Korrespondensiya – Korrespondensiyada hər hansı fakt, hadisə geniş təhlilə çevirməklə onun analitik nümunəsi ortaya çıxır. Korrespondensiya sırf qəzet janrıdır. ABŞ telejurnalistikasında hətta informasiya proqramlarında günün vacib prioritet faktı bəzən proqramın dörddə bir vaxtının həsr edildiyi korrespondensiya tipli reportaja həsr edilir [1, 191].
Korrespondensiya sırf qəzet janrı olsa da, qəzetlərlə apardığımız araşdırmalarda bu janrın nümunəsi diqqətimizi cəlb etmədi. Bu janrda jurnalist informasiya mənbəyi rolunda çıxış edir və şərhlərdə öz müşahidələrindən çıxış edir. Bir çox ictimai-siyasi proseslərin əvvəldən sona qədər təsviri korrespondensiyanı xatırlatsa da, həmin yazılarda jurnalist müdaxiləsi hiss olunmadığından onları bu janra misal olaraq göstərmək qeyri-dəqiqlik olardı.
KİV xülasəsi – İcmal və xülasə sözləri mənşəcə bir-birinə çox yaxındır. Xülasə jurnalistikada təsvir, yekun vurmaq, nəticəyə gəlmək kimi qəbul edilir. Qəzetin, jurnalın, ümumiyyətlə, çap məhsulundakı yazıların təhlilinə, qısa şərhinə mətbuat xülasəsi adı verilmişdir. Lakin yeni Azərbaycan jurnalistikasında mətbuat xülasəsi çox azalmışdır. İndi KİV-in xülasəsi kimi yeni anlayış yaranmışdır ki, bu da bu janrın öz obyektini genişləndirməsi, radio və televiziya proqramlarını əhatə etməsi ilə bağlıdır. Hətta müasir dövrdə qəzetlər radio və televiziya proqramlarının, radio və televiziya isə qəzetlərin yaradıcılıq işinə aid xülasələr hazırlayırlar. Xülasənin xülasə-təqdimat və analitik xülasə kimi növləri var. Xülasə-təqdimat yeni nəşrlərin çıxması və istiqaməti barədə məlumat verir. Analitik xülasə isə KİV-in müəyyən mövzu ilə əlaqədar fəaliyyətini təhlil edir.
“Zaman” qəzetində televiziya proqramlarının xülasə-təqdimat forması verilir. Burada televiziya kanallarının bir həftəlik proqramları saatlarına uyğun təqdim olunur. Bunun müsbət cəhəti odur ki, tamaşaçı televiziya anonslarını gözləmədən hansı verilişin hansı gündə və hansı vaxtda efirə gedəcəyini əvvəlcədən bilir.
Digər tərəfdən isə bu teleproqramların analitik xülasəsinə heç bir qəzetdə rast gəlinmir. Bu janr demək olar ki, öz işləkliyini itirib.
Dostları ilə paylaş: |