* Məsavü-tərsanə - gəmi zavodu (ərəb)
** Təslimi-hirmanə - zülmə tabe olan (ərəb)
Aldığın canım deyil, ey can alan, can özgədir!
Qıl nəzər seylabə sən, məndən axan qan özgədir!
Qanlı göz yaşım mənim çoxdan damarımdan axır,
Gör nə bimar aşiqəm, çeşmimdə giryan özgədir!
Canı əldən vermişəm bihudə bir sevdayə mən,
Canı yox cismaniyəm, barəmdə fərman özgədir.
El ilə gəlmiş bəla bayram qədər hörmətdədir,
Tut qiyas məhşər ilə, bu ruzi-hicran özgədir!
Hər nə müşgül olsa da kafərdə olmaz bu əda,
Naz ilə can almağa əhli-müsəlman özgədir!
Yox gümanım hasilə yüz həmd ilə qılsam namaz,
Aləmi eşq içrə çün, sahibi-sübhan özgədir!
Bu bidərman dərdimi qoy nəzm ilə yazsın Əli,
Dərd yazan çox olsa da, nazim-qəzəlxan özgədir!
Deyirlər əhli-cənnət zöhd ilə zahid olan kəsdir,
Ki, ol məhşər günü divanidən azad, mürəxxəsdir.
Cəhənnəm qövmünə yaz ismimi, zahid, mənim artıq,
Vüsal zöhdüylə cənnətsükun olduq, daha bəsdir!
Məni cəlb eyləmə mehrabına, ey mürşidi-kamil,
Sənə beytülmüəzzəmin, mənə eşqim müqəddəsdir.
Verib biganəyə dil, dili-zarım qan edən dilbər,
Nədən fərq bilməsin canan, ki mən aşiq, o nakəsdir?
Nə tərsim* eyləmiş gör, taleyim ol xaliqi-həndəs,
Cəfam, eşqim, yanar canım bərabəryan müsəlləsdir!
Budur haqqın zühuru aləmi-aşkarda, ey vaiz,
Sənin vəzin, mənim naləm elə ancaq quru səsdir.
Qəzəl tutmur, Əli, dərdim, bacarsan qıl bunu təxmis,
Bu qəm təsvirinə əndazədə uyğun müxəmməsdir.
--------------
Dostları ilə paylaş: |