Elektron hökumət: Gələcəyə açılan qapı araşdirma



Yüklə 42,53 Kb.
tarix22.10.2017
ölçüsü42,53 Kb.
#10547

Elektron hökumət: Gələcəyə açılan qapı - ARAŞDIRMA

Əcnəbi turist kassa qarşısında...[b][/b]

Dərc edilib Dünən, 11:59


http://www.interpress.az/templates/default/files/toolsprint.gif






http://www.interpress.az/uploads/posts/2014-11/thumbs/big_1415605820_elektron.jpg

Bu gün, hətta bu həftə sizin üçün adi olmaya bilər. Çünki övladınızı uşaq bağçasına qoymaq istəyirsiz, bunun üçün isə ilk növbədə zəruri sənədləri toplamalı, sonra isə uşaq müəssisəsinə müraciət etməlisiz. Bütün bu prosesin sonunda alacağınız cavabın necəliyindən asılı olmayaraq azı bir həftənizi sərf edəcəksiz. Sizdən yaşayış yerindən arayışdan tutmuş sağlamlıq haqqında arayışa qədər ən müxtəlif sənədlər tələb edilir, amma bu da hələ son deyil. Getdiyniz bağçada müdirin yerinə olmaması, sonu görünməyən iclaslar, “yer yoxdur” cavablarını eşitməyəcəyiniz nə məlum? Deməli, azı bir həftə bu məsələ ilə məşğul olmalısız, bu isə həm vaxt, həm maliyyə, həm də əsəb itkisidir. Halbuki əksər ölkələrdə bu məsələ problem olmaqdan çıxaraq, hətta zövqə çevrilib. Valideynin kompyuterin arxasından qalxmadan övladının uşaq bağçası və ya məktəbə qeydiyyatı üçün müraciət etməsi mümkündür. Təbii ki “elektron hökumət” sayəsində... Bu barədə bir az sonra... 



Azərbaycan dünya reytinqində 80-cı yerdədir

Hələlik isə elektron xidmətin hər bir ölkənin inkişaf reytinqi üçün əhəmiyyətinə baxaq. Dünya Bankının oktyabrın 31-də yayılan yeni “Doing Business” hesabatında elektron xidmətlərin ölkələrin reytinqinə təsiri hesablanıb. Araşdırma 189 ölkəni, o cümlədən Azərbaycanı əhatə edib. Ölkələrin reytinqi aşağıdakı parametrlər üzrə hesablanır ki, bura biznesin açıqlığı, tikintiyə icazənin alınması, mülkiyyətin qeydiyyatı, kreditlərin alınması, elektron xidmətlərin əhatə dairəsi və s. daxildir. Siyahıya Sinqapur liderlik edir. Yeni Zellandiya, Honq-Konq, Danimarka, Cənubi Koreya, Norveç, ABŞ, Böyük Britaniya, Finlandiya və Avstraliya sonrakı yerləri tutur. Azərbaycan siyahıda 80-cı yerdədir. MDB məkanında Tacikistanın mövqeyi bir qədər yaxşılaşıb. Ötən il 92-ci yerdə qərarlaşan Rusiya indi 62-ci yerdədir. Bu nəticələrin əldə edilməsində elektron xidmətlərin böyük rolu var. Bütün dünyada sanksiyalarla üzləşən Rusiyanın dünya reytinqindəki yerinə müsbət təsir edən əsas amil də məhz elektron xidmətlərin artması olub. Xüsusən də mülkiyyət hüququnun tanınması üçün elektron ərizə qəbulu, 94 gömrük məntəqəsində avtomatik qeydiyyat aparılması təsirsiz ötüşməyib. Azərbaycan da öz mövqeyini müəyyən qədər yaxşılaşdırıb. Təbii ki, yenə elektron xidmətlərin sayının artması sayəsində. DB-nın hesabatına görə bu, bəyannamə və vergilərin ödənilməsinin elektron sisteminin təkminlləşdirilməsi sayəsində mümkün olub. Azərbaycan həmçinin sahibkarlıq fəaliyyətinə başlamaq üçün sənədlərin onlayn verilməsi təcrübəsinin təbiqinə başlamaqla bu il öz reytinqini artırıb. Hesabatda qeyd olunur ki, Azərbaycanda sertifikatların notariusdan onlayn qaydada alınması mümkündür. Amma bunlar arxayınlıq üçün əsas vermir. Çünki Azərbaycanda “elektron hökuməti” – ölkənin gələcəyə açılan qapısını hələ də bağlı tutmaq istəyənlər var. 

Haşiyə: Nazirlər Kabinet 24 noyabr 2011-ci il tarixli 191 saylı qərarı ilə “Elektron xidmət növlərinin Siyahısı”nı təsdiq edib. Siyahıda 446 xidmət yer alıb. İndiyə qədər siyahıdakı xidmətlərdən 388-i elektron xidmətə çevrilib və dövlət qurumlarının saytlarında, o cümlədən 359-u www.e-gov.az portalında yerləşdirilib. Dövlət qurumlarının göstərdiyi 58 xidmət hələ də elektronlaşdırılmayıb, dövlət qurumlarının elektronlaşdırdıqları xidmətlərin isə 29-u hələ www.e-gov.az portalına inteqrasiya edilməyib. 

52-dən 1-ə...

“Elektron hökumət” portalına ən çox sahə ilə inteqrasiya siyahısına baxdıqda DB-nin reytinqində irəliləməmizə səbəb olan amili daha yaxından görmək olar. Məhz Vergilər Nazirliyi ən çox, yəni 52 sahəni elektron hökumət portalına inteqrasiya etdirib. Sonrakı yeri 34 sahə ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, 31 sahə ilə Səhiyyə Nazirliyi tutur. Amma təəssüf ki, portala cəmi 1 sahə üzrə inteqrasiya edən nazirliklər də var ki, bu sırada məsələn XİN-in adını çəkmək olar. Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"na və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 24.11.2011-ci il tarixli qərarına əsasən XİN Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu, eləcə də xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət təklif etsə də, bunlardan ancaq sonuncusu “elektron hökumət” portalına inteqrasiya edilib. Başqa bir dövlər qurumu - Dövlət Miqrasiya Xidməti 10 istiqamət üzrə elektron xidmət göstərsə də onlardan ancaq biri - vətəndaşlıqdan çıxmaq haqqında müraciətləri “elektron hökumət” portalına inteqrasiya etdirib. Xaricdə yaşayan azərbaycanlılara elektron müraciəti vəd edən Diasporla İş üzrə Dövlət Komitəsi isə “elektron hökumət” portalında bu xidməti aktiv etməyib. Baxmayaraq ki, 16 aprel 2012-ci ildə Komitə sədri xaricdə yaşayan azərbaycanlılardan müraciətlərin qəbulunun elektron formada həyata keçirilməsini təmin edəcək sənədi imzalayıb. Satınalmalar üzrə Dövlət Agentliyi ötən ildən bəri bu sahə üzrə xeyli irəliləyib. Agentlik artıq 8 istiqamət üzrə elektron xidmət göstərir. Vətəndaşların tez-tez müraciət etdiyi başqa bir dövlət qurumu Daxili İşlər Nazirliyinin göstərdiyi elektron xidmətlər siyahısında isə 24 xidmətin adı var. Təbii ki, bunlar nazirliyin saytında elektron xidmət bölümündə yer alan xidmətlərdir. Bunlardan ancaq 2-i, cərimə balları və cərimələr haqqında məlumatı, həmçinin FİN-ə görə fərdi məlumatların axtarşı xidmətləri “elektron hökumət” portalı vasitəqsilə təqdim edilir. Halbuki DİN bu siyahını kifayət qədər artıra bilərdi.



Elektronlaşa bilməyən Maliyyə Nazirliyi

“Elektron hökumət” portalında “olmayan” dövlət qurumları ilə müqayisədə bəlkə də bir neçə xidməti bu portala inteqrasiya edən dövlət qurumlarına baxıb sevinmək olar. Məsələn, Müdafiə Nazirliyinin saytında (mod.gov.az) vətəndaşlardan elektron ərizələrin qəbulu həyata keçirilsə də, bu xidmət portala inteqrasiya edilməyib. Qonşu Rusiya təcrübəsinə nəzər yetirsək bir çox istiqamətlər üzrə elektron xidmətlər təklif edildiyini, ölkəmizdə isə bunun ancaq elektron müraciətlə yekunlaşdığını görmək olar. Portala inteqrasiya etməyən digər dövlət qurumu isə Maliyyə Nazirliyidir. Bu nazirlik elektron xidmətlərin təşkili sahədində sözün əsl mənasında geridə qalır. Nazirliyin internet saytında (maliyye.gov.az) elektron xidmətlər bölməsi var, amma məsələn sığorta fəaliyyətinə lisenziya alınması üçün müraciət etmək istəsəniz uzun müddət gözləməli olacaqsız. Maliyyə Nazirliyi indiyə qədər heç bir elektron xidmətini “elektron hökumət” portalına inteqrasiya etdirməyib. Nazirlikdən bunun səbəbini açıqlamasalar da, yaxın zamanda bu istiqamətdə fəaliyyətin müsbət nəticə vərəcəyini vəd edirlər. 



Əcnəbi turist kassa qarşısında...

Yaxud Nazirlər Kabinetinin hələ 2011-ci ildə təsdiqlədiyi siyahıya əsasən Mədəniyət və Turizm Nazirliyi 17 istiqamət üzrə elektron xidmətin tətbiqini reallaşdırmalı idi. Bura arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin, vətəndaşlar, hüquqi və fiziki şəxslər tərəfindən respublikadan kənara çıxarılması, həmçinin qaytarılması barədə müraciət olunan mədəni sərvətlərə icazələrin, mədəni və tarixi sərvətlərin respublikadan kənara çıxarılmasına icazələrin verilməsi, respublika ərazisindən kənara çıxarılan, müvəqqəti çıxarılan və qaytarılan mədəni sərvətlərin e-qeydiyyatı, vətəndaşların və hüquqi şəxslərin respublika ərazisində turizm xidməti sahəsində investisiya ilə bağlı layihələrin təqdim olunması, mədəniyyət və turizm üzrə dövlət investisiya layihələrinin və təsdiq olunmuş investisiya proqramlarının təqdim olunması, turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin və turistlərin səfərləri təşkil olunduğu ölkələrdə (yerlərdə) problemlər barədə e-müraciət, turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər üçün icazələrin, lisenziyaların verilməsi kimi xidmətlər daxildir. Hətta elektron biletin belə bu xidmətdən istifadə etməklə sifariş verilməsi nəzərdə tutulub. Hər halda hökumətin təsdiqlədiyi siyahıda bütün bu göstərilənlər yer alıb. Ancaq 3 ildən çox zaman keçməsinə baxmayaraq əhaliyə bu xidmətlərin heç də hamısı göstərilmir. Göstərilən xidmətlərin keyfiyyəti isə layihənin əhəmiyyəti ilə tərs mütənasibdir. Məsələn, nazirlik tərəfindən hüquqi və fiziki şəxslər üçün mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə inzibati reqlament aparılır. Amma nazirliyin elektron xidmətlərindən fərdi istifadəçi kimi elektron poçt vasitəsilə yararlanmaq mümkün deyil. Dəfələrlə cəhd etsək də ərizə şikayət və təkliflər üçün elektron müraciət mümkün olmadı. Həmçinin elektron bilet almaq istəyimiz də baş tutmadı. Nəzərə alsaq ki, Azərbaycanda turizmin inkişafi qarşıya məqsəd kimi qoyulub, o zaman vaxtını əvvəlcədən bölüşdürməyi sevən əcnəbi turisti bilet kassalarının qarşısında gözlətməməliyik. İndiki halda isə məsələn, Şirvanşahlar sarayını ziyarət etmək üçün elektron bilet almaq mümkün deyil. Sarayın internet səhifəsində böyük hərflərlə “Biletləri kassadan ala bilərsiz” deyə yazılıb. Nazirlik isə nəzərdə tutulan bütün elektron xidmətlərin reallaşdırılmasının yaxın zamanda mümkün olacağı vədini verir.



Müəllimlərin kompyuterlə tanışlığı elektron xidmətdən başlayır?

Hər bir ailənin və ölkənin həyatında təhsil mühüm rol oynayır. Hökumətin təsdiqlədiyi siyahıya əsasən Təhsil Nazirliyi 10 istiqamət üzrə elektron xidmət göstərməlidir. Bunların əksəriyyəti informativ xidmətlərdir- respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələri, həmin təhsil müəssisələrinə qəbul qaydaları, şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatlar, eləcə də ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin məktəbdaxili, milli və beynəlxalq qiymətləndirilməsi barədə məlumatların əldə edilməsi və s. Nazirliyin elektron xidmət sahəsindəki ən böyük uğuru ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün e-ərizələrin qəbulu və imtahan nəticələri haqqında məlumatların əldə edilməsindədir. Bu sahədə nazirliyin fəaliyyəti təqdirəlayiq hesab edilir. Valideyn -Müəllim Asossiasiyasının rəhbəri Təranə Şərifovanın sözlərinə görə, bu xidmətin təşkili işə qəbulla bağlı zaman-zaman ortaya çıxan söhbətlərə son qoyulması baxımından olduqca vacibdir. Digər tərəfdən müəllim kimi fəaliyyət göstərmək istəyən şəxslər elə ilk başdan informasiya-kommunikasiya texnologiyalarından istifadəni sınaqdan keçirmiş olur. Bununla yanaşı nazirlik ancaq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üzrə e-müraciəti və diplom haqında məlumatları “elektron hökumət” portalına inteqrasiya etdirib. 



BŞİH uşaq bağçalarında elektron xidməti mümkünsüz sayır

Ancaq yazının əvvəlində qeyd etdiyimiz məsələ- uşaq bağçasına qəbulla bağlı məqama məhz bu yerdə təkrar qayıdırıq. NK-nin təsdiqlədiyi siyahıda məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu üçün e-ərizələrin qəbulu xidməti məhz TN tərəfindən aparılmalı idi. Ancaq bu qərardan bir müddət sonra məktəbəqədər təhsil müəssisələri ilə bağlı yeni qərar verildi və paytaxt Bakıda bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətində yaradılan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə həvalə edildi. Deməli, elektron xidməti də artıq yeni yaradılan idarə həyata keçirməlidir. Nəzərə alaq ki, paytaxtda uşaq bağçaları ilə bağlı kifayət qədər ciddi problemlər var. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin araşdırmalarına görə, paytaxtdakı dövlət uşaq müəssisələri tam gücü ilə işləsə belə məktəbəqədər yaşlı uşaqların ancaq 50 faizini qəbul edə bilər. Bu isə bağçalara qəbulla bağlı haqlı narazılıqların yaranması deməkdir. Təhsil Nazirliyi bağçalara uşaq qəbulunun onun səlahiyyətləri daxilində olmadığını bildirərək bu xidmətin artıq BŞİH-də yaradılan İdarədə həyata keçirilməli olduğunu bildirir. BŞİH-də yaradılan idarədə isə bu barədə danışmağı ümumiyyətlə xoşlamırlar. İdarədən verilən məlumata görə, hökumətin təsdiqlədiyi sihayıda onların adı yoxdur və buna görə də e-ərizələrin qəbulu hələlik mümkün deyil. Deməli, yazının əvvəlində qeyd etdiyimiz kimi valideyn övladının bağçaya yazdırmaq üçün azı 1 həftə vaxt sərf etməlidir. Həm də təkcə vaxtını yox... Hər halda valideynlər arasında “uşağın bağçaya yazdırmaq universitetə göndərməkdən daha çətindir” deyimi geniş yayılıb. Amma qonşu Ruysiyada valideyn şəxsiyyətini təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə, tibbi arayış, psixoloji-tivvi-pedaqoji komissiyanın rəyini təqdim etməklə müraciəti bir gün ərzində qeydiyyata aldıra bilər. Qəbulla bağlı müraciətlər mart-may ayları ərzində, digər zamanlarda isə qruplarda boş yerlərə uyğun aparılır. Nəzərə alsaq ki, təkcə ötən il 120 minə yaxın uşaq bağçaya gedib, elektron xidmətin təşkilinin neçə min insanın üzünü güldürə biləcəyini təxmin etmək çətin deyil. 



Əlində qovluq məktəb qapısında

Digər maraqlı məqam şağırdlərin tam və ümumi orta təhsil məktəblərinə qəbulu üçün e-ərizələrin qəbulunun da hələlik “böyük maraq doğurmamasıdır”. Hökumətin təsdiqlədiyi siyahıda bu xidmətin də adı var və ancaq xidmət həyata keçirilmir. Məktəb direktorlarının sözlərinə görə, onlar nazirlikdə belə bir xidmətin olub-olmadığından xəbərsizdirlər və valideynlər birbaşa məktəbə müraciət edirlər. Çünki nazirlik hələlik həmin xidməti vətəndaşlara göstərmir. Məktəblərin sürətli internet təminatında da zaman-zaman ortaya çıxan problemlər bunu mümkünsüz edir. “Valideyn uşağını məktəbə yazdırmaq üçün direktorin adına ərizə, şəkil, yaşayış yerindən arayıb, tibbi dəyişmə vərəqəsi təqdim etməlidir. Yaşayış yerindən arayışı, yaxud uşağın qeydiyyatda olduğu poliklinikadan verilməli olan tibbi dəyişmə vərəqini elektron qaydaya ala biləcəkmi? Nazirlikdə ərizələr elektron qəbul edilsə belə bu barədə məktəbin məlumatlandırılması hansı formada həyata keçiriləcək? Çünki bunun üçün bütün məktəblərin sürətli internet təminatı və və İKT-dən istifadə bacarığına yiyələnən kadrı olmalıdır. Bunlar hələlik yoxdur və olsa belə valideyni bu xidmətdən istifadəyə sövq etmək xeyli zaman aparacaq” deyə adını çəkilməsini istəməyən məktəb direktoru bildirib. Deməli hələlik çıxış yolu sənəd qovluğu ilə məktəbdə direktorunun qapısı ağızında növbə gözləməkdir. 



“Məmurun üzünü görmədən...?”

Söhbət vətəndaşların elektron xidmətlər barədə məlumatlılığından düşmüşkən, bu sahədə hələ görüləcək çox iş var. Nəinki yaşlı, hətta gənc nəslin nümayəndəsini arayışı elektron formada almağın mümükünlüyünə inandırmaq çətindir. Sanki “məmur-vətəndaş” ünsiyyəti olmadan hansısa məsələnin həlli mümkün deyil kimi düşüncə hakimdir. Bu düşüncənin dəyişməsi üçün maarifləndirmə işlərinin genişləndirilməsinə və bu sahədə çalışan QHT-lərin yardımından istifadə zəruridir. Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini İltimas Məmmədov İnterpress.az-a bildirib ki, hazırda qurumun Məlumat Hesablama Mərkəzinin işçi qrupu bütün dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin monitorinqini aparır. Monitorinqlər zamanı məlumat bazaları və onların imkanları öyrənilir. Sonda nəticələr ümumiləşdirilərək “Elektron hökumət” portalı üçün konkret təkliflər hazırlanacaq. Nazir müavini ötən ilin yekunlarını xatırladaraq bildirib ki, portalda yerləşdirilmiş xidmətlərdən 735 min vətəndaş istifadə edib. 145 mindən çox şəxs “Elektron hökumət”i (e-gov.az) bəyənib. "Elektron Hökumət" portalının operatoru kimi Məlumat Hesablama Mərkəzi elektron xidmətlərdən istifadə səviyyəsinin artırılması üçün maarifləndirmə tədbirlərini də üzərinə götürüb. Mərkəzdən verilən məlumata görə, MHM texniki qoşulmaların, serverlərin və şəbəkənin təhlükəsizliyini təmin etməklə yanaşı, daima sosial tələbat olan sahələri, xidmətləri öyrənir. Bu xidmətlərin maksimum sadələşdirərək elektron şəkildə vətəndaşlara təqdim olunması barədə təkliflər irəli sürür, ictimai sferanın sosial təlabatlarını obyekt seçərək vətəndaşlara çoxfunksiyalı portal təqdim edir. "Elektron Hökumət" portalında qeydiyyatsız xidmətlər, qeyri-rezident, sahibkar, vətəndaş kimi qruplar əlavə edilir, "Mənim xidmətlərim", "Əks Əlaqə", "Müraciətlər" bölməsinin yaradılıb. Həmçinin “Elektron hökumət” portalı barədə maarifləndirmə tədbirləri, seminar və treninqlər keçirilir. Maarifləndirmə tədbirlərinə ehtiyacın olmasını vurulamaq hələ o demək deyil ki, xidmətlər barədə məlumatı olanlar azdır. 



Evdə “asan xidmət”...

İnterpress.az-ın keçirdiyi sorğu göstərir ki, xidmət barədə məlumatı olanlarla yanaşı, təkliflərini səsləndirənlər də var. Bura əsasən yaşayış yeri, diplom barədə elektron arayışın verilməsi daxildir. Mənzil itismaq sahələrinin qarşısında dayanmaq istəməyən vətəndaşlar bu xidmətin artıq elektronlaşdırılmasının zamanının çatdığını bildirirlər. Daha bir təklif isə Asan Xidmətdə elektron xidmətlərin təşkilidir. Gürcüstan vətəndaşı olan Əzizağa İsmayılovun szölərinə görə, Gürcüstanda Azərbaycandakı Asan Xidmətin analoqu sayıla biləcək Ədliyyə Evi fəaliyyət göstərir. 2011-ci ildə yaradılan bu dövlət qurumu dövlət xidmətlərinin göstərilməsi məqsədi daşıyır: “İstəniln vətəndaş bu "evdə" şəxsiyyəti təsdiq edən sənəd və ya nikah haqqında şəhadətnamədən tutmuş biznesinin qeydiyyatına qədər xidmətlərdən yararlana bilər. Həm də evində kompyuterin arxasından qalxmadan. Bundan başqa dövlət qurumlar arasında informasiya mübadiləsi aparılması üçün şərait yaradılıb. Əgər vətəndaşın 2 idarədə işi varsa bir müraciət vasitəsilə həmin qurumlar öz aralarında rəsmi yazışmaları həyata keçirir”. Azərbaycanda kifayət qədər müsbət iş təcrübəsinə malik olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) də xidmətlərin elektronlaşdırılması prosesinin sürətləndirlməsinə tövhəsini verəcək. Agentliyin yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvü, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün sözlərinə görə, ictimai əhəmiyyəti olan xidmətlərin siyahısı hazırlanıb. Artıq siyahıya 30-a yaxın xidmət daxil edilib. Nazirlər kabineti həmin siyahını təsdiqləyəcəyi təqdirdə yeni elektron xidmətlər əhalinin istifadəsinə veriləcək.



Ümumilikdə götürüldükdə 3 il müddətində “Elektron hökumət”in tətbiqi sahəsində görülən işləri müsbət dəyərləndirmək mümkündür. Təbii ki, bu qədər vacib qərarı “xidmət xatirinə xidmət” kimi görən dövlət qurumları və elektronlaşmaqdan çəkinən vətəndaşların düşüncə və əməllərində dəyişiklik yaratmadan qarşıya qoyulan məqsədə çatmaq, gələcəyin qapısını tam açmaq mümkün deyil. 

Elnarə ƏLOSMANQIZI
İnterpress.az 

Yüklə 42,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin