16. Ülviyyə Səbinə və Ülviyyə birlikdə təzə evdə qalırdılar. Bu evi onlara Nazər tapmışdı. Ev sahibəsi mikrorayonda yaşayan bir qadın idi. Ev isə Mirzəağa Əliyev küçəsi ilə Hüsü Hacıyev küçəsinin kəsişməsində iki kiçik otaqdan ibarət idi. Ev sahibəsi Nazərdən başqa digər oğlan uşaqlarının evə gəlib-getməsini qadağan eləmişdi. Nazər özünü Səbinənin dayısı oğlu kimi təqdim etmişdi. Novruz bayramı günü Nazər bir dəstə gül və bir şokolad qutusu ilə qızları təbrik etməyə gəlmişdi. On-on beş dəqiqəlik söhbətdən sonra Ülviyyə onları tək buraxmaq qəsdi ilə hazırlaşıb getmək istədi:
Gedim qızdan kitabı alım qayıdım. Yarım saata gələrəm.
Səbinə məsələni başa düşdü:
Hansı qızdan? Yox, getmə. Hamımız birdən çıxarıq. Şəhərdə bayram konserti var. Qala qapısına tərəf gedərik.
Ülviyyə:
Mən kitabı götürüb ora gələrəm. Siz də gəlin.
Yox, olmaz! – Səbinə onu çimdiklədi: - Məni tək qoyub hara gedirsən?
Buna görə, bu canıyanmışa. Barı əvvəldən xəbərdar etsəydi mən də hazırlaşardım. Arvad məni sorğu-suala tutub, mən də ha ağzını boza verrəm bir şey çıxmır. Axırda fağır arvad açıb dedi ki, bala ortada bir şey olmasa, o boyda ana kənd basa-basa evimizə elçiliyə gəlməz axı.
Sonra? – sual verən Nazər idi.
Canına azar, sonra! – Səbinənin bu sözünə hamı gülməli oldu – Sonra da arvada bu Gürzə ilanı barədə qızara-qızara danışmalı oldum də.
Ülviyyə maraqlandı:
Axır iş nə yerdə qalıb?
Qalıb yaya, dərs bağlanana.
Nədi? Səbrin çatmır? İki ay qalıb də? Day buna görə niyə qəzəblənirsən? – Nazərin zarafatı tutarlı idi.
Ədə, çayını iç, çox danışma, deyəsən sırtılmısan ha? Əvvəllər belə döyüldün. Hələ nə qədər işin mənnən keçir, barı dilinə yiyəlik elə.
Gülüşə-gülüşə evdən çıxdılar. İlk dəfə idi ki, Səbinə Ülviyyənin yanında Nazərin qoluna girib gedirdi. Bu anlarda onlardan hansının özünü daha çox xoşbəxt hiss etdiyini təyin etmək çətin idi.