Ət-Tur surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!
2. Yazılmış kitaba (Qurana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!
3. (Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!
4. Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!
5. Və ucaldılmış tavana (göyə).
6. Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!
7. (Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.
8. Onu əsla heç kəs dəf edə bilməz.
9. O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.
10. Və bütün dağlar (toz kimi havada) gəzişəcək.
11. Odur ki, həmin gün vay təkzib edənlərin halına!
12. O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.
13. Onlar o gün zorla və sərtliklə cəhənnəmə sürüklənəcəklər.
14. (Onlara deyiləcək:) Bu sizin (dünyada) təkzib etdiyiniz oddur.
15. Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!
16. Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.
17. Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.
18. Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.
19. (Onlara deyiləcək:) «Yeyin, için, (dünyada) etdiklərinizin müqabilində nuş olsun sizə!»
20. Sıralanmış taxtlara söykənən halda! Onları iri gözlü hurilərlə evləndirərik.
21. (Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).
22. Və onlara ardıcıl şəkildə istədikləri meyvə və əti çatdırarıq.
23. Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.
24. Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.
25. Onların bəzisi bəzisinə üz tutaraq bir-birindən (dünyadakı hallarının necə olmasını) soruşarlar.
26. Deyərlər: «Həqiqətən biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq.»
27. Beləliklə Allah bizim boynumuza haqq qoydu və bizi yandırıcı və ağrılı əzabdan qorudu.
28. Əlbəttə, biz bundan əvvəl həmişə Onu çağırırdıq. Çünki yaxşılıq edən və mehriban məhz Odur.
29. Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!
30. Yoxsa onlar (sənin haqqında) «o, şairdir; onun üçün zamanın hadisələrini və ölümün gəlməsini gözləyirik» deyirlər.
31. De: «Gözləyin! Mən də mütləq, sizinlə gözləyənlərdənəm (Allahın əzabının sizə gəlməsini gözləyirəm).»
32. Bunu (bu sözləri) onlara ağılları əmr edir, yoxsa onlar (haqqa təslim olmayan) azğın bir dəstədirlər?
33. Yoxsa «bunu (Quranı) özündən uydurub» deyirlər? (Xeyir!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.
34. Buna görə də əgər (Quranın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Quran kimi) bir kəlam gətirsinlər.
35. Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!
36. Yoxsa göyləri və yeri onlar yaradıblar (ki, əmrə tabe olmaqdan üstün olsunlar)? (Xeyir,) əksinə, onların yəqinlikləri yoxdur.
37. Yoxsa Rəbbinin (elm və mərhəmət) xəzinələri onların yanındadır (ki, peyğəmbərliyi istədiklərinə versinlər), yaxud (varlıq aləminə) onlar hakimdirlər (ki, peyğəmbərliyi səndən alsınlar)?
38. Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.
39. (Pis və mənfur saydığınız) qızlar Allaha, (yaxşı və sevimli saydığınız) oğlanlar isə sizə məxsusdur?!
40. Yoxsa (ilahi tapşırıqların və dinin çatdırılması üçün) onlardan muzd istəyirsən və onlar onun cəriməsinə görə ağır yük altındadırlar?
41. Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!
42. Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiyləylə məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır).
43. Yoxsa onların Allahdan başqa məbudları var? Allah onların Ona qoşduqları şərikdən pak (və uzaq)dır.
44. Əgər onlar göyün bir parçasının yerə düşməsini görsələr, «üst-üstə qalanmış buluddur» deyəcəklər.
45. Buna görə də onları boşla (və onlarla mübahisə edərək höcətləşmə) ki, nəhayət məhv olacaqları (öləcəkləri və ya surun birinci dəfə çalındığı) günə qovuşsunlar.
46. Hiylələrinin onlardan (vəd edilmiş əzabdan) bir şeyi dəf etməyəcəyi və kömək olunmayacaqları bir gün(ə)!
47. Şübhəsiz zülm etmiş kəslər (Məkkə müşrikləri) üçün ondan öncə də (Məkkədə qıtlığın yaranması və Bədr müharibəsi kimi) bir əzab vardır, lakin onların çoxu bilmir.
48. Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbr et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman həmd-səna ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl).
49. Onu gecənin bir hissəsində də pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl). Həmçinin ulduzlar arxa çevirən və batan zaman (səhərlər sübh namazını qıl).
Dostları ilə paylaş: |