Dördlüklər
Sənə göz olanın gözündən qaçdın,
Nəsihət verənin sözündən qaçdın.
Günahı özgənin üstünə atma,
Sən öz ayağınla özündən qaçdın.
......
Dedim: getmə bu sevdada dərinə,
Könül verib həsrət aldın yerinə.
Alan aldı, qapıb çıxdı aradan,
Bir də çətin bu yerlərdə görünə.
.....
Dedim: yarsan, gözümə bax , gözümə,
Yandır məni, dözümə bax, dözümə.
Od vurdu insafsız, çıxdı cızdağım...
Söz yerində sözümə bax, sözümə!
.....
Qismət məndən gen dolanır nədənsə,
Dünya qopar bir istəyim ödənsə.
Çox da ki Əzrail ardımca düşüb,
Canı verməz bədən, əgər bədənsə.
......
Əlvida şərabın içmək çətindi,
Kəfən sadəsə də biçmək çətindi.
Alçaq sözə söz deməyə nə var ki,
Əyilib altından keçmək çətindi.
.....
Anamın təndiri bərbad qalıbdı,
Uçulub gövdəsi, bir bad qalıbdı.
Gəlinlər xanımlıq iddiasında,
“Gəlin” dediyindən bir ad qalıbdı.
....
Bu sürüyə xam gərəkdi, örən yox,
Bu sürünü xam otlağa sürən yox.
Yallanıb yatıbdı harın köpəklər,
Baş qaldırıb canavara hürən yox.
.....
Aydan arı, sudan duru xislətəm,
Yüngülqədəm seyidlərə nisbətəm.
Öz bəxtim özümə düşmən olsa da ,
Özgə üçün göydəndüşmə qismətəm.
.....
Sevgilim, nəzər sal, hesabla bunu:
Sini sinə vurub üstəgəl nunu.
Hicran gün-gün yedi ömür payımı,
Söylə, bu həsrətin yoxmudur sonu?
------
Bu gözəl dilbərin saçı ağlıdı,
Qəmli gözlərindən – qarabağlıdı.
Dedim: harda qaldı gəzdiyin dağlar?
Dedi: sinəmdədi, sinəm dağlıdı!
......
Əli ətəyindən uzun taleyin
Qazancı nə olar, özünüz deyin.
Məni yola salıb bu iqbal ilə,
Nə işim yüngüldü, nə bəxtim yeyin.
......
Zəmanə dəyişdi , dönəm dəyişdi,
Axsaqlar qabaqda- önəm dəyişdi.
Avropa bu evə ayaq açandan
Dar şalvar geyindi- nənəm dəyişdi.
......
O gözlərdə baxışa bax,
O buludda yağışa bax
O xalını kim toxuyub?
İlməyə bax, naxışa bax!
--------
Qan-qadasız “qadan alan” çox olar,
Qada gəlsə çoxu itib yox olar.
Comərd adam ummaz özgə malından,
Ac qalsa da daim gözü tox olar.
-----
Bu biçin nə biçindi?
Bu, oraqdı, ya çindi?
Dolu vurub zəmini,
Al dəryazı, biç indi.
-----
Bir söz desəm yeridi,
Bu yer yaman yer idi.
Burda yalan cücərdi,
Ayaq tutdu yeridi.
-----
Bu ölçü hardan endi?
Nə uzundu, nə endi.
Daxilim bir dünyadı,
İçi çölündən gendi.
------
Bu söz qədim, uludu:
Ağıl bəxtin quludu.
Hər kəs yola verilir,
Dünya üzüsuludu.
------
Söz sahibi pir idi,
Söz iki yox, bir idi.
Dedi: yazan çox olar,
Şair yüzdən biridi.
-----
Ov ceyran, ovçu məndim,
Tuş gəlmədi kəməndim.
Qovub tutmaq istədim,
Yetişmədi səməndim.
-----
Bu bağda bağ halı yox,
Alma yox, şaftalı yox.
Bağban nə bağbandı ki,
Bağında albalı yox.
----
Bu bazarda malın yox,
İpəyin yox, şalın yox.
Düşünmə hal əhlisən,
Haldan halı halın yox.
----
Yurduma Vətən dedim,
Vətən, ana – tən, dedim.
Yurda dönük çıxana
Mən yoldan ötən dedim.
----
Keçəl saçın daramaz,
Daraq ona yaramaz.
Dünya yaman dəyişib
Taylı-tayın aramaz.
-----
Arpa kasad, saman çox,
Özün arif sanan çox.
Qılınc vuran tapılmır,
Söz oynadan yaman çox.
----
Dağları aşıb gəldim,
Çölü dolaşıb gəldim.
Ağam izin vermədi,
Mən də dalaşıb gəldim.
.....
Ay adı Cəfər oğlan,
Köhləni kəhər oğlan.
Tələsdin, getdin axşam,
Qayıt gəl səhər, oğlan.
.....
Getmə, dayan, dur, yağır.
Yağış yaman gur yağır.
Çəmənlər bayram edir,
Bu çöllərə nur yağır.
.....
Ay sarıköynək oğlan,
Gözündə eynək oğlan.
Elçilərin gəlmədi,
Özün gəl, neynək, oğlan.
….
Qış düşüb Qarabağda,
Qara bax, qara, bağda!
Bülbülüm gözdən itib,
Deyirlər ara bağda.
.....
Viran oldu Xocalı,
Evlər alçaq-ucalı.
Burda elim qırılıb-
Körpə, cavan, qocalı.
....
Əzizim Qubadlıdan,
Yol keçir Qubadlıdan.
Mənzil başı uzaqdı,
Soruş gedən atlıdan.
.....
Bu, cənnət Kəlbəcərdi,
Kim əkdi, kim becərdi?
Burda gözəllər gördüm,
İgidlikdə Həcərdi.
.....
Əzizinəm Laçından,
Kəlbəcərdən, Laçından.
Ouru yurdumu verin,
Ölüm orda acından.
.....
Dağlar qoşa-qoşadı,
Dağlar üzü qışadı.
Dağ üstdə ev göründü,
Elə bildim Şuşadı.
Dostları ilə paylaş: |