Ekran saxtalığı sevmir

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 54.47 Kb.
tarix31.10.2017
ölçüsü54.47 Kb.

Ekran saxtalığı sevmir



“TV+” jurnalı üçün

1. Televiziya Sizin üçün nədir?

- Hamı kimi, mənim üçün də kütləvi informasiya vasitəsi olan Televiziya etibarlı məlumat mənbəyidir. Qədim nağıllarda bir ağaclıq məsafəni görə bilməyib qeybdən gələn səsi axtaran,  özgə diyarlardan, uzaq səfərə çıxanlardan xəbər tutmaq arzusu ilə  sehrli güzgü həsrəti çəkən ulu babalarımızın gerçəkləşmiş xəyalıdır Televiziya. Artıq biz dünyanın o başında nələr olduğunu anındaca göstərə bilən möcüzəli cihazın  şahidləriyik. Texniki tərəqqi əsrinin yaratdığı dəqiq elektron ötürücü vasitəsi olan Televiziya saat kimi, avtomobil kimi, soyuducu kimi, kompüter kimi məişətimizin zəruri atributuna çevrilib, günümüz onunla açılıb onunla qapanır. İndi daha “hər şey TV-dən başlayır.” Televiziya – həm də bir mədəniyyət hadisəsidir, yeni dəyərlər yaradıcısıdır. Böyük tarixə malik Ədəbiyyat, Musiqi, Teatr, Kino, Rəssamlıq kimi klassik  sənət növləri artıq gənc Televiziya ilə rəqabətdə duruş gətirə bilmir. Cəmi bir əsrin içində Televiziya fenomeni elə sürətli sıçrayışlar edib ki, indi onunla rəqabətə yalnız elektron “hörümçək toru” dözür. İnsanlar bütün ciddi yenilikləri, həyatımıza və planetimizə dair mühüm məlumatları, elmi bilikləri Tele-Radiodan alır.

Bu gün Televiziya xalqın və dövlətin taleyi üçün bir ordu qədər həlledici  əhəmiyyətə malik əvəzsiz vasitəyə çevrilib. Burada çalışmaq şərəfli missiya daşıyıcısı olmaqla yanaşı, həm də böyük məsuliyyət deməkdir. Televiziyanın xalq üçün, millət və dövlət üçün əhəmiyyətini daha aydın izah etməkdən ötrü çox populyar iki hadisəni xatırlatmaq kifayətdir: 1990-cı ilin yanvarında enerji bloku partladılan Televiziya  durduruldu və… düşmənin təcavüzü baş tutdu. Lakin 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Televiziya var qüvvəsi ilə çalışdı və… təcavüz baş tutmadı!

Nəhayət, Televiziyadan danışarkən onu da qeyd etməyə bilmirəm ki, bütün sadalanan aspektlərlə yanaşı Tele-Radio həm də mənim üçün doğma ocaqdır, peşəkarlıq məktəbidir, Vətənə, Millətə, Xalqa xidmət sahəsidir, yaxından bələd olduğum maraqlı iş yeridir. Ömrümün ən gözəl, mənalı çağları məhz Azərbaycan Dövlət Tele-Radiosunda keçmişdir və burada qazandığım təcrübə sonrakı fəaliyyətimdə  çox yararlı olmuşdur.



2. Azərbaycan teleməkanı haqqında düşüncələriniz.     

- Vaxtilə Azərbaycan teleməkanı bəsit və yeknəsək idi. Cəmi bir Azərbaycan kanalı və bir Moskva kanalı vardı. Bu kanallar əsasən imperiya ideologiyasının propaqandasını yapırdı və milyonlarla insana əlvan həyat palitrası bir rəngdə, hadisələr bir mövqenin təfsirində diqtə edilirdi, ictimai rəy üzərində manipulyasiya üçün şərait yaradılırdı. O zamanlar Respublikamızın informasiya blokadasında saxlandığını biz Kremlin xeyir-duası ilə nankor ermənilərin Qarabağ ətrafında başladığı namərd oyunlarda bütün ağrı-acısı ilə gördük, duyduq, bildik.

Ancaq bu günkü müstəqil Respublikamız blokadadan çıxaraq təcavüzkar qonşularımızın vəhşi əməlləri barədə həqiqətləri bütün dünyaya yayır, azad, demokratik ölkə kimi öz sözünü deyir. Bu isə həm də ona görə mümkün olmuşdur ki, Azərbaycan teləməkanında indi bir yox, çoxlu informasiya kanalları fəaliyyət göstərir. Təbii ki, qloballaşan dünyada  televiziya məkanı anlayışını təkcə respublikamızın ərazisindən yayımlanan kanallarla məhdudlaşdırmaq olmaz. Bu günkü teleməkanı çoxsaylı milli və regional kanallarla yanaşı, ölkə ərazisindən yayımlanan xarici kanallar və həmçinin çanaq antenləri vasitəsilə sputnikdən tutulan yüzlərlə digər  teleproqramlar  təşkil edir. Artıq müasir tamaşaçı bir mövqenin əsarətindən qurtulub olaylar haqqında öz təfəkkürünün imkanları daxilində nəticə çıxarmaq imkanına malikdir. Bu əlaqəli proses demokratik, özgür düşüncənin, ictimai şüurun davamlı inkişafına, sonucda bütün cəmiyyətin tərəqqisinə aparır.

Konkret  Azərbaycan kanallarının fəaliyyətinə gəldikdə isə, etiraf edək ki, onların arasında kəskin texniki və yaradıcılıq fərqlərinin olması təbii haldır. Bu bir çox obyektiv-subyektiv səbəblərlə bağlıdır. Ancaq məhz bu fərq rəqabəti gücləndirib inkişafa təkan verən amildir. Qısası, bu günkü Azərbaycan teleməkanında müşahidə edilən plüralizm, söz, fikir azadlığı, yaradıcılıq əlvanlığı demokratiyanın göstəricisi olaraq məqbul inkişaf mərhələsini xarakterizə edir. Ölkədə iqtisadi-sosial durum yüksəldikcə, ictimai şüur daha da inkişaf etdikcə cəmiyyətin sehrli aynası olan televiziya məkanının daha maraqlı, rəngarəng olacağı, etik və estetik cəhətdən daha yüksək zövqlü proqramlarla zənginləşəcəyi şübhəsizdir. Həyatın dialektik inkişaf dinamikası bunu zəruri edir.



3. AzTV-nin bu günkü durumunu necə qiymətləndirirsiniz?

- AzTV xüsusi statusa malik rəsmi imicli kanaldır və ona münasibət məhz bu aspektdən bildirilməlidir. AzTV-nin efirindən deyilən söz ənənəvi olaraq əhali  tərəfindən  dövlətin, hökumətin mövqeyi kimi qəbul edilir. Belə hal AzTV-də çalışan əməkdaşların çiyninə əlavə məsuliyyət yükü qoymaqla, onların həm yaradıcılq, həm texniki təchizat, həm də davranış baxımından digər qonşu teleşirkətlərdən fərqlənməsini şərtləndirir. AzTV-dən deyilən sözün sanbalı və ciddiliyi əlbəttə ki, özəl kanaldan yayılan fikirlə eyni tərəzidə çəkilə bilməz. AzTV respublikanın mini tele-sənaye obyektləri üçün həm kadr məktəbidir, həm peşə nümunəsi. Keçdiyi uzun yolda o nə qədər keşməkeşli hallarla üzləşib, rəvan və ardıcıl tərəqqi dövrü də olub, professionalizmin apofeozu da yaşanıb, eyni zamanda təsadüfi adamların əlinə düşərək sustaldığı, naşı əllərə tapşırıldığından çatdığı zirvələri buraxıb gerilədiyi zamanlar da olub.

Fəxrlə deyə bilərik ki, ötən əsrin 80-ci illərində (ciddi siyasi senzura şəraitinə baxmayaraq) AzTV-nin təşkilati və yaradıcılıq baxımından ən gur çiçəkləndiyi və hətta indiki teleməkanın yeni gənc televiziyaları üçün örnək ola biləcək uca  zirvələr fəth etmişdir. Bacarıqlı, səriştəli rəhbərlik sayəsində toplanan peşəkar redaktor, rejissor, operator, rəssam korpusu, texniki heyət, yardımçı strukturlar hamısı AzTV-nin “İntibahını” müəyyənləşdirən çox əlamətdar (bəlkə də tarixi) nəticələr əldə etmişdi. Daim yeni ideyalar yaranır, maraqlı ssenarilər yazılır, professional rejissorlar, operatorlar, rəssamlar və b. müəllif fikrinin daha dolğun çatdırılması üçün orijinal bədii ifadə vasitələrindən istifadə etməklə nümunəvi verilişlər hazırlayırdılar. Milli  televizionçuluğumuzun fəxri sayıla bilən həmin istedadlı kollektivin böyük entuziazmla çalışaraq efirə təqdim etdiyi  maraqlı ictimai-siyasi, elmi-ədəb-bədii, sənədli-publisistik  materiallar milyonlarla tamaşaçı auditoriyasının rəğbətini qazanırdı. Redaksiyalara daxil olan minlərlə məktubda  verilişlərin ideya-bədii dəyəri təqdir olunurdu…

Lakin ürək ağrısı ilə o həqiqəti də demək lazımdır ki,  sonrakı illərdə (xüsusən 1988-93-cü illərdə) baş verən xaotik siyasi proseslər milli televiziyamıza da öz mənfi təsirini göstərdi. Xaos dalğasında hakimiyyət olimpinə “atılmış” təsadüfi rəhbərlər AzTV-yə də anoloji başçılar təyin edir, həssas ekran-efir işini özündən müştəbeh, naşı adamlara tapşırırdılar. Nəticədə televiziyamız yüzlərlə istedadlı, bacarıqlı, namuslu adamın min bir əziyyəti hesabına qazanılmış uğurları bir-bir itirib az qala 60-cı illər səviyyəsinə sürüşüb düşdü, hər şeyi ibtidadan başlamaq məcburiyyətində qaldı… Bəli, bu da milli Televiziyamızın taixində yaşanmış acı xatirələrdir.

Bu gün AzTV özünün növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ yeni zaman şəraitində keyfiyyətcə tamam fərqli dövrün başlanğıcı deməkdir. İndi televiziyaya həm kadr korpusunun, həm də texniki təchizatın yeni nəsil nümayəndələri gətirilmişdir.  Ümumiyyətlə, hər bir yenilik problemlərlə mübarizə deməkdir, riskli  məqamlar yaşamaq deməkdir. Əgər AzTV-nin taleyi bu gün demokratik düşüncəli yenilikçi şəxslərə, televiziya işinə yaxından bələd olan adamlara tapşırılırsa, demək qarşıya çıxan bütün  problemlər də həllini tapacaq, riskli məqamlar uğurla aşılacaq və Azərbaycan Televiziyası özünün ən gözəl çağlarında olduğu kimi yenə də gur inkişaf dövrünə qədəm qoyacaqdır. Belə nikbin proqnoza AzTV-nin çağdaş durumu əsas verir.

4. AzTV-nin fəaliyyəti ilə bağlı arzu və təklifləriniz.

- Gözlənilən inkişaf dövrünün simptomları artıq özünü rəsmi materialların təqdimatında, ictimai-siyasi xarakterli verilişlərdə, informasiya buraxılışlarında, aktual və tarixi mövzular ətrafında müzakirələrdə, idman və gənclik proqramlarında, dünya miqyaslı əlamətdar hadisələrin operativ, yaxud birbaşa canlı yayımlarında, hətta qurumun mətbu orqanlarında özünü göstərməkdədir. AzTV tədricən itirilmiş tamaşaçılarını öz ətrafına toplayır. Bu çətin, mürəkkəb, lakin şərəfli, qürurverici yollarda  jurnalist həmkarlarıma, televizionçu dostlarıma, bütün AzTV əməkdaşlarına uğurlar arzulayıram.

Bu gün öz şərəfli missiyasına sadiq qalaraq efir məkanını dövlətçilik mövqeyindən səbatlı, milli tərəqqi və xalqa xidmət nəzərindən zəruri verilişlərlə get-gedə  zənginləşdirən AzTV güman ki, dövrün tələbinə uyğun olaraq kütləvi verilişlərə diqqəti daha da artıracaqdır. Əlbəttə, bəzi telekanallarda baş alıb gedən səviyyəsiz çal-çağır, lağ-lağı, şər-şəbədə şouları kimi yox, ciddi ictimai-siyasi, mənəvi, mədəni, iqtisadi mövzulara həsr olunmuş, aktual problematika ətrafında müzakirələr açan polemik ruhlu  “talk-show”-lar bu gün daha çox baxılır. Həmçinin milli mədəni dəyərlərin ümumbəşəri mədəniyyət nailiyyətləri ilə qovuşduğu məqamları tapıb əhaliyə tanıdan, maarifləndirici verilişlərə  ehtiyac böyükdür. Mühafizəkarlıqdan uzaq müasir ruhlu yaradıcıların efir təqdimatı mədəni tərəqqiyə xidmət baxımından faydalı olardı. Ümumən yeni düşüncəli yeni simaların efirə cəsarətlə çıxardılması vacibdir. Sehrli ekran hər şeydən əvvəl tamaşaçı ilə səmimi ünsiyyət yarada bilən daxilən zəngin şəxsiyyətlərin vernisajıdır. Saxtalığı sevməyən müasir tamaşaçı yalnız belə çıxışçılara etibar və etimad göstərir, efirdə cüzi bir sünilik görəndə isə o sadəcə kanalı dəyişir…

——————————————–



3. 04. 2007

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə