15. Ana
Nazər yanvar ayının 24-də qış sessiyasını müvəffəq qiymətlərlə başa vurub kəndə getdi. Gülbahar oğlunun boynunu qucaqlayıb sevincindən ağladı. Evdə hamı onun üçün bərk darıxmışdı.
Azərgil, Səadət, mənim körpə Günay balam (Azərin qızının adını Günay qoymuşdular) necədi? - Gülbahar bir-bir hamını soruşurdu.
Hamı sağ-salamatdı. Sizə də salamları var. – Nazər cavab verdi.
Sən allah, gəlin uşağı saxlaya bilirmi? Xəstələndirib-eləmiyib ki?
Yox, yaxşı uşaqdı. Lap şeytandı. Dişləri də çıxır. Dörd dişi var.
Üç-dörd gündən sonra axşam Nazər yatağa uzanan vaxtı Gülbahar gəlib onun çarpayısının üstündə oturub başını sığallaya-sığallaya:
Mənim Nazı balam, səndən bir söz soruşmaq istəyirəm. Ancaq söz ver ki, mənə düz cavab deyəcəksən.
Nazər dikəlib oturdu:
Ay ana, birdən-ikiyə sənə əyri söz dediyim olub? Allaha şükür, nə qəbahətim var ki, danım.
Ağıllı balam, bilirəm ki, qəbahətin olmaz.
Bəs nədi belə ehmal-ehmal soruşmaq istədiyin?
Deyirlər orda bir qız istiyirsən, elədi?
Nazər tutuldu. Söz-söhbətin gəlib bu tezliklə buralara çıxdığına mat qalmışdı. Tez də özünü ələ alıb güldü:
Ay arvad, lap məni qorxuzdun. Dedim görəsən nə olub?
Hə də bala, söz-söhbət gəzir. İstədim vəziyyəti öyrənib ağ düşüm.
Düz eşitmisən, ana, – Nazər ötkəm cavab verdi – bircə səhvi ordadı ki orda istəmirəm, elə burdan istəyirdim o qızı.
Gülbaharın rəngi xeyli açıldı.
O Kəhrizli qızıdı, eləmi?
Hə.
Allah xeyir versin, oğlum. O qız eşitdiyimə görə, yaxşı qızdı. Özü də yaxşı bir ailənin qızıdı.
Bəs niyə narahat idin ana?
Oğlum, düzünü deyim ki, hələ keçən ildən mən sənin o qızı... adı... Səbinədi eləmi?
Hə.
İstədiyini bilirdim. Bizim kirvənin qardaşı qızıdı. Biz onları, onlar da bizi tanıyır, arada xətir-hörmət var. Amma söz belə çatmışdı ki, guya sən orada özgə bir qıza ilişmisən.
Elə də şey olarmı, ana? – Nazər qəti cavabla anasını sakitləşdirdi. – Sən məni belə qırdı-qaçdı bilirsən?
Yox balam, yox.
İndi sən de görüm, keçən il sən hardan bilmişdin ki, mən qız istiyirəm?
Arvad güldü:
Oğlum, ana balasının ürəyini oxumasa, ana ola bilməz.
Ani sükutdan sonra Gülbahar dilləndi:
Nişanlıyacam sizi. Elə bu yay.
Belə tez?
Tez niyə olur? Bir də ki, kənd yeridi, qız uşağının adına niyə söz gəlsin? Kənd arvadlarının dilinə düşəni heç fələk də xilas eliyə bilməz.
Mart ayının ortalarında Nazər işə girmişdi. Bu, tikintidə gözətçi işi idi. İki gecədən bir növbəyə gedirdi. İki nəfər idilər. O biri yoldaşı da tələbə idi. Bakı Dövlət Universitetində üçüncü kursda oxuyurdu. Aldığı məvacib onu qane edirdi. Üstəlik, hərdənbir qardaşı evinə də bazarlıq edirdi. Səadətin etirazına baxmayaraq hər dəfə maaş alanda evə dolu zənbillə gəlirdi.
Artıq balaca Günay dil açmağa başlamışdı. “Ata, ana və... ma” sözlərini sındıra-sındıra deyirdi. Çarpayıdan tuta-tuta yeriyirdi. Nazər evə gələndə “Əmmə, əmmə” deyə-deyə özünü onun üstünə atıb əlini qapıya uzadırdı ki, məni gəzməyə apar.
Nazər ilk maaşından ona qırmızı rəngdə bir don almışdı. Şeytan qız evə kim gəlsə həmin donu tapıb gətirir “Əmmə, əmmə” deyə-deyə hər kəsə göstərirdi.
Dostları ilə paylaş: |