Əl-Hədid surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Göylərdə və yerdə nə varsa (canlı və cansız varlıqların hamısı, hər biri öz dilində) Allahı pak sifətlərlə mədh edir. O yenilməz qüdrət və (xilqət və idarəetmədə) möhkəm yaradılış sahibidir.
2. Göylərin və yerin həqiqi mülkiyyəti və mütləq hakimiyyəti Ona məxsusdur. (Çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun ixtiyarındadır.) Öldürür və dirildir. O hər bir şeyə qadirdir.
3. O, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü baxımından) aşkar və (zatının həqiqəti baxımından) gizlindir. O, hər şeyi biləndir.
4. Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.
5. Göylərin və yerin (yaradılması, qorunması, idarə və yox edilməsi Onun əlində olduğu üçün onların) həqiqi malik və sahibi Odur. Və (varlıq aləminin) bütün işlər(i və səbəblər silsiləsi səbəblər səbəbi olan) Ona tərəf qaytarılır.
6. Gecəni (qışın əvvəlindən yayın əvvəlinə kimi altı ay ərzində tədricən) gündüzə daxil edir və (digər altı ayda yayın əvvəlindən qışın əvvəlinə kimi) gündüzü (tədricən) gecəyə daxil edir. O, ürəklərdə olanı (bütün şüur sahiblərinin fikir, düşüncə və sifətlərini) biləndir.
7. Allaha və Onun peyğəmbərinə iman gətirin və sizi (özünün və keçmişlərin) canişin(i) etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə sizdən iman gətirib (mallarını Allah yolunda) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaqdır.
8. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmir (və ya imanınızın nişanələrini biruzə vermir)siniz? Əgər iman (istedad)ınız varsa, Allah sizdən (peyğəmbərlər və idrakınız vasitəsi ilə) əhd almışdır.
9. Sizi (şirk, küfr və itaətsizlik) qaranlıqlar(ın)dan (hidayət) nur(un)a tərəf çıxarmaq üçün həmişə Öz bəndəsinə (Muhəmmədə (s) ) ayə və aydın dəlillər nazil edən Odur. Həqiqətən Allah sizə şəfqətli və mehribandır.
10. Göylərin və yerin mirası Allaha məxsus olduğu (hamı öldüyü və hər şey Ona məxsus olduğu) halda, Allah yolunda (mal) xərcləməməkdən sizə nə hasil olur? Sizdən (malını) fəthdən (Məkkənin fəthindən) qabaq (Allah yolunda) xərcləyib cihad edənlər əsla (başqaları ilə) bir deyildirlər. Onlar fəthdən sonra xərcləyərək cihad edənlərdən dərəcə baxımından daha böyükdürlər. Allah (onların) hər birinə gözəl (mükafat) vəd etmişdir. Allah etdiyiniz əməllərdən xəbərdardır.
11. Allaha borc – (xalis niyyətlə malının ən yaxşısından ən möhtac yerə) gözəl borc verən varmı ki, Allah da onu, onun üçün neçə qat artırsın və (axirtədə) ona çox dəyərli və bəyənilən bir mükafat versin?
12. Mömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət və bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu həmin böyük uğur və qurtuluşdur!
13. (Həmin) o gün ki, münafiq kişi və qadınlar (məhşər əhlinin məxsus hədəf istiqamətindəki yolunda) iman gətirənlərə deyəcəklər: «Bizə görə (bir az) dayanın və möhlət verin və ya bizə tərəf baxın ki, nurunuzdan işıq götürək.» Onlara deyiləcək: «Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın.» Həmin vaxt onların (mömin və münafiqlərin) arasında qapısı olan divar çəkiləcək. Onun (cənnətə sarı olan) içəri tərəfində mərhəmət, (cəhənnəmə sarı olan) çölündə isə o tərəfdən əzab vardır.
14. Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı.»
15. Odur ki, bu gün nə sizdən və nə də (açıq-aşkar) küfr edənlərdən (nicat tapmağınız üçün bir) fidyə qəbul edilməyəcəkdir. Sizin yeriniz oddur. Sizə ora daha layiqdir və ora pis dönüş yeridir.
16. Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!
17. Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən Biz bəlkə düşündünüz deyə, (Özümüzün tovhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq.
18. Şübhəsiz, sədəqə verən kişi və qadınlar və Allaha gözəl borc vermiş kəslər (möminə faiz və xeyir istəmədən borc verən və Allah yolunda malından xərcləyən şəxs) üçün (onların mükafatları) qat-qat artırılacaq və onların dəyərli və bəyənilən mükafatı olacaqdır.
19. Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər.
20. Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
21. (Yaxşı əməllər vasitəsi ilə) Rəbbiniz tərəfindən olan bağışlanmaya və vüsəti göylə yerin eni kimi olan və Allaha, peyğəmbərlərə iman gətirənlər üçün hazırlanmış Cənnətə tərəf (tələsərək) bir-birinizlə ötüşün. Bu, Allahın istədiyi kəsə verdiyi lütf və mərhəmətdir. Allah böyük lütf, mərhəmət sahibidir.
22. Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır.
23. (Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir.
24. Həmin o kəslər(i) ki, (boyunlarında olan vacib xərclərə) xəsislik edir və insanları da xəsisliyə vadar edirlər. Kim (haqqı qəbul etməkdən və malı Allah yolunda xərcləməkdən) üz döndərsə, şübhəsiz ki, Allah Özü ehtiyacsız və (işi və sifətləri) təriflənmişdir.
25. Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik. Və dəmiri (imkan mərhələsindən vücud aləminə) nazil etdik. Onda insanlar üçün (müharibə və müdafiədə) möhkəm qüvvə və (digər) mənfəətlər vardır. Həmçinin Allahın Ona və Onun peyğəmbərlərinə gizlində yardım edənləri tanıması (əzəli elminin sonra gerçəkləşən xarici aləmlə üst-üstə düşməsi) üçün. Həqiqətən Allah qüvvətli və yenilməz qüdrət sahibidir.
26. Həqiqətən Biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik (məqamını) və (səmavi) kitabı o ikisinin nəsilində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldilər, çoxu isə itaətsiz idilər.
27. Sonra onların arxasınca bir-birinin ardınca (digər) peyğəmbərlərimizi göndərdik. Və Məryəmin oğlu İsanı onların arxasınca göndərdik. Ona İncili verdik və ona tabe olanların qəlblərinə (öz aralarında) rəhm və mehribanlıq saldıq. Və özlərindən Bizim onlar üçün qərara almadığımız (tərkidünyalıq və ibadət üçün insanlarla əlaqələri kəsməkdən ibarət olan) rahiblik icad etdilər. Lakin (həmin seçim) Allahın razılığını əldə etmək üçün idi ki, ona da layiqli şəkildə riayət etmədilər. Beləliklə Biz onların iman gətirənlərinə muzdlarını verdik və onların çoxu fasiq idilər.
28. Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə Cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır.
29. Kitab əhlinin (peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə (s) iman gətirməyincə) Allahın lütfündən bir şey əldə etməyəcəklərini, [yaxud: kitab əhlinin möminlərin Allahın lütfündən bir şey əldə edə bilməyəcəklərini və hər şeyi özlərinə məxsus edə biləcəklərini güman etməmələri,] həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir.
Dostları ilə paylaş: |