1.2. Müasir Azərbaycan mətbuatındakı qəzet tipləri
Qəzet jurnalistikasının tiplərinin formalaşmasına onun funksiyalarının və cəmiyyətdə oynadığı rolun böyük təsiri var. Adətən, hansısa bir funksiya daha çox aktuallıq kəsb edirsə, buna uyğun olaraq müəyyən tipologiyaya aid qəzetlərə də tələbat artır. Hazırda auditoriyanın marağı daha çox məlumat verən, informasiya çatdıran qəzetlərdir. Amma buna baxmayaraq insanlar baş vermiş hadisələr barədə “niyə” sualının cavabını bilmək, hadisələrin şərhini görmək istəyərkən də mətbuata üz tuturlar. İnternetin inkişaf etdiyi bir dövrdə məlumatı İnternetdən əldə etmək nə qədər asan olsa da, elektron mətbuatda daha çox xəbərin operativ və qısa şəkildə çatdırılmasına önəm verilir. Amma qəzetin informasiyanın geniş və əhatəli şəkildə verilməsi, təfərrüat və ideyalarla işləmək imkanı var. Qəzet oxucuya bir dəfəyə böyük həcmdə olan materialı gözdən keçirmək və onların arasından seçim etmək imkanı verir. Amma bu imkan nə televiziya da, nə də radioda var. Televiziya və radioda dinləyici və ya tamaşaçının informasiyanı istehsalçının ona təqdim etdiyi ardıcıllıqla almaqdan başqa yolu yoxdur.
KİV-in fəaliyyətində auditoriya birinci dərəcəli əhəmiyyət kəsb edir. Professor Cahangir Məmmədli “Jurnalistikaya giriş” kitabında qeyd edir ki, “... qəzetin tirajı onun auditoriya ölçüsüdür. Qəzet yarandığı vaxtdan auditoriya uğrunda mübarizə aparmışdır. Sabit auditoriya qəzetin yaşamasını, uğurunu təmin edən vacib faktorlar sırasındadır. Bunun üçün nəşrin istiqaməti, ünvanlandığı zümrə aydın olmalıdır. Bütün variantlarda qəzet kütləvi auditoriyaya ünvanlanmalıdır. Elektron KİV-in artdığı indiki şəraitdə oxucu auditoriyası uğrunda mübarizə daha kəskin vəziyyət alır. Bazar münasibətləri şəraitində qəzet oxucusunu artırmaq üçün yollar arayır və qəzetin geniş oxucu auditoriyası qazanmasının ilkin şərtlərindən biri hadisələrə, faktlara tənqidi yanaşmaq metodu ilə bağlıdır. Oxucu, adətən daha çox tənqidi materiallara diqqət edir. Digər tərəfdən, qəzetlərin tematika zənginliyinə diqqətinin də auditoriya artımına ciddi təsiri olur. Bundan başqa analitik janrlarının auditoriyaya təsir gücünü hiss edən bir sıra qəzetlər bunu gücləndirməklə məqsədə nail olur” [1, 317-318]. Elə bu səbəbdən də hər bir mətbuat orqanı fəaliyyət göstərərkən öz auditoriyasını seçib, onun tələblərinə uyğun fəaliyyət göstərməyə çalışır. Bu zaman o nə? – mətbuatın məzmunu, nə üçün? – təyinatı, kimin üçün? – oxucu ünvanı, kim? – təsisçi, necə? –texniki xüsusiyyətləri (format tiraj) və s. suallarını qarşıya qoyur və bununla da mətbuat orqanının tipologiyası müəyyənləşir. Mətbuat orqanları isə özünün oxucu auditoriyasından asılı olaraq müxtəlif tipologiyaya bölünür. Mətbuat orqanı fəaliyyət göstərərkən auditoriyanın həm maraqlarını, həm də tələblərini nəzərə alır ki, burada maddi maraq amili də öz sözünü deyir. Amma hər şeydən əlavə mətbu orqan xidmət göstərdiyi auditoriyanı əlində saxlamaq üçün onların tələblərini ödəməlidir [2].
Bu gün Azərbaycan mətbuat sahəsində fəaliyyət göstərən qəzetləri aşağıdakı tipoloji formada qruplaşdırmaq olar:
Dostları ilə paylaş: |