Əs-Səcdə surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və eyni zamanda möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd – səlləllahu ələyhi və Alihi və səlləmə) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
2. Bu kitabın aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk – şübhə yoxdur.
3. Yoxsa (Məkkə müşrikləri): (Muhəmməd) Bunu (bu kitabı) özündən uydurmuşdur»- deyirlər. (Belə deyildir) əksinə, bu səndən öncə (İbrahim (ələyhissalam)ın, yaxud İsa (ələyhissalam)ın zamanından sonra) onlara bir qorxudan (peyğəmbər) gəlməyən bir qövmü qorxutmağın üçün sənin Rəbbin tərəfindən (nazil) olan həmin haqdır və (O) sabitdir. Bəlkə doğru yola yönəlsinlər.
4. Göyləri və yeri və onların arasındakıları altı gündə (altı gündüzdə, yaxud altı gecə və gündüzdə və ya altı dövrdə uzun bir müddətdə) yaradan, sonra isə (aləmin səltənət və tədbir) ərş(in)i hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz (qəyyumunuz) və şəfaətedəniniz (yaradılış işlərinin axınında bir vasitə) yoxdur. Məgər öyüd-nəsihət almırsınızmı?!
5. O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunar).
6. O uca məqam, qeybi də, aşkarı da bilən və yenilməz qüdrət sahibi və mehriban olan (Allah)dır.
7. O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır).
8. Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi.
9. Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükr edirsiniz.
10. (Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!» (Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər.
11. (Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»
12. Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq «Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə inananlardanıq!» - (deyəndə) görəydin.
13. «Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»
14. (Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı».
15. Həqiqətən, Bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd-nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd deməklə (Onu) təsbih edənlər, (Onu) hər bir eyib və nöqsandan pak (və uzaq) bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirər.
16. (Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.
17. Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!
18. Belə isə, məgər imanlı olanlarla fasiq olanlar eynidirmi? Əsla (onlar) eyni deyildir!
19. Lakin iman gətirib saleh əməllər edənlər üçün «Məva» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır.
20. Fasiqlərə gəldikdə isə olanların məskəni (cəhənnəm) odudur, hər zaman oradan çıxmaq istəsələr (qapılara və ya divarlara yaxınlaşsalar) oraya qaytarılarlar və onlara deyilər: «Dadın təkzib və inkar etdiyiniz odun əzabını!»
21. Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!
22. Öz Rəbbinin ayələri ilə öyüd – nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz mütləq günahkarlardan intiqam alanıq.
23. Şübhəsiz Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.
24. Səbr etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik.
25. Həqiqətən, sənin Rəbbin Özü Qiyamət günü onların arasında ixtilafda olduqları şey barəsində hökm verəcəkdir.
26. Məgər (bu) onları hidayət etmədimi, onlar uçun aydın olmadımı ki,onlardan öncə (indi) yurdlarında gəzib dolandıqları (və məhv olma nişanələrini və evlərinin viran qaldığını gördükləri) neçə-neçə dəstələri məhv etdik?! Həqiqətən, bu işdə (Allahın tovhidi və qüdrətinə dair) nişanələr vardır, məgər (onlar qəlb qulağı ilə) eşitmirlərmi?!
27. Məgər görmədilərmi ki, Biz suyu (yağış, çay, çeşmə və bulaq şəklində) otsuz yerə tərəf axıdıb, onun vasitəsilə heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk?! Məgər (onlar bütün bunları öz gözləri ilə və qəlblərinin gözü ilə) görmürlərmi?!
28. Və (müşriklər istehza ilə) dedilər: «Sizin bu qələbəniz nə vaxt olacaqdır, əgər düz danışansınızsa?!»
29. (Ya Peyğəmbər) de: «Fəth günü (əzabın nazil olma zamanı, yaxud Qiyamət günü) kafir olanların iman gətirmələrinin heç bir faydası olmaz və onlara heç bir möhlət verilməz!»
30. Belə isə (hələlik) onlardan üz döndər və (İlahinin vədini) gözlə ki, onlar da (sənin məğlubiyyətini, ya ölümünü) gözləyirlər.
Dostları ilə paylaş: |