“Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər
Azərbaycan dilinə bir neçə il əvvəl gətirilmiş “elektron hökumət” ifadəsi artıq dilimizdə özünə yer tapa bilmişdir. “Elektron hökumət” nədir? Bu, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunmağa başladığı dövrdən etibarən meydana gəldiyindən, hər şeydən əvvəl, onun İKT-nin məhsulu olduğunu vurğulamaq lazımdır.
“Vikipediya” elektron ensiklopediyada “elektron hökumət”ə belə tərif verilir: “ Elektron hökumət” hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. “Elektron hökumət”in geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi və operativliyi yüksəldilir, əhali, biznes qurumları arasında əlaqələr asanlaşdırılır və sərbəstləşdirilir. “Elektron hökumət” vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır. Onun vasitəsilə yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Bu məqsədə nail olmaq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi vacibdir. Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin bir məkanda cəmləşdirildiyi “elektron hökumət” portalı “bir pəncərə” prinsipi əsasında yaradılır.
Artıq “e-hökumət” layihəsi uğurla həyata keçirilməkdədir. Bu layihə ulu öndər Heydər Əliyevin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyayaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “elektron Azərbaycan” dövlət proqramları çərçivəsində həyata keçirilir.
Bu layihənin həyata keçirilməsi ilə “elektron hökumət” sistemi formalaşdırılmışdır. Həmin sistem İKT-nin tətbiqi ilə dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti, idarəçilik keyfiyyətlərinin artırılmasını təmin etmək üçün vahid dövlət kompüter sistemini, hakim və qanunverici orqanların internet resurslarını, korporativ tipli dövlət idarəetmə sistemini, dövlət informasiya sistemlərini və s. özünə komponent kimi daxil etmişdir. Onun vasitəsilə vətəndaşların informasiya əldə etməsi üçün resurslardan bərabər qaydada istifadə edilməsi, elektron qaydada dövlət sifarişlərinin təminatı, nəzarət və maliyyə funksiyalarının məsafədən həyata keçirilməsi, idarəetmə qərarlarının qəbulunda operativliyin və effektivliyin artırılması, korrupsiya ilə mübarizə və s. kimi problemlər öz həllini tapmaqdadır.
Azərbaycan “elektron hökumət” layihəsinin reallaşdırılması üçün xeyli yol qət edib. Bu layihə bir neçə mərhələdə həyata keçirilir və bu mərhələlərin böyük bir qismi artıq reallaşmışdır. Hazırda hökumət bütün hüquqi və fiziki şəxslər, sadə vətəndaşlar üçün onlayn sənəd mübadiləsi formasında e-xidmətlərin göstərilməsini həyata keçirməkdədir.
Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının apardığı tədqiqatın nəticəsinə uyğun olaraq, 2014-cü ildə “elektron hökumət”in inkişaf səviyyəsinə görə dünya ölkələri üzrə reytinq cədvəlində respublikamız 193 ölkə arasında 61-ci yeri tutmuşdur. Qeyd edək ki, reytinqdə Azərbaycan bu sahədə daha çox illər təcrübəsi olan Serbiya, Çin, Türkiyə, Bolqarıstan və s. kimi ölkələrdən öndədir.
“Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) qəbul edilməsi ilə daha geniş vüsət almışdır. 2010-2012 və 2013-2015-ci illəri əhatə edən dövlət proqramları dövlətimizin bu sahəyə diqqət və qayğısının ifadəsidir. Bu proqramların reallaşması “elektron hökumət”in fəaliyyəti üçün zəruri olan normativ-hüquqi bazanın və infrastrukturların formalaşdırılmasına, elektron ödəmə sistemlərinin tətbiqinə, əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib və çevik formada həyata keçirilməsinə, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə və biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına əlverişli imkanlar yaratmışdır.
Bu sahədə münasibətləri tənzimləyən bir sıra mühüm sənədlər, o cümlədən Azərbaycan Respublikasının qanunları, dövlət standartları və təsnifatları qəbul olunmuşdur. Ölkədə elektron imzadan istifadənin təşkili üçün Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabrından dövlət orqanlarına, vətəndaşlar və sahibkarlıq fəaliyyəti subyektlərinə elektron imzaların verilməsinə başlanılmışdır. Elektron imzanın tətbiqi əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə, habelə elektron hökumətin və elektron ticarətin geniş nüfuz etməsinə xidmət etmişdir.
Ümumiyyətlə, “elektron hökumət” layihəsinin reallaşmasında RYTN-in Məlumat Hesablama Mərkəzinin xüsusi xidmətləri vardır.
Ölkəmizdə elektron hökumət, elektron dövlət, onun ayrı-ayrı komponentləri olan elektron parlament, elektron məhkəmə, elektron vergi və sairə —bunlar hamısı ümumilikdə bir məzmun kimi elektron Azərbaycanı gündəmə gətirir. Elektron dövlətin yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından istifadə edir. Mobil telefon texnologiyaları kimi artıq onlar özlərini bu texnologiyalardan kənarda hiss etmirlər. Yəni bu o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayıblar.
Hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkilinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan vermişdir. Fərmandan irəli gələn tapşırıqların icrasını təmin etmək üçün beynəlxalq təcrübə əsasında mərkəzi icra hakimiyyəti orqanlarının elektron xidmətlər göstərməsi üçün qaydalar işlənilmiş, xidmət növləri müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
Dövlət orqanları tərəfindən xüsusən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s.kimi xidmətlərin elektron formada göstərilməsi təmin edilmişdir. Bu say gündən-günə artır. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır.
Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir. Hazırda “elektron hökumət” portalına 40 dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların 380-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.
“ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə ən uğurlu hailiyyətlərdəndir.Bu mərkəzlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılmışdır. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
“Elektron hökumət” şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onların arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.
Bu yaxınlarda cənab Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da mühüm bəndlərdən biri məhz bu məsələyə həsr edilmişdir. Orada deyilir: “Elektron hökumət”in nüfuz dairəsi genişləndirilməli, göstərilən elektron xidmətlərin keyfiyyəti, əhatə dairəsi artırılmalı və onların tam avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi təmin edilməlidir"
İnformasiya cəmiyyəti yaradılması yolunda “elektron hökumət”in daha da təkmilləşdirilməsi vacib məsələdir və hazırda bu sahədə qazanılan nailiyyətlərin daha da inkişaf etdirilməsi vacibdir. Burada rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bu sözlərini diqqətə çatdırmaq istərdim: “2020-ci ilə dövlət orqanlarının bütünlüklə elektron xidmətlərlə əhatə olunması nəzərdə tutulur və bu, hökumətin fəaliyyətində şəffaflığın tam təmin edilməsində mühüm alət olacaq və sahibkarlara və vətəndaşlara qarşı mənfi halların və bürokratik maneələrin aradan qaldırılmasına xidmət edəcək.”
Ancaq onu da bildirmək lazımdır ki, “elektron hökumət”in yaradılması yolunda hələ də müəyyən problemlər qalmaqdadır. Ekspertlərin fikrinə görə bu sahədə ölkəmizin əsas problemi bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsidir. Əhali arasında elektron xidmətlər barədə maarifləndirmə hələ də zəif aparılır. Bunun üçün xüsusi maarifləndirmə proqramları hazırlanmalıdır. Bülletenlər nəşr olunub kütləvi şəkildə yayılmalı, televiziya və radio vasitəsilə xüsusi verilişlər hazırlanmalıdır. Kadr hazırlığına xüsusi diqqət yetirilməsi vacib məsələdir. Artıq bu sahədə müəyyən irəliləyiş hiss olunmaqdadır.
Bu gün Azərbaycan hökumətinin elektronlaşması üçün hər cür imkan var. Elektron xidmətlər təklif etmək üçün portal hazırdır, maliyyə var, ixtisaslaşmış kadr hazırlamaq imkanları da. O, cümlədən “elektron hökumət”in işini tənzəmləyən qanunlar da qəbul edilib. Düzdür, ayrıca qanun yoxdur. Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, ayrıca bir qanunun olması mümkün deyil. Çünki xidmət bir qanunla göstərilmir. Sadəcə, dövlət qurumlarının əsasnaməsində “elektron xidmət göstərilir” sözü yazılmalıdır. Qısası, fiziki xidməti elektrona çevirmək lazımdır.
Zaman keçdikcə dövlət qurumları daha aktiv elektron xidmət göstərdikcə yarana biləcək boşluqları aradan qaldırmaq olar. Əsas odur ki, bu sistem işə düşsün, onda çatışmazlıqlar ortaya çıxacaq.
“Elektron hökumət” sisteminin daha da inkişaf etdirilməsi və ölkəmizin bu sahədə dünya ölkələri arasında özünə layiqli yeri tutması üçün görülən məqsədyönlü tədbirlər və bu proseslərə dövlətimizin yaxından dəstəyi əminliklə söyləməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə uğurların miqyası daha da genişlənəcək.
Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Məqalə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elan etdiyi müsabiqəyə təqdim olunur.
Dostları ilə paylaş: |