Səbəbkar oldu
(İlk dəfə Qəzənfər Abbasov “Humayun
təsnifi” kimi oxuyub)
Gəzdiyim dağları duman bürüdü,
Bir sevda yolunda canım çürüdü.
Min dərd bu bəndəni yıxa bilməzdi,
Gərdişin kəməndi yıxdı,sürüdü.
Yollar boran oldu, yollar qar oldu,
Ömrümün nəğməsi ahu-zar oldu.
Sorma bu sevdaya düşmüşəm nədən,
Bir ahu baxışlı səbəbkar oldu.
Çox gəzdim bu bağı, ey əhli-vəfa,
Görmədim bu yerdə bir zövqi-səfa.
Qismətdə yoxdursa vüsal yazısı,
Bihudə zəhmətdir çəkdiyin cəfa.
Dayanın
Bulud, göydən baxma,baxma,
Şimşəyini çaxma,çaxma!
Sel,yuyarsan yarın izin –
Küçəmizdən axma,axma!
Bülbül, bağa getmə, getmə,
Bir an dayan, ötmə,ötmə!
Bu, ayrılıq nəğməsidir,
Qəlbimi qan etmə, etmə!
Bədirlən,Ay, yatma, yatma,
Qürub edib batma,batma!
Bu sirri tək sən bilirsən,
Özgələrə satma, satma!
Günəş, tezdi, çıxma, çıxma,
Vaxtımızı sıxma, sıxma!
Bu gecə haqdan verilib,
Vəsl evini yıxma, yıxma!
Dostları ilə paylaş: |