Əl-Bələd surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),
2. Sənin yerləşdiyin bu şəhərə;
3. Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kəbənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,
4. Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).
5. Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!
6. (Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!»-deyir.
7. Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!
8. Məgər Biz ona iki (görən) göz vermədikmi?!
9. Və (eləcə də) bir dil və iki dodaq(vermədikmi) ?!
10. Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!
11. Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.
12. Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!
13. (O) Bir qul azad etməkdir.
14. Yaxud qıtlıq və aclıq günü yemək verməkdir–
15. Qohum olan bir yetimə,
16. Və ya yerə sərilmiş bir miskinə!
17. Bunlardan əlavə, iman gətirən və bir – birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
18. Onlar xeyir – bərəkət və səadət əshabıdır (sahibləridir).
19. Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).
20. Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb – yandırması çoxdur, çıxış yolu isə bağlıdır).
Əş-Şəms surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun günəşə və onun şüasının vüsətinə,
2. And olsun (günəşin) ardınca çıxmaqda olan aya.
3. And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.
4. And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.
5. And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),
6. And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).
7. Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).
8. Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.
9. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!
10. Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!
11. Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.
12. Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman
13. Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!»
14. Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.
15. Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.
Əl-Ləyl surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə;
2. And olsun, cilvələnməkdə olan gündüzə.
3. And olsun erkəyi və dişini (Adəmi və Həvvanı, hər bir canlının erkəyini, dişisini və hər bir bitkinin erkəyini və dişisini) yaradana ki,
4. Həqiqətən, sizin səy və çalışmanız olduqca müxtəlifdir. (Bəzən bəxşiş, təqva və təsdiq üçün, bəzən isə xəsislik, özünü Allaha möhtac bilməmək və təkzib üçün çalışırsınız).
5. Amma kim (öz malından və var - yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa
6. Və Allahın vədlərini təsdiq etsə
7. Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar).
8. Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa
9. Və İlahi vədləri təkzib etsə
10. Tezliklə onu çətin bir yola hazırlayarıq (elə bir əhval – ruhiyyə verərik ki, təqva yolunu getmək ona çətin olar).
11. Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-dövlətinin ona heç bir faydası olmayacaq.
12. Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizədir.
13. Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.
14. Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.
15. Ora yalnız ən azğın kafir girər və yanar.
16. O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.
17. Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar).
18. O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir
19. Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,
20. O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).
21. Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.
Əz-Zuha surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun günəşin doğmasına və aydın gündüzə.
2. And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,
3. (Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.
4. Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.
5. Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.
6. Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)
7. Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.
8. Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.
9. Belə isə əsla yetimi alçaltma və qovma!
10. Və dilənçini (də) acıqla qovma.
11. Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).
Dostları ilə paylaş: |