Cadugər:
Dedi: könlüm azad quşdur, səmalardan onu axtar,
Bu meydanda bilinsin qoy, mənim az-çox dəyərim var.
Aşiq:
Dedin, bildir sözün, fikrin, mənə qəlbin elə aşkar?
Nə müddətdir günüm yoxdur, nə axşamım-səhərim var!
Dost: ( yaxınlaşıb Aşiqin qolundan tutur)
Vəsl üçün , ey binəva, iş təkcə zəhmətdə deyil,
Boş xəyaldır aşiqə ol şey ki, qismətdə deyil.
Cadugər:
Sən tələb etmək ilə göyər dəyişməz qərarın,
Çün, kökü ol xüttənin arizi-xilqətdə deyil.
Aşiq:
Eşqə can sərf etməyə yarımla vardı əhdimiz.
Cadugər:
Söz salıb gördüm daha əvvəlki niyyətdə deyil.
( gedir)
Dərviş: (gizləndiyi yerdən çıxıb Cadugəri
ardınca)
Rəqib böhtanını aşkar görüb heyrət elədim mən,
Bunu etməz sanıdım, ol necə məlun olur-olsun.
( yenidən çəkilib gedir)
Aşiq: ( pəjmürdə halda)
Gərdişi-əflakədən meydan ta Əğyarə qalıb.
Nə bu hicran əl çəkir, nə dərdə bir çarə qalıb!
Sevdiyim dilbər mənim sinəmə xəncəri çalıb,
Tən yarı yoxdur ürək, ondan daha parə qalıb!
Dost:
Cəhd qıl, dostum mənim, vaxtında get ol yarı gör,
Yox ümid bir kimsəyə, bir yön ilə dildarı gör.
(Bu vaxt Məşuq və Rəfiqə əllərində guzə
gəlirlər)
Aşiq: ( Məşuqa xitabən)
Söz gəzir kim, ey sənəm, başqasına yar olmusan,
Könlümü sən yandırıb neyçün soyuq qar olmusan?
Əhdi-peymanın pozub sinəmə dağlar çəkmisən,
Söylə, zalım, bu qədər neyçün sitəmkar olmusan?
Məşuq: (təəccüblə kənara)
Yarəb, bu nə sözdür, bu nə böhtan?
Mümkünmü buna tab eləsin can?
( Aşiqə tərəf acıqlı)
Təmənnam yox bu dünyanın fələyindən,
Əlim çəkdim daha göylər diləyindən.
Rəfiqə:
Bu dövran kim, belə zaydır, ədalət, haq
Görən yoxdur onun hətta mələyindən!
(qızlar gedirlər)
Dost: ( Aşiqin pəjmürdəliyini görüb, təsəlli
məqsədilə)
Yorma baş,dostum mənim,sən bu qədər fikrə dalıb,
Hicranın tək çarəsi bir eşqi inkarə qalıb.
Aşiq: ( Dostun dediyini eşitmirmiş kimi,
qızların ardınca yanıqlı tərzdə)
Ey məni tərk eyləyən, var sinədə çox söz hələ,
Sönməyib qəlbin odu, kül içrə çoxdur köz hələ!
Vəslinə yoxdur ümid, barəndə vardır xəbərim,
Neyləyim dönmür ürək, ardınca qalmış göz hələ!
P Ə R D Ə
Dostları ilə paylaş: |