20. Həbib ibn Əbu Sabit Əsədi Kahili Kufi.
O, tabelərindəndir. İbn Qüteybə “Maarif” kitabinda və Şəhristani “Miləl və Nihəl”də onu şiə şəxsiyyətlərindən hesab etmişdir. Zəhəbi “Mizan”da adını çəkmiş, “Sihahi-Sittə” rəmzini adının kənarında yazmış və bununla da onun hədislərini qəbul etmələrinə işarə etmişdir. “Sihah” yazanların hamısı onun hədislərini nəql etmiş və demişlər ki, İbn Müin və bir çoxları ona etimad etmişlər.
Mən deyirəm Dulabi onu yalnız şiə olduğu üçün mötəbər hesab etməmişdir. Lakin, doğrusu, İbn Övnün əməli məni heyrətləndirmiş və vəhşətə salmışdır, belə ki, Həbibdə eyib axtarmaq üçün bir yol tapmadığından, naçar ürəyi eyib axtarmaq həvəsində olduğundan onu “əvər” (gözü kor) təbiri ilə yad etmişdir. Halbuki gözdəki nöqsan nöqsan deyil, nöqsan nalayiq sözlərdə və söyüşlərdədir.
Siz “Səhih-Buxari” və “Səhih-Müslim”də Həbibin Səid ibn Cübeyr və Əbu Vaildən nəql etdiyi hədisləri müşahidə edə bilərsiniz. Lakin onun Zeyd ibn Vəhəb haqqındakı hədisi yalnız “Səhih-Buxari”də mövcuddur.”Səhih-Müslim”də o, Məhəmməd ibn Əli ibn Abdullah İbn Abbas, “Tavus”, Zəhhak Məşriqi, Əbül-Abbas ibn Şair, Əbu Minhal Əbdür-Rəhman, Əta ibn Yəsar, İbrahim Səd ibn Əbu Vəqqas və Mücahiddən hədis nəql etmişdir. Onun haqqında Şəbi və Suri vasitəsilə söylənmiş hədislər “Səhih-Müslim” və “Səhih-Buxari”də mövcuddur. “Səhih-Müslim”də yazılanlara əsasən Süleyman Əməş, Həsin Əbdül-Əziz ibn Siyah və Əbu İshaq Şeybani ondan hədis nəql etmişdir.
Həbib hicri-qəməri ilə 119-cu ildə vəfat etmişdir.
21. Həsən ibn Həyy.
Həyyin adı Saleh ibn Saleh Həmədanidir. Deməli, Həsən, Əli ibn Salehin qardaşıdır. Hər ikisi şiənin tanınmış şəxslərindən idi. Bu iki nəfər birlikdə anadan olublar (əkizdirlər), Əli bir qədər Həsəndən tez doğulub.
Heç kəs eşitməyib ki, Həsən onu adı ilə çağırsın, əksinə, həmişə ehtiram əlaməti olaraq künyəsi ilə səsləyib Əbu Məhəmməd deyərmiş və bunu İbn Səd “Təbəqat” kitabının altıncı cildində Əlinin şərhi-halında nəql etmişdir. Zəhəbi özünün “Mizanul-Etidal” kitabında hər ikisindən bəhs etmiş və Həsənin şərhi-halında demişdir: “O tanınmış şəxslərdən biri idi. Rəftarı şiə rəftarı idi.”
O, cümə namazını hökumət tərəfindən təyin olunmuş imamlarla qılmaz və zalım hökumətlərə qarşı qiyam etməyi lazım bilirdi.
İbn Səd “Təbəqat”ın 6-cı cildində onu xatırlayıb demişdir: “O, hədisdə etimad qazanmış, çoxlu hədis nəql etmiş və şiə məzhəbinə mötəqid olmuşdur.” İbn Qüteybə “Maarif” kitabında onu hədis əshabələrindən hesab etmişdir. “Maarif” kitabının axırında şiə şəxslərinin adını çəkəndə Həsəni onların sırasında yazmışdır. Müslim və “sünən” yazıçıları onun hədislərini nəql etmişlər. “Səhih-Müslim”ə əsasən Həsən, “Səmmak ibn Hərb”, “İsmail Südəyy”, “Əli ibn Cüd”, “Əhməd ibn Yunis” və bu təbəqənin başqa böyükləri ondan hədis öyrənmişlər. Zəhəbi “Mizanul-Etidal” kitabında onun şərhi-halında xatırladır ki, İbn Müin və başqaları ona etimad etmişlər və “Abdullah ibn Əhməd” atasından nəql edir ki, Həsən Şərikdən daha dəqiq və mətin idi. Zəhəbi xatırlatmışdır ki, Əbu Hatəm demişdir Həsən etimadlı, hafizəli və mətin idi.” Əbu Zərə demişdir: “Həsən özündə fiqh, ibadət və pəhrizkarlığı cəmləmişdi.” Nisai onu etimadlı bilmiş və Əbu Nəim demişdir: “Səkkiz yüz hədis söyləyəndən hədis yazmış və öyrənmişəm, lakin onların arasında “Həsən ibn Saleh” kimi fəzilətlisini görmədim.” Yenə demişdir: “Həsən ibn Saleh”dən başqa bir kəsi görmədim ki, ən azı bir məsələdə səhv etməmiş olsun.” Übeydə ibn Süleyman demişdir: “Məncə Allah Həsən ibn Salehə (bu qədər pak və saf olduğu üçün) cəza verməz.”
Yəhya ibn Əbu Bəkr, Həsən ibn Salehə dedi: “Meyyit qüslünu bizə şərh et. Həsən çox ağlamağın təsirindən onu izah etməyə qüdrəti olmadı.” Übeydullah ibn Musa deyir: “Mən Həsən ibn Salehə Quran oxuyarkən “kafirlərin cəzası barədə tələsmə...” – (Məryəm surəsi 84-cü ayə) cümləsinə çatanda birdən Həsən (qiyamətin cəzası qorxusundan) yerə yıxıldı. O, yerə sərilib xırıldayan inək kimi xır-xır edirdi. Qardaşı Əli onu qaldırıb, üzünü sildi, su səpdi və silkələdi (yavaş-yavaş təbii halına gəldi).” Vəki demişdir: “Həsən və Əli Salehin oğullarıdır. Bu iki nəfər və anaları gecəni üç hissəyə bölmüşdülər. Hər biri onun üçdə birində ibadət edirdi. Anaları vəfat etdikdən sonra onlar gecəni iki yerə böldülər. Əlinin vəfatından sonra Həsən bütün gecəni oyaq qalıb ibadət edərdi.” Əbu Süleyman Darani deyir: “Heç kəsi görmədim ki, (Allah və axirətdən) üzündəki xof və qorxu Həsənin üzündəki qədər aşkar olsun. O, bir gecə (namazda) “Nəbə” surəsini (axirətdən bəhs edir) deməyə başladı, huşunu itirdi və səhərə qədər onu tamamlaya bilmədi.”
O, 100-cü hicri-qəməri ilində dünyaya gəlmiş və 199-cu ildə dünyanı tərk etmişdir. Allah rəhmət eləsin.
22. Həkim ibn Üteybə Kufi.
İbn Qüteybə açıq-aşkar demişdir: “O, şiədir və “Maarif” kiatbında onu şiə şəxsiyyətlərindən hesab etmişdir.
Buxari və Müslüm onun hidəslərindən dəlillər gətirmişlər. Onun Əbu Cüheyfə, İbrahim Nəxəi, Mücahzid, Səid Bin Cübeyrdən nəql etdiyi hədilsərini “Səhih Buxari” və “Səhih Müslüm” də tapa bilərsiniz.
Və yenə “Səhih Müslüm”də yazılanlara əsasən Əbdür-Rəhman ibn Əbu Leyla, Qasim ibn Müxeymərə, Əbu Saleh, Zərr ibn Abdullah, Səid ibn Əbdür-Rəhman ibn Əbza, Yəhya ibn Cəzzar, Nafe, Mövla ibn Ömər, Əta ibn Əbu Ribah, Əmmarə ibn Ümeyr, Ərak ibn Malik, Şəbi, Meyiun ibn Mehran, Həsən Ərəni, Müsəb ibn Səd, Əli ibn Hüseyndən hədis nəql etmişdir. “Səhih Buxari”yə əsasən yalnız Əbdül Məlik ibn Əbi Ğünyə ondan rəvayət nəql etmişdir. Lakin “Səhih Müslüm”ə əsasən Əməş, Əmr ibn Qeys, Həmzə Zəyyat, Məhəmməd ibn Həcadə, Mütərrif və Əbu Əvanə ondan hədis nəql etmişlər. o, 30 yaşında 115-ci hicri-qəməri ilində vəfat etmişdir.
23. Həmmad ibn İsa Cuhəni, “Cöhfə”də qərq olmuşdur.
Əbu Əli özünün “Müntəhəl-Məqal” kitabında onu xatırlatmışdır. Həsən ibn Əli ibn Davud şəxsiyyətlərin şərhi-halına aid olan “Müxtəsər” kitabında onun şərhi-halını yazmışdır. Şəxsiyyətlərin siyahıları və “Möcəm” yazanların hamısı onu şiə alimi bilmişlər, hamı onu etimadlı, mətin bir şəxs və imamların əshabələrindən hesab etmişlər. O, imam Sadiqdən (ə) yetmiş hədis eşitmiş, amma iyirmidən artıq nəql etməmişdir. Onun elə kitabları vardır ki, şiə alimləri sənədlərlə daim ondan nəql edirlər.
Həmmad ibn İsa bir gün imam Kazimin (ə) hüzuruna nail olub həzrətə ərz etdi: “Sənə qurban olum, Allahdan istə ki, mənə bir ev, övrət, bir oğul, bir xadim və Həcci ömrümün bütün illərində əta etsin.” İmam (ə) əvvəl dedi: “Allahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd. Xudavənda! Ona bir ev, övrət, bir oğul, bir xadim və əlli dəfə Həcci əlli ildə mərhəmət et.” Həmmad deyir: “Əlli dəfə deyəndə başa düşdüm ki, ondan artıq yerinə yetirə bilmərəm. Hazırda qırx səkkiz ildir ki, hər il Həccə gedirəm. Bu da Allahın mənə verdiyi ev, o da pərdənin arxasında oturan övrətim, bu da oğlum, o da xadimim. Bunların hamısı Allahın mənə verdiyi ruzidir.”
O, bu sözdən sonra iki il də Həccə getdi və əlli dəfə Həcci tamam oldu. Bir ildən sonra yenə Əbül-Abbas Nofəli Qəsir ilə Həccə getdi. Ehram üçün (Cöhfədə) qüsl edən zaman sel gəlib onu apardı və qərq oldu.
Vəfatı 209-cu ildə oldu. Allah rəhmət eləsin.
O əslində Kufə əhli idi, lakin Bəsrədə yaşayırdı. Yetmiş ildən çox ömür sürmüşdür. Biz onun şərhi-halını “Müxtəsəril-Kəlam...” (“İslamın əvvəlində şiə müəllifləri haqda qısa söz”) kitabında yazmışıq. Zəhəbi onun hədislərini nəql etmiş, “sünən” yazıçılarına əlamət olaraq “T. Q.” işarəsini onun adının yanında yazmış və demişdir: “O, 208-ci ildə qərq oldu.” Bunu imam Sadiqdən (ə) rəvayət etmişdir. Sonra ona hücum edərək münasib olmayan məsələləri ona aid etmiş, beləliklə, hər kəs şiəliyinə görə onu zəif bilmiş və ona hücum çəkmişdir. Təəccüblüdür ki, Darü-Qütni onu zəif hesab etsə də, lakin özü onun hədislərindən dəlil gətirmişdir. كَذَلِكَ يَفْعَلُونَ Bəli, onların işi belədir.
24. Həmran ibn Əyən, Zürarənin qardaşı.
Hər ikisi şiə məzhəbinin məşhur və tanınmış şəxslərindən olub, şəriət və Quranı bilən, Ali-Məhəmmədin (s) elm dəryası, qaranlıqda çıraqları və hidayət bayraqları idilər.
Bu iki nəfər imam Baqir (ə) və imam Sadiqə (ə) möhkəm bağlı olub, Ali-Məhəmməd (ə) imamlarının qarşısında yüksək məqama malik idilər. Lakin Həmran haqqında Zəhəbi “Mizanul-Etidal” kitabında yazmış və adının yanında “Q.” rəmzini qoymaqla “sünən” əshabələrindən onun xəbərlərini nəql edən şəxsə işarə etmişdir. Sonra əlavə etmişdir ki, o, Əbu Tüfeyl və başqalarından hədis nəql etmiş və Həmzə Quranı onun yanında öyrənmişdir. O, Qurana tam agah idi.” İbn Müin onun haqqında deyib: “Mühüm deyildir.” Əbu Hatəm deyib: “O, ustad və böyük şəxsdir.” Əbu Davud deyibdir ki: “O rafizidir...”
“Xa”
25. Xalid ibn Müxəlləd Qətvani Əbu Heysəm Kufi.
O, Buxarinin “Səhih” də ustadı və şeyxidir. İbn Səd onun şərhi-halını “Təbəqat”ın altıncı cildinin 283-cü səhifəsində yazmış və demişdir: “O, açıq şəkildə şiə olduğunu bəyan edirdi. O, 213-cü il Məhərrəm ayının ortalarında Məmunun hökmranlığı zamanı Kufədə vəfat etdi. Şiəlikdə ifrata varmış, bir neçə nəfər ondan hədis öyrənmiş və yazmışlar...” Əbu Davud onun haqqında demişdir: “Çox düzdanışandır, lakin şiədir.”
Cüzcani demişdir: “O, açıq və qorxmadan öz müxaliflərini pisləyir, özünün pis məzhəbi (şiə məzhəbi) haqqında hər yerdə açıq şəkildə danışır və onu müdafiə edirdi. Zəhəbi onun şərhi-halını yazmış və İbn Davud və Cüzcanidən nəql etdiyimizi qeyd etmişdir. Müslim və Buxari “Səhih”lərində yeri gəldikcə hədislərindən dəlillər gətirmişlər. Onun Müğeyrə ibn Əbdür-Rəhmandan nəql etdiyi hədisləri, “Səhih-Buxari” və Məhəmməd ibn Cəfər ibn Əbu Kəsir, Malik ibn Ənəs, Məhəmməd ibn Musadan nəql etdiyi hədisləri “Səhih-Müslimdə müşahidə edə bilərsiniz. Lakin Süleyman ibn Bilal və Əli ibn Müshərdən nəql etdiyi hədislər hər iki Səhihdə mövcuddur. Buxari heç bir vasitə olmadan öz “Səhih”inin müxtəlif yerlərində ondan hədis nəql etmiş və Məhəmməd ibn Osman ibn Kəramə vasitəsilə ondan iki hədis qeydə almışdır.
Müslim də Əbu Küreyb, Əhməd ibn Osman Udi, Qasim ibn Zəkəriyya, Ədi ibn Həmid, İbn Əbu Şeybə və Məhəmməd ibn Abdullah ibn Nümeyr vasitəsilə ondan hədis nəql etmişdir. “Sünən” yazıçılarının hamısı onun hədislərindən dəlil gətirmişlər və məzhəbindən də yaxşı agahdırlar.
“Dal”
26. Davud ibn Əbu Ovf Əbül-Cəhaf.
İbn Ədi demişdir: “O, elə şəxslərdən deyildir ki, mən hədislərindən dəlil gətirəm, çünki o, şiədir və bütün rəvayətləri Əhli-beytin fəzilətlərinə aiddir...”
Fikirləş və təəccüb et! Süfyan Suri, Süfyan ibn Üyeynə, Əli ibn Abis və bu təbəqədən olan başqa rəhbərlər ondan hədis öyrənəndən sonra, doğrusu Nasibilərin (xüsusi əqidəyə malik olan bir qrup Əhli-beyt düşmənləri) sözü Davuda nə zərər yetirə bilər? Əhməd və Yəhya onu etimadlı biliblər. Nisai demişdir: “Nöqsanı yoxdur.” Hatəm demişdir: “Hədis nəql etməkdə düzdür.” Zəhəbi “Mizanul-Etidal” kitabında şərhi-halını yazmış və haqqında dediklərimizi nəql etmişdir.
“Sünəni-Əbu Davud” və “Sünəni-Nisai”də Əbu Həzim Əşcəi, Əkrəmə və başqalarından nəql etdiyi hədisləri oxuya bilərsiniz.
“Zal”
27. Zübeyd ibn Haris ibn Əbdül-Kərim Yami Əbu Əbdür-Rəhman.
Kufəlidir. Zəhəbi “Mizanul-Etidal”da adını çəkmiş və demişdir: “O, tabeinlərdən və şiələrin etibarlı şəxslərindəndir.” Sonra Qəttandan belə nəql edir: “O, dəqiq şəxsdir.” “Cərh və tədil” elminin (ravilərin yaxşı və pisliklərini müəyyən edən elm) bir sıra alimlərinin onu etimadlı bildiklərini nəql etmişdir.
Əbu İshaq Cüzcani onun haqqında bir sıra yerli-yersiz sözlər demişdir (belə ki, onun və digər nasibilərin adəti belədir): “Bir dəstə Kufə əhlinin məzhəbi camaat xalq tərəfindən qəbul olunmur. (Halbuki onlar) Əbu İshaq, Mənsur, Zübeyd Yami, Əməş kimiləridir ki, Kufə hədis yazanlarının başçılarıdır. Lakin düzdanışan və sədaqətli olduqları üçün camaat məcbur qalıb onları hədisdə etimad edir, amma “mürsəl” şəkildə (sənəd və ya sənədin müəyyən hissəsi olmayan) nəql etdikləri hədislərinə gəldikdə dayanırlar (şübhə edirlər).
Mülahizə edirsiniz ki, nəhayət haqq onun öz dili ilə yerini tapmışdır – haqq həmişə ya insaflı adamın, ya da düşmənin dili ilə qorunur. Doğrusu, onlar İslamda hədis yazanların rəhbərləri olduqları halda hansı irad onlara ziyan yetirə bilər? Doğrusu, qapılarında dayanıb onların elm, fəzl süfrələrindən ummağa möhtac olan bir nasibi Allah rəsulunun “səqəleyn”inə, onun “Hittə qapısı”na, Həzrətdən (s) sonra yer əhlinin əmin-aman yerinə və onun ümmətinin nicat gəmisinə mötəqid olanların məzhəbini bəyənməyərsə, onda onlar da əlbəttə, belələrinə əhəmiyyət verməzlər. Şair yaxşı deyib:
«اِذا رَضِيَتْ عَنّي كِرامُ عَشيرَتي فَلا زالَ غَضْباناً عَلَيَّ لِئامُها» “Tayfamın səxavətli, möhtərəm adamları məndən razı qaldıqları halda, alçaq adamlarının mənə qarşı kin-küdurətindən bir qorxum yoxdur.”
“Sihah” və “sünən” yazanların hamısı onların hədislərindən dəlillər gətirəndən sonra daha Cüzcaniyə və onun kimilərə etina etməyəcəklər. “Səhih-Buxari” və “Səhih-Müslim” əlinizdədir, Zübeydin Əbu Vail, Şəbi, İbrahim Nəxəi və Səd ibn Übeydədən nəql etdiyi hədisləri oxuya bilərsiniz. Amma Mücahiddən söylədiyi hədis yalnız “Səhih-Buxari”də mövcuddur. “Səhih-Müslim”də və onun Mürrə Həmdani, Müharib ibn Disar, İmarə ibn Ümeyr və İbrahim Teymi haqqındakı rəvayətlərini görmək və mütaliə etməyə dəyər. Şəbi, Suri və Məhəmməd ibn Təlhənin ondan nəql etdikləri hədislər “Səhih-Buxari” və “Səhih-Müslim”də vardır. Yenə də Züheyr ibn Müaviyə, Füzeyl ibn Qəzvan və Hüseyn Nəxəinin ondan söylədikləri rəvayətləri “Səhih-Müslim”də tapmaq olar.
Zübeyd 124-cü ildə rəhmətə gedib.
28. Zeyd ibn Hübab Əbül-Həsən Təmimi Kufi.
İbn Qüteybə “Maarif” kitabında onu şiə hesab etmişdir. Zəhəbi “Mizanul-Etidal” kitabında onun adını çəkmiş, Abid, Siğə və Səduq kimi vəsf etmişdir. Onun etimadlı olmasını İbn Müin və ibn Mədini tərəfindən nəql etmişdir. Əbu Hatəm və Əhməd onun düzdanışan olduğunu qeyd etmişlər. Yenə İbn Ədinin sözü ilə yazır: “Zeyd ibn Hübab ən pak kufəlilərdəndir ki, düzdanışan olmasına şübhə yoxdur.”
Mən deyirəm, Müslim onun hədislərindən dəlillər gətirmişdir. Onun Müaviyə ibn Saleh, Zəhhak ibn Osman, Qürrə ibn Xalid, İbrahim ibn Nafe, Yəhya ibn Əyyub, Seyf ibn Süleyman, Həsən ibn Vaqid, Əkrəmə ibn Əmmar, Əbdül-Əziz ibn Əbu Səlmə və Əfləh ibn Səiddən nəql etdiyi hədislər “Səhih-Müslim”də vardır. Yenə İbn Əbu Şeybə, Məhəmməd ibn Hatəm, Həsən Həlvani, Əhməd ibn Münzir, İbn Nümeyr, İbn Küreyb, Məhəmməd ibn Rafe, Züheyr ibn Hərb və Məhəmməd ibn Fərəcin ondan nəql etdikləri rəvayətləri orada görə bilərsiniz.
“Sin”
29. Salim ibn Əbül-Cəd Əşcəi Kufi. Übeyd, Ziyad, İmran və Müslim qardaşları olub, atası Əbül-Cəddir.
İbn Səd “Təbəqat”ın altıncı cildinin 203-cü səhifəsində onların hamısını xatırlamışdır. Müslimin şərhi-halında yazır: “Əbül-Cədin altı oğlu vardı ki, onlardan ikisi şiə idi, Salim və Übeyd. Onlardan ikisi də “mürciə” əqidəsini qəbul etmiş və iki nəfəri də Xəvaricin fikirlərinə inanırdı. Atası həmişə onlara deyərdi: Oğullarım, nə olubdur ki, Allah aranızda ixtilaf salıbdır?1”
Bir dəstə böyük şəxsiyyətlər və alimlər Salim ibn Əbül-Cədin şiə olmasını aydın şəkildə qeyd etmişlər. İbn Qüteybə “Maarif” kitabının 206-cı səhifəsində onu şiə hesab etmişdir. Şəhristani “Miləl və Nihəl” kitabında onu şiə bilmişdir. Zəhəbi “Mizanul-Etidal” kitabında Salimi tabeinlərin etimadlı şəxsi hesab edərək xatırlamışdır ki, onun Nöman ibn Bəşir və Cabirdən nəql etdiyi hədisləri “Səhih-Buxari” və “Səhih-Müslim”də vardır.
Mən deyirəm ki, onun Ənəs ibn Malik və Küreybdən nəql etdiyi hədislərini “Səhih-Buxari” və “Səhih-Müslim”də vardır və bu da tədqiqatçılara gizli deyildir. Zəhəbi deyir: “Onun Abdullah ibn Əmr və İbn Ömərdən nəql etdiyi hədisləri “Səhih-Buxari”də müşahidə etmək olar.
Mən deyirəm ki, onun Ümmi Dərdadan nəql etdiyi hədisləri “Səhih-Buxari”də mövcuddur və “Səhih-Müslim”də Mədan ibn Əbu Təlhədən və atasından nəql etdiyi hədisləri görmək olar. Əməş, Qütadə, Əmr ibn Mürrə, Mənsur, Həsin ibn Əbdür-Rəhmanın ondan öyrəndikləri rəvayətlər “Səhih-Müslim” və “Səhih-Buxari”də mövcuddur. Onun Əlidən nəql etdiyi hədisləri Nisai və Əbu Davud öz “Sünən”lərində yazıblar.
O, 97-98-ci ildə Süleyman ibn Əbdül-Məlikin hökmranlığı dövründə vəfat etmiş və 100 yaxud 101-ci il Ömər ibn Əbdül-Əzizin hökmranlığı vaxtı vəfat etdiyi də deyilmişdir. Allah daha doğrusunu bilir.
30. Salim ibn Əbu Həfsə İcli Kufi.
Şəhristani “Miləl və Nihəl” kitabında onu şiə hesab etmiş və Fəlas demişdir: “Zəifdir və şiəlikdə ifrata varmışdır...” İbn Ədi demişdir ki, Peyğəmbərin (s) Əhli-beyti haqqında ifrata vardığı üçün ona eyib tutublar, lakin mənim nəzərimdə eyibsizdir. Məhəmməd ibn Bəşir Əbdi deyir: “Salim ibn Əbu Həfsəni axmaq və uzun saqqallı gördüm, özü də necə! Deyirdi: Arzum budur ki, hər şeydə Əli əleyhissalamla şərik olam.” Hüseyn ibn Əli Cöfi demişdir: “Salim ibn Əbu Həfsəni uzun saqqallı və axmaq gördüm. Həmişə deyirdi: Ləbbeyk, ey Nəsəli öldürən, ləbbeyk, ey bəni-Üməyyəni öldürən, ləbbeyk!” Əmr ibn Zərr Salim ibn Həfsəyə demişdi: “Sən Osmanı öldürübsən!” Cavab verdi: “Mən?” Dedi: “Bəli, çünki sən onun qətlinə razısan.” Əli ibn Mədəni deyir: “Cərirdən eşitdim ki, deyirdi: Salim ibn Həfsəni tərk etdim (ondan uzaqlaşdım), çünki şiəliyi müdafiə edirdi.” Zəhəbi şərhi-halını yazmış və dediklərimizi qeyd etmişdir. İbn Səd “Təbəqat” kitabının altıncı cildinin 234-cü səhifəsində onun şərhi-halını yazmış və nəql etmişdir ki, o şiə məzhəbinə mənsub, inadkar şəxs idi. Salim, Bəni-Abbasın zamanında Məkkəyə gedəndə “Ləbbeyk, ləbbeyk ey bəni Üməyyəni öldürən, ləbbeyk!” – deyərkən onun gur və uca səsi hər yeri bürümüşdü. Onun səsi Davud ibn Əlinin qulağına çatanda soruşdu: “O kimdir?” Dedilər ki, Salim ibn Həfsədir və əqidəsi və fikrindən onu agah etdilər.
Zəhəbi “Mizanul-Etidal”da onun şərhi-halında yazır: “O, Əbu Bəkr və Ömərə irad tutanlardan və tənqid edənlərin başçılarından idi. Buna baxmayaraq Süfyan Suri, Süfyan ibn Üyeynə və Məhəmməd ibn Füzeyl ondan hədis öyrənmişlər və İbn Müin ona etimad etmişdir.
O, 137-ci ildə vəfat etmişdir.
31. Səd ibn Tərif İskaf Hənzəli Kufi.
Səd ibn Tarifin şərhi-halını Zəhəbi yazmış və “T. Q.” əlamətini adının kənarında qeyd etməklə ondan hədis nəql edən “sünən” yazıçılarına işarə etmiş və Fəlasdan nəql etmişdir ki, o, zəifdir və şiəlikdə ifrata varmışdır.
Mən deyirəm: Amma şiəlikdəki ifratı Tirmizi və başqalarının ondan hədis nəql etmələrinə mane olmamışdır. Buna görə də Əkrəmə, Əbu Vail, Əsbət ibn Nübatə, İmran ibn Təlhə və Ümeyr ibn Məmundan nəql etdiyi hədisləri və habelə onun haqqında İsrail, Həban, Əbu Müaviyənin nəql etdiyi rəvayətləri “Səhih-Tirmizi”də oxuya bilərsiniz.
32. Səid ibn Əşvə.
Zəhəbi “Mizanul-Etidal” kitabında onun haqqında demişdir: “Səid ibn Əşvə “Sh.–sad, ha” “X.” “M.” Kufənin qazisi, düzdanışmaqda məşhurdur.” Nisai demişdir: “O, eyibsizdir. Səid ibn Əmr ibn Əşvə, Şəbinin yoldaşıdır.” Cüzcani yazmışdır: “O, yolunu azmış, inadkar, şiəlikdə qatı ifrata varandır...”
Mən deyirəm: Buxari və Müslim öz səhihlərində hədislərinə istinad edirlər və onun Şəbidən nəql etdiyi hədis hər iki Səhihdə mövcuddur. Zəkəriyya ibn Əbu Zaidə və Xalid Həzza “Buxari” və “Müslim”də olan rəvayəti nəql ediblər. O, Xalid ibn Abdullahın hakimiyyəti zamanında vəfat etmişdir.
33. Səid ibn Xeysəm Hilali.
İbrahim ibn Abdullah ibn Cüneyd deyir: “Yəhya ibn Müinə dedilər: Səid ibn Xeysəm şiədir. Onun haqqında fikriniz nədir? Cavab verdi: Şiə olsun! O, etimadlı adamdır.” Zəhəbi “Mizanul-Etidal”da onun adını çəkmiş, bu eşitdiyim sözləri həmin məzmunda İbn Müindən nəql etmişdir. “T.” və “N.” rəmzlərini adının yanında yazmaqla öz səhihlərində Səid ibn Xeysəmin hədislərindən nəql etdiklərinə işarə etmişdir.
Zəhəbi xatırlamışdır ki, o, Yəzid ibn Əbu Ziyad və Müslim Mollaidən rəvayət nəql etmiş və qardaşı oğlu Əhməd ibn Rəşid ondan rəvayət nəql etmişdir.
34. Sələmə ibn Fəzl Əbrəş, Rey şəhərinin qazisi.
O, İbn İshaqın “Məğazi” (cənglər) kitabının rəvayətçisidir. Künyəsi Əbu Abdullahdır.
“Mizanül-Etidal”da Sələmənin şərhi-halında yazıldığı kimi, İbn Müin demişdir: “Rey əhlindən olan Sələmə Əbrəş şiə olmuş və bir çox kitablarda ondan rəvayətlər nəql etmişlər ki, onları qəbul etmək olar.” Əbu Zərə yenə “Mizan”da olduğu kimi, deyir: “Rey camaatı pis əqidəsinə görə onu sevmirdilər (ondan xoşları gəlmirdi).”
Mən deyirəm: Onu sevməməyin səbəbi, onların Peyğəmbərin Əhli-beyti haqqındakı pis fikir və əqidələri olmuşdur.
Zəhəbi “Mizanül-Etidal” kitabında onun haqqında yazmış və “Əbu Davud” və “Tirmizi” rəmzini adının yanında qeyd etməklə ona etimad edərək hədislərini öz kitablarında yazdıqlarını bildirmişdir. Zəhəbi deyir: “O, təqvalı və ibadətkar adam idi. O, 191-ci hicri-qəməri ilində vəfat etmişdir.”
O, İbn Müindən nəql edir ki, biz ondan bir çox məsələləri öyrənmiş və yazmışıq və onun “Məğazi” (cənglər) kitabından mükəmməl bir kitab yoxdur.
Zənic deyir: “Sələmədən eşitdim deyir: “Məğazi” kitabını iki dəfə İbn İshaqdan eşidib öyrəndim və “Məğazi”nin özü qədər ondan hədis öyrənib yazdım.”
35. Sələmə ibn Küheyl ibn Həsin ibn Kadih ibn Əsəd Xəzrəmi, künyəsi Əbu Yəhyadır.
Sünni alimlərinin bir qismi, o cümlədən İbn Qüteybə “Maarif” kitabının 206-cı səhifəsində və Şəhristani “Miləl və Nihəl”in 2-ci cildinin 27-ci səhifəsində onu şiə şəxsiyyətlərindən hesab etmişlər. “Sihahi Sittə” yazanlar və başqaları hədislərindən dəlil gətirmişlər.
Buxari və Müslimə görə o, Əbu Cüheyfə, Süveyd ibn Qəflə, Şöbə və Əta ibn Əbu Ribahdan hədis eşitmiş və öyrənmişdir. Buxarinin fikrincə, o yalnız Cündəb ibn Abdullahdan və Müslimin fikrincə Küreyb, Zərr ibn Abdullah, Bükeyr ibn Əşəc, Zeyd ibn Kəb, Səid ibn Cübeyr, Mücahid, Əbdür-Rəhman ibn Yəzid, Əbu Sələmə ibn Əbdür-Rəhman, Müaviyə ibn Süveyd, Həbib ibn Abdullah və Müslim Bətindən hədis eşitmişdir. Müslim və Buxarinin fikrincə, Suri və Şəbi ondan rəvayət nəql etmişlər. Buxariyə görə yalnız İsmail ibn Xalid və Müslimə görə Səid ibn Məsruq, Əqil ibn Xalid, Əbdül-Məlik ibn Əbu Süleyman, Əli ibn Saleh, Zeyd ibn Əbu Ənisə, Həmmad ibn Sələmə və Vəlid ibn Hərb ondan hədis nəql etmişlər.
O, 121-ci hicri-qəməri ilinin Aşura günündə vəfat etmişdir.
36. Süleyman ibn Sürəd Xüzai Kufi.
O, öz dövründə İraqın adlı-sanlı şiələrindən olmuşdur. Hamı onunla məsləhətləşirdi. Belə ki, İraq şiələri imam Hüseynə (ə) məktub yazarkən onun evinə toplaşmışdılar, O, “təvvabin” (imam Hüseynə (ə) yardım etmədiklərindən peşman olanlar) əmiri və sərkərdəsi, imam Hüseynin (ə) qanını (intiqamını) almaq istəyənlərdən idi. Dörd mindən ibarət imam Hüseynin (ə) intiqamını almaq istəyən bu qoşun 65-ci ilin rəbiüs-sani ayının ilk günündə “Nüxeylə”də düşərgə qurmuş və oradan Übeydullahın döyüşünə səfərbər edilmiş, “Əl-cəzirə” (Əlcəzair) ölkəsində onlarla üzləşmiş və qızğın döyüşdə hamı həlak olmuşdur. Süleyman özü “Eynül-Bərdə” mahalında Yəzid ibn Həsin ibn Nümeyrin oxu ilə şəhadət şərbətini içmişdir. Bu vaxt onun 93 yaşı var idi. Onun və Müseyyib ibn Nəcbənin başını Mərvan ibn Həkəm üçün göndərmişdilər.
Onun şərhi-halını İbn Səd “Təbəqat”ın altıncı cildində, İbn Həcər Əl-İsabənin birinci cildində, İbn Əbdül-Birr “İstiab”da və şərhi-hal yazanların hamısı onu xatırlamış və hamı ona fəziləti, dini və ibadətinə görə ehtiram etmişlər. O, yüksək xüsusiyyətlərə malik, xüsusi şərafət və məqamı olan bir şəxs idi və öz qəbiləsi arasında sözünün xüsusi təsiri vardı. Əmirəl-mömininin düşməni Hövşəbi “Siffeyn” döyüşündə qətlə yetirən də o idi.
O, Əhli-beyt (ə) düşmənlərini yollarını azmışlardan hesab edirdi.
Hədis yazanlar onun hədislərini nəql etmişlər. Onun Peyğəmbər (s) haqqındakı hədisləri vasitəsiz və ya Cübeyr ibn Mütəm vasitəsilə “Səhih-Buxari” və “Səhih-Müslim”də vardır.”Səhih-Müslim”də yazılanlara əsasən, Əbu İshaq Səbii və Ədi ibn Sabit ondan hədis nəql etmişlər. Süleyman bu iki kitabda yazılanlardan başqa Əmirəl-möminin (ə)”, İmam Müctəba (ə) və Übeyydən rəvayət nəql etmiş və bunlardan əlavə Yəhya ibn Yəmur, “Abdullah ibn Yəsar” və başqaları ondan hədis nəql etmişlər.
Dostları ilə paylaş: |