Elektron hökumətin qurulması Azərbaycan iqtisadiyyatının inkişafına güclü təsir edəcək



Yüklə 20,95 Kb.
tarix07.07.2018
ölçüsü20,95 Kb.
#55894
növüQaydalar

Elektron hökumətin qurulması

Azərbaycan iqtisadiyyatının inkişafına güclü təsir edəcək

Elektron hökumət dedikdə, təbii ki, istənilən hər hansı bir ölkənin dövlət strukturları haqqında məlumatların internet səhifələrində yerləşdirilməsi nəzərdə tutulur. Belə ki, vətəndaş nazirliklərdən tutmuş mənzil kommunal idarəsinə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə bilər. 

   Və ən əsası bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət etmək imkanı əldə edə bilər. Birbaşa hakimiyyət strukturlarının şəffaf çalışmasına şərait yaradan elektron hökumət dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. 

   Qeyd edək ki, ölkəmizdə "elektron hökumət" layihəsi elektron Azərbaycan dövlət proqramı çərçivəsində həyata keçirilir. 

   Beynəlxalq təcrübəyə əsasən demək olar ki, elektron hökumət sistemi bir neçə mərhələdə həyata keçirilir. İlk yeri web-təmsilçilik tutur. Yəni, nazirliklərin və idarələrin vəzifələri və fəaliyyət istiqamətləri haqqında informasiya olan veb-saytları yaradılır. İkincisi interaktivliyin ilk elementləri meydana çıxır ki, nəticədə də internet vasitəsi ilə bəzi arayışların və formaların nümunəsinin alınmasına şərait yaradılır. Bundan başqa, interaktiv qarşılıqlı təsirdir ki, bu mərhələ də real interaktivlik, vətəndaşlarla dövlət strukturları arasında qarşılıqlı təsirin intensivləşməsi ilə xarakterizə olunur. Daha sonra isə tranzaksiyaların edilməsi mərhələsi gəlir. Bu mərhələdə istifadəçinin şəbəkə vasitəsi ilə sənədləri almaq və alqı-satqı həyata keçirmək imkanı meydana çıxır. Vətəndaşlar viza, pasport, doğum və ölüm haqqında şəhadətnamə, lisenziyalar, icazələr və xidmətlər əldə edə bilərlər. Sonuncu mərhələ isə tam qarşılıqlı təsir mərhələsidir. Bu mərhələ artıq tamamilə inteqrə olunmuş web-təmsilçilik, hökumətə bütün xidmətləri həyata keçirməyə, istifadəçilərə isə hökumət portalı vasitəsi ilə istənilən xidməti əldə etməyə imkan verir. 

   Mütəxəssislərin fikrincə, elektron hökumətin qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyətinə şərait yaradacaq. Təsadüfi deyil ki, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində elektron hökumət fəaliyyət göstərir. Və o da təsadüfi deyil ki, Azərbaycan MDB məkanında elektron hökumət layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Mütəxəssislərin fikrincə, Azərbaycan cəmiyyətində olan kompüter və informasiyadan istifadə mədəniyyəti elektron hökumətinin qurulması üçün bir qədər daha da inkişaf etməlidir. 

   Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) elektron hökumətin inkişafı üçün digər dövlət orqanları ilə hər zaman əməkdaşlığını davam etdirir. Məhz bu səbəblə yaradılan "Elektron hökumət" portalı (e-gov.az) vətəndaşların dövlət orqanları ilə təmaslarının təşkili üçün "bir pəncərə" prinsipi rolunu oynayır. Qeyd edək ki, portalda təqdim olunan elektron xidmətlər dövlət qulluqçuları və vətəndaşlar arasındakı "məsafə"nin sadələşməsinə və şəffaflaşmasına xidmət edir. Bundan başqa, "Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsi"(www egov. az) fəaliyyətini getdikdə genişləndirir. Hazırda səhifə istifadəçilərin sayı artıq 67 mini ötüb. Məhz bu səhifə vasitəsilə e-hökumətin formalaşması istiqamətində görülən işlər, layihələr haqda, dövlət strukturlarının göstərdiyi elektron xidmətlər barəsində məlumatlar əldə etmək və eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək mümkündür. Bir sözlə, hazırda Azərbaycanda geniş vüsət götürən "Elektron Hökumət" Proqramı uğurla davam etdirilir. Təsadüfi deyil ki, son zamanlar vətəndaşların şikayətləri azalıb. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük. Bu fikir Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova aiddir. Nazirin fikrincə, vətəndaşların şikayətlərinin azalmasına elektron xidmətlərin geniş tətbiqi səbəb olub: "Hazırda elektron xidmətlərin göstərilməsi vətəndaşların işlərini xeyli asanlaşdırıb. Son 6 ayda "Elektron hökumət" portalına 260 mindən çox müraciət edilib. Vətəndaşlar da həmin elektron xidmətlərdən lazımi səviyyədə yararlanıblar. Bütün bu işlərin nəticəsi nəinki paytaxtda, eləcə də bütün bölgələrdə hiss olunur. Hökumətin biznes istiqamətində apardığı işlər kiçik və orta bizneslə məşğul olan insanları stimullaşdırıb ki, bu da ümumilikdə Azərbaycanda sosial-iqtisadi durumun inkişafına çox müsbət təsir edir". 

   BMT baş katibinin qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Əmir Dossalın fikrincə isə Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı regionun əksər ölkələri üçün yaxşı nümunədir: "Biz Azərbaycanı yüksək texnologiyalar sahəsində dəyişikliklərdə ön cərgələrdə görürük. Azərbaycan bu sahədə region ölkələri üçün nümunəyə çevrilir. Texnologiyaların inkişafında tərəqqi ölkədə elektron təhsil, elektron hökumət, eləcə də yüksək texnologiyaların verdiyi çoxlu digər imkanların inkişafı üçün fəal şəkildə istifadə oluna bilər. İnformasiya texnologiyaların inkişafı sayəsində ünsiyyət üsullarının sadələşdirilməsi də ölkə qarşısında ticarət və biznes sahəsində də yeni imkanlar açır". 

   RİTN Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə elektron hökumətin qurulması layihələrinin növbəti mərhələlərinin həyata keçirilməsi üzrə Dövlət Proqramını hazırlayıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn ilə görüşündə bildirib: "Dövlət Proqramının həyata keçirilməsi üzrə işlərin yaxın vaxtlarda başlaması gözlənilir. Elektron hökumətin qurulması sahəsində liderlərdən biri Cənubi Koreyadır. Biz bu ölkə ilə yeni Dövlət Proqramının qəbulundan sonra gələcəkdə də əməkdaşlıq etmək niyyətindəyik. Azərbaycan Cənubi Koreya şirkətlərinin ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb edilməsində maraq göstərir. Ötən ilin dekabrında qəbul edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, yaxın 10 il ərzində ölkənin ümumi daxili məhsulunun (ÜDM) iki dəfə artırılması nəzərdə tutulur. Burada əsas rol qeyri-neft sektoruna məxsus olacaq. Onun ayrılmaz hissələrini isə elm, təhsil, yüksək texnologiyalar və müasir tipli sahibkarlığın inkişafı təşkil edir. Hazırda ölkə rəhbərliyi səviyyəsində əsas diqqət elektron hökumətin qurulmasına ayrılır. Elektron hökumət iqtisadiyyat və sahibkarlığın inkişafına, həmçinin cəmiyyətin demokratikləşməsinə güclü təsir etməyə hesablanıb". 

   Qeyd etdiyimiz kimi, elektron hökumətin məqsədi bir neçə iqtiqamətlərdə əhatə olunur. Yəni, informasiya bərabərsizliyinin aradan qaldırılması, iqtisadiyyatın inkişafına yardımçı olması, vətəndaşın iştirakınına təminat verən idarəetmə formalarının yaradılmsı və s. daxildir. Vətəndaşlara və biznesə hökumət xidmətlərinin təqdimatının optimallaşdırılması, seçicilərin ölkəyə rəhbərlik və idarəetmə proseslərində iştirak səviyyəsinin yüksəldilməsi, coğrafi yerləşmə amilinin mülayimləşdirilməsi kimi mühüm komponentlər də "elektron hökumət"in məqsədini ehtiva edir. Bu məqsədləri gerçəkləşdirmək üçün informasiya cəmiyyəti qanunvericilik qarşısında vətəndaşların identifikasiyası və onların şəxsiyyətinin təsdiqi, elektron kommersiyada vergiqoyma, kiber-məkanda hüquqi münasibətlər, kiber-cinayətkarlıq və kiber-terrorizm kimi yeni çoxsaylı problemlər qoyur. Bundan irəli gələrək, dövlət bütün növ elektron əməliyyatlara etibar etmək, iqtisadi inkişaf və informasiya konfidensiallığının təminatı arasında zəruri tarazlığı saxlamaqla yeni çevik qanunvericilik formalaşdırmaqdadır. 

   Xatırladaq ki, ötən 20 il ərzində Azərbaycanda dövlət quruculuğu istiqamətində çox önəmli dəyişikliklər baş verib. Məhz bu illər ərzində Azərbaycan iqtisadiyyatı 20 dəfə artıb. Hazırda isə ölkəmiz ictimai həyatın bütün istiqamətləri əhatə olunan innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması və sosial irəliləyişləri sürətləndirən inkişafın yeni mərhələsinə qədəm qoyub. Qeyd edək ki, inkişafın bu mərhələsi yaxın on ildə ÜDM-in daha iki dəfə artırılması ilə müşayiət olunacaq. Məhz bu yüksəlişi təmin etmək üçün ölkə prezidentinin sərəncamına müvafiq olaraq "Azərbaycan - 2020" Gələcəyə Baxış İnkişaf Konsepsiyası hazırlanıb. 

   Onu da qeyd edək ki, İKT sahəsində Azərbaycanda da sürətli inkişaf müşahidə olunur. Müasir mərhələdə İKT sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. 

   Hazırda respublikada informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bunun nəticəsidir ki, son 5 ildə İKT sektorunda əlavə dəyər 2,1 dəfə artmış və Azərbaycan müvafiq səhəvi göstəricilərə görə bir çox inkişaf etmiş ölkələri geridə qoymaqdadır. İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda o zaman şahid oluruq ki, Azərbaycan hələ 2008-2010-cu illər arasında ən sürətlə inkişaf edən 10 ölkədən biri olmuş, "İKT-nin inkişafı indeksi" üzrə 154 ölkə arasında 74-cü yerdə, "Texnoloji hazırlıq indeksi" üzrə isə 2010-cu ildə 70 ölkə sırasında qərar tutub. 

   Azərbaycanda "elektron hökumət" layihəsi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) çərçivəsində həyata keçirilir (Azərbaycan Respublikası Prezidentinin 11.08.2010 tarixli 1056 H-li sərəncamı). 

   Qeyd edək ki, elektron hökumətin özəl qaynaqları "Informasiya əldə etmək haqqında" qanunda da öz əksini tapıb. Həmin qanuna əsasən, dövlət qurumları sahibi olduqları ictimai məlumatları açıqlamaq üçün ən qısa zamanda özlərinin internet resurslarını yaradıblar. Bu da o deməkdir ki, heç bir dövlət qurumu elektron hökumət infrastrukturundan kənarda qalmamalı, dövlət və vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin yeni inkişaf mərhələsinin fəal iştirakçıları olaraq çıxış etməlidirlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mühüm orqan olaraq bu infrastrukturun təkmilliyini daim nazərətdə saxlayır, eyni zamanda isə inkişaf etdirir. 

   Son olaraq qeyd edək ki, Elektron sistemə keçid qaçılmaz bir reallıqdır. Hazırda dünya iqtisadiyyatının inkişafı məhz bu istiqamətdə davam edir. Bu da o deməkdir ki, xoşagəlməz hallara qarşı mübarizə daha da güclənəcək. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dediyi bu sözlər həqiqətən də bir daha onu göstərir ki, Azərbaycanda elektron hökumət quruculuğu prosesi dövlət siyasətinin mühüm prioritetidir və ölkədə vətəndaşların iqtisadi və hakimiyyət münasibətlərinin, genişliklə iqtisadi inkişafın mühüm vektorları sırasındadır. 



   

Ulduzə QARAQIZI
Yüklə 20,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin