Elektron hökuməT



Yüklə 43,64 Kb.
tarix21.10.2017
ölçüsü43,64 Kb.
#8083

ELEKTRON HÖKUMƏT”: PROBLEMLƏR, TƏKLİFLƏR – ARAŞDIRMA
Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Azərbaycanda “Elektron hökumət”in əsasının qoyulmasından 10 il ötməsinə baxmayaraq, hələki cəmiyyətdə “Elektron hökumət”ə qarşı münasibət birmənalı deyil. Cəmiyyətin müxtəlif təbəqələrində və müxtəlif yaş qrupunda olan insanlar “Elektron hökumət”ə keçidə fərqli münasibət bəsləyir.
Sadə vətəndaş Əli Hüseynov deyir ki, kompyuter gəldi-gəlmədi uşaqlarımızın “evi yıxıldı”. “Səhərdən axşamadək uşaqlarımız internet klublarda oyun oynayır. İndi uşaqları bu bəladan qurtarmaq mümkün deyil. Valideyndən aldıqları pulları internet klublara xərcləyirlər”.
Digər vətəndaş Məryəm Bağırova isə ölkədə internetin olmasını çox yüksək qiymətləndirir. O deyir ki, yoldaşım 10 ildən artıqdır Moskvada olur. “Əvvəllər həftədə bir dəfə zəng edərdi, ya yox. Ondan nigaran qalardıq. 2-3 il bundan öncə evə kompyuter aldı, internet çəkdirdi. Oğlum interneti yaxşı bildiyi üçün indi demək olar ki, hər gün skaypda danışa bilirik. Əvvəl mənə belə bir şey desəydilər, inanmazdım, nə edim, bisavad adamam. Amma öz gözlərimlə gördüm. Deməli bizim bilmədiyimiz hələ çox şey var”.
Başqa bir vətəndaş Eldəniz Məmmədov isə deyir ki, mən ali təhsilli müəlliməm. “Düzdür internetdən başım çıxmır. Qoca kişiyəm, öyrənə bilmirəm. Amma nə vaxt baxırsan ki, uşaqlar internetdədilər. Ölkədə baş verən maraqlı xəbərləri birinci internetdən oxuyurlar. Öyrədiblər bəzi xəbərləri mən də internetdən oxuyuram. Böyük oğlumu işə qoymaq istəsəm də o qədər pul istədilər ki, gücüm çatmadı. İnternetdə qurdalanıb bir gün dedi ki, dövlət qulluğuna sənəd verirəm, inanmadım. Dedim, əşşi, səni kimdi işə götürən?! Amma bir gün imtahan verib, gəlib dedi ki, Nəqliyyat Nazirliyində işə qəbul olundum. Əvvəl inanmadım, sonra aydın oldu ki, həqiqətdi. Artıq internet dövrüdü. Yaxşı bilməsəm də, bu yaşda mən də öyrənməyə çalışıram”.
Cəmiyyəti buna hazırlamaq lazımdı”
İstənilən yeniliyin öz xeyirli cəhətləri ilə yanaşı mənfi xüsusiyyətləri də olur. “Elektron hökumət”in də xeyirli cəhətləri ilə yanaşı zərərləri tezliklə gözə çarpmağa başladı. Kompyuter insanların ayrılmaz hissəsinə çevrildi. Günboyu kompyuter arxasında oturanlarda mənfi cəhətlər daha tez özünü büruzə verdi. Psixoloq Elnur Rüstəmov bildirir ki, günboyu kompyuter qarşısında oturmaq insanın əsəblərinə təsir edir. “Belə insanlarda qaraqabaqlıq, cəmiyyətdən qaçmaq halları və əsəbilik yaranır. Kompyuterdə insanı özünə bağlayan oyunlar, həmçinin maraqlı şeylər o qədər çoxdur ki, bəzən insan özünün də xəbəri olmadan elektron vasitələrdən asılı vəziyyətə düşür. Günboyu hərəkətsiz kompyuter arxasında oturmağın özü də insan sağlamlığına zərərlidir. Tənbəlliklə yanaşı, oynaqlarda duzlaşma əmələ gətirir. Bu hallar ondan irəli gəlir ki, cəmiyyət yeniliyə hazır olmur. İstənilən yenilik cəmiyyətə təqdim olunarkən onun müsbət cəhətləri ilə yanaşı mənfi cəhətlərini də göstərmək lazımdı. Bu gün internetin bizə təqdim etdiyi sosial şəbəkələr nə qədər ailənin dağılmasına, boşanmalara səbəb olub. Yeniliyə hazır cəmiyyətdə isə belə problemlər olmur, ya da az olur. Artıq demək olar ki, hökumət ölkədə cəmiyyəti internetə hazırlaya bilib. Son illər bu sahədə xeyli müsbət addımlar atılıb. Uşaqların 18 yaş üzərindəki saytlara girişi məhdudlaşdırılıb. İnternet üzərindən bir sıra işlər görmək olur. Daha çox gənc nəsil internetdən istifadə etsə də, yaşlı nəsildə də buna maraq oyanıb. Vaxtilə bir sənədi hazırlamaq üçün bir gün vaxt sərf olunurdusa, bu gün bunun üçün bir neçə dəqiqə lazımdır. Həmçinin insanların bir neçə gününü həsr edib müxtəlif sənədlər hazırlamasının yerini bir elektron sənədlə həll etmək tutursa, bu, insanlarda psixoloji üstünlük yaradır. Hazırda dünyada informasiya müharibəsinin olduğu və Qarabağ müharibəsinin internet müstəvisinə keçdiyi bir vaxtda bu müharibəni internet üzərindən aparmaq üçün psixoloji cəhətdən hazır olmalıyıq.
Azərbaycanın məşhur oftolmoloqu Paşa Qəlbinur isə ölkədə göz xəstəliklərinin artdığını, buna isə son dövrlər artan elektron cihazlardakı şüalanmanın səbəb olduğunu bildirir. P.Qəlbinur deyir ki, saatlarla kompyuter qarşısında oturmaq gözdəki buynuz qişasına təsir edir. Görməni zəiflədir. Gün ərzində kompyuter qarşısında oturan şəxs hər saatdan bir 5-10 dəqiqə fasilə verməlidir. Bununla yanaşı bu gün müxtəlif xəstəliklərin müasir elektron aparatlarla aşkar olunması, həmçinin müxtəlif ölkədən elektron yolla bir dəqiqəyə göndərilən analizlərə görə pasiyentin xəstəliyini müəyyən etmək elektron vasitələrin nə qədər güclü olduğunu bir daha göstərir. Son dövrlər Elektron hökumətin səhiyyə sahəsində uğurları danılmazdı. Uşaqların sağlamlıq kartı ilə təmin olunması dediyimizə əyani sübutdu.
AMEA Elmi İnnovasiyalar Mərkəzi, “İnformasiya Resurslarının Formalaşması Şöbəsi”nin müdiri Təmraz Təmrazov deyir ki, biz “Elektorn hökumət”lə bağlı müxtəlif tədbirlər, konfrans və seminarlar keçirib, cəmiyyəti təlimatlandırırıq. Düzdü, hələ də narazılıq edənlər, bu yeniliyi qəbul etməyənlər var. Çətindi deyib narazılıq edənlərin əksəriyyəti yaşlı nəslin nümayəndələridi. İndiki cavanlar müasir texnalogiyaları bilir. Yaşlı nəsli qınamıram, onların mühiti tamam ayrı mühitdi. Artıq yaşlı nəslin nümayəndələri də özlərini məcbur edib yavaş-yavaş yeni texnologiyalardan istifadə etməyə çalışır.
Elektron hökumət”in əsas fəaliyyət prinsipləri
Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;

İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;

İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;

Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.


Elektron hökumət”in üstünlükləri
“Elektron hökumət”in yaradılması və inkişafı vətəndaşların işini asanlaşdırmağa, bir növü hökumət və cəmiyyət arasında körpü rolunu oynamağa xidmət göstərir. Azərbaycanda 10 il əvvəl əsası qoyulan «Elektron hökumət» Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında» Sərəncamı ilə daha yüksək sürətlə inkişaf etdi. «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərman isə Azərbaycanda cəmiyyətin hökumətlə sıx əlaqədə olmasını labüdləşdirdi. Bir sıra dövlət orqanlarında elektron xidmətlərin yaradılması, bir sıra xidmətlərin isə Elektron hökumət portalına (e-gov.az) daxil edilərək, «bir pəncərə» sisteminə keçirilməsi vətəndaşların işini asanlaşdırdı.

Hazırda 146 elektron xidmətin inteqrasiya olunduğu Elektron hökumət portalında bir sıra nazirliklər, dövlət komitələri və digər dövlət qurumları xidmət göstərir. Burada əsasən bir sıra işlər “bir pəncərə” sistemi ilə görülür. Elektron imza, gəlir vergisi, sığorta, iş axtarışı, ali məktəblərə (onlayn) ərizə qəbulu, qeydiyyat, son dövrlər qəbul olunmuş nikah və s. xidmətlər göstərilir.
Ekspertlər ortaya çıxan problemlərin az olmadığını bildirirlər
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, son illərdə “Elektron hökumət”lə bağlı – həm xidmətlərin sayı, həm də görülən işin keyfiyyəti ilə bağlı – xeyli ciddi addımlar atılıb. “Yəni, dövlət qurumlarında vətəndaşların bundan istifadəsi asanlaşdırılıb. Amma indi bu sahədə müəyyən problemlər var ki, ciddi uğurların əldə edilməsinə mane olur. Birinci odur ki, hələ də xeyli sayda dövlət qurumları var ki, onların xidmətlərindən istifadə olunmur. Yəni bu qurumların “Elektron hökumət”ə inteqrasiyası yoxdu. İkinci böyük problem isə ondan ibarətdir ki, dövlət qurumlarında bir disbalans – yəni informasiya bərabərsizliyi var. Elə dövlət qurumları var ki, öz hesablarına xidməti çevirə bilirlər. Amma elələri var ki, çevirə bilmirlər. Bu cür dövlət qurumlarının elektron xidmətə tam keçməsi üçün maddi vəsaitlərlə kömək olunması məsələsində problemlər var. Məsələn bura Qadın, Ailə və Uşaq üzrə Dövlət Komitəsini, Təhsil Nazirliyini və təhsil idarələrini aid etmək olar. Digər problem kadrların hazırlanması ilə bağlıdı. Yəni dövlət qurumlarında bu xidmətdən tam istifadə olunması üçün peşəkar kadrlara ehtiyac var. Son vaxtlara qədər belə kadrların olmaması problemi var idi. Son dövrlərdə isə bu kadorların hazırlanmasına diqqət yetirilir. Amma baxırsan ki, bəzi dövlət qurumları hansısa bir şirkətlə müqavilə bağlayır, amma sonradan bu şirkət ya özü yoxa çıxır, ya da ki xaricə gedir. Başqa bir problem ondan ibarətdi ki, bəzən biz müşahidə edirik ki, dövlət orqanlarında vacib olan, sosial əhəmiyyətli – kütləvi xidmətlər var ki, bunları elektrona çevirməyə tələsmirlər. Amma başqa əhəmiyyətsiz şeyləri elektrona çevirirlər. Düşünürəm ki, burada da müəyyən addımlar atılmalıdı. Yəni dövlət qurumlarında əhəmiyyətli xidmətlər üzə çıxarılmalı, həll edilməsi vacib olanlar elektron xidmətə çevrilməlidi. Bununla bağlı ilk olaraq cəmiyyəti məlumatlandırmaq lazıımdı. Bununla bağlı reklam işinin təşkili yüksək səviyyədə qurulmalıdı. Yəni, dövlət qurumları öz elektron xidmətlərini reklam etməlidi. Bundan sonra isə əhali, təşkilatlar və qurumlar xidmətdən istifadə etməyə hazırlanmalıdı. Yəni əhalinin müəyyən təbəqəsi digər təbəqələr üçün təlimlər keçməli, insanlar bu xidmətdən istifadə etməyə hazır olmalıdırlar”.

Ekspert Azərbaycanda hal-hazırda ortaya çıxan ən böyük problemlərdən birinin e-kart – qeyri-nağd ödəniş sisteminin aparılması olduğunu deyir. “Bu xidmətlərin çoxu ödəniş tələb edir. Ödənişi etmək üçün gərək sizin plastik kartınız olsun ki, kart vasitəsiylə ödəniş edib, xidməti həyata keçirəsiniz. Bizdə bu kartların sayı, elektronik ödəniş mədəniyyəti ilə bağlı problemlər var. Yəni insanlar kartla ödənişə üstünlük vermirlər. Son vaxtlar bu istiqamətlə tədqiqatlar aparılır müəyyən üstünlükləri cəmiyyətə çatdırılır ki, insanlar e-kartdan istifadə etsinlər. Məncə banklar və müəyyən qurumlar tərəfindən burada müəyyən güzəştlərə, kampaniyalara start verilməlidi ki, insanlar kredit kartlarından istifadədə maraqlı olsunlar. Elektronik imzaya gəldikdə isə insanlar buna alışa bilmirlər. Mən düşünürəm ki, daha alternativ variantlar olmalıdı. Bununla bağlı müəyyən maarifləndirici verilişləri sürətləndirmək yaxşı olar. Eyni zamanda, qurumların elektron imzadan istifadə olunacaq xidməti hazırlaması vacib şərtdir. Hazırda qurumlar elektron imzadan istifadəyə start veriblər. Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər nazirlik, komitə və qurumlarda elektron imzadan istifadə xidmətləri artmalıdı ki, insanlar ondan istifadəyə meyl etsinlər”.


İqtisadçı ekspert Vüqar Bayramlı “Elektron hökümət” portalının əsas məqsədlərindən birinin korrupsiyaya qarşı mübarizəni gücləndirmək, vətəndaşların dövlət məmurları ilə üz-üzə əlaqəsinin azaldılması olduğunu bildirdi. Ancaq ekspert bir sıra dövlət qurumları və nazirliklərin hələ ki, elektron ximətə keçmədiyini təəssüflə qeyd edir. Əvvəla elektron hökümətdə vətəndaşların elektron pasportlarının yaradılması vacib şərtlərdən biridi. Vətəndaşların elektron pasportları olduqda dövlət qurumları tərəfindən onların hesablarının şəffaflığı ortaya çıxacaq. Bu zaman vətəndaş haqqında bütün məlumatlar onun elektron pasportunda öz əksini tapacaq. Məsələn, buraya bank borcunun olub-olmaması, sosial təhlükəsizliyi, güzəştli şərtlərdən istifadə edib-etməməsi məsələsi daxil olunacaq. Dövlət qurumları tərəfindən şəxs barədə məlumat alarkən elektron pasport vasitəsi ilə bir sıra məlumatlar əldə etmək asanlıqla mümkün olacaq ki, bu həm də vətəndaş üçündə əlverişli olacaq. Məsələn artıq arayış almaq və yaxud hər hansı bir sənədi təsdiq etmək üçün uzun müddət vaxt və pul sərf etməyəcək. Hökumət tərəfindən elektronlaşdırılmalı olan sahələrdən biri də aksionların keçirilməsidi. Azərbyacanda hərraclar şəffaf keçirilmir. Hərracların şəffaf keçirilməsi üçün elektonlaşdırılmaya ehtiyac var. Bunu yalnız inkişaf etmiş ölkələrdə deyil, MDB ölkələrindən Ukraynada da tətbiq ediblər. Bu sahə elektron hökumətə qoşulduqda bütün vətəndaşların hərraclarda iştirakına şərait yaranacaq. Dövlət Satınalmaları da elektron şəkildə həyata keçirilə bilər. Bu sahədə şəfaflıq yoxdu. Tenderlərin elektronlaşdırılması olduqca vacibdi. Çünki cəmiyyətdə tenderlərin elektronlaşdırılması ilə bağlı addımların atılmasına ehtiyac yaranıb. Bu zaman korrupsiyanın da qarşısını almaq mümkün olacaq.

Azərbaycanda hazırda bank sektorunun elektronlaşdırılması vacib məsələlərdən biridi. Çünki son vaxtlar kreditlərin götürülməsi və verilməsi, kredit kartlarından istifadə zamanı bankın müştəridən əlavə pul çıxması bu sahədə “Elektron hökumət” tətbiqini labüdləşdirir. Günümüzün tələblərindən biri də müştərilərlə banklar arasında əlaqələrin elektronlaşdırılmasıdır. Xarici ölkələrdə hər bankda müştərilər üçün elektron kabinet yaradılır. Bu, imkan verir ki, müştəri bankdakı hesabını yoxlasın, öz hesabından müxtəlif əməliyytalar həyata keçirsin, ödənişlər etsin. Azərbyacanda isə bu sistem hələ də tətbiq olunmur

Bu gün cəmiyyətin “Elektron hökumət”i dəstəkləməsinə ehtiyac var. Çünki korrupsiyaya qarşı mübarizədə, daha sivil, daha gözəl cəmiyyətin formalaşması üçün “Elektron hökumət”ə ehtiyac var”
Görülən işlər az deyil
AMEA Elmi İnnovasiyalar Mərkəzi, “İnformasiya Resurslarının Formalaşması Şöbəsi”nin müdiri Təmraz Təmrazov deyir ki, son zamanlar “Elektron hökumət”lə bağlı atılan addımlar elm və təhsil sahəsində də əhəmiyyətli dərəcədə nəzərə çarpmaqdadır. Belə ki, İnternet texnologiyanın tətbiqinin birinci dalğası elmi mühitdə ayrı-ayrı alimlər və elmi tədqiqat müəssisələrin e-poçtdan istifadəsi və veb saytların yaradılması ilə müşayiət olunumuşdusa, ikinci dalğası isə ümumi sxemi CRIS --> e-infrastructure --> e-science kimi təqdim olunan müəyyən yeniliklərlə (innovasiya) müşahidə olunmaqdadır. E-infrastrukturu yaratmaqda məqsəd, tədqiqat proseslərinin özünü sürətləndirmək, alimlərin qlobal mühitdə birgə tədqiqat və əməkdaşlıqlarını dəstəkləmək, müəllif hüquqlarının təmini, tədqiqatların nəticələrinin həm indi, həm də gələcəkdə bütün istifadəçilər üçün əlyetərli olmasıdır.

Azərbaycanda E-infrastrukturun qurulması ilə bağlı elm sahəsindən başqa dövlət strukturlarında da müəyyən addımlar atılıb. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub. “Elektron hökumət” portalı (e-gov.az) hazırlanaraq istifadəyə verilib. Müxtəlif dövlət qurumları vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər”.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bu sahədə görülən işlərdən yox, qarşıdakı problemlərdən danışmağı üstün tutur. O qeyd edir ki, görülən işlər barəsində daima buraxdığımız bülletenlərdə məlumat veririk. Əsəs məsələ “Elektron hökumət”ə keçiddə qarşımızda duran problemləri aradan qaldırmnaqdır. Bu gün bu sahədə ən böyük problem bir sıra dövlət informasiya sistemlərinin pin koda uyğunlaşdırılmaması, bəzi nazirliklərdə bir sıra sistemlərin ümumiyyətlə olmamasıdır. Bunların sırasında vətəndaşların elektron imzalara marağının olmaması da var. Vətəndaş düşünür ki, elektron imzanı nə edəcək?! Cibində gəzdirmək üçün almır ki?! Onu hardasa tətbiq etməlidi. Ona görə də, elektron imzadan istifadə və elektron xidmətdən istifadə labüdləşdikdə elektron imzalardan istifadə olunacaq.

N.Mərdanov həmçinin onu da bildirdi ki, yanvar ayından avqust ayının 1-nə qədər 344 min elektron xidmətindən istifadə olunub. “Bu az rəqəm deyil. Bu yalnız adicə portal üzərindən istifadəçilərin sayıdır. Nəzərə alsaq ki, portalda olmayan xidmətlər də var, onda istifadəçi sayı qat-qat artmış olar. Bunun özü bir uğurdu. Bu gün cəmiyyət artıq elektron xidməti müzakirə edir. Elektron xidmət anlayışı artıq evlərə, məişətimizə daxil olub. Vətəndaşlar kommunal xidmətləri, müxtəlif ödənişləri internet üzərindən həyata keçirirlər. Bunun özü də bir uğurdu”.


Cəmiyyət hansı sahələrdə “Elektron hökumət”in tətbiq olunmasını istəyir?
Qeyd edək ki, vətəndaşlarla “Elektron hökumət”in hansı sahələrdə tətbiq olunması ilə bağlı sorğu da keçirdik. Təəssüf ki, məqalədə əksər vətəndaşların “Elektron hökumət”in tətbiq olunmasını vacib hesab etdiyi sahələrin yalnız siyahısını verə biləcəyik. Ona görə ki, vətəndaşlarla söhbətimizi də bura əlavə etmək oxucunu yora bilər. Eyni zamanda bu sahələrdən “Elektron hökumət”in tətbiqinin labüdlüyünü nəzərə çatdırırıq ki, ekspert və nazirlik əməkdaşlarının diqqətini bu sahələrə yönəldə bilək.
Təkliflər:
1. Anadan olan uşaqların e-qeydiyyatı aparılsın. Onlara dövlət tərəfindən verilən birdəfəlik müavinət pulu üçün bir neçə qurumdan müxtəlif sənədlərin hazırlanmasını bir pəncərəli elektron qaydada bir sənəd əvəz etsin.

2. Vətəndaşların elektron pasportla təmin olunması.

3. Vətəndaş haqqında ümumi (doğumu, təhsili, yaşadığı yer, işlədiyi müəssisə) elektron bankın yaradılması. Bu bir sıra cinayətlərin açılmasında, həmçinin axtarışda olan insanların tapılmasında yardımçı olar.

4. Bütün özəl təşkilatlarda əməkhaqlarının verilməsinin kart sisteminə keçirilməsi.

5. Mağaza və marketlərdə qeyri-nağd ödənişlərin aparılması üçün e-kart aparatlarının quraşdırılması labüdləşdirilsin.

6. Bank sektorunda “Elektron hökumət”in tətbiqi. Elektron kabinetlərin yaradılması.

7. Kredit kartları ilə alver zamanı bank tərəfindən faizlərin tutulmasının qarşısının alınması.

8. Evlərin qeydiyyata alınması, vətəndaşların bir rayondan çıxıb digər rayonda qeydiyyata düşməsi Elektron qaydada aparılsın.

9. Avtomobillərin qeydiyyata alınması, nömrələrin alınması, həmçinin sürücülük vəsiqəsinin verilməsi elektron qaydada aparılsın.

10. E-imzadan məcburi qaydada istifadə, onun pulsuz verilməsi, təşkilatlarda bütün sənədlərin e-imza ilə həll olunması.

11. Turizm sektorunda (otel, kafe, restoran və tarixi muzeylərdə) “Elektron hökumət”in tətbiqi.

12. Dövlət satınalmaları və hərracların elektron qaydada keçirilməsi.

13. İcra hakimiyyəti orqanlarında, icra nümayəndəliklərində, həmçinin bələdiyyələrdə müxtəlif sənədlərin elektron qaydada verilməsinin təmin edilməsi.

14. Bağça və orta məktəblərə uşaq qəbulunun elektron yolla aparılması.




Elmar Hüseynov
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “E-hökumət”lə bağlı elan etdiyi yazı müsabiqəsi üçün


Yüklə 43,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin