Sad surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qurana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!
2. (Onların deyilənləri qəbul etməmələrinin səbəbi sənin təbliğinin qüsurlu olması deyil.) Əksinə, küfr edənlər təkəbbür və qürur, müxalifət və düşmənçilik içərisindədirlər.
3. Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi.
4. Onlar özlərinə (mələk və cinlərdən deyil) öz (cins)lərindən qorxudan gəlməsindən təəccüb etdilər. Və kafirlər dedilər: «Bu, yalançı bir cadugərdir!
5. O, məbudların hamısını bir məbud edib? Doğrudan da bu, çox təəccüblü bir şeydir!»
6. Onların böyükləri və başçıları (Qüreyş və müşriklər Peyğəmbərə qarşı yönəldilmiş toplantılarından) çıxdılar (və bir-birlərinə dedilər): «Gedin öz məbudlarınız üzərində möhkəm dayanın. Həqiqətən bu (iddia), planlaşdırılmış (Muhəmmədin istədiyi) bir şeydir (başçılıq arzusudur).
7. Biz bunu (bu mətləbi, yəni gözəgörünməz bir məbuda ibadət edilməsini) son dində (atalarımızın dinində) eşitməmişik. Bu (iddia), uydurma yalandan başqa bir şey deyildir.
8. Bu yada salan (Quran) bizim aramızdan ona (mal və məqam sahibi olmayan o kişiyə) nazil edilmişdir?!» (Onların bu kitabı qəbul etməmələrinin səbəbi, onun naqis olması deyil,) bəlkə, onlar (dünyaya ifrat dərəcədə bağlandıqları üçün) Mənim yada salan (Quran)ım barəsində şübhə içərisindədirlər. Bəlkə (hətta əgər şübhə içərisində olmasaydılar, yenə də qəbul etməzdilər. Çünki) hələ Mənim əzabımı dadmayıblar.
9. Yoxsa sənin qüdrətli və çox əta edən (və ətalarının nümunələrindən biri nübüvvət və səma kitabı olan) Rəbbinin mərhəmət xəzinələri onların yanındadır (ki, istədikləri kəsə bağışlasınlar)?
10. Yoxsa göylərin, yerin və bu ikisinin arasında olanların mülkiyyət və hakimiyyəti onlara məxsusdur?! (Əgər elədirsə) onda, (Peyğəmbərə kitabın nazil olmasının qarşısını almaq üçün) istənilən vasitə ilə yuxarı qalxsınlar.
11. Onlar öz yerlərində (qədim peyğəmbərlərlə vuruşan) keçmiş dəstələrin qalıqlarından ibarət azacıq və məğlubiyyətə uğramış bir qoşundurlar.
12. Onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad, saray və ordu (yaxud oyun və işkəncə mismarları) sahibi Firon da (Bizim peyğəmbərlərimizi) təkzib etdi.
13. Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi.
14. Onların hamısı Bizim peyğəmbərlərimizi təkzib etdilər. Beləliklə (onlar barəsində) Mənim cəzam gerçəkləşdi.
15. Bunlar (Məkkə kafirləri), yalnız, barəsində heç bir möhlət və təxir olmayan bir bağırtını gözləyirlər.
16. Və onlar (istehza ilə) dedilər: «Ey Rəbbimiz! Bizim (vəd etdiyin əzablardan olan) payımızı hesab günündən qabaq, tez ver.»
17. Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi.
18. Biz dağları ram etdik. Onlar hər səhər-axşam onunla birlikdə (Allahı) pak sifətlərlə mədh edirdilər.
19. Və quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr avazı ilə) Allaha tərəf çox qayıdırdılar.
20. Və onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən) ayıran kəlamlar əta etdik.
21. Bir-biri ilə çəkişən o bir neçə nəfərin (yaxud bir neçə mələyin qurma çəkişməsinin Davudun) otaq və mehrabın(ın) divarından aşan zamankı xəbəri sənə çatıbmı?
22. O zaman onlar (qəflətən divarın o tərəfindən aşıb icazəsiz) Davudun yanına gəldilər və Davud onlardan qorxuya düşdü. Onlar dedilər: «Qorxma! Biz birimiz digərinə qarşı haqsızlıq etmiş çəkişən iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma və bizi doğru yola istiqamətləndir.
23. (Onlardan biri dedi:) Həqiqətən bu şəxs mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim bir dişi qoyunum var. O mənə «onu da mənə ver» dedi və o, söhbətdə mənə qalib gəlmişdir.
24. (Davud) dedi: «Şübhəsiz o, sənin dişi qoyununun öz qoyunlarına qatılmasını istəməklə sənə zülm etmişdir. Həqiqətən malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha tərəf) qayıtdı.
25. Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
26. (Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır.»
27. Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də (cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!
28. Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!
29. (Bu Quran,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsl) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır
30. Biz Davuda (oğlu) Süleymanı əta etdik. O, gözəl bəndə idi. Həqiqətən o, (Bizə tərəf) çox qayıdan idi.
31. (Yada sal) o zaman(ı) ki, günün sonunda ona nəcib və iti gedən atlar təqdim edildi.
32. Dedi: «Mən cihad atlarını Rəbbimi yada salmaq üçün sevirəm.» (Onun başı atlara tamaşa etməyə qarışdı və) nəhayət onlar gözdən itdilər (yaxud günəş batdı). [Yaxud: O, atlara tamaşa etməklə məşğul oldu və duasının vaxtı keçdi və] dedi: «Mən (bilmədən) atların sevgisini Rəbbimin zikrindən üstün tutdum, nəhayət günəş batdı. (Deməli mən daha üstün əməli tərk etdim.)»
33. (Dedi:) «Atları qaytarın!» Beləliklə (hamısını cihad yolunda vəqf etmək məqsədi ilə onların) baldır və boyunlar(ın)a əl çəkməyə başladı.
34. Həqiqətən Biz Süleymanı (böyüyəcəyindən xatircəm olduğu oğlu barəsində) imtahana çəkdik və onun taxtı üzərinə (cansız) bir cəsəd atdıq. Sonra o, Allaha tərəf qayıtdı (və haqqa təslim oldu).
35. Dedi: «Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!»
36. Beləliklə Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi.
37. Həmçinin hər bənna və dalğıcdan olan (cin) şeytanları(nı bina tikmək və dənizdən ləl-cəvahir çıxarmaq üçün ona ram etdik).
38. Habelə digər şeytanları (onun ölkəsində fəsad törətməmələri üçün) birlikdə zəncirlənmiş halda (ona ram etdik).
39. (Dedik:) «Bu bizim (sənə) ətamızdır. (İstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız şəkildə əta et və ya əsirgə!»
40. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
41. Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!
42. (Ona dedik:) «Ayağını (yerə) vur!» (Elə ki, o ayağını yerə vurdu, yerdən bir bulaq çıxdı. Ona dedik:) «Bu sərin çeşmə yuyunmaq və içmək üçündür.»
43. Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə (yenidən) onun (zövcəsindən başqa hamısı məhv olmuş) ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik.
44. Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o (Bizə tərəf) çox qayıdan idi.
45. Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal.
46. Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sifəti ilə seçdik.
47. Əlbəttə, onlar Bizim yanımızda seçilmişlərdən və yaxşılardandırlar.
48. Və İsmaili, əl-Yəsəi və Zülkifli yada sal ki, hamısı yaxşılardan idilər.
49. (Peyğəmbərlərin) bu (hekayəti) yaxşı yada salmaqdır. Təqvalılar üçün mütləq gözəl qayıdış və aqibət vardır.
50. Qapıları üzlərinə açıq olan (və heç bir qapısının açara ehtiyacı olmayan) əbədi cənnətlər!
51. Orada (taxtlara) söykənmiş halda (qılman və cənnət cavanlarından) firavan meyvələr və içki istəyərlər.
52. Yanlarında ərlərindən başqasına göz yummuş və (yaş, gözəllik, nur və kamal baxımından) bir-birinə bənzəyən zövcələr vardır.
53. Bu, hesab günü üçün sizə vəd edilən (nemət)lərdir.
54. Bu (nemətlər), bizim tükənməz ruzimizdir.
55. Budur (təqvalıların vəziyyəti və yerləri)! Azğınlar üçün (isə) mütləq pis dönüş və ən pis dönüş yeri vardır.
56. Daxil olacaqları və hərarətini dadacaqları cəhənnəm! (Ora) pis məskəndir!
57. Bu onların dadmalı olduqları qaynar və (yandırıcı) çirkab (cəhənnəm) su(yu)dur.
58. Və o cinsdən olan müxtəlif əzablar və digər yeməklər (var ki, onları dadmalıdırlar).
59. (Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan və indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər.» (Onlar deyəcəklər:) «Xoşluq və rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan və onu dadanlardır.»
60. (Onlara tabe olanlar da öz başçılarına) deyərlər: «Əksinə, siz xoşluq görməyəsiniz! (Çünki) bu odu bizim qarşımıza siz çıxardınız. (Ora) pis yerdir.»
61. (Həmçinin deyərlər:) Ey Rəbbimiz! Bunu (bu vəziyyəti) bizim qarşımıza çıxaran kəsin oddakı əzabını (özlərinin və bizi azdırmalarının əzabı olaraq) ikiqat artır!
62. Və (od əhli) deyər: «Bizə nə olub ki, (dünyada) şər və pis insanlardan saydığımız kəsləri (islamçıları və dinpərəstləri burada) görmürük?!
63. Biz onları (nahaq yerə) ələ saldıq (və indi cənnətdədirlər), yoxsa bizim gözlərimiz onları görmür (və əslində onlar buradadırlar)?!
64. Şübhəsiz, cəhənnəm əhlinin bir-biri ilə bu dava-dalaşı qəti və olasıdır.
65. De: «Mən yalnız bir qorxudanam (mənə hələ ki, nə müharibə etmək əmr edilmişdir, nə şəriət hökmlərini icra etmək tapşırılmışdır və nə də mükafat və ya cəza verənəm). (Üluhiyyət, rübubiyyət, ibadət və itaətdə) tək və bütün varlıq aləminə qalib olan Allahdan başqa heç bir məbud yoxdur.»
66. Göylərin, yerin və onların arasında olanların Rəbbi həmin O – yenilməz qüdrət sahibi və çox bağışlayan Allah(dan)!
67. De: «Bu, (Quran və qiyamət xəbəri) böyük bir xəbərdir.
68. Siz ondan üz döndərirsiniz.
69. Mənim (bundan əvvəl) yuxarı aləm barəsində (oradakı söhbətlər və oranın mələklərinin) bir-birləri ilə (Adəmin yaradılışı haqqında) mübahisə edərkən (danışıqlarından) heç bir məlumatım yox idi.
70. (Çünki) mənə yalnız aşkar bir qorxudan olduğum üçün vəhy edilir.»
71. (Yuxarı aləmdə olan söhbət və mübahisəyə diqqət etmək üçün yada sal) o zaman(ı) ki, Rəbbin mələklərə buyurdu: «Həqiqətən Mən gildən bir bəşər yaratmaq istəyirəm.
72. Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün.»
73. Beləliklə, mələklərin hamısı (Adəmə) səcdə etdilər.
74. Təkəbbür göstərən və (əvvəldən) kafirlərdən olan İblisdən başqa.
75. (Allah) buyurdu: «Ey İblis!Sənə Mənim öz əlimlə (vasitəsiz olaraq Öz istəyimlə) yaratdığıma səcdə etməyə nə mane oldu?» Təkəbbür göstərdin, yoxsa doğrudan da üstünlərdənsən?
76. Dedi: «Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır).
77. (Allah) buyurdu: «Belə isə oradan (göylərdən, mələklərin içindən və ilahi dərgaha yaxınlıq məqamından) xaric ol ki, sən həqiqətən qovulmuşsan!
78. Və şübhəsiz, cəza gününə kimi Mənim lənətim sənin üstündə olacaqdır.»
79. (İblis) dedi: «Ey Rəbbim! Belə isə onların (qəbirlərdən) qaldırılacağı günə kimi mənə möhlət ver.»
80. (Allah) buyurdu: «Həqiqətən sən möhlət verilənlərdənsən,
81. məlum vaxtın gününə (birinci surun çalınması ilə insanların boynundan ilahi vəzifələrin götürüləcəyi günə) qədər.»
82. (İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam.
83. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla.»
84. (Allah) buyurdu: «Haqq Məndəndir və Mən haqq danışanam.
85. Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam.»
86. (Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.
87. Bu (Quran), aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır.
88. Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır).
Dostları ilə paylaş: |