Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,69 Mb.
səhifə2/31
tarix25.11.2018
ölçüsü3,69 Mb.
#84879
1   2   3   4   5   6   7   8   9   ...   31

BİRİNCİ MƏKTUB


6 Zilqədə 1329

1. Salam və dua.

2. Mübahisəyə icazə.

1. Böyük alim (əllamə) Əbdül-Hüseyn Şərəfüddin Musəviyə salam və Allahın rəhmət və bərəkəti olsun!

Mən bundan əvvəl heç vaxt şiələrin vəziyyəti və mötəqid olduqları inanclarına dair məlumat əldə etmək fikrinə düşməmiş, adət-ənənələrinə də bələd olmamışam. Çünki xüsusi məclislərində olmamış, ölkələrində yaşamamışam. Amma çox istəyirdim ki, onların alimləri ilə mübahisədə iştirak edim, fikirləri, axtarışları və istəkləri haqda dərindən bəhs etmək üçün onların arasında olum. Tale mənə sənin dərya tək varlığını aşkar etdikdən sonra, dodaqlarımı elminin sərin suyu ilə islatdı. Allah bu ləzzətli su ilə xəstəliyimi sağaltdı, yanğımı söndürdü. Cəddin Mustafanın (s) “elm şəhəri”nə və onun qapısı atan Mürtəzaya (ə) and olsun ki, mən sənin ləzzətli çeşmənin yanğısöndürən şərbətindən daha ləzzətli başqa bir şərbət tapmadım.

Mən siz şiələr barəsində eşitmişdim ki, guya siz sünni qardaşlarınızdan uzaqlaşır, onlardan yan gəzir, təkliyə qapanmaqla guşənişinliyə üstünlük verirsiniz və s. Amma mən səni üzügülər, mübahisədə dəqiq, bəhs vaxtı həvəslə fikir yürüdən, sözdə lətif və mehriban, mücadilə (mübahisə) vaxtı qüdrətli, məclis qayda-qanunlarına riayət edən və təqdirə layiq bir insan kimi gördüm. Deməli, şiə məzhəbinə qulluq edənlər xoşsöhbət olur və onlarla oturmaq hər bir ədibin arzusudur.

2. Mən indi sizin elm dəryanızın ucsuz-bucaqsız sahilində dayanıb, özümü onun dalğalarına vurmaqla oradan qiymətli incilər əldə etməyə icazə istəyirəm. Əgər icazə verirsinizsə, uzun müddət sinəmdə qövr edən çətin və dolaşıq məsələlərdən başlayaq. Düzdür, ixtiyar sizindir, lakin mən mübahisədə səhvlərdən başlamayacaq və eyib axtarmaq fikrində də deyiləm –mən nə tənə vuranam, nə də onu camaat arasında yaymaq istəyirəm– sadəcə itmiş bir şeyi axtarıram, yalnız həqiqəti tapmaq üçün bəhs edirəm. Əgər həqiqət aşkar olsa, onun ardınca getmək zəruridir, əks-təqdirdə, şairin dediyinə əməl etməliyik: “Biz, özümüzünkünü bəyənirik, siz də özünüzünkünü, halbuki (həqiqət bir olduğu halda) fikirlərimiz müxtəlifdir.”1 İcazə verin, iki mübahisəli məsələni müzakirə edək:

1. Dində (həm üsul, həm də füruda) imamətin yeri və sübutu (yəni, məzhəb məsələlərində kimə müraciət edilməlidir).

2. Ümumi surətdə qeyd olunan imamət və müsəlmanlara rəhbərlik – yəni, Peyğəmbərin (s) xilafəti.

Mən açıq imza əvəzinə məktubumun sonunda ixtisarla “S” hərfini yazıram, siz də “Ş” hərfini yazın.2 Lazım olan ehtiramı gözləməkdə buraxdığım hər cür səhv üçün əvvəlcədən bağışlanmağımı ümid edərək üzr istəyirəm. “S”

İKİNCİ MƏKTUB

6 Zilqədə 1329

1. Dua və salama cavab.

2. Mübahisəyə icazə.

1. Bizim mövlamız Şeyxül-İslama salam və Allahın rəhmət və bərəkəti olsun!

Məhəbbətlə dolu məktubunuz mənə çatdı, göstərdiyiniz lütf və mərhəmətə görə təşəkkür etməkdə dilim acizdir. Uzun illər keçsə də, bəzi vacib öhdəlikləri yerinə yetirmək mümkün deyildir.

Arzu və məqsədlərini mənə açdın, halbuki sən özün ümid gözləyənlərin qibləsi, pənah gətirənlərə nicat verənsən. Mən Suriyadan arzu atına minib, uzun məsafələrdən keçərək sənin elmindən bəhrələnmək, fəzilət yağışında islanmaq üçün qapına gəlmişəm və tezliklə, Allahın qoysa, arzu dolu ümidlə qayıdacağam.

2. Məndən mübahisə üçün icazə istəmisən. Mən bu icazəni sənə verdim, halbuki əmr və sahibi-ixtiyarsınız. İstədiyin şeyi soruş, nə istəyirsən de, fəzl, üstünlük, ədalətli qəzavət, haqqı batildən ayıran söz sənindir. Təşəkkür edirəm. “Ş”

BİRİNCİ BƏHS



DİNİ RƏHBƏRLİK

MƏZHƏBDƏ İMAMƏT


ÜÇÜNCÜ MƏKTUB

7 Zilqədə 1329

1. Nə üçün şiə, müsəlmanların yekdil cümhur məzhəblərinə tabe deyil (ardınca getmir)?

2. Bu gün həmişəkindən daha çox birliyə möhtacıq.

3. Pərakəndəliyi yalnız cümhur məzhəbləri ilə birləşməklə aradan qaldırmaq olar.

1. Mənim ilk sualım budur ki, nə üçün siz, müsəlmanların cümhur məzhəblərinə tabe olmursunuz, məqsədim üsuli-dində “əşairə” və fürui-dində dörd məzhəbdən biridir. Halbuki keçmişdən bəri saleh sələf etiqad və əməldə onların yolunu tutmuş, onları üstün bilmişlər. Bütün əsrlər boyu hamı bu fikrə mötəqid olmuşdur ki, əməldə onlara tabe olmaq lazımdır. Məzhəb başçılarının ədalət, ictihad, əmanət, paklıq, iffət, əxlaq gözəlliyinə malik olmalarında heç kimin şübhəsi olmamışdır.

2. Siz yaxşı bilirsiniz ki, bu gün bizim ülfət, ittihad və birliyə nə qədər çox ehtiyacımız var və İslam ümmətinin nizama salınması və birləşməsi sizin ümum müsəlmanların fikrinə tabe olmağınızla bağlıdır. Həmçinin yaxşı bilirsiniz ki, hələlik elə bir vəziyyətdəyik ki, din düşmənləri bizə qarşı qəlblərini kin və nifrət ilə doldurmuş, hər vasitə ilə bizi məhv etməyə çalışırlar. Onlar bu işi həyata keçirmək üçün müxtəlif planlar hazırlamış, daha da ayıq-sayıq olmuşlar. Lakin müsəlmanlar hələ də qəflət yuxusundadırlar. Elə bil ki, cəhalət və nadanlıq dəryasında əl-qol atır və düşmənlərə –özlərinə qarşı– kömək edirlər. Belə ki, öz vəhdət bayraqlarını parçalamış, firqələrə, dəstələrə bölünmüşlər. Bu firqələr də ki, biri o birisini yolu azmış sanır, başqa birisinin digərini görməyə gözü yoxdur. Beləliklə, it-qurd bizə tamah gözü ilə baxır, rahatca bizi ovlayırlar.

3. Məgər belə deyilmi? Allah sizi ittifaq və birlik yoluna hidayət etsin! Hər nə demək istəyirsən, buyur, de. Əmr et və arxayın ol ki, sözlərinə diqqətlə qulaq asacaq və onları yerinə yetirməkdə sənə tabe olacağam. Salam olsun sənə!

S”

DÖRDÜNCÜ MƏKTUB



8 Zilqədə 1329

1. Şəri dəlillər Əhli-beyt məzhəbinə təqlid etməyi (tabe olmağı) vacib hesab edir.

2. Cümhur məzhəblərinə təqlid üçün bir dəlil yoxdur.

3. Müsəlmanlar ilk üç əsrdə cümhur məzhəblərini tanımırdılar.

4. Bütün əsrlərdə hər kəsin ictihada imkanı vardır.

5. Pərakəndəliyi Əhli-beytin ehtiramını saxlamaqla birləşdirmək olar.

1. Üsuli-dində “əşairə”, fürui-dində isə dörd məzhəbdən başqa məzhəbə tabe olmağımız nə firqələr və ayrı-ayrı qruplara xatir, nə də dörd məzhəb imamlarının (başçılarının) ictihadına, onların ədalət, əmanət, saflıq və elminin yüksəkliyinə şübhəyə görədir. Əksinə, bir çox şəri dəlillər vardır ki, bizi Peyğəmbər (s) Əhli-beytinin dininə təqlid etməyə vadar etmişdir. Biz o kəslərin məzhəbinə təqlid etmişik ki, Peyğəmbər ocağında böyümüş, evləri mələklərin gediş-gəliş yeri, qeybdən gələn vəhyin məkanı olmuş, Qurani-kərim orada nazil olmuşdur. Bu səbəbdəndir ki, fürui-din və dini əqidələrdə, fiqh, üsul və onun qaydalarında, maarif, hədis, Quran və əxlaq elmində onları örnək bilmişik. Bu yalnız dəlil qarşısında, yalnız İslam peyğəmbərinin qarşısında itaətin nəticəsidir ki, biz də elə bu yolu seçmişik. Ona və Əhli-beytinə salam olsun!

Əgər dəlillər bizə Peyğəmbərin (s) Əhli-beyti ilə müxalifət etməyə icazə versəydi, yaxud əməldə başqa məzhəblər kimi azad qürbət qəsdi (Allaha yaxınlaşma niyyəti) mümkün olsaydı, biz də hər hansı məzhəbə əməl edər, beləliklə, dostluq peymanı və qardaşlığı möhkəmləndirərdik. Lakin, qəti dəlillər möminin yolunu bağlayır və onunla istəkləri arasında fasilə yaradır.

2. Bundan əlavə, cümhur məzhəblərinin üstün olmasına heç bir dəlil yoxdur. Xatırladığınız dörd məzhəbin rəhbərlərinin ictihad, əmanət, ədalət və əzəmətindən əlavə, onlara təqlid etməyin zəruriliyinə dəlalət edən heç bir dəlil tapmadıq. Halbuki siz yaxşı bilirsiniz, əzəmət, ictihad, əmanət və ədalət yanlız onlara həsr edilməyib. Belə olan surətdə, onlara təqlid etməyin zəruriliyi necə mümkün ola bilər?

Güman etmirəm, elə bir şəxs tapılsın ki, onları elm və əməldə bizim imamlarımızdan üstün bilsin, yəni, onları pak imamlarımızdan, nicat gəmisi, ixtilaflarda əmin-amanlıq mərkəzi olan “Hittə qapısı”, dinin hidayət bayraqdarları, Allah rəsulunun İslam ümməti arasında olan xələfləri və övladlarından üstün tutsun. Peyğəmbər (s) onların haqqında buyurmuşdur:

“Onlardan irəliyə keçməyin, yoxsa həlak olarsınız, onlara qoşulmaqdan çəkinməyin, yoxsa məhv olarsınız, onlara bir şey öyrətməyin, çünki onlar sizdən daha alimdirlər.”

Amma siyasət elə gətirdi ki, başqaları irəli sürüldülər. Yaxşı bilirsən ki, İslamın əvvəlində siyasət nəyi tələb edirdi, amma hara yönəldi. Çox təəccüblüdür, buyurursunuz ki, keçmişdəki pak adamlar bu məzhəblərə inanmış, onları başqa məzhəblərdən üstün tutmuş, bütün əsrlər boyu onlar kimi əməl etmişlər. Məgər siz bilmirsiniz ki, keçmişdəki pak adamlar və onlardan sonra gələnlər –yəni, müsəlmanların yarısını təşkil edən Ali-Məhəmməd (s) şiələri– Əhli-beyt imamlarının məzhəbinə, Rəsulullahın “səqəleyn”inə (Quran və Əhli-beyt) həmişə sadiq qalmış və bu yoldan azacıq da olsa, dönməmişlər?! Onlar Əli (ə) və Fatimə (ə) zamanından, dörd məzhəb imamlarının, hətta onların atalarının da heç birinin olmadığı zamandan indiyədək bu yol ilə getmişlər. Bu yəqin ki, sizin üçün gizli deyildir.

3. Bundan əlavə, müsəlmanlar ilk üç əsrdə dediyiniz məzhəblərsiz yaşamışlar. Bu məzhəblər yaranan dövrlər hara, birinci, ikinci və üçüncü əsrlər hara! (İlk üç əsr ən parlaq əsrlər sayılır.) Çünki Əşəri 270-ci hicri ilində anadan olmuş və təqribən 335-ci ildə dünyadan getmiş, Əhməd Hənbəl 134-cü ildə anadan olmuş, 241-ci ildə vəfat etmiş, Şafei 150-ci ildə anadan olmuş, 204-cü ildə vəfat etmiş, Malik1 95-ci ildə dünyaya gəlmiş, 179-cu ildə dünyanı tərk etmiş və Əbu Hənifə 80-ci ildə doğulmuş və 105-ci ildə vəfat etmişdir.

Amma şiələr isə elə İslamın əvvəlindən Əhli-beytin məzhəbinə inanmışlar. Çünki ev əhli evdə olan hər şeyi daha yaxşı bilir. Şiə olmayanlar isə səhabələrin və tabe olduqları məzhəb alimlərinin rəftarlarına əməl etmişlər. Belə olan surətdə, hansı dəlilə əsasən müsəlmanlar –ilk 3 əsrdən sonra– bu məzhəblərə əməl etməli, əvvəllər hamının qəbul etdiyi məzhəbə isə əməl etməməlidirlər? Allahın kitabı ilə eyni sırada və eyni qiymətdə olan şəxslərdən – Peyğəmbərin (s) qiymətli səfirlərindən, onun “elm xəzinəsi”, “nicat gəmisi”, “rəhbərlər”, “aman” və “hittə qapısı”ndan niyə üz döndərməlidirlər?

4. Üç əsr hamının üzünə açıq olan ictihad qapısının müsəlmanların üzünə möhkəm bağlanmağının səbəbi nə idi? Bu yalnız özümüzü məhrum etmək, cahillik və nadanlıqdan başqa bir şeydirmi?

Kim bu həqiqəti – Rəsulullahın peyğəmbərlərinin ən üstünü, dinlərin ən kamili və ən yüksək səmavi kitaba sahib olması, dinin onun vasitəsilə kamilləşməsi, ona bol nemətin verilməsi, bütün keçmiş və gələcək elmlərin ona öyrədilməsi inancını qəbul etdikdən sonra “lakin, bütün bunlar dörd məzhəb sahiblərilə tamamlanmış, onlar bu bəxşişləri mənimsəmiş və heç kəsə başqa yolla onu əldə etməyə icazə verməmiş” – fikrini söyləyə bilər?! Guya, İslam dini, onun kitabı, Peyğəmbərin buyuruqları, əməlləri və sair aydın dəlillər onların (dörd məzhəbin) xüsusi əmlakı kimimi qeyd olunmuş və o fikirlərə müvafiq olanlardan əlavə heç kimə bu nemətləri əldə etməyə icazə verilməmişmi?! Məgər onlar peyğəmbərlərin varislərimi idilər? Yaxud, Allah vəsilik və imaməti onlaramı vermişdi? Keçmiş və gələcək elmləri yalnız onlaramı öyrətmişdi? Yaxud, dünyada heç kəsə bəxşiş edilməyən şeyləri onlaramı bağışlamışdı? Heç vaxt! Onlar da digər alimlər və elm xadimləri kimi hamını Ona tərəf dəvət edənlərdəndir və heç vaxt dəvət edənlər elm xəzinəsinin qapısını heç kimin üzünə bağlamazlar. Onlar bunun üçün yaranmamışlar ki, ağıl və zəkaları zindana salsın, camaatın gözünü bağlasınlar. Onlar ürəkləri susdurmaq, qulaqları kar etmək, gözlərdən pərdə asmaq, ağızlara qıfıl vurmaq, əlləri və boyunları zəncirləmək, ayaqlara qandal vurmaq üçün yaranmamışlar. Şübhəsiz, iftiraçılardan başqa heç kəs bunu onlara aid etməz. Onların öz sözləri bizim fikirlərimizin doğru olmasına şahiddir.

5. İndi doğrudan da müsəlmanların pərakəndəliyi barədə bəhsə başlamağımızın vaxtı çatmışdır. Məncə, bu iş şiənin öz məzhəbindən əl çəkib cümhurun dörd məzhəbinə meyl etməsi, yaxud sünnə əhlinin öz məzhəbindən əl çəkməsi demək deyil. Əvvəlki söhbətlərdən aydın olduğu kimi, şiəni öz məzhəbindən əl çəkməyə dəvət edən təkliflər dəlilsiz təkliflər, ümumiyyətlə, mümkün olmayan təkliflərdir.

Bəli, müsəlmanların birliyi və ittifaqı o vaxt mümkün olar ki, siz Əhli-beyt məzhəbini azad elan edəsiniz və onu digər məzhəblərdən biri biləsiniz ki, hər müsəlman ona əməl edə bilsin. Beləliklə, Şafei, Hənəfi, Maliki, Hənbəli məzhəblərinə təqlid edənlərin (ardıcılları) Ali-Məhəmməd (s) şiəsi haqda olan fikri, başqa məzhəb ardıcıllarına olduğu kimi olsun.

Bu da gizli deyildir ki, sünnilərin dörd məzhəbi arasındakı ixtilafları, onların şiələrlə olan ixtilaflarından az deyildir. Bu sözün ən aşkar şahidi sünni və şiələrin üsul və füru barədə yazılmış minlərlə kitabıdır. Əgər belədirsə, bəs onda niyə sizinkilər müsəlmanlar arasında şayiə yayırlar ki, şiələr sünnilərə ziddir? Nə üçün demirlər ki, sünnilər şiələrlə ziddir? Nə üçün demirlər ki, bir dəstə sünnə əhli başqa bir dəstəyə ziddir. Əgər dörd məzhəbin olması mümkündürsə, nə üçün beşincisi mümkün olmasın? Necə ola bilər ki, dörd məzhəbin olması müsəlmanların ittifaqına səbəb olsun, amma elə ki, beşincisinə çatdı, ittifaqları dağılıb hərəsi bir səmtə yönəlsin (və bu iş onların parçalanmasına səbəb olsun)?!

Nə yaxşı olardı ki, siz bizi məzhəb vəhdətliyinə çağırdığınız vaxt, sünnilərin dörd məzhəbini də birliyə dəvət edəydiniz. Sünnə əhlinin dörd məzhəbi arasında ittihad yaratmaq sizlər üçün daha asan deyilmi? Məzhəb birliyinə dəvət etməyi niyə yalnız bizə aid edirsiniz?

Necə oldu ki, siz pərakəndəliyin səbəbini Əhli-beyt (ə) məzhəbinə tabe olanlarda gördünüz, amma məzhəbi, nəzəriyyəsi, təbiəti və istəkləri müxtəlif olan digər dörd məzhəb ardıcıllarını isə ürəkləri və məqsədləri birləşdirən amil hesab edirsiniz?

Sizin Peyğəmbər ailəsinə belə münasibət bəslədiyinizi təsəvvür belə etməzdim. Vəssalam.

Ş”

BEŞİNCİ MƏKTUB

9 Zilqədə 1329

1. Deyilənlərə etiraf.

2. Müfəssəl dəlilin tələbi.

1. Qiymətli məktubun çatdı. Geniş, fəsilləri kamil, anlamlı və yaxşı bir məktub idi. Qeyd olunan dəlillər möhkəmdir. Üsul və füruda cümhur məzhəblərinin ardınca getməyin vacib olmadığı bəhsin bəyanında deyilməmiş bir şey qoymamış, ictihad qapısının açıq olmasının sübutunda dəlilləri dolğunluğu ilə gətirmişsiniz.

Buna görə də məktubun, hər iki (dörd məzhəbə təqlid etməyin vacib olmaması və ictihad qapısının açıqlığı) məsələnin sübutu və dəlili nöqteyi-nəzərindən çox güclüdür, hər ikisi üçün gətirilən dəlillər doğru və anlaşıqlıdır, baxmayaraq ki, biz onları o qədər də açıq-aşkar tələb etməmişdik. Lakin özünüz bilən məsləhətdir.

Biz sizin sünni məzhəblərindən çəkinməyinizin səbəbini soruşmuşduq. Siz isə cavab vermisiniz ki, səbəbi yalnız şəri (şəriətdə olan) dəlillərdir, amma siz onları müfəssəl şəkildə sübut etməli idiniz. Buna görə də siz “kitab” (Quran) və sünnədən elə bir qəti dəlil gətirə bilərsinizmi ki, möminin yolu bağlanaraq, onunla istəkləri arasında hasar çəkilsin? Təşəkkür edirəm. Vəssalam.

S”

ALTINCI MƏKTUB



12 Zilqədə 1329

1. Əhli-beytin ardınca getməyin vacibliyinə dair dəlil.

2. Əmirəl-möminin (ə) Əhli-beyt məzhəbinə dəvət edir.

3. İmam Zeynəlabidinin (ə) bu barədə sözləri.

Siz –Allaha şükür– bir işarə ilə hər şeyi başa düşürsünüz və aşkar danışmağa ehtiyac yoxdur. Allah eləməsin ki, qəlbinizdə Əhli-beyt imamlarına qarşı şübhə olsun və ya ruhunuzda onları başqalarından əvvəl bilməkdə bir maneə əmələ gəlsin. Çünki onların şəxsiyyətləri olduqca aydındır – başqalarından üstündür və seçilirlər, keçmiş peyğəmbərlərin elminə Peyğəmbər (s) vasitəsilə varis olmuş, din və dünya əhkamlarını o həzrətdən almışlar.

1. Peyğəmbər (s) onları Allahın kitabı (Quran) ilə bir sıraya qoyaraq, ağıl sahiblərinə rəhbər, nifaq dəryasında tufan zamanı onları nicat gəmisi, düşmənçilik və biganəlik fırtınaları qalxan vaxt ümmət üçün əmin-amanlıq yeri, məğfirət qapısından daxil olmaq istəyənlər üçün “Hittə qapısı” və sarsıntı vaxtı ayrılığa yol verməyən pənah yeri etmişdir.

2. Əmirəl-möminin (ə) buyurmuşdur: “Hara, hansı tərəfə üz tutursunuz, haqqın bayraqları qaldırılmış, onun əlamətləri aşkar və hidayət çıraqları asılmışdır. Yolu itirmiş ikən, hara gedirsiniz? Nə üçün sərgərdansınız? Halbuki Peyğəmbərin (s) Əhli-beyti sizin aranızdadır. Onlar haq göstəriciləri, dinin bayraqdarları və doğru danışan dilləridir. Onları, Quranı qoruduğunuz ən yaxşı yerdə (ürəklərdə və pak qəlbinizdə) yerləşdirin, susuzlar kimi (sirab olmaq üçün) onların zülal çeşməsinə hücum edin.

Ey camaat, bu həqiqəti peyğəmbərlərin sonuncusundan öyrənin: “Bizdən kim ölsə, həqiqətdə ölməmiş, kim köhnəlsə, həqiqətdə köhnəlməmişdir.” Belə ki, bilmədiyiniz şeyi deməyin, çünki həqiqətlərin çoxu sizin inkar etdiyiniz şeylərdir və əleyhinə sübutunuz olmayan şəxsdən üzrxahlıq edin ki, elə onlardan biri mən özüməm. Məgər sizin aranızda “siqli-əkbər”ə (Quran) əməl edən,“siqli-əsğər”i (Əhli-beyt imamları) aranızda qoyan mən deyiləmmi?...”1

Yenə o həzrət buyurur: “Nəzərlərinizi Peyğəmbərinizin Əhli-beytinə tərəf yönəldin, onların getdiyi səmt ilə gedin, addımlarınızı onların ləpirlərinə qoyun. Onlar sizi hidayət yolundan kənara çıxarmaz və zillət mənzilinə sövq etməzlər. Sükut etsələr, siz də edin, qiyam etsələr, siz də edin. Onlardan qabaqda getməyin ki, yolu itirər və onlardan geridə qalmayın ki, həlak olarsınız.”2

Bir daha imam Əmirəl-möminin (ə) camaata xatırladır: “Onlar elmə həyat, nadanlığı məhv edir, səbirləri səni öz elmlərindən, zahirləri batinlərindən, sükutları məntiqlərindən agah edər. Haqqa zidd deyillər və ona qarşı çıxmazlar. Onlar İslamın dayağı və əmin-amanlıq pənahgahıdırlar. Onların vasitəsilə haqq öz yerinə qoyular, batil kökündən qopardılar. İlahi ayini onlar yaxşı bilir, onu yalnız eşidib başqalarına demək deyil, ona əməl edirlər. Belə ki, elmdən danışanlar çox, lakin onu dərk edənlər isə azdır.”3

Başqa bir xütbədə buyurur: “Onun (s) Əhli-beyti əhli-beytlərin ən yaxşısı, xanədanı xanədanların ən yaxşısı, vücudunun nəsil ağacları ağacların ən bəhrəlisidir. Allahın hərəmində kök atmış, səxavət və nəciblik diyarında dirçəlmişdir. Budaqları uzun, meyvələri boldur.”1

Yenə İmam (ə) buyurur: “Biz Peyğəmbər (s) elminin şüarı, səhabələri, xəzinələri və qapılarıyıq. Evə isə yalnız onun qapısından daxil olmaq olar. Qapısından daxil olmayan isə oğru sayılır.”

Yenə həmin xütbədə Əhli-beyt haqqında sözünə belə davam edir: “Qurani-kərimin ayələri onlar haqqındadır və onlar Allahın xəzinələridir. Danışanda sözləri doğru, susanda heç kəs onlardan qabağa düşməz. Karvan başçısı karvandakılara yalan deməməli, onları agah etməlidir.”2

Yenə buyurur: “Siz tərəqqi və hidayəti yalnız onu tərk edəni tanıdıqdan sonra tanıyacaqsınız. Quranın hökm və şərtlərinə yalnız inkar olunandan sonra istinad edəcəksiniz və kimsə tərəfindən Qurana əhəmiyyət verilməyincəyə qədər ona əl vurmayacaqsınız. Belə isə, bunları öz əhlindən soruşun, o kəslərdən ki, elmi dirildən, cəhalət və nadanlığın məhvidirlər. Onlar o kəslərdir ki, hikmətləri biliklərindən, sükutları məntiqlərindən, zahirləri batinlərindən sizi agah edər. Onlar dinə zidd deyillər. Quran onlar üçün doğru şahid və səssiz natiqdir.”3

O həzrətdən bu haqda bir çox başqa aydın buyuruqlar da çatmışdır ki, aşağıdakıları misal çəkmək olar:

“Bizim vasitəmizlə cəhalət və azğınlıq qaranlıqlarından hidayət olundunuz və bizim köməyimizlə tərəqqi zirvəsinə qalxdınız, səadət səhəriniz vücudumuzun şüaları ilə işıqlandı.”4

“Ey camaat, özü əməl edən vaizin (moizə edənin) vücudunun çırağı şöləsilə vücudunuzun çırağını yandırın və içində zərrə qədər də çirk olmayan çeşmədən su götürün.”5

“Biz nübüvvət ağacı, onun dayağı, mələklərin gediş-gəliş yeri, bilik mədənləri, hikmət çeşmələriyik, dostlarımızı rəhmət gözləyir, düşmənlərimizi isə ilahi cəza.”6

“Haradadırlar o kəslər ki, yalandan və zalımcasına özlərini elmin dirəkləri xəyal edirdilər? Görsünlər ki, Allah bizə necə uca məqam bəxş etdi, onları isə necə xar və zəlil etdi, bizə rəhmət, onları isə məhrum etdi. Bizdən hidayət hər yana yayılır və idraklar nur alır. İmamlar və rəhbərlər Qüreyşdəndir. Onların silsilə budağı Haşimdən şaxələnir. İmamət başqalarına layiq deyil, rəhbər və yol göstərənlər onlardan savayı başqası ola bilməz.”

İmamlara zidd olanlar haqda belə deyir: “Onlar bu dünya həyatını seçdilər. Axirətdən əl çəkib, saf və içməli sudan imtina edərək, qoxumuş və çirkli suyu içdilər.”7

“Sizdən hər kəs Allah, Peyğəmbər (s) və Əhli-beytin məhəbbəti və onları tanıyaraq yatağında belə ölsə, şəhid sayılar, Allah ona əcr verər. Saleh əməllər fikrində olan adama Allah tərəfindən savab veriləcək. O, saleh niyyəti ilə Peyğəmbərin (s) Əhli-beyti ilə bir yerdə qılınc çəkib, cihad edən kəs kimidir.”8

“Biz insanların ən şərəfliləri və nəcibləriyik. Bayraq və əlamətlərimiz peyğəmbərlərin bayraq və əlamətləridir. Bizim firqəmiz “Allah firqəsi”dir. Üsyançı dəstə isə şeytan firqəsindəndir. Bizi düşmənlər ilə bərabər sayan kəs bizdən deyildir.”9

Behişt cavanlarının seyyidi, Peyğəmbərin (s) nəvəsi imam Həsən (ə) öz xütbəsində buyurur: “Bizim barəmizdə Allahdan qorxun, çünki biz sizin əmiriniz və başçılarınızıq.”2

3. İmam Səccad Əli ibn Hüseyn (ə) يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ 3 “Ey iman gətirənlər, Allahdan qorxun və doğru olanlarla olun.” – ayəsini oxuyarkən, çoxlu dua edərdi. Bu dualar sadiqlərin (doğruların) və yüksək dərəcəlilərin məqamına çatmaq, onlara qoşulmaq arzusundan ibarət idi. Bu dualarda bidət qoyanların (dinə zid yeni qanun), yəni imamlardan və “nübüvvət ağacı”ndan uzaqlaşanların törətdiklərinə də işarə olunurdu. Məsələn, buyurur: “Başqaları bizim haqqımızda günah işlətdi, öz zidd əməllərini Quranın mütəşabeh (mənası oxşar və tam bəlli olmayan) ayələrinə əsaslandıraraq, onları istədikləri kimi şərh etdi və Peyğəmbərin (s) bizə münasibəti və haqqımızda söylədiyi şübhəsiz xəbər və hədisləri inkar etdilər.”; “Belə olduqda, bu millətin əlamət və nişanələri köhnəliyə meyl etdiyi və bu millətin biri-birilərini kafir adlandırdıqları surətdə, təfriqə və ixtilaflara alışdığı bir halda gələcək müsəlmanlar kimə pənah aparsınlar? Halbuki Allah-taala buyurur: “O adamlar kimi olmayın ki, pərakəndə oldular və aydın dəlillər və möcüzələr gətirildikdən sonra müxalifət etdilər.”4 Bəs, Allahın dəlillərini çatdırmaq və əhkamları izah etmək üçün kimə inanmaq olar? Quran ilə bir sırada olan, yol göstərən imamlardan – o işıqlı çıraqlardan, Allahın öz bəndələrinə olan bu höccətlərdən başqa kimi tanıyır və inanılası kimsə varmı? Allah insanları höccətsiz (dəlilsiz) və sərbəst (başlı-başına) buraxmamışdır. Onları tanımırsınızmı? Məgər siz onları risalətin mübarək şəcərəsindən olan budaqlar və Allahın günah və çirkinliklərdən tər-təmiz etdiyi pak şəxslər bilmirsinizmi? Məgər Allahın höccətləri o kəslər deyildirmi ki, Allah onları hər cür afətdən (səhv addımlardan) uzaqlaşdırmış, onlara qarşı dostluq və məhəbbəti Quranda vacib bilmişdir?”5

Bunlar imam Səccadın (ə) sözləridir. Bu sözlərə və Əmirəl-möminindən (ə) nəql etdiyim kəlamlara diqqət yetir! Görəcəksən ki, onlar şiə məzhəbini aydın şəkildə təcəssüm etdirmişlər. O iki böyük şəxsin sözlərindən bu bir nümunə idi və digər imamların da fikirləri eynilə belədir. Çünki onlar bir həqiqət əsasında birləşmişlər. Bir daha unutma ki, bizim bu haqda doğru xəbərlərimiz “mütəvatir”dir.6 Vəssalam. “Ş”

YEDDİNCİ MƏKTUB

13 Zilqədə 1329




Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin