1-ci kişi müğənni:
İnsana candan əziz dünyadə insan anadır,
Canıma candan kəsib canın verən can anadır!
Borcunu qaytarmağa imkan olmaz balanın,
Çün, bütün ol cismi-can, ondan axan qan anadır!
2-ci kişi müğənni:
Ömrünün hər bir anın qayğıyla övladə verib,
Ağlayan hər dərdinə ol dildə əfqan anadır!
2-ci kişi müğənni:
Tanrının öz haqqıçün imanda min səcdəsi var,
Haqqına qoymaz tələb bir təkcə iman anadır!
2-ci qadın müğənni:
Ey yazan, nəzmində sən vəsf eylə ol hikməti ki,
Gər cahan cənnət isə, əlbəttə, rizvan anadır!
(təsnif)
Ana candan əzizdir,
Gül-çiçəkdən təmizdir.
Məhəbbəti tükənməz,
Bir ümmandır, dənizdir!
Ana ömrü şöhrətdi,
Ana şandı, şövkətdi.
Beşik üstə laylası
Bir əvəzsiz şəfqətdi.
2-ci kişi müğənni:
Ölkəmin hər guşəsi nisbətdə cənnət görünür,
Beşcə gün düşsəm kənar qəlbimdə həsrət görünür.
Qürbətin yollarını kövhərlə örtsən də yenə,
Atdığın hər addımın boynunda minnət görünür.
Dostları ilə paylaş: |