Əl-Fatihə surəsi



Yüklə 2,91 Mb.
səhifə60/73
tarix24.05.2018
ölçüsü2,91 Mb.
#51309
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

Əl-Cumə surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Göylərdə və yerdə nə varsa (hamısı), (bütün varlıq aləminə) hökmran, (hər bir eyb və nöqsandan) pak, yenilməz qüdrət sahibi və (yaradılış mərhələsində) gözəl yaradan, (şəriətdə) mətin olan Allaha daim (dil və hal ilə) zikr edir.

2. Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.

3. Və onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi və (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir.

4. Bu, (risalət) Allahın kərəmidir ki, onu istədiyinə verər və Allah böyük kərəm sahibidir.

5. Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri) neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər. Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir! Allah zalım qövmü doğru yola yönəltməz!

6. De: «Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız,)».

7. Halbuki onlar öz əlləri ilə törədib öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar və Allah zalımları(n halını) biləndir.

8. De: «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız. O da (dünyadakı) əməllərinizi sizə xəbər verəcəkdir».

9. Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir.

10. Və namaz qurtardıqda, yer üzünə dağılışın və Allahın kərəmindən istəyin (iş və ruzi dalınca gedin) və Allahı çox zikr edin, bəlkə səadətə yetişəsiniz.

11. (Lakin cümə namazına əhəmiyyət vermirlər) bir ticarət, ya əyləncə gördükdə, səni ayaq üstə (xütbə, ya namaz halında) buraxıb onun tərəfinə axışarlar. De: «Allahın dərgahında olan şey əyləncədən (malların şəhərə daxil olması zamanı çalınan musiqi və təbil səsindən) və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»


Əl-Munafiqun ‏ surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan.» Allah bilir ki, sən Onun Rəsulusan və həm də Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır (və öz əqidələrının əksinə olaraq şəhadət verirlər).

2. Onlar öz andlarını sipər etmişlər, beləliklə Allahın yolundan üz döndərmiş və camaatı da ondan (bu yoldan) saxlamışlar; doğrudan da etdikləri iş olduqca pisdir!

3. O (nifaq və pis əməl) buna görə idi ki, onlar (bəzi möcüzələri görməklə) iman gətirdilər, sonra isə kafir oldular (və münafiqlərə qoşuldular), beləliklə onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vuruldu, buna görə də başa düşmürlər.

4. Onları gördükdə (yaraşıqlı) cüssələri (boy-buxunları) səni heyrətləndirir və (elə yağlı dilləri var ki,) danışdıqları zaman sözlərinə qulaq asırsan, (amma imansız və mənəviyyatsız olduqları üçün) elə bil ki, dayaq verilmiş kötüklərdir! (Qorxaqlığın şiddətindən) hər bir fəryadın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər; onlar (həqiqi) düşməndirlər, onlardan özünü gözlə; Allah onları öldürsün! (Haqdan) necə və haraya döndərilirlər?!

5. Onlara: «Gəlin Allah Rəsulu sizin üçün bağışlanmaq diləsin,» deyildikdə (inkar və təkəbbür üzündən) başlarını bulayarlar, onları təkəbbürlə üz çevirən və başqalarını da düz yoldan saxlayan görərsən.

6. Onlar üçün bağışlanmaq istəsən də birdir, istəməsən də, əsla Allah onları bağışlamayacaqdır; çünki Allah fasiq qövmü doğru yola yönəltməz.

7. Onlar: «Allah Rəsulunun yanında olanlara heç bir şey verməyin ki, (qoy) dağılışsınlar»- deyən kimsələrdir. Halbuki, göylərin və yerin xəzinələri Allaha məxsusdur və lakin münafiqlər (bunu) anlamazlar.

8. Onlar deyirlər: «Əgər (bu döyüş səfərindən) Mədinəyə qayıtsaq, mütləq ən əzizlər ən zəlil olanları (münafiqlər dəstəsi Peyğəmbəri və yoldaşlarını) oradan çıxaracaqdır;» halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər.

9. Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır.

10. Və sizin hər hansı birinizi ölüm haqlayıb (dünyadan getmək anı çatanda): «Ey Rəbbim, niyə məni(m ölümümü) yaxın bir müddətədək təxirə salmadın ki, sədəqə verərək salehlərdən olaydım?!» – deməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin!

11. Və Allah heç bir kəsi(n ölümünü) – onun əcəli yetişən zaman – əsla təxirə salmaz və Allah nə etdiklərinizdən xəbərdardır.


Ət-Təğabun surəsi ‏


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. (Yer və göylər bir də) göylərdə və yerdə nə varsa hamısı Allahı (dil və hal ilə) zikr edir (onu hər hansı bir nöqsandan və eyibdən pak bilir), nüfuzlu əmr və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur, həmd-səna yalnız Ona layiqdir. (Hər bir sitayiş Ona qayıdır və həqiqi həmd-sənanı yalnız O Özü edə bilər.) O, hər şeyə (mütləq surətdə) qadirdir!

2. Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir. Allah (həm ürəkdə, həm də əməldə) etdiyiniz hər bir işi görəndir.

3. O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir.

4. Allah göylərdə və yerdə olan hər şeyi bilir, gizlətdiyinizi də aşkar etdiyinizi də bilir. Allah sizin ürəklərinizdəkini (beyninizdəki fikir və düşüncələri, ruhi xüsusiyyətlərinizi) biləndir.

5. Bundan öncə kafir olan kəslərin xəbəri sizə gəlmədimi? Onlar öz işlərinin zərərini və pis aqibətini daddılar, onlar üçün ağrılı bir əzab vardır!

6. O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır.

7. (Məkkə bütpərəstlərindən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır».

8. Elə isə, Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyiniz əməllərdən xəbərdardır.

9. Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!

10. Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!

11. Allahın (yaradılış) iradəsi olmadıqda heç kəsə bir müsibət üz verməz. (Bu həmin şəxsin öz günahları yaxud da varlıq aləminin kamil nizamı əsasında olar). Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir.

12. Allaha (şəriət işlərində) itaət edin və Onun Rəsuluna (vacibi əmrlərdə) itaət edin! Əgər üz çevirsəniz, Bizim Rəsulumuzun öhdəsinə düşən yalnız açıq – aşkar təbliğdir (insanları qəbul edib əməl etməyə məcbur etmək deyildir. Çünki bu, imamətin vəzifələrindəndir. Axirət əzabı vermək də onun vəzifəsi deyildir. Çünki bu, rübubiyyət məsələlərindəndir).

13. Yeganə (vücudu vacib olan) Allah, Ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər (iradə və istəkdən başqa özlərinə aid olan bütün işlərin baş verməsini yalnız Ondan bilməli və Onun öhdəsinə qoymalıdırlar).

14. Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir.

15. Həqiqətən, mal-dövlətiniz və övladlarınız (dünya zinəti olduqlarına və başınızı qatdıqlarına görə sizin üçün) ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır.

16. Allahdan bacardığınız qədər qorxun, (Onun dəvətini və əmrlərini) eşidin, itaət edin və (can və mal-dövlətinizdən Allah yolunda) sərf edin ki, bu özünüz üçün daha yaxşıdır. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr, məhz onlar səadətə qovuşanlardır!

17. Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, əməllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat - qat artırar və sizi bağışlayar. Allah qədirbilən (əməli qiymətləndirərək gözəl mükafatlandıran) və həlimdir.

18. Allah gizlini də aşkarı da biləndir, yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.


Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin