Pərdə
2-ci HİSSƏ
Yarıuçuq kənd evi. Cəbhə bölgəsi olduğu görünür.
1-ci və 2-ci kişi müğənnilər yarıməsgər paltarındadırlar.
Onların sarığı var. Bundan əlavə ,Sərdar və bir neçə
döyüşçü də vardır. Pəri ilə Sarıtel yaralıların
sarığını dəyişirlər. Pərdə arxasından Xanoğlanın
oxuduğu Qarabağ şikəstəsi eşidilir.
Su axar lilə qalmaz,
Söz çıxar dilə qalmaz.
Yaram dərin olsa da,
Sağalar belə qalmaz!
Pəri: (bir qədər boylanıb)
Səsinə qurban ay oğul!
Sarıtel: (mütəəssir və qəmgin halda kənara)
İtirdi sizi yollar,
Ağrıtdı dizi yollar.
Fələk ayrı salıbdı,
Birləşdir bizi, yollar!
(Pəri gəlinin boynunu qucaqlayıb
sakitləşdirir.Aşıq və şair gəlirlər əllərində silah var.
Şair:
Sərdar qağa!
Bizi əvəs edənlər getsinlər səngərə, bircə
saat dincəlib qayıdırıq.
(iki döyüşçü silah götürüb çıxır)
Sərdar:
Gəl aşıq, gəl, bəlkə sazın -sözün yaralıların
ağrı-acısını azaldar.
Aşıq: (bir parç su içdikdən sonra sazı
sinəsinə basıb oxuyur)
Dərd sinəmdə Kəpəz boyda qabarsa,
Murov qədər dəyanətim var mənim!
Ölüm məni şəhid kimi aparsa,
Behişt üçün zəmanətim var mənim!
(Şairə işarə edir ki, o da söz desin)
Şair:
Bu yaylağa ildırımmı çaxındı,
El qalmadı, hamı köçdü, axındı!
Pəri çınqıl, Əyri qara Yaxındı,
Qismət olsa ziyarətim var mənim!
Aşıq:
Bulud yenə o zirvəyə ucalır,
Baş ağarıb, Dəli Dağ da qocalır!
Düşmən gəlib İsti sudan bac alır,
Talan olmuş əmanətim var mənim!
Şair:
Çəmənlərdə kimdi belə iz salır?
Çoban yoxdu o tütəyi kim çalır?
Kəlbəcərdən Yüzbulağa nə qalır?
Bir atüstü səyahətim var mənim!
Aşıq:
Kəsibdi yolları kəmfürsət yağı,
Vətən oğlu, hazır saxla yarağı!
İlan gördün nə qarası, nə ağı,
Öldür, bilim cinayətim var mənim!
Öldür,bilim cinayətim var mənim!
Dostları ilə paylaş: |