18. Yenə Nazər
Ertəsi gün Nazər səhər yeməyini yeyəndən sonra:
Ana, mən gedirəm, -dedi, - işdi, iki-üç gün gəlməsəm narahat olmayın.
Hara, oğul?
Gedim görüm o kişinin işini bir tərəfə çıxarda bilirəmmi. Məncə Hüseyndən başqa heç kim bu işə can yandırmayacaq.
Bala, demədinizmi ora axşamtərəfi gedəcəksiniz?
Onda gec ola bilər. Kişini ermənilər öldürə də bilərlər.
Bəs sən neyniyəcəksən, əlin hara çatır?
Üz-üzdən utanır. Gedib oturacam batalyonun ratsiyasında, çalışacam ki, Hüseyn gələnə kimi boş oturmasınlar.
Gülbahar oğlunun tərsliyini yaxşı bildiyindən söhbəti çox uzatmadı:
Nə deyirəm, gedirsən get, bala, ancaq orda camaatnan deyişib-eləmə. Müharibədi, hamı əsəbi vəziyyətdədi. Qaşın qayırdığın yerdə vurub gözün də çıxardarsan.
Nazər getdi.
Axsama yaxın Abbas əmisi oğlunun “Jiquli”siylə Nazərgilə gəldi. Gülbaharla salamlaşıb Nazəri soruşdu:
Nazər evdədisə, gəlsin gedək Ergiyə, görək başımıza nə gəlir.
Nazər səhərdən gedib ora. – Gülbahar cavab verdi.
Hə..ə? - Abbas təəccübləndi. Və bir qədər fikirləşib əmisi oğluna dedi:
Vaqif, onda gəl biz Ağdama dəyək. Görək onlardan nə xəbər var. Day Nazər Ergidədisə, nə lazım olsa eliyəcək.
Vaqif maşını işə saldı və onlar oturub getdilər.
Dostları ilə paylaş: |