Əl-Fatihə surəsi



Yüklə 2,91 Mb.
səhifə55/73
tarix24.05.2018
ölçüsü2,91 Mb.
#51309
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

Əl-Vaqiə surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.

2. Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.

3. Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)

4. Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!

5. Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.

6. Beləliklə dağınıq toz halına düşəcəkdir.

7. Və siz üç dəstəyə bölünəcəksiniz.

8. (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)

9. (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)

10. (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!

11. Onlar (Allahın dərgahına) yaxın olanlardır.

12. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar.

13. Böyük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan).

14. Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından).

15. (Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.

16. Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.

17. Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.

18. (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!

19. Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər.

20. Və seçdikləri meyvələrlə.

21. Və meyilləri çəkən quş əti ilə.

22. Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır).

23. Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!

24. (Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq.

25. Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər.

26. Salam(un əleyk), səlam(un əleyk)dən başqa!

27. Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!)

28. Tikansız sidr (ağacı bağları içərisin)də!

29. Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).

30. Və uzanan daimi kölgəlik.

31. Və (şəlalələrdən) tökülən su.

32. Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.

33. Nə tükənəndir, nə də istifadəsi qadağan.

34. Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.

35. Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.

36. Beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik.

37. Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.

38. (Bunların hamısı) sağ tərəf əhli üçündür.

39. (Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),

40. və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).

41. Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!)

42. (Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə

43. və qatı qara tüstünün gölgəsindədirlər.

44. Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).

45. Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.

46. Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.

47. Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»

48. Bizim ata-babalarımız da (dirildiləcəklər)?

49. De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da

50. mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.

51. Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar!

52. Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.

53. Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız.

54. Onun üstündən qaynar su içəcəksiniz.

55. Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.

56. Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.

57. Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!

58. (Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz?

59. Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik?

60. Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.

61. (Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!

62. Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!

63. Heç əkdiyinizi görmüsünüz?

64. Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?

65. Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz:

66. Həqiqətən biz ziyana uğramışıq.

67. Hətta məhrum və bədbəxtik!

68. Heç içdiyiniz suyu görmüsünüz?

69. Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?

70. Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?!

71. Heç yandırdığınız odu görmüsünüz?

72. Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan?

73. Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.

74. Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).

75. Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxtlarına.

76. Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)

77. Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır.

78. (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.

79. Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.

80. O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.

81. Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?!

82. Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükürü) edirsiniz?

83. Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman.

84. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.

85. Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.

86. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,

87. əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!

88. Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa,

89. onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.

90. Amma əgər sağ tərəf əhlindən olsa,

91. onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir).

92. Lakin əgər azmış təkzib edənlərdən olsa,

93. onda (ona) ilk xidmət qaynar sudur

94. və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!

95. Doğrudan da bu (mətləb) qəti və şübhəsiz bir həqiqətdir.

96. Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!


Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin