Elektron Hökumət – vətəndaşların ümid yeri
İbtidai icma, quldarlıq, feodalizm, sosializm, kommunizm və daha nələr... Bütün bunların mövcudluğunun əsas məramı, əsas məqsədi bir olub. Formasiyalardan bəziləri insanların yaşayışını yaxşılaşdırıb, bəziləri isə əksinə olaraq zülm və əzab-əziyyətdan başqa heç bir “xeyir”ə səbəb olmayıblar. Artıq 21-ci əsrdir və bəşəriyyətin düşüncəsi, əqli heş də yüzilliklər bundan əvvəl mövcud olduğu səviyyədə deyil. Əgər ötən zamanlarda geniş kütlələri idarə edən qüvvələr tələb olunurdusa, indiki dövrdə hər bir vətəndaş özünü və hüquqlarını dərk edərək müstəqil və asılılıq yaşamadan, kiminsə bir sözü, bir hərəkətin ucbatından problemlər yaşamadan öz şəxsi və iş həyatını tənzimləmək istəyir.
“Elektron hökumət” yeni eranın tapıntısı və eləcə də zamanın tələbidir.
Qeyd edək ki, “Elektron hökumət”in əsas məramıvətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və sərfəli formada, müasir texnoloji innovasiyalardan istifadə etməklə qurmasını təmin etməkdir.
Müəyyən mərhələlərdən sonra yaradılan elektron portal dövlət orqanlarının göstərdikləri elektron xidmətləri kompeks şəkildə özündə cəmləşdirməli və ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaratmalıdır.
İnsanların iş həyatını asanlaşdırmaq, onları müxtəlif lazımsız qayğılar və çətinliklərdən azad etmək üçün yeni vasitə kimi məhz “Elektron Hökumət” irəli sürüldü.
İlk olaraq ABŞ və Avropa, o cümlədən, bir neçə inkişaf etmiş ölkədə ilk dəfə tətbiq olunan “Elektron Hökumət” SSRİ adlı nəhəng dövlətin parçalanmasından sonra müstəqil siyasət, iqtisadiyyat qurmağa çalışan MDB və digər dövlətlərə çatdı. Bu proses digər dövlətlərlə nisbətdə ləng getsə də, nəhayət bu baş tutdu.
Sözsüz ki, hələ böyük çətinliklərlə qurulmuş ənənəvi hökumətlərin tez bir zamanda elektron hökumətlə tanışlığının gecikməsini normal qarşılamalıyıq.
Elektron hökumət anlayışı ötən əsrin sonlarından işlənməyə başlasa da, yalnız bir neçə ildir ki bizim ölkədə və qonşu dövlətlərdə geniş şəkildə yayıldı.
Məlumat üçün bildirək ki, Azərbaycanda "elektron hökumət" layihəsi üzrə bütün işlər "Elektron Azərbaycan" dövlət proqramına əsasən reallaşdırılır və mərhələlər üzrə həyata keçirilir. Azərbaycan MDB dövlətləri arasında "elektron hökumət" layihəsinin tətbiü edildiyi hələlik 4-cü ölkədir.
Hazırda elektron hökümətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır və həyata keçirilən proqram Azərbaycanda"elektron hökumət"in qurulmasının hazırlıq işlərinin 2008-ci ildə bitəcəyini və bundan sonra daha 4 il ərzində həyata keçəcəyini nəzərdə tutur.
Layihə üzrə aparılan işləri ayrı-ayrılıqda dəyərləndirməyə ehtiyac yoxdur, çünki onların hər biri əslində digər ölkələrdə olan təcrübə əsasında aparılaraq müəyyən nəticələrin əldə edilməsində əsas olmuşlar.
Ölkəmizdə həm özəl, həm dövlət sektorunda azad internet şəbəkəsinə çıxış təmin edilib. Bu göstərici isə elektron hökumətin hərtərəfli formada reallaşdırılmasını təmin edir. Belə ki, həm hökumət strukturları, həm özəl sektor adamları, iş aləmi və eləcə də vətəndaşların “elektron” ünsiyyətinə imkan var.
Birləşmiş Millətlər Təşkilatının 2014-cü ildə "Elektron Hökumət”in inkişaf səviyyəsinə görə apardığı tədqiqatınaəsasən, Respublikamız 193 ölkə arasında 68-ci yerdədir. Reytinq cədvəlində Azərbaycan bu sahədə daha çox təcrübəsi olan Serbiya, Çin, Bolqarıstan və s. ölkələrdən öndədir. Azərbaycanın geridə qoyduğu ölkələrdən biri də qonşu dövlət Türkiyədir. İki il ərzində böyük yol qət edən ölkəmiz, bu işə 11 il öncə başlamış Türkiyəni də qabaqlaya bilib. Buna baxmayaraq, qonşu olan Ermənistan 61, Gürcüstan isə 58-ci yerdə qərarlaşıb.
Millət vəkili Aydın Mirzəzadə ölkəmizdə elektronlaşma prosesini yüksək dəyərləndirərək realda bu istiqamətdə görüşlən işlərin effektivliyini vurğulayır. Onun fikrincə, hökumət nümayəndələri bu prosesə maraq göstərirlər.
“Elektron hökumət zamanın tələbidir, müasirliyin əsas keyfiyyət göstəricilərindən biridir. Azərbaycan iqtidarı , iqtidar partiyasından olan millət vəkilləri onun reallaşmasını öz vəzifələrindən biri kimi baxırlar. Onun təbiqi üçün çox böyük işlər görülür. qanunlar qəbul edilir, müfafiq texniki imkanlar yaradılır, cəmiyyət maarifləndirilir. Artıq ilkin nəticələr göz qarşısındadır. Vətəndaşlar hökumətin fəaliyyəti barədə operativ surətdə məlumat ala bilirlər, qaynar xətlər fəaliyyət göstərir, problem-operativ cavab həlqəsi təkmilləşir. ASAN xidmətin özü elektron hökumətin fəaliyyətinin bariz nümunələrindədn hesab edilə bilər. Çox iş görülüb, ancaq yendə bir çox işlər görülməlidir. Bu dayanmayan, təkmilliyinin sonu olmayan bir prosesdir. Düzdür, bəzi ölkələr BMT statistikasında bizdən öndədirlər. Ancaq bu statistika onların problemlərini azaltmayıb, onlara iqtisadi inkişaf gətirməyib, ölkələrində stabillik və inam yaratmayıb. Bizə stistika deyil, cəmiyyətin problemlərinin azalması gərəkdir”.
Hər bir normal dövlətin arzusu demokratik prinsiplərə söykənən cəmiyyəti qurmaq, ölkədə azad və sağlam düşüncə prinsiplərini bərqərar etməkdir. İnformasiya texnologiyalarının geniş şəkildə vüsət alması bu proses üçün əsl sıçrayış effekti yaratmış oldu. Lakin informasiya texnologiyaları demokratiyanın inkişafının təminatçısı deyildir. Bəli, bu texnologiyalar olsa da, əsas vəzifə onları düzgün formada tənzimləyərək cəmiyyətin bütün təbəqələri arasında özünəməxsus sərfəli şəkildə istifadə etməsinə şərait yaratmaqdır.
ABŞ təcrübəsində 90-cı illərdə elektron vəsiqə sisteminin tətbiqi məsələsi aktuallaşmaqla yanaşı həm də geniş müzakirələrə səbəb olmuşdu. Bildirək ki, elektron vəsiqə sisteminə görə, tibbi sığorta, sürücülük vəsiqəsi, hərbi bilet və digər vacib sənədləri bir elektron sənəd əvəz edirdi.
Bir çox dünya ölkələrində mövcud olankonkret insan haqqında külli miqdarda şəxsi və konfidensial məlumatların özündə ehtiva edən vahid hökumətə məxsus baza məlumatları ən təhlükəli silaha çevrirə bilər.
Bütün dünyada elektron hökümət quruculuğunun ən son mərhələsi kimi internet üzərindən səsvermə kimi demokratik vasitənin tətbiqi göstərilir.
Müasir dövrdə elektron nəslin formalaşması artıq bütün xidmət və fəaliyyətlərin internet üzərindən təqdim olunmasına ehtiyac yaradır.
Avropa Birliyinə üzvü olan bəzi ölkələrdə gənclərin seçkilərdə aşağı iştirak faizini müasir media, informasiya texnologiyaları vasitəsilə artırmaq mümkündür. Bu prosesin bizim kimi gənc və güclü iqtisadiyyata malik ölkələrdə tətbiq etmək mümkündür. Hər seçicinin səsinin əhəmiyyətli olması, seçkinin vətəndaşlara qərarvermə prosesində dolayısı ilə iştirak etmək üçün şərait yaratması, namizədlər barəsində obyektiv məlumatların çatdırılması baxımından elektron səsvermə və elektron seçki prosesinin tətbiqinin rolu misilsizdir. Artıq bir neçə Avropa ölkəsində elektron seçki sistemi uğurla tətbiq olunaraq, səsvermə mobil telefon vasitəsilə həyata keçirilir. Elektron seçki sisteminin daha sərfəli, asan və şəffaf, eyni zamanda, seçkisonrası verilən səsin yoxlanmasına şərait yaradan yenilik olması elektron demokratiyanın bərqərar olması baxımından böyük əhəmiyyətə malikdir.
Demokratik şəraitə malik dövlətlərdə cəmiyyət elektron resursların köməyi nəticəsində, elektron hökumətin verdiyi üstünlüklər vasitəsilə yuxarı dairələrə nəzarət edə bilir. Elektron hökumətin verdiyi geniş imkanlardan biri də budur. Qeyd etdiyimiz şəxsi və konfidensial məlumatlar cəmiyyətin problemləri ilə daha yaxından maraqlanmağa və xüsusən sosial və hüquqi müdafiə, habelə iqtisadi problemlərin həll edilməsini üçün effektiv rola malik olur.
Elektron quruculuğun özəlliklərindən biri də vətəndaşların, jurnalistlərin informasiya əldə etməsi üçün əlverişli şərait yaratmaqdan ibarətdir.
Gənc jurnalist, Azxeber.com portalının baş redaktoru Əfsələddin Ağalarov elektron hökumətin jurnalistlərə verdiyi imkanları və informasiyanın əldə edilməsində verdiyi üstünlüklərdən danışır.
“Elektron hökumət layihəsi informasiya cəmiyyətinin inkişafına hesablanmış bir layihədir. Təbii ki, bu layihənin əsas məqsədi vətəndaşlara göstərilən müxtəlif xidmərləri sadələşdirmək, şəffaflaşdırmaq və operativləşdirməkdir. Layihənin jurnalistlərin informasiya əldə etməsinə də müstəsna xidmətləri var. Bu layihəyə qədər hansısa bir icra orqanı ilə, hansısa yerli özünüidarə orqanları və rəsmi qurumlarla əlaqə saxlamaq, onlardan ətraflı məlumat öyrənib cəmiyyətə ötürmək üçün daha çox zamana ehtiyyacımız olurdu. Ancaq Elektron hökumət layihəsi bu prosesin sadələşməsinə və operativləşməsinə səbəb oldu”.
Ümumillikdə, elektron hökumətin inkişafının stimullaşdırılmasında əsas amal kimi vətəndaşların yuxarı dairələrlə əlaqəsini təmin etməkdir. Bundan əlavə, əsas məsələ təkcə əlaqəni yaratmaq yox, vətəndaşın bilavasitə dövlətin idarə edilməsi prosesində fəal iştirakını, ən azından görülən işlər, aparılan tədbirlər və yeniliklər üzərində daimi nəzarətini təmin etməkdir. Qərbdə müəyyən səviyyəyə çatmış elektron hökumət quruculuğunun son dayaq nöqtəsi məhz budur. Ölkəmizdə xüsusən bələdiyyə, icra orqanlarına bu yolla nəzarət etmək və onların əhali üçün faydalılığını artırmaq gündəmdə olan məsələlərdəndir.
Salyan rayonunda müəllim işləyən Zəfər Abışov minlərlə vətəndaş kimi yuxarı dairələrin apardığı işlər və real olaraq gördüyü tədbirlər haqqında məlumatlı olmaq istəyir. O bildirir ki, insanların daimi olaraq idarəetmədə iştirak etməsi sadəcə qeyri-mümkündür və bunu həll etmək üçün yeni yol tapılmalıdır.
"Mən 30 ildir ki, müəllim işləyirəm. Rayon mərkəzi yaşadığım yerdən xeyli uzaqdadır və gedib-gəlmək mümkün deyil. Bizim heç nədən xəbərimiz belə olmur. Bütün yenilikləri, sənədləşdirmə proseslərini yalnız şəhərə gedəndə həll edə və öyrənə bilirik. Əslində ölkədə hər cür imkanlar var, lakin o imkanları kitab kimi rəflərə əlifba sırası ilə düzmək lazımdır. Yalnız onda vətəndaş hər şeyi öz gözü ilə görə, idarəetmə prosesinə qoşula bilər. İndiki vəziyyətdə elektron hökumət yeganə ümidimizdir".
Məlumdur ki, Azərbaycan dövləti “Elektron Hökümətin” formalaşdırılması prosesinin 5-ci və sonuncu mərhələsinə çatıb. Bu mərhələnin sonunda hökumət bütün hüquqi və fiziki şəxslər, habelə sadə vətəndaşlar üçün onlayn formada sənəd mübadiləsi formasında e-xidmətlərin göstərilməsini həyata keçirəcək. Getdikcə bu proses daha çox populyarlıq qazanmaqdadır. Azərbaycan isə öz növbəsində qısa zaman ərzində böyük uğurlar əldə edib.
Bəli, vətəndaşımızın da dediyi kimi, Elektron hökumət portalı və ümumillikdə bu xeyir işin verəcəyi beten nəticələr yeganə ümid yeridir. Bu böyük layihənin özünü doğrultması isə elə biz vətəndaşlardan da asılıdır. Hər bir şəxs özünü bu işin bir parçası, hərəkətverici mexanizmi hesab edərək fəaliyyət göstərməlidir.
Rəşid Mustafazadə (Qasımov)
Qeydiyyat nömrəsi: 307
Dostları ilə paylaş: |