CƏMİYYƏTİN İNKİŞAFINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN ROLU İnformasiyanın – ölkədə və dünyada baş verən hadisələrin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin (KİV) rolu danılmazdır. KİV mürəkkəb proseslərdə müşahidəçi və iştirakçı rolunu oynamaqla informasiyanın cəmiyyətə çatdırılmasını təmin edir. Elə KİV-in funksiyaları – məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək onların cəmiyyətin inkişafındakı rolunu sübut etməyə yetərlidir.
Məlumatlandırmaq:KİV-in ilkin funksiyası cəmiyyəti informasiya ilə təmin etməkdir. Çünki baş verən hadisələr daim insanların maraq dairəsindədir. Bu marağa laqeydlik isə KİV-in öz vəzifəsindən imtina etməsi demək olardı. Cahangir Məmmədli “Jurnalistikaya giriş” kitabında bu funksiya barədə yazır: “Təsəvvür edin ki, hansısa qəzet, yaxud telekanal informasiyadan imtina etmişdir. Bu qəzetin oxucusu, bu telekanaların auditoriyası güclü xəbər xidməti təşkil etmiş digər qəzet və telekanallardan mütləq sayca xeyli aşağı olacaqdır” [1, 12].