Elektron hökumət



Yüklə 19,99 Kb.
tarix22.10.2017
ölçüsü19,99 Kb.
#9370

Azərbaycanda “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər
Bəşəriyyət müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafının təsiri altındadır. İnformasiya texnologiyaları günümüzdə təşkilatların strukturuna, işləmə prinsipinə, performansına və dəyişməsinə təsir edən əsas amillərdən biridir. Artıq cəmiyyətimiz informasiya texnologiyaları ilə formalaşır - müəssisələrdə kağızlar, imzalar, möhürlər öz yerini “byte” lara verir.

“Smart government” adı ilə tanınan “Elektron hökumət”i dövlət sturukturları daxilindəki sənədləşmə prosedurlarını, o cümlədən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin informasiya texnologiyaları vasitəsilə həyata keçirilməsi prosesi kimi də səciyyələndirmək olar. "Elektron hökumət" klassik dövlətdən göstərilən xidmətlərin daha sürətli, zaman və maliyyə cəhətdən daha səmərəli olması ilə fərqlənir. Bəs “Elektron hökumət” nədir və bizə nələr vəd edir?

Mütəxəssislərin fikrincə, düzgün seçilmiş "Elektron hökumət" modeli ölkənin iqtisadi və ictimai-siyasi inkişafına, həyat standartlarının yüksəlməsinə və demokratiyanın güclənməsinə böyük təsir göstərir. Xatırladaq ki, ölkəmizdə "Elektron hökumət"in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanı və digər normativ-hüquqi aktlarla "e-hökumət"in fəaliyyəti üçün hüquqi baza yaradılmışdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması işini həyata keçirir. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmış, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuş, “Elektron hökumət” Portalı hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər. Artıq elektron sənəd dövriyyəsi İqtisadiyyat və Sənaye, Maliyyə, Vergilər nazirliklərində, elektron HRM – Kadrların İdarəolunması Sistemi Heydər Əliyev Fondunda, "e-təhsil" sistemi isə 20 dən çox orta məktəbdə həyata keçirilir. Əlavə edək ki, bu istiqamətdə Binəqədi rayonunda da xeyli işlər həyata keçirilmişdir.

İdarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətində mühüm yer tutur. Bununla əlaqədar qəsəbə və sahə inzibati ərazi dairələri əməkdaşlarına treninqlər keçirilmiş, ev təsərrüfatı kitablarının Avtomatlaşdırılmış İnformasiya Sisteminin (AİS) ərazi idarəetmə modullarına daxil olunması prosesinə başlanılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar arasında elektron şəkildə yazışmaların aparılması üçün həmin qurumlara bu sistemdən istifadə imkanı yaradılmışdır. Ötən ilin dekabr ayından Binəqədi rayonunda “Elektron hökümət”in tətbiqi üzrə pilot ərazi seçilmiş, 8-ci və 9-cu mikrorayonların sakinlərinə elektron xidmətlərin göstərilməsinə başlanılmışdır. Elektron xidmətlərin asanlaşdırılması və əhalinin rahatlığı üçün əhalinin daha çox toplaşdığı yerlərdə elektron informasiya köşkləri yerləşdirilmişdir. Bu texnoloji yenilik əhaliyə, o cümlədən rayonda görülən işlərə, habelə icra strukturu barədə maraqlananlara ətraflı məlumat almaq imkanı verəcəkdir.

Artıq rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara göstərilən, o cümlədən elektron göstərilməsi nəzərdə tutulan xidmətlərin siyahısı dövlət reyestrinə daxil edilmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin vətəndaşlara göstərdiyi 16 təsnifat üzrə 21 xidmətin siyahısı təqdim olunmuşdur və bu xidmətlərin elektron göstərilməsi üzrə işlər davam etdirilir. Əldə etdiyimiz məlumata görə, 2014-cü ilin ötən 9 ayı ərzində əhaliyə 103 elektron arayış verilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanovun verdiyi məlumata əsasən, yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədi rayonunda dövlət qulluqçularının xidməti fəaliyyətinin avtomatlaşdırılmış şəkildə qiymətləndirilməsi işinə başlanılmışdır. Xüsusi proqram təminatı vasitəsilə dövlət qulluqçusunun qiyməti avtomatik olaraq hesablanır, bu da dövlət qulluqçusunun obyektiv qiymətləndirilməsini təmin edir. Rayonda vətəndaşların "on-line" videoqəbulunun sınaq tətbiqinə də başlanılmışdır. Bu yeniliyin tətbiqi ətraf və nisbətən uzaq qəsəbələrdə yaşayan vətəndaşların icra hakimiyyətinə gəlmədən Binəqədi RİH rəhbərliyinin qəbuluna düşə bilmələrinə, operativliyin və şəffaflığın yaradılmasına yeni imkanlar açacaq.

Binəqədi RİH elektron əmək müqavilələrinin işlənib hazırlanması və bazaya daxil edilməsi sahəsində də öncüllər sırasındadır. Rayon icra hakimiyyətləri arasında ilk dəfə Binəqədi RİH avqustun 25-də 70 nəfər işçinin əmək müqavilələri haqqında məlumatları tam olaraq yeni sistemə yerləşdirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin reyestrə daxil edildiyini təsdiqləmişdir.

Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda inkişaf etməkdə olan “Elektron hökumət” dünyadakı sürətli inkişaf tempi ilə ayaqlaşmaq iqtidarındadır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılan “ASAN xidmət” mərkəzlərini “Elektron hökumət”in intişarı yolunda əsas istiqamətlərdən biri saymaq olar. Hazırda bu xidmətin fəaliyyəti nəticəsində vətəndaşlar heç bir bürokratik əngəllə üzləşmədən öz problemlərini həll edə bilirlər. Bu isə “Elektron hökumət”in uğurlu perspektivindən xəbər verir.

Lakin bu sahədə bəzi problemlər də mövcuddur. "Elektron hökumət"in regionlar üzrə genişlənməsi və inkişafına mane olan əsas faktorlardan biri informasiya cəmiyyətinin azlığı və vətəndaşların kifayət qədər məlumatlı olmamasıdır. Buna sübut kimi demək olar ki, respublikamızda elektron imza sahiblərinin sayı olduqca azdır. Odur ki, “Elektron hökumət”in təbliği, vətəndaşların elektron xidmətlər haqda məlumatlandırılması, şəhər və regionlarda pulsuz təlimlərin keçilməsi, məlumatlandırıcı broşürlərin paylanması faydalı olardı. Bundan əlavə, elektron imzanın sertifikatlaşdırılması üçün regionlarda autentifikasiya mərkəzlərinin sayı artırılmalı və vətəndaşların elektron imza kartını əldə etməsi üçün daha münasib qiymət tətbiq olunmalıdır.



E-imzanın tətbiqi layihəsi "Elektron imza və elektron sənəd haqqında" 9 mart 2004-cü il tarixli Qanuna uyğun olaraq həyata keçirilir. Qanuna əsasən, e-imza kağız daşıyıcı sənəddə əl imzasına bərabərdir və elektron sənədi imzalayan şəxsin autentifikasiyası üçün nəzərdə tutulmuşdur (e-imza informasiyanın elektron-rəqəmsal formada təqdim olunduğu sənəddir). Elektron imza e-sənədə hüquqi əsas verir. Elektron imzadan dövlət təşkilatlarında, maliyyə sektorunda, elektron kommersiyada istifadə oluna bilər. Elektron imza "e-hökumət"in yaradılması baxımından böyük önəm kəsb edir.

Günü-gündən modernləşən informasiya texnologiyaları gələcəkdə “Elektron hökumət”in əhatə dairəsini kifayət qədər genişləndirə bilər. Son zamanlar ölkəmizdə tətbiqinə başlanmış "e-təhsil", "e-maliyyə" və mühasibatlıq sistemi, elektron sənəd dövriyyəsi, elektron HRM – Kadrların İdarəolunması sistemi kimi iri lahiyələr gələcəkdə müxtəlif istiqamətlər üzrə şaxələnərək bir-biri ilə əlaqəli şəkildə daha əlverişli, asan bir sistem kimi fəaliyyət göstərəcəkdir. Tibb, hüquq, siğorta, maliyyə, turizm, idman, ticarət və digər sahələrdə həyata keçirilən əməliyyat və prosedurlar elektronlaşdırılaraq “Elektron hökumət”in ayrılmaz parçası halına gələ bilər.

Sözügedən inkişafın dinamikasını “Elektron vətəndaş vəsiqəsi” təmin edəcək. Dövlət başçısının 15 fevral 2011-ci il tarixli "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında" sərəncamına əsasən, ölkə vətəndaşlarına veriləcək elektron daşıyıcısı (cip) olan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” layihəsi bu baxımdam mühüm əhəmiyyətə malikdir. "Elektron vətəndaş vəsiqəsi"ndə şəxsin yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatları, habelə barmaq izi və digər fərdi biometrik göstəriciləri elektron daşıyıcıda (çipdə) əks etdiriləcək. Bu da gələcəkdə vətəndaşın “Elektron hökumət” sistemində yerinə yetiriləcək bütün əməliyyatlar üçün açar vəzifəsi rolunu oynayacaq.
Mail AĞAXANOV,

Binəqədi”qəzetinin



müxbiri
Yazı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

Azərbaycanda “Elektron hökumət”: mövcud

vəziyyət, problemlər, perspektiv və gözləntilər”

mövzüsunda  jurnalistlər arasında keçirdiyi

müsabiqəyə təqdim edilir.
Yüklə 19,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin