qapısı”ndan yuxarı qalxmaq zor bir işə çevrildi. Maşınla addım-addım irəliləyirdik. Basabas yolda maşınlar sürüşür, hərdən bir-birinə sürtünür, təngnəfəs olurdu. Karvanımız pozulmuşdu. O qədər sazaq var idi ki, göylərin göz yaşı havada donub qar şəklində yerə düşürdü. Tabutdakı Rafiq bəydən başqa hamı üşüyürdü.
Dörd gözlə maşını sürə-sürə düşünürdüm ki, Rafiq bəyi həyatda bircə dəfə də olsun ruhdan düşən görməmişəm. Ölümdən danışmazdı, sanki onun ölüm qorxusu yox idi. Həmişə başı qarışıq olardı. İş, oxumaq, yazmaq, görüşlər, tədbirlər, telefon gapları... Beynimdən bir fikir keçdi: “Kaş o, sağ olaydı, ölməyəydi, biləydim ki, düşmənləri bıçaqla onun gözünü qorxutdumu? Yoxsa, dostum daha da qızışıb total hücuma keçəcəkdi? Hayıf, bilmədim. Amma, məncə o, geri çəkilməyəcəkdi. Qorxan bu vaxtacan qorxardı!”
Rafiq Tağını kim öldürmək və yaxud öldürtmək istəyib? Bilmirəm. Ola bilsin din fanatlarından biri? Bəlkə bir manyak? Bəlkə onun şəxsi düşməni varmış? Başqa versiyalar da irəli sürmək olar.
Amma tam əminəm ki, onu Fizulinin, Mirzə Cəlilin, Mirzə Ələkbər Sabirin ruhunu incitdiyi üçün deşik-deşik eləmədilər. Bizdə Füzuliyə, Mirzə Cəlilə, Sabirə görə adam bıçaqlamazlar.
24 noyabr, 2011
Dostları ilə paylaş: |