Dərviş: ( Gizləndiyi yerdən çıxıb gəlir)
Hər könül mülkünün sultanı vardır,
Nəşeyi-eşq ilə biixtiyardır.
Yoxsa qəlb yandıran səndə məhəbbət,
Puçdur hər gördüyün tədbir də əlbət.
(Gedir)
Aşiq: (Gəlir, gözü bulaq tərəfdə kimisə
axtarır)
Çəkir möhnət yükün qəlbim məhəbbət var olan gündən,
Gedibdir varlığım əldən könül mülküm talan gündən.
Bilən yoxdur su hardandır, çiçəklərdə durub dən-dən,
Tutubdur şeh bütün aləm gözüm yaşla dolan gündən!
Dost: (Gəlir)
Söylə, ey dostum mənim, bağrın nədən qanə dönüb?
Xoş avazın qəmlənib bir böylə əfqanə dönüb?
Aşiq:
Gördüyüm ol şux gözəl könlümdə hakim kəsilib,
San, mələk peyda olub, qarşımda insanə dönüb!
Dost:
Qəm çəkib can üzmə sən, xoşdur bu eşqin xəbəri,
Eşq ilə çox səhralar baği-gülüstanə dönüb.
Aşiq:
Dildə çatmır iqtidar canana açsın sözünü,
Ol səbəb hər bir anım həm indi hicranə dönüb.
Cadugər: ( Qoca qarı qiyafəsində gələrək)
Dad deyib hicran əlindən bir belə dad eyləyən,
Yoxmudur, ey binəva, bir kimsə imdad eyləyən?
Qalmısan çöllərdə sən həmdərdi yox biçarə tək,
Söylə bir, iqbalını kimdir o bərbad eyləyən?
Aşiq: (bir qədər tərəddüdlə Cadugərə)
Öylə kim, mən Məşuqun ol xətti-xalın görmüşəm,
Dünyanın san göz açıb cahü-cəlalın görmüşəm.
Həm gedib azadəlik əldən məhəbbət qəhrinə,
Üstəlik hicran çəkib dərdin, məlalın görmüşəm.
Cadugər:
Demək eşqə düşübsən sən,
İndi anlat, nə istərsən?
Aşiq:
İstərəm mən bir nəfər dərdim o canana desin,
Dost:
Zülm edib salmış onu neyçün bu zindanə desin.
Cadugər:
Sən bu işi tapşır mənə,
Mən eylərəm əncam sənə!
Dost:
Doğrumu bu, qarı nənə?
Çoxdan bunu söyləsənə!
Aşiq:
Məşuqa bildir halımı,
Ərz et ona əhvalımı.
Cadugər: (kənara)
Bəxtəvər Məşuqun bəxtinə bax bir!
Dərdini Aşiq də , Əğyar da çəkir.
Hər kimdə olarsa artıq səxavət,
O da məqsədinə yetişər əlbət.
Aşiq: (tələsik məktub yazıb dəsmala
bükür və onu qarıya verərək)
Bunu çatdır o canana ,
Ürək qalmış yana-yana!
Cavab yazsın o dildarım,
Gedib əidən ixtiyarım.
Dostları ilə paylaş: |